Month: October 2021

  • Uşaqlar arasında mədə-bağırsaq xəstəlikləri artıb – Nazirlik

    “Son illər uşaqlar arasında mədə-bağırsaq sistemi xəstəliklərinin yayılması halları artıb”.

    Median.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.

    Onun sözlərinə görə, 0-13 yaşda olan uşaqlar arasında mədə-bağırsaq sistemi xəstəliyi 2010-cu ildə 35 954 hal təşkil edirdisə, ötən il bu rəqəm 42 490 olub: “Rəqəmlərdən görünür ki, bu xəstəlikdə artım olunub. 18 yaşadək uşaqlarda isə 2010-cu ildə həmin xəstəlik üzrə göstərici 45 000 təşkil edirdisə, keçən il bu rəqəm 57 592-i olub. Mədə-bağırsaq sistemi xəstəliklərinin artmasına səbəb düzgün həyat tərzinin təbliğ edilməməsi və düzgün qidalanmanın olmamasıdıdır. Uşağa yeyə biləcəyi qədər qida vermək, onun üçün düzgün və planlaşdırılmış qida rasionu tətdbiq etmək lazımdır”. /medicina.az

  • Döyüş yoldaşını xilas edərkən şəhid olan hərbi həkim – VİDEO – FOTO

    Qırx dörd gün davam edən və ölkəmizin tarixi Zəfəri ilə başa çatan Vətən müharibəsi bizləri eyni amal ətrafında bir yumruq kimi birləşdirdi. Minlərlə igid Vətən oğulları, Qarabağın azadlığı uğrunda gedən haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldu.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, tibb xidməti leytenantı Adil Əfəndiyev də belə igidlərdən biri idi. Hərbi tibb qulluqçusu leytenant Adil Əfəndiyev 1995-ci il avqustun 12-də Qazax rayonunda anadan olub. 2001-ci ildə rayonun Mehdi Hüseyn adına məktəb-liseyində 1-ci sinfə gedib. 2012-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Tibb Universitetində “Hərbi həkim işi” ixtisasına daxil olub.

    Müharibəyə yollananda həkim peşəsinə yenicə başlamışdı. 25 yaşlı Adilin çox arzuları vardı. Vətən torpaqlarının azad edilməsi isə onun ən böyük arzularından idi. Adil sadə və vətənpərvər bir oğul kimi böyüyüb. Onun ali məktəbə daxil olmasında və vətənpərvər böyüməsində anası, fizika müəllimi Afət Əhmədovanın xüsusi rolu olub. “Özüm ona 7 il dərs demişəm. Ali məktəbə hazırlaşdırmışam. Yəni, o, həmişə mənə məktəbdə “müəllim” deyə müraciət edirdi. Bir dəfə də məktəbdə “ana” demirdi. Təkcə ona lazım olan fənləri oxumurdu. Digər fənləri, o cümlədən tarixi də yaxşı oxuyurdu. Vətənpərvərliyi də ata-babasından keçib. O, həm hərbi həkimliyi seçmişdi, həkim kimi çox savadlı idi. Həm də hərb sənətini seçmişdi”, – deyə anası Afət Əhmədova bildirib.

    2018-ci ildə Tibb Universitetini bitirən Adil təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonuna göndərilib. Burada tibb xidməti rəisi vəzifəsində çalışıb. Vətən müharibəsi başlayanda isə döyüşlərə qoşulur. Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, hərbi həkim kimi… Atası Qədir Əfəndiyev deyir ki, Adil Vətən müharibəsinə yollanmazdan öncə şəhid olacağını hiss etmişdi: “Müharibəyə getməmişdən qabaq Naxçıvanda dostlarına “gələcəyin şəhidi ilə şəkil çəkdir” deyirmiş. Bunu mənə yoldaşları danışıblar”.

