Month: November 2023

  • Bu portalın saytı və mobil tətbiqi fəaliyyətini dayandırır

    10.01.2024-cü il tarixindən Hökumət Ödəniş Portalının (HÖP) internet səhifəsinin (https://gpp.az) və mobil tətbiqinin fəaliyyəti dayandırılacaq.

    Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

    Qeyd edilib ki, ölkədə fəaliyyət göstərən bütün bankların, həmçinin bir çox bank olmayan ödəniş xidməti təchizatçılarının internet və mobil bankçılıq həlləri Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiya edilib. Sözügedən qərar HÖP-ə inteqrasiya olunmuş bütün xidmət təşkilatları üzrə ödənişlərin bu platformalardan aparılması imkanının olmasını nəzərə alaraq verilib.

    AMB-dən əlavə edilib ki, HÖP-ün internet səhifəsi və mobil tətbiqi vasitəsilə aparılan ödənişlər bankların, həmçinin bank olmayan ödəniş xidməti təchizatçılarının bu portala inteqrasiya olunmuş internet və mobil xidmətləri vasitəsilə həyata keçirilə bilər.

  • Avropanı yeni müharibə gözləyir – Mask

    Avropa miqrantlarla bağlı vəziyyətə görə vətəndaş müharibəsi ilə üz-üzədir.

    Bu fikirləri amerikalı sahibkar İlon Mask deyib.

    “Avropa, deyəsən, vətəndaş müharibəsinə doğru gedir”, – deyə Mask Londonda miqrantlarla yerli sakinlər arasında baş verən toqquşmaların videosunu şərh edərkən X sosial şəbəkəsində yazıb.

  • Ürəyində bu problem olana çay olmaz

    Çay tərkibində kofein olduğu üçün taxikardiyanı sürətləndirə bilər.

    “Medicina” xəbər verir ki, həkim İrina Brejnevanın sözlərinə görə, bəzi insanların çay içəndən sonra halı dəyişə bilər.
    “Yüksək doza kofein orqanizmə düşdükdən sonra baş ağrısı, qarında ağrı, təzyiqin qalxması və ürək ritminin artması – taxikardiya ola bilər.

    Yaxşı olar ki, həssas adamlar yemək yeyəndən sonra çay içməsinlər.

    Eləcə də axşam 8-dən sonra çay içmək yuxunu pozur, yuxusuzluğa səbəb olur.

    Çay həm də yeməklə əldə ediləcək dəmir, vitamin və mikroelementlərin sovrulmasını pozur.
    Acqarına da çay içmək olmaz”.

  • Dərzi sexini su basdı, ZİYAN BÖYÜKDÜR – VİDEO

    Nəsimi rayonunda dərzi sexini su basıb.

    Xezerxeber.az-ın məlumatına görə, istilik xəttindən axan su dərzi sexinə dolub və obyekt suyun içərisində qalıb.

    Hadisə Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 77 K-da yerləşən binada baş verib. Burada dərzi kimi fəaliyyət göstərən Tural Fərzəliyev iddia edir ki, mərkəzi istilik sistemi işə düşəndən sonra obyekti su basıb.

    Tural Fərzəliyev deyir ki, vəziyyətlə bağlı aidiyyəti qurumu məlumatlandırsa da, nəticəsi olmayıb.

    “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Elvin Basqallı bildirib ki, sözügedən binanın zirzəmisindəki xətlər qurumun balansında deyil. Binanın mülkiyyətçisi mövsümdən öncə həmin kommunikasiyanın qorunması və işlək vəziyyətdə saxlanmasını təmin etməli idi.

    Məsələ ilə bağlı ərazi üzrə 51 saylı Mənzil-Kommunal İstismar Sahəsindən bildirilib ki, bu problemi aradan qaldırmaq onların səlahiyyətində deyil.

    Ətraflı süjetdə:

  • Bakıda reper kimi tanınan gənc oğlan itkin düşüb – FOTO

    Bakıda reper kimi tanınan 1991-ci il təvəllüdlü İbrahim Nəzərli itkin düşüb.

    Bu barədə “Report”a onun yaxınları məlumat veriblər.

    Onların sözlərinə görə, o, noyabrın 9-da, saat 15:00 radələrində, Qaradağ rayonu Sahil qəsəbəsində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Evdən çıxarkən əynində göy rəngli cins şalvar, ağ qara qarışıqlı idman ayaqqabısı, əynində ağ rəngdə kofta, qara papaqlı idman gödəkçəsi olub.

    Hadisə ilə bağlı polisə məlumat verilib.

    İ.Nəzərlini görən və ya onun barəsində məlumatı olanlardan 050 644 33 15 nömrəli telefona və ya Daxili İşlər Nazirliyinin ‘’102’’ xidməti-zəng mərkəzinə xəbər vermələri xahiş olunur.

  • Sakin: “Ömrümün qalan illərini Laçında keçirəcəyəm”

    “Ömrümün qalan illərini Laçında keçirəcəyəm”.

    Bunu “Report”a açıqlamasında bu gün Laçına köçən sakin Kəmalə Bayramova deyib.

    31 ildir ki, Laçınsız olduğunu bildirən sakin ömrünün qalan hissələrini doğma yurdunda keçirmək istəyir:

    “Çox şükür ki, uzun illərdən sonra biz evimizə qayıtdıq. Mən Laçının ilk şəhidlərindən olan Sadıqov Rzanın bacısıyam. Laçın mənim üçün əzizlərimin yurdu deməkdir. Torpaqlarımızı işğaldan azad etdiyi, bizi yenidən torpaqlarımıza qaytardığı üçün Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.

    K.Bayramova qeyd edib ki, Laçın bu gün öz ucalığı ilə sakinlərini