Month: Oktyabr 2023

  • Azərbaycanın müdafiə naziri Çinin Mərkəzi Hərbi Şurasının sədr müavini ilə görüşüb

    Çin Xalq Respublikasına işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Mərkəzi Hərbi Şurasının sədr müavini general-polkovnik HI Veydon ilə görüşüb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

  • Sankt-Peterburqda azərbaycanlıların toy məclisinə silahlı müdaxilə: Saxlanılanlar var – VİDEO

    Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən restoranların birində baş tutan azərbaycanlıların toy mərasimi hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat səbəbindən qəfil yarımçıq kəsilib.

    Bununla bağlı videogörüntülər “Telegram” kanallarında paylaşılıb.

    Mərasimin keçirildiyi məkana gələn hüquq-mühafizə orqanları əməkdaşları toyda iştirak edən bütün vətəndaşların sənədlərini yoxlayıblar.

    Yoxlama nəticəsində beş nəfərin saxlandığı bildirilir.

    İlkin məlumata görə, saxlanılan şəxslərin deportasiya olunacaqları gözlənilir.

  • Beş heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb

    Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhərində fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.

  • “Facebook”da yazdığı rəyi bəyənməyən şəxsi öldürmək istəyən məktəbliyə AĞIR CƏZA

    Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Səfər Omarovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, yeddi il altı ay müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, Səfər Omarov “Facebook”da dostluq etdiyi zərərçəkmiş Kərəm Kərəmlinin (şərti) 13 avqust 2022-ci il tarixdə həmin sosial şəbəkədə paylaşdığı statusa rəy yazıb. Zərərçəkmiş şəxs isə həmin rəyi bəyənməyərək mobil telefon vasitəsilə onunla sözlü mübahisə edib, yaşadığı Bərdə rayonuna çağıraraq, mütəmadi söyüb, təhqir edib. Səfər də bundan əsəbiləşərək qisas almaq niyyəti ilə qəsdən Kərəmi öldürmək qərarına gəlib. Belə ki, o, 14 sentyabr 2022-ci il tarixdə, saat 10 radələrində yaşadığı Salyan rayonundan Bərdə şəhəri ərazisinə gələrək, həmin tarixdə, saat 19:30-da Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində asfalt yolun kənarında zərərçəkmiş şəxs ilə görüşüb. Səfər əvvəlcə sözlü mübahisə edib, daha sonra isə üzərində gəzdirdiyi cib bıçağını çıxararaq qəsdən Kərəmə ardıcıl səkkiz dəfə zərbə endirib və hadisə yerinə uzaqlaşıb.

    Zərərçəkmiş şəxs ətrafdakıların köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkimlərin səyi nəticəsində xilas edilib. Hadisədən sonra Səfər Omarov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə Səfər Omarov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, evin tək övladı olub, hadisə zamanı Salyan rayon Marışlı kənd Ramiz Qafarov adına tam orta məktəbin 11-ci sinfində oxuyub.

  • CBC telekanalı azərbaycanlıların İrəvandakı tarixi irsi haqqında sensasion sənədli film hazırlayıb – VİDEO

    Son 30 il ərzində Ermənistanın paytaxtında bu şəhərin qurucularını və keçmiş sakinlərini unutdurmağa, azərbaycanlıları xatırladan hər şeyi məhv etməyə çalışıblar.

    CBC telekanalının çəkiliş qrupu bir neçə həftə ərzində İrəvanda olub və Azərbaycan xalqına aid tarixi və mədəni obyektləri sənədləşdirməyi bacarıb.

    Çəkilişlər əvvəllər Təpəbaşı məscidinin yerləşdiyi, hazırda isə erməni ailələrinin yaşadığı ərazidə aparılıb.

    Fransa və Amerika investorlarının məscidin qalıqlarını azərbaycanlıların yaşadığı məhəllə ilə birlikdə sökməyi planlaşdırdığına dair faktlar aşkarlanıb.

    Çəkiliş qrupu Pənah Xan Makinskinin oğlu Əlixanın evinə də baş çəkə bilib. Kadrlarda bir vaxtlar əzəmətli malikanənin acınacaqlı vəziyyəti əks olunur.

    Həmçinin əvvəllər Sərdar məscidinin yerləşdiyi ərazidə də çəkilişlər aparılıb. Son vaxtlara qədər məbədi yalnız salamat qalan divar xatırladırdı. Məscidin özü isə ermənilər tərəfindən qəsdən sökülüb.

    Çəkiliş qrupu İrəvandakı Göy məscidi daxildən və xaricdən lentə alıb, Əmir Səədin məqbərəsinin yerləşdiyi Cəfərabad (indiki adı – Ərgəvənd) kəndində olub.