    Vətən müharibəsi zamanı Füzulinin azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Daha sonra Xocavənd istiqamətində savaşlara qatılıb. Vətənin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Adil Xocavəndin Tuğ kəndində gedən döyüşlərdə yoldaşını xilas edərkən şəhid olub. O, Qazax rayonunda dəfn edilib.

    “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. Onun yaşadığı küçədə və rayon mərkəzi xəstəxanasının önündə xatirəsinə abidə inşa olunub.

  • Avropada COVID-19-a yoluxma və ölüm halları artmaqda davam edir

    Avropa keçən həftədə koronavirusa (COVID-19) yeni yoluxma hadisələrinin və xəstəlikdən ölənlərin sayının artmağa davam etdiyi dünyanın yeganə qitəsi olmaqda davam edir.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

    Məlumata əsasən, oktyabrın 18-dən 24-dək olan həftə ərzində dünyada COVID-19 infeksiyasına yeni yoluxma hallarının sayı 4 faiz artıb. Bundan əlavə, koronavirusa yeni yoluxma hadisələrinin yarıdan çoxu (57%) Avropa regionunda qeydə alınıb. Dünyanın bu qitəsi keçən həftə ilə müqayisədə yoluxmanın artdığı yeganə bölgə idi.

    Digər bölgələrdə həftəlik COVID-19-a yoluxma hallarında azalma qeydə alınıb.

    Dünyada ümumilikdə xəstəlikdən ölənlərin sayı keçən həftə ilə müqayisədə 5% artıb. Avropa regionunda (14%) və Cənub-Şərqi Asiyada (13%) artım qeydə alınıb.

  • Hiroşima nüvə faciəsinin son şahidi vəfat etdi

    İkinci Dünya müharibəsi gedişində ABŞ-ın Yaponiyanın Hiroşima şəhərinə endirdiyi nüvə zərbəsindən sağ qurtulmağı bacaran Sunao Tsuboi vəfat edib.

    Nüvə faciəsinin son şahidi 96 yaşında həyatla vidalaşıb.

    6 avqust 1945-ci il tarixində, şəhərə nüvə bombası atılarkən Tsuboi zərbənin endirildiyi nöqtədən 1.2 km məsafədə olub. O zaman 20 yaşlı gəncin bədəni tamamilə yanıb.

    Mərhum ictimai fəaliyyətilə da tanınıb. O, “Nüvə və hidrogen bombasından qurtulanlar” adlı təşkilata rəhbərlik edib.

    Mənbə: TRT

  • Hacıqabulda gənc tanıdığı şəxslər tərəfindən bıçaqlanıb

    Hacıqabulda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Həmid Həmidov küçəsində qeydə alınıb. Həmin küçədə ev 116-da yaşayan 1995-ci il təvəllüdlü Əliyev Rafael Rüfət oğlu iki bıçaq xəsarəti alıb.

    Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. R.Əliyevin dediyinə görə o, tanıdığı şəxslər tərəfindən bıçaqlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Mövsümi qriplə mübarizə necə aparılmalıdır? – AÇIQLAMA

    Qış aylarında və ya mövsümi keçidlərdə insanların ən böyük problemlərindən biri qripdir. Mövsümi qrip xüsusilə tənəffüs və qan dövranı sisteminə təsir edir və bütün orqanlarda müxtəlif zədələnmələrlə müşahidə edilir.

    Bunu Trend-ə açıqlamasında pediatr-infeksionist Aytən Ziyadova deyib.

    Onun sözlərinə görə, ümumi bədən müqaviməti güclü olduğu təqdirdə mövsümi qripin ciddi fəsadları yaranmır: “Lakin yaşlılarda, yenidoğulanlarda, immun sistemini zəiflədən xroniki xəstəliklərə, qan dövranı və tənəffüs sistemi xəstəliklərinə malik insanlarda mövsümi qrip son dərəcə ağır fəsadlarla nəticələnə bilər. Bu səbəbdən zamanında qrip əleyhinə peyvənd olunmağı tövsiyə edirik”.

    Həkim, həmçinin qeyd edib ki, qripdən qorunmaq üçün mütləq bir sıra simptomlara diqqət etməliyik: “Tənəffüs zamanı yaranan çətinlik, yüksək hərarət, boğazda yanma və ya ağrı hissi, baş ağrısı, həddən artıq yorğunluq qrip əlamətləri sayılır. Bir çox insan mövsümi qripə laqeyd yanaşır, həkimə getmə ehtiyacı duymur. Lakin bu, çox yanlış yanaşmadır. Mövsümi qrip son dərəcə ağır və riskli keçirilə bilən xəstəlikdir. Bu səbəbdən qış fəslinin əvvəlində mütəxəssislərin məsləhəti ilə qrip əleyhinə peyvəndin vurulmasını tövsiyə edirik. Bu üsulla qripə səbəb olacaq viruslara qarşı orqanizm özünü bir il müddətində müdafiə edə bilər”.

  • Çin uşaqların sosial şəbəkələrdə qeydiyyatını sərtləşdirməyi planlaşdırır

    Çin hakimiyyəti yetkinlik yaşına çatmayan istifadəçilərin sosial şəbəkələrdə qeydiyyatı zamanı valideynlərinin şəxsi məlumatlarını, həmçinin onların icazələrini tələb etməyi planlaşdırır.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat Çinin kibersahə məsələləri üzrə idarəsinin təqdim etdiyi yeni qaydalar haqqında layihənin mətnində yer alıb. İdarə oktyabrın 26-da internetdə istifadəçi hesablarının qeydiyyatı ilə bağlı yeni qaydaların layihəsini dərc edib. Layihə ictimai müzakirəyə çıxarılıb.

    Qurumun “WeChat” sosial şəbəkəsində dərc etdiyi layihəyə əsasən, internetdə qeydiyyatdan keçən yetkinlik yaşına çatmayan istifadəçilər öz şəxsiyyət vəsiqəsinin real məlumatlarını, habelə qəyyumun razılığını təqdim etməlidir.

    Ötən həftə Çinin Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsi valideynlərin “uşaqlarda online asılılığının qarşısını almaqda fəal rol oynamalı olduğunu” ehtiva edən “Ev tərbiyəsinin təşviqi” qanununu təsdiqləyib.

    Avqust ayının sonlarında Çinin Dövlət Mətbuat və Nəşrlər İdarəsi sentyabrın 1-dən etibarən “uşaqların fiziki və psixi sağlamlığının qorunması” məqsədilə yetkinlik yaşına çatmayan istifadəçilərin online oyunlara girişinin həftədə üç saata qədər məhdudlaşdırılacağı barədə məlumat yayıb. Müvafiq orqanlar online oyunlar sahəsində fəaliyyət göstərən kompaniyalarda yoxlamaları gücləndirəcək, onların bu məhdudiyyətlərə necə əməl etmələrinə, həmçinin yetkinlik yaşına çatmayan oyunçuları necə aşkarladıqlarına ciddi nəzarət edəcək.

    Qeyd edək ki, “TikTok” servisinin sahibi Çinin “ByteDance” kompaniyası sentyabrın sonlarında 14 yaşdan kiçik yeniyetmələr üçün tətbiqin Çin versiyasına (Douyin) məhdudiyyətlər qoyub. Hazırda onlar proqramdan gündə 40 dəqiqədən çox istifadə edə bilməz. Yaşı 14-dən az olan bütün istifadəçilər tətbiqin “gənclik rejiminə” keçirilib və yeni qeydiyyatdan keçən istifadəçilər bu rejimə birbaşa daxil olacaq.

  • Şəhid anası: Məhəmməd ömür payını böyük amallar uğrunda qurban verdi

    “Şəhid qanı axmayan torpaqdan Vətən olmaz” deyiblər. Oğlum Məhəmməd, eləcə də minlərlə qəhrəman igidimiz uğrunda şəhidlik məqamına yüksəldikləri Vətəni yaşatdılar, onu daha da ucaltdılar.

    Median.Az xəbər verir ki, bu sözləri Vətən müharibəsi şəhidi Məhəmməd İsmayılzadənin anası Miranə İsmayılova AZƏRTAC-a açıqlamasında bildirib.

    Yeganə oğlunun 24 yaşında şəhidlik zirvəsinə ucaldığını vurğulayan Miranə İsmayılova deyib: “Onun böyük arzuları var idi. Məktəbdə yaxşı oxuyurdu, çalışqan və xasiyyətcə çox mülayim olduğundan hamı onun xətrini istəyirdi. İnsanlarla tez ünsiyyət qurmağı bacarırdı, mərhəmətli idi və hamıya kömək etməyi sanki özünə borc bilirdi. Onu zarafatla “ellər oğlu” deyə çağırırdım. Həmişə kiminsə köməyinə tələssə də, öz işlərini kimsəyə həvalə etməyi xoşlamazdı. Müharibə başlayanda Türkiyədə təhsilini yarımçıq qoyub orduya könüllü yazılanda və böyük ruh yüksəkliyi ilə cəbhəyə yola düşəndə simasındakı qürur hissini açıq-aydın görmək olurdu. Çox dözümlü və cəsarətli olduğunu müharibənin ən şiddətli vaxtlarında da nümayiş etdirirdi. Döyüş yoldaşlarının dediyinə görə, mənimlə telefonla danışdığı zaman atışma səslərini eşitməyim deyə qazdıqları quyunun içinə girər, telefonu torpağa qoyub, qulağını da telefona bərk-bərk sıxarmış. Amma ana ürəyi: odu-alovu hiss edirdim. Başa düşürdüm ki, o, heç vaxt arxaya çəkilməyəcək, həmişə öndə olmağa çalışacaq”.

    Məhəmməd şəhidliyi ilə ölümsüzlük qazandığını vurğulayan Miranə ana oğlunun öz ömür payını böyük amallar uğrunda – Vətən torpaqlarının azad edilməsi yolunda qurban verdiyini bildirib: “Onsuz yaşamaq çox çətin olsa da, oğlumun igidliyi, qəhrəmanlığı mənim üçün ən böyük təsəllidir. Oğlum Vətən torpağını yağı düşmənin tapdağından xilas etmək üçün gözünü belə qırpmadan düşmənin üzərinə getdi. Övlad itkisi müqayisə olunmayacaq dərəcədə ağır itki olsa belə, onların igidlikləri, cəsarəti sayəsində əldə edilən Qələbə biz şəhid analarına ən böyük təsəllidir”.

  • “Instagram”da yeni funksiya əlavə olunub

    “Instagram”da linklərin stikerləri sosial şəbəkənin bütün istifadəçiləri üçün əlçatan olacaq.

    Trend-in məlumatına görə, bu barədə “The Verge” xəbər portalı bildirib.

    Platformanın administrasiyası qeyd edib ki, yeni funksiya həm adi istifadəçilər, həm də böyük şirkətlər və ya bloggerlər üçün faydalı olacaq.

    Hekayəyə (“story”) link əlavə etmək üçün ekranın yuxarısındakı “stikerlər” menyusuna daxil olub, müvafiq düyməni seçmək və səhifənin ünvanını daxil etmək lazımdır.

    “Instagram” administrasiyası vurğuladı ki, funksiya yalnız hekayələr üçün nəzərdə tutulub və şirkət bu funksiyanı əsas lentə əlavə etməyi planlaşdırmır.

  • Gəncə sakini bıçaqlanıb

    Gəncədə bıçaqlanma hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

    1996-cı il təvəllüdlü Hüseynov Elməddin Ramazan oğlu bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

    Hadisənin başvermə səbəbləri araşdırılır.