Month: Oktyabr 2023

  • Avropadan Azərbaycana gələn turistlərin sayı artıb: Səbəb nədir?

    “Azərbaycanda son illərdə keçirilən böyük tədbirlər Avropa ölkələrindən gələnlərin sayına müəyyən qədər təsir edib”.

    Bunu “Qaynarinfo”ya açıqlamasında turizm üzrə ekspert Ceyhun Aşurov Avropadan Azərbaycana gələn turistlərin sayında olan artımdan danışarkən deyib.

    Ekspert qeyd edib ki, ötən illə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayı təxminən 32% çoxdur:

    “Bu gözlənilən idi. Dünyada turizm bazarı bərpa olunmaqdadır. Ümumiyyətlə, ilin yekunlarına aid beynəlxalq turizm ekspertlərinin də düşüncələrinə görə sabit şərtlər davam edərsə, təxminən turizm bazarı dünyada 95% bərpa oluna bilər. Dünyada səyahətlərin sayı artdıqca bu Azərbaycana da təsir edir. Baxmayaraq ki, quru sərhədlər bağlıdır, amma ümumi gəlişlərin sayında əvvəlki ilə müqayisədə artım qeyd olunur”.

    Ekspertin fikrincə, ərəb ölkələrindən gələnlərin sayında nisbətən azalma, Avropadan gələn turistlərin sayında isə artımın səbəbləri var:

    “Statistikada bu, belə görünsə də, onu qeyd eləmək lazımdır ki, ötən ilə kimi Avropa ölkələrində əslində məhdudiyyətlər var idi. Xüsusən də ərəb ölkələrindən olan turistlər Avropa ölkələrinə vizaların alınmasında daha çox çətinlik çəkirdilər. Artıq bu ildən bir çox məhdudiyyətlər aradan qaldırılıb. Xüsusən Uzaq Şərq, Asiya ölkələrindən də məhdudiyyətlər aradan qalxdığına görə, həmin ölkələrdən səyahətlərin sayı artıb. Eyni zamanda, Şərq və Orta Şərq ölkələrindən olan turistlərin əvvəlki qaydada Avropa ölkələrinə səfər etmək imkanları genişlənib. Bu məcrada Avropadan Azərbaycana gələn turistlər alternativ ölkələrə, eyni zamanda Avropaya açılan ərəb ölkələri daha çox həmin istiqamətdə səfərlərini həyata keçirib”.

    Həmsöhbətimiz əlavə edib ki, Azərbaycana kifayət qədər ərəb və fars körfəzi ölkələrindən turistlər gəlir:

    “Bütün bunların fonunda isə Avropadan gələn turistlərin sayında artım baş verib”.

  • Qərbi azərbaycanlıların şəxsiyyət vəsiqələrində doğulduqları şəhər və rayonların tarixi adları yazılacaq

    “Bu gündən “ASAN Xidmət” xətti ilə Qərbi Azərbaycandan olan şəxslərə şəxsiyyət vəsiqələri veriləndə onların doğulduqları şəhər və rayonların tarixi adları yazılacaq”.

    APA xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli Milli Məclisdə “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə deyib.

    “Biz Qərbi Azərbaycana qayıdacağıq. Bunun alternativi yoxdur. Sadəcə Ermənistan dövlətindən tələbimiz ondan ibarətdir ki, biz qayıtdıqca toponimlərimiz bərpa olunmalıdır. Təbii ki, biz bunu təkcə Ermənistanın ümidinə qoymamışıq. Özümüz də toponimlərimizin bərpası istiqamətində müəyyən addımları atırıq”.

  • Kanada səfiri Fransanı Ermənistanla bağlı bu məsələyə görə ittiham etdi

    Hazırda sanksiyalarla bağlı danışmaq Ermənistanla Azərbaycan arasında davam edən sülh səylərini pozmaq riskinə malikdir.

    Median.Az APA-ya istinadən bildirir ki, bunu Kanadanın Ermənistandakı səfiri Endryu Törner Kanada parlamentinin Aşağı Palatasının Xarici İşlər və Beynəlxalq İnkişaf Komitəsinin iclasında bildirib.

    Səfir bildirib ki, sanksiyalar Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsi ilə bağlı səyləri sarsıda bilər. Onun sözlərinə görə, hazırda sanksiyalar yolunu seçmək davam edən sülh səylərini pozmaq riski daşıyır.

    “Biz heç kimin sanksiya yoluna getdiyini görməsək də, məsələn, Fransadan hərbi dəstək ehtimalı ilə bağlı açıqlamalara şahid olduq. Bu, Azərbaycanın sülh prosesinin irəliləməsinə kömək edə biləcək planlaşdırılmış beynəlxalq görüşlərdən və müzakirələrdən geri çəkilməsinə səbəb oldu”, – diplomat qeyd edib.