    Aparılan işlər nəticəsində məlum olub ki, Ermənistanda Azərbaycan xalqının mədəni irsinə aid obyektlər əsasən dağıdılıb, az sayda salamat qalanlar isə fars abidələri kimi təqdim olunur.
    CBC telekanalına müsahibəsində İrəvanın indiki sakinlərinin əksəriyyəti azərbaycanlılar haqqında danışmamağı üstün tutdu və bununla da İrəvanda əvvəllər hansı millətin nümayəndələrinin yaşadığı barədə həqiqəti gizlədib.

    Müəlliflər azərbaycanlıların İrəvandakı tarixi yaddaşının və mədəni irsinin qorunub saxlanmasının zəruriliyinə diqqət yetirməyə çağırır.

    Filmin yaradılması CBC telekanalının baş direktoru Vüqar Xəlilovun rəhbərliyi altında həyata keçirilib.

    Sənədli filmin tam versiyasını təqdim edirik:

  • Ərini bıçaqlayan qadın həbs edilmədi

    Tərtər rayonunda həyat yoldaşını qısqanclıq zəminində bıçaqlayan 32 yaşlı Sona Quliyevanın (şərti) məhkəməsi başa çatıb.

    “Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Quliyeva Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.

    Bildirilib ki, bu ilin martında Tərtərin kəndlərindən birində yaşayan qadın həyat yoldaşının telefonda başqa qadınla yazışdığını görüb. Bundan əsəbiləşən S.Quliyeva əri Ə.Quliyevə (şərti) etiraz edib. Nəticədə tərəflər arasında münaqişə baş verib. Bu zaman 32 yaşlı qadın bıçaq götürərək ərinə zərbə endirib.

    Ağır xəsarət alan kişi xəstəxanaya yerləşdirilib və həyatı xilas edilib.

    Məhkəmənin 27 oktyabr tarixli hökmü ilə S.Quliyevaya üç il azadlıqdan məhrumetmə cəzası verilib. Bir sıra yüngülləşdirici hallar nəzərə alınaraq cəza üç il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

  • AFFA üç klubu cərimələyib

    AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XI turunda keçirilən oyunlarda baş vermiş neqativ hallara görə üç klubu cərimələyib.

    AFFA-dan verilən məlumata görə, “Sumqayıt” 1800 manat ziyana düşüb.

    Təcili tibbi yardım avtomobili “Qəbələ” ilə matça (0:0) təyin edilmiş vaxtdan gec gəldiyi üçün “gənclik şəhəri” təmsilçisi 1000 manat xərc çəkməli olacaq. Qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olması klubun daha 800 manat cərimələnməsinə səbəb olub.

    “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edən “Araz-Naxçıvan”ın altı futbolçusunun sarı vərəqə alması klubun 700 manat cərimə ilə üzləşməsinə gətirib çıxarıb. Beş futbolçusu sarı vərəqə alan “Qarabağ” da eyni məbləğdə cərimə ödəyəcək.

  • Sumqayıtda 22 yaşlı qız itkin düşüb

    Sumqayıtda 22 yaşlı qız itkin düşüb.

    APA xəbər verir ki, Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Türkan Namiq qızı Feyziyeva 3-cü məhəllədə yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

    Faktla bağlı polisə məlumat verilib.

  • Qərbi Azərbaycan toponimləri ilə bağlı elektron baza yaradılacaq

    Qərbi Azərbaycan toponimləri ilə bağlı elektron bazanın yaradılması istiqamətində işlər aparılır.

    APA xəbər verir ki, bunu Coğrafiya İnstitutunun direktoru Zakir Eminov Milli Məclisdə “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə deyib.

    O bildirib ki, yaxın vaxtlarda bu istiqamətdə işlər yekunlaşacaq.

  • 2024-cü ildə fəsillərin Azərbaycana daxilolma vaxtları AÇIQLANDI

    2024-cü ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb.

    Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

    Qeyd edilib ki, gələn il yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-ə təsadüf edəcək. Bu zaman yaz gecə-gündüz bərabərliyi qeydə alınır, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir, həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayır.​

    Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

    Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i saat 00:50:56-da daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz (gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə) və ən qısa gecə (gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə) olur.

    Yay fəslinin uzunluğu 93 gün 15 saat 52 dəqiqə 40 saniyə olacaq.

    Gələn il payız fəslinin Azərbaycana daxil olması sentyabrın 22-si saat 16:43:36-ya təsadüf edəcək. Bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınır, Günəş düz şərqdə doğub, qərbdə batır.​ Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız fəsli, Cənub yarımkürəsində yaz fəsli başlayır.

    Payız fəslinin uzunluğu 89 gün 20 saat 36 dəqiqə 54 saniyə olacaq.

    2023-cü ildə qış fəsli (Qış günəş duruşu) Azərbaycana dekabrın 21-i saat 13:20:30-da daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Şimal yarımkürəsində qış, cənub yarımkürəsində isə yay fəsli başlayır.​ Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə)​ olur.

    Fəslin uzunluğu 88 gün 23 saat 40 dəqiqə 55 saniyə olacaq.