Month: October 2023

  • İrəvan Bakının sülh danışıqları üzrə növbəti təkliflərinə cavab hazırlayır

    Ermənistan Azərbaycan tərəfinin sülh danışıqları üzrə növbəti təkliflərini alıb.

    Ermənistan mediasının yaydığı məlumata görə, ölkənin xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bunu bir daha xatırladıb.

    O qeyd edib ki, hazırda Bakının təkliflərinə cavab hazırlanır.

  • ÜST dünyada yeni pandemiya barədə: “Hazır olun!”

    “Koronavirus kimi yeni pandemiyalar mümkündür, ölkələr hazır olmalıdır”.

    Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge xəbərdarlıq edib.

    O, əsas məsələnin yeni pandemiyanın yaranma yeri və vaxtının deyil, dövlətlərin buna hazır olmasında gördüyünü bildirib.

    “İnanıram ki, biz indi (koronavirus pandemiyasından əvvəlki dövrdən) daha yaxşı hazırlaşmışıq”, – deyə ÜST-nin Avropa üzrə regional direktoru izah edib.

    Kluge bütün ölkələri sanitar-epidemioloji sahədə nəzarəti gücləndirməyə çağırıb.

    “Peyvəndlərin, həmçinin müalicə təcrübəsinin mübadiləsi və paylaşılması çox vacibdir”, – deyə o sözlərini yekunlaşdırıb.

    Mənbə: TASS

  • Bakıda qeyri-rəsmi yaşadığı qadına işgəncə verən, azyaşlı qızı zorlayan şəxsə hökm oxundu

    Bakıda qeyri-rəsmi yaşadığı qadına işgəncə verib, həmçinin onun azyaşlı qızını zorlamaqda təqsirləndirilən Saymur Şahalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    “Report”un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Hökmə əsasən, təqsirləndirilən Seymur Şahalıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilən şəxsin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    İttihama görə, S.Şahalıyev qeyri-rəsmi münasibətdə olduğu qadına xüsusi işgəncələr verib. O, qadına müxtəlif işgəncələr verəndən sonra ağzına qaynar su tökərək yandırıb. Bununla yanaşı, o, qadının 9 yaşlı qızını zorlamaqda və oğlunu girov saxlamaqda təqsirləndirilir.

    Təqsirləndirilən şəxs bununla yanaşı, qadının çılpaq videogörüntülərini çəkərək ərinə göndərəcəyi ilə hədələməklə ondan 50 min manat tələb edib. Qadın pulu verməkdən imtina etdiyi üçün o, həmin çəkilişin diskini qadının ərinə göndərib.

    Qadının şikayəti əsasında S.Şahalıyev saxlanılıb.

    Onun barəsində Cinayət Məcəlləsinin 133.2.2, 133.2.4, 133.2.6, 134, 144.2.1, 145.2.2, 145.2.3, 145.2.5, 150.3.3, 156.1, 157.2, 178.2.2, 182.2.2, 182.2.3, 182.2.4 və 242 maddələri üzrə cinayət işi başlanıb.

  • Hələb hava limanı İsrailin hücumu nəticəsində sıradan çıxıb

    İsrail Hələb beynəlxalq hava limanını vurub.

    Məlumata görə, hadisə yerli vaxtla 13:25-də (Bakı vaxtı ilə 14:25-də) baş verib. Raket Aralıq dənizində, Latakiya limanının qərbində olan gəmidən buraxılıb.

    Hücum nəticəsində maddi ziyan qeydə alınıb və hava limanı sıradan çıxıb.

    Mənbə: TASS

  • Bakıda dönərdən zəhərlənən şagirdlərin vəziyyətləri AÇIQLANDI

    Bakıda dönərdən zəhərlənən şagirdlərdən daha biri evə buraxılıb.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 23 uşaq hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

    Qeyd olunub ki, 1 uşaq ailəsinin iltizamnaməsi ilə, 2 uşaq isə ambulator müalicə üçün artıq evə buraxılıb:

    “Hazırda 20 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir”, – TƏBİB-dən bildirilib.

    Qeyd edək ki, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.

  • Kişi evində özünü güllələdi

    Qəbələ rayon sakini intihar edib.

    Savalan kənd sakini, 1971-ci il təvəllüdlü Namiq Babazadə yaşadığı evin həyətində ov tüfəngindən atəş açaraq özünü öldürüb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Qarabağda bərpa və yenidənqurma işlərində şəffaflığın təmini müzakirə edilib

    Bakıda Qarabağ Dirçəliş Fondunun (QDF) və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə “İşğaldan azad olunan ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində şəffaflığın və rəqabətliliyin təmin edilməsi” mövzusunda tədbir keçirilib.

    “Report“un xəbərinə görə, tədbirdə Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Əhməd Həsənov, “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Növrəs Cəfərov, eləcə də QDF-in donorları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

    Tədbirin əvvəlində Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə təməlini qoyduğu və açılışını etdiyi obyektlərə, ümumilikdə həmin ərazilərdə aparılan bərpa və quruculuq işlərinə həsr olunan videoçarx nümayiş etdirilib.

    Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış edərək bildirib ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən birini də cəmiyyətdəki neqativ hallara, qanun pozuntusuna və rüşvətxorluğa qarşı intensiv mübarizə təşkil edir:

    “Ölkədə gerçəkləşdirilən sosial-iqtisadi islahatların səmərəliliyini artırmaq məqsədilə hüquqpozmaların aradan qaldırılması dövlətin bu yöndə həyata keçirdiyi tədbirlərin başlıca istiqamətlərindəndir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə də dövlət vəsaiti hesabına (o cümlədən QDF-in maliyyə dəstəyi ilə) icra olunan layihələrdə şəffaflıq və rəqabətlilik prinsiplərinin qorunması xüsusi önəm daşıyır. Fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin edilməsi məqsədilə Qarabağ Dirçəliş Fondu özü də bütün mal və xidmətləri dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq açıq tender və digər müvafiq üsullar şəklində həyata keçirir. Bu isə öz növbəsində rəqabətliliyin artırılmasına, sahibkarlar üçün əlverişli biznes şəraitinin yaradılmasına əhəmiyyətli töhfədir. Fondun həyata keçirdiyi tədbirlər, layihələrin icra vəziyyəti, audit nəticələri kimi məlumatların mütəmadi olaraq ictimaiyyətlə bölüşülməsi, eyni zamanda, fondun rəsmi veb-saytında hesabatların açıq formada yerləşdirilməsi və əlçatanlığı bunun əyani sübutudur”.

    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Əhməd Həsənov, “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Növrəs Cəfərov və digər çıxışçılar da işğaldan azad olunan ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən danışaraq şəffaflığın və rəqabətliliyin təmin edilməsinin vacibliyini vurğulayıblar.

    Çıxışlardan sonra Qarabağ Dirçəliş Fondunun 2023-cü ildəki fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.

    Sonra tədbir müzakirə sessiyası ilə davam edib. Müzakirələr zamanı işğaldan azad olunan ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində şəffaflığın və rəqabətliliyin təmin edilməsi, bunda vətəndaş cəmiyyəti institutlarının rolu və digər mövzular ətrafında fikir və təkliflər səsləndirilib.

    Müzakirələrin yekunu olaraq cəmiyyətdəki neqativ hallara qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi qərara alınıb.

  • Türk müğənni 2 il 2 ay müddətinə həbs edildi

    Türkiyəli müğənni Atilla Taş 2 il 2 ay 25 günlük həbs edilib.

    “FETÖ”nün media strukturu ilə bağlı cinayət işində mühakimə edilən Atilla “dövlət məmurunu təhqir etmək” və “dövlətin hərbi və ya polis qüvvələrini açıq şəkildə təhqir etmək” ittihamları ilə məsuliyyətə cəlb edilib.

    O “dövlət məmurunu təhqir etmə” maddəsi ilə 1 il 9 ay 25 gün, “dövlətin hərbi və ya polis qüvvələrini açıq şəkildə təhqir etmə” maddəsi ilə isə 5 aylıq həbs edilib.

  • Şabranda motosiklet aşıb, ölən var

    Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Şimal bürosunun məlumatına görə, hadisə Şabran-Güləmli avtomobil yolunda qeydə alınıb.

    Belə ki, motosiklet sürücüsü, 1981-ci il təvəllüdlü Anar Əli oğlu Məmmədov hərəkətdə olarkən idarəetməni itirib, nəticədə sürücü yolun kənarındakı maneəyə çırpılıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə ilkin yardım olunduqdan sonra Bakıdakı xəstəxanaların birinə göndərilib. Həkimlərin səylərinə baxmayaraq, A.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda bu rüsumlar LƏĞV EDİLDİ

    Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumları ləğv edilir.

    Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Hüquqi şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin 3 iş günü müddətində verilməsinə görə 20 manat, 5 iş günü müddətində verilməsinə görə 10 manat, fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin 3 iş günü müddətində verilməsinə görə 10 manat, 5 iş günü müddətində verilməsinə görə 5 manat dövlət rüsumu tutulub.

    Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.