  • Ölkəmizi “Avroviziya 2024”də təmsil edəcək ifaçıları onlar seçir – VİDEO

    “Avroviziya 2024” seçim mərhələsinin münsiflər heyətində yer alan məşhurların adları üzə çıxıb.

    Bizim.media xəbər verir ki, münsif kürsüsündə Xalq artisti Faiq Sücəddinov, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, müğənnilər Nigar Camal, Eldar Qasımov, Aysel Adıgözəlzadə (Teymurova), aparıcı Ranar Musayev kimi məşhurlar əyləşiblər.

    Ölkəmizi sözügedən nüfuzlu beynəlxalq mahnı müsabiqəsində təmsil etmək istəyən ifaçıların siyahısı isə bu cürdür:

    Aisel, Tofig Hajiyev & Camal Qurbanov, Emy Lia, Rilaya Hüseynzadə, Mari, İlkin Dövlətov & Mila Miles & Etibar Əsədli, Sabina Beyli, Lexa, Edqar Ravinov, Əmrah Musayev, Alesker, Rahib Mirzəyev & Tofiq Yadigar, Səbinə Quluzadə, Qorqud, Fahree.

    Qeyd edək ki, “Avroviziya-2024” mahnı müsabiqəsi 7, 9 və 11 may tarixlərində İsveçin Malmö şəhərində baş tutacaq.

  • Sumqayıtda orta aylıq əməkhaqqı 14 faiz artıb

    Bu ilin yanvar-sentyabr aylarında Sumqayıt şəhərində orta aylıq əməkhaqqı 850 manat təşkil edib.

    Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib.

    Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1% çoxdur.

    Hesabat dövründə Sumqayıtda 1 121 yeni iş yeri açılıb.

    9 ay ərzində şəhərdə ticarət dövriyyəsinin dəyəri isə 400 milyon manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 22,6% çoxdur.

  • 2024-cü ildə iki Günəş və iki Ay tutulması baş verəcək

    2024-cü ildə iki Günəş və iki Ay tutulması baş verəcək.

    Bununla bağlı Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

    Qeyd edilib ki, 2024-cü ilin 1-ci Günəş tutulması aprelin 8-də qeydə alınacaq.

    Bu tutulma tam Günəş tutulması olacaq. Tutulma hadisəsi aprelin 8-də Bakı vaxtı ilə saat 19:42:07-də başlayacaq və 9 aprel saat 00:52:14-də sona çatacaq. Tutulma hadisəsi 5 saat 10 dəqiqə 7 saniyə davam edəcək. Tam tutulma prosesi 3 saat 16 dəqiqə 45 saniyə davam edəcək. Tam tutulmanı Meksika, ABŞ və Kanadadan izləmək olacaq. Qismən tutulma isə Şimali Amerikanın demək olar ki, hər yerindən, Atlantik və Sakit okeandan görünəcək. Azərbaycan ərazisində Günəş üfüqdən aşağıda olduğuna görə müşahidə olunmayacaq.

    2024-cü ilin ikinci Günəş tutulması oktyabrın 2-də baş verəcək. Tutulma halqavari Günəş tutulmasıdır. Ay Yerdən uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq halqa yaranır. Tutulma hadisəsi oktyabrın 2-də Bakı vaxtı ilə saat 19:42:47-də başlayacaq və 3 oktyabr saat 01:46:47-də sona çatacaq. Tutulmanın maksimumu 2 oktyabr saat 22:44:51-də olacaq. Tutulma hadisəsi 6 saat 4 dəqiqə davam edəcək. Tam tutulma oktyabrın 2-si saat 20:50:24-də başlayıb, oktyabrın 3-ü saat 00:39:04-də başa çatacaq. Tam tutulma prosesi 3 saat 48 dəqiqə 40 saniyə davam edəcək. Həlqəvari Günəş tutulması Çili və Argentinanın cənubunda müşahidə olunacaq. Ən azından qismən tutulma görən ölkələr Şimali Amerikanın cənubu, Cənubi Amerikanın böyük hissəsi, Sakit və Atlantik okeanlar, Antarktida olacaq. Tutulma Azərbaycandan müşahidə olunmayacaq.

    Kafedranın bildirdiyinə görə, 2024-cü ilin birinci Ay tutulması martın 25-də olacaq. Bu, yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi Bakı vaxtı ilə saat 08:53:11-da başlayıb, saat 13:32:18-də sona çatacaq. Tutulmanın maksimumu saat 11:13:59-da olacaq.

    Tutulma Amerika, Antarktida, Alyaska və Rusiyanın şimal-şərqi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdə görünəcək. Tutulma Azərbaycandan müşahidə olunmayacaq, çünki Ay həmin vaxt üfüqün altında olacaq. Yarımkölgəli Ay tutulmasını adi gözlə görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.

    2024-cü ilin 2-ci Ay tutulması sentyabrın 18-də baş verəcək. Bu, qismən Ay tutulmasıdır.

    Qismən Ay tutulması Bakı vaxtı ilə saat 04:41:02-də başlayıb, saat 08:47:18-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 18-i saat 06:44:10-da baş verəcək. Saat 06:12:48-də qismən tutulma başlayacaq və saat 07:15:35-də sona çatacaq. Saat 04:41:02-da yarımkölgəli tutulma başlayacaq və saat 08:47:18-də sona çatacaq.

    2024-cü ilin 2-ci qismən Ay tutulmasını Şimali və Cənubi Amerika, Antarktida, Afrika, Avropa, Qərbi Asiya və Rusiyanın cənub-qərbi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdən müşahidə etmək mümkün olacaq. Azərbaycan ərazisində səhər saatlarında saat 04:41-dən 06:19-a kimi yarımkölgəli Ay tutulmasını müşahidə etmək mümkün olacaq.

  • Kamran Əliyevdən YENİ TƏYİNAT

    Hərbi prokurorluqda yeni təyinat olub.

    Lent.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Cahid Xudiyev Respublika Hərbi Prokurorluğunda kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

    Cahid Xudiyev buna qədər Hərbi Prokurorluqda müxtəlif vəzifələrdə çalışıb.

  • Ödənişli yolda ödəmə məntəqələrinin yerləri və qiymət cədvəli açıqlandı

    “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib.

    Bu barədə Azərbaycan Avtomobil Yolları üzrə Dövlət Agentliyi (AYDAA) məlumat yayıb.

    Bildirilib ki, qeyd olunan avtomobil yolunun ödənişli hissəsinin başlanğıc və son nöqtələrini öyrənmək üçün linkə daxil olub məlumat ala bilərsiniz.

    – Başlanğıc nöqtəsi – Yeni Yaşma ödəmə məntəqəsi, 0-cı km, (mövcud magistral yolun 52-ci km-i);

    – Son nöqtəsi – Yeni Sudur ödəmə məntəqəsi, 129-cu km, (Qusar-Xudat yolunun 22-ci km-i).

    Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri:

    – Giləzi ödəmə məntəqəsi, 23-cü km, (mövcud magistral yolun 75-ci km-i);

    – Siyəzən ödəmə məntəqəsi, 53-cü km, (mövcud magistral yolun 105-ci km-i);

    – Gəndob ödəmə məntəqəsi, 85-ci km, (R1 Gəndob-Xaçmaz-Yalama yolunun 1-ci km-i) ;

    – Xaçmaz ödəmə məntəqəsi, 107-ci km, (R4 Quba-Xaçmaz yolunun 19-cu km-i).

    Qeyd edək ki, ödənişli yoldan istifadə edən sürücülər daxil olduğu ödəniş məntəqələrindən başlayaraq yalnız qət edəcəyi məsafəyə (km) uyğun ödəniş etməlidirlər.

    Avtonəqliyyat vasitələrinin növünə və müxtəlif məntəqələrə uyğun ödənişli yoldan istifadəyə görə qiymət cədvəli:

    http://www.aayda.gov.az/uploads/1698392863.pdf

  • Azərbaycanda “TikTok”a girişə qoyulan məhdudiyyət aradan qalxıb – YENİLƏNİB

    31 oktyabr 2023-cü il tarixindən etibarən Azərbaycan Respublikası ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) məlumat verilib.

    Bildirilib ki, Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə, eləcə də sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə əməl etməyə çağırır.

    * * * * *

    19 sentyabr tarixindən Azərbaycanda “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilmişdi.

    Hazırda pulsuz VPN-lərdən istifadə etmədən “TikTok” sosial şəbəkəsinə giriş etmək olur.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) tərəfimizdən sorğu ünvanlanıb.

    Qeyd edək ki, həmin ərəfələrdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırmışdı.

  • İsrail ordusu ölən və girov götürülənlər barədə məlumat yayıb

    İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən öldürülən və girov saxlanılanlar haqqında məlumat yayıb.

    “Biz bu günə kimi cinayətkar təşkilatın öldürdüyü 315 İsrail ordusu əsgərinin və 238 girovun ailəsinə məlumat vermişik”, – deyə D.Haqari bildirib.

    Mənbə: TASS