Month: October 2021

  • Maradonanın anadan olduğu evə tarixi abidə statusu verilib

    Argentina hökuməti millinin keçmiş futbolçusu Dieqo Maradonanın anadan olduğu və həyatının ilk illərini keçirdiyi evə tarixi abidə statusu verib.

    “Report”un məlumatına görə, bununla bağlı ölkə prezidenti Alberto Fernandes müvafiq fərman imzalayıb.

    Veteran hücumçunun Vilya-Fiorito şəhərindəki Asamor küçəsi 523 ünvanında yerləşən evi ölkə üçün tarixi dəyərə malik olan yer elan edilib.

    3 otaqdan ibarət evin qarşısında mərhum futbolçunun məşqə başladığı stadion var.

    Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də 61 yaşında vəfat edib. Onun ölümünə ürək çatışmazlığı səbəb olub.

  • Abşeronda ev əşyalarını balkondan tullayan qadın müalicə mərkəzinə yerləşdiriləcək

    Ev əşyalarını balkondan tullayan 1978-ci il təvəllüdlü qadın Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həkim nəzarəti ilə idarəyə dəvət olunub.

    “Report” xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

    Məlumatda deyilir ki, hazırda onun müvafiq müalicə mərkəzinə yerləşdirilməsi ilə bağlı iş aparılır:

    “Yaxın dəqiqələrdə ixtisaslaşmış həkim briqadasına təhvil veriləcək. Bu barədə qohumları məlumatlandırılıb. Qadın həmin ünvanda tək yaşayıb, heç bir təzyiqə və zorakılığa məruz qalmayıb”.

  • Azərbaycan şahmatçıları “Grand Swiss 2021” turnirinə uğursuz start veriblər

    Azərbaycan şahmatçıları Rauf Məmmədov, Nicat Abbasov, Vasif Durarbəyli və Aydın Süleymanlı Latviyanın paytaxtı Riqada keçirilən “Grand Swiss 2021” turnirində mübarizəyə başlayıb.

    “Report”un məlumatına görə, onların hər biri ilk görüşlərini məğlubiyyətlə başa vurublar.

    Məmmədov startda özbəkistanlı Nodirbek Yakubboyevə, Abbasov Fransanı təmsil edən Alireza Firuzcaya, Durarbəyli iranlı Parham Maqsudluya, Süleymanlı isə xorvatiyalı İvan Sariçə uduzub.

    Qeyd edək ki, “Grand Swiss” turnirinə noyabrın 8-də yekun vurulacaq.

  • Gəncədə itkin düşən 36 yaşlı qadın tapılıb

    Gəncə şəhərində itkin düşən qadın polis əməkdaşları tərəfindən tapılıb.

    “Report” xəbər verir ki oktyabrın 24-də itkin düşən Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Rzayeva Şəbnəm Məzahir qızı tapılıb.

    Şəhər ərazisində tapılan qadın ailəsinə təhvil verilib.

  • Pentaqon: İŞİD ABŞ-a zərbə endirəcək

    Əfqanıstandakı İŞİD təşkilatı cəmi 6 ay ərzində ABŞ-a zərbə endirə bilər.

    Bu barədə ABŞ müdafiə nazirinin siyasət üzrə müavini Kolin Kal kəşfiyyatın məlumatlarına istinadən Konqresə bildirib.

    Onun sözlərinə görə, Əfqanıstandakı İŞİD təşkilatı artıq 2022-ci ildə zərbə endirmək niyyətindədir. Kəşfiyyat məlumatlarına görə, bu, altı aydan 12 aya qədər olan müddətdə baş verə bilər.

    “Hazırda kəşfiyyatçılar hesab edir ki, İŞİD və “Əl-Qaidə” təşkilatları xarici əməliyyatlar, o cümlədən ABŞ-a qarşı əməliyyatlar keçirmək niyyətindədir. Lakin onların heç birinin hazırda bunu etmək imkanı yoxdur. Təxminən altı və ya 12 ayda İŞİD-in belə bir fürsətinin olacağını görürük”, – deyə Kal qeyd edib.

    Rəsmi bildirib ki, ABŞ geri çəkildikdən sonra “Taliban”ın İŞİD-ə qarşı effektiv mübarizə apara bilib-bilməyəcəyi hələ bəlli deyil.

    Xatırladaq ki, Avropa İttifaqı (Aİ) bir ay ərzində Əfqanıstanda səfirlik açmağı planlaşdırır. Əfqanıstandakı səfirlik ölkədə insan haqlarının müdafiəsi üçün Aİ-yə lobbi fəaliyyətinə kömək etməli və “Taliban”ı öz öhdəliklərini yerinə yetirməyə məcbur etməlidir.

  • Məhkəmədə Nərmin Quliyevanın əmisi dindirilib

    Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    “Report” xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə Nərmin Quliyevanın əmisi Arif Quliyev yenidən şahid qismində ifadə verib.

    O, təqsirləndirilən şəxsin müdafiəçilərinin suallarını cavablandırıb.

    Qeyd edək ki, A.Quliyev ötən prosesdə də ifadə vermişdi, lakin təqsirləndirilən şəxsin müdafiəçilərinin suallarını cavablandırarkən ortaya ziddiyyətli cavablar çıxdığından ifadəsinin növbəti məhkəmədə davam etdirilməsinə qərar verilmişdi.

    Məhkəmənin növbəti iclası noyabrın 3-nə təyin edilib.

    Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

    Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

  • Ərdoğan və Bayden Qlazqoda Qarabağı müzakirə edəcəklər

    Türkiyə prezidentinin sözçüsu İbrahim Kalınla ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub.

    Söhbət zamanı Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Co Bayden arasında Qlazqo İqlim Sammiti çərçivəsində keçiriləcək ikitərəfli görüşün gündəliyi müzakirə edilib.

    Liderlərin F-35 məsələsi, həmçinin Əfqanıstan, Suriya, Liviya, Qarabağ, Şərqi Aralıq dənizi və Yunanıstandakı vəziyyət ətrafında fikir mübadiləsi aparacağı razılaşdırılıb.

    Qeyd edək ki, Qlazqo İqlim Sammiti 31 oktyabr – 12 noyabr tarixlərində baş tutacaq.

  • Alimlər koronavirusun uzunmüddətli fəsadlarını aşkarlayıblar

    Yaddaş itkisi koronavirus infeksiyasının uzunmüddətli nəticəsi ola bilər.

    Bu barədə “JAMA Network Open” jurnalının dərc etdiyi araşdırmada deyilir.

    Mütəxəssislər Nyu-Yorkdakı klinikalar şəbəkəsinin 740 xəstəsini müayinə ediblər.

    Sorğu zamanı COVID-19-dan sağalmış insanların 24%-də yadda saxlama prosesi ilə bağlı koqnitiv pozğunluqlar aşkar edilib. Digər 23% isə beynində olan məlumatları xatırlaya bilmir.

    Xəstələrdə infeksiyanı yüngül keçirənlərə nisbətən diqqət və çalışqanlıq, eləcə də zehni tapşırığı yerinə yetirmə sürəti ilə bağlı problemlərlə üzləşmə ehtimalı daha yüksək olub.

  • Ailələri İŞİD üzvü olan 38 uşaq Azərbaycana təhvil verilib

    Ailələri İŞİD üzvü olan onlarla azyaşlı Azərbaycananın Bağdaddakı səfirliyinə təhvil verilib.

    Bunu İraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd Əl-Səhaf bəyan edib.

    Onun sözlərinə görə, diplomatik nümayəndəliklə İraq XİN və Ədliyyə Nazirlikləri arasındakı koordinasiya əsasında İŞİD terrorçularının 38 övladı öz evlərinə qaytarılmaq üçün Azərbaycan səfirliyinə təhvil verilib.

    Əl-Səhaf həmin uşaqların terror təşkilatına mənsub və həbs cəzası alan analarının yanında olduğunu qeyd edib.

  • Azərbaycanda üç hakimin səlahiyyətlərinə xitam verilib

    Bu il Azərbaycanda üç hakimin səlahiyyətlərinə xitam verilib.

    Bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb.

    Məlumata görə, cari ildə 117 hakimin fəaliyyəti qiymətləndirilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq işdə dönüş yaratmaları üçün 6 ay vaxt verilib.

    Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydalarının yeni qanunvericiliyə uyğun təkmilləşdirilməsi ilə bağlı müvafiq qərar qəbul edilib.

    Bu ilin sonunadək fəaliyyətlərinin qiymətləndirilməsi nəzərdə tutulan daha 120 hakimlə bağlı hərtərəfli təhlillərin aparılması və nəticələrin Şuranın iclasına çıxarılması üzrə konkret tapşırıqlar verilib.

    Şuranın iclasında qanunvericiliyin tələblərinin, çəkişmə prinsipinin və icra intizamının pozulmasına, süründürməçiliyə yol verildiyinə və digər nöqsanlara görə birinci instansiya və apellyasiya məhkəmələrinin 5 hakiminin intizam məsuliyyəti məsələsinə baxılıb, eyni xarakterli pozuntulara görə bir sıra hakimlər barədə intizam icraatları başlanılıb.