Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2447 yeni yoluxma faktı qeydə alınıb, 3428 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

Kürdəmirdə oğurluq edən şəxslər saxlanılıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir rayonu, Sığırlı kənd sakini Habil Qaybalıyev Kürdəmir RPŞ-yə ərizə ilə müraciət edərək, yaşadığı evdən qızıl-zinət və müxtəlif məişət əşyalarının oğurlandığını bildirib. Müraciətə əsasən Kürdəmir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin cinayət əməlini onun qonşusu Qaçayev Qeyrət Heyyət oğlu törədib. Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxsdən oğurladığı maddi sübutları aşkar edərək götürüb.
Qaçayev Qeyrət barəsində Kürdəmir rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı cinayət işi üzrə istintaq davam etdirilir.
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu yenicə transfer olunduğu İngiltərənin “Mançester Yunayted” klubuna qoşulub.
36 yaşlı hücumçu əvvəlcə komandanın baş məşqçisi Ule-Qunnar Sulşerlə görüşüb.
Təcrübəli forvard artıq sabiq klubunda ilk məşqinə də çıxıb.
Qeyd edək ki, Ronaldu “Mançester Yunayted”ə İtaliya “Yuventus”undan keçib. O, 2003 – 2009-cu illərdə də “qırmızı şeytanlar”ın formasını geyinib.
“Taliban” Əfqanıstanın müvəqqəti hökumətinin tərkibini elan edib.
Bu barədə hərəkatın rəsmi nümayəndəsi Zəbihullah Mücahid məlumat verib.
Belə ki, Molla Məhəmməd Həsən Axund Əfqanıstanın baş naziri vəzifəsini icra edəcək. Qeyd edək ki, Molla Məhəmməd Həsən Axund 1996-2001-ci illərdə “Taliban” idarə şurasının sədri olub.
Baş nazirin müavini Molla Abdul Qani Bəradər təyin edilib.
Yeni hökumətdə xarici işlər naziri Molla Əmir Muttaki, daxili işlər naziri Siracuddin Haqqani, müdafiə naziri “Taliban”ın qurucusu Molla Ömərin oğlu Məhəmməd Yaqub Mücahid, kəşfiyyat naziri Molla Əbdülhaq Vasik, iqtisadiyyat naziri Məhəmməd Hənif, maliyyə naziri Hidayətulla Bədir, Mərkəzi Bankın rəhbəri Məhəmməd İdris, mədəniyyət və informasiya naziri isə Zəbihullah Mücahid olacaq.
Azərbaycan Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Şirinov Nizami Talış oğlu və digər vəzifəli şəxsləri tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı Baş Prokurorluqda olan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Nizami Şirinovun həmin vəzifədə çalışdığı müddətdə qeyd edilən qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirov ilə mütəşəkkil dəstə tərkibində zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərilməsi, haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməsinə, xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almasına, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Nizami Şirinova Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Cinayət işinin ibtidai istintaqı zamanı vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus daşınmaz əmlak üzərinə həbs qoyulub.
Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bu ilin avqust ayında Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi “SOCAR Energy Ukraine” şirkəti bu ölkəyə 4,8 min ton avtomobil benzini idxal edib.
“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” konsaltinq qrupunun hesabatında deyilir.
Məlumata görə, bu, iyul ayı ilə müqayisədə 0,8 min ton və yaxud 20% çoxdur. Azərbaycan şirkətinin idxal etdiyi benzin Litvadan gətirilib.
Ümumilikdə, ötən ay Ukraynaya 137,6 min ton avtomobil benzini idxal edilib. Bu, ötən ilin avqust ayı ilə müqayisədə 26% çoxdur. İdxalın 101 min tonu Belarusdan həyata keçirilib.
Litvadan isə Ukraynaya 36,6 min ton avtomobil yanacağı idxal edilib ki, bu da 1 il əvvələ nisbətən 75% çoxdur.
Bu ilin yanvar-avqust aylarında isə Ukraynaya 814 min ton avtomobil benzini idxal edilib ki, bu da ötən ilin 8 ayının göstəriciləri ilə müqayisədə 16% çoxdur.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) avtomobili qayda pozuntusuna yol verib.
Lent.az xəbər verir ki, TƏBİB-ə məxsus avtomobili yol polisi saxlayıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Tərtib olunan protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Elməddin Hüseynovun icraatına verilib.
Qeyd edək ki, həmin maddə əsasında TƏBİB 300 manat məbləğində cərimələnə bilər.

Cəlilabad polisi əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ə.Cəfərov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə Ə.Cəfərovun psixotrop maddəni əldə etdiyi şəxsin rayonun Məşədilər kənd sakini F.Əzizov olduğu müəyyən edilib və o idarə etdiyi VAZ markalı avtomobildə saxlanılaraq rayon polis şöbəsinə gətirilib. F.Əzizovun üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı 1 kiloqram 220 qram heroin, iki kiloqramdan artıq qurudulmuş marixuana, 10 qramdan artıq tiryək, metadon həbləri, bir ədəd optik cihaz, elektron tərəzi və bıçaq aşkarlanaraq götürülüb.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Qobustan Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Ağaşirin Nəsibbəyli vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə həmin vəzifəyə polis kapitanı Vüsal İsmayılov təyin olunub.
Qeyd edək ki, V.İsmayılov bu təyinatadək həmin Şöbənin ictimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsində çalışırdı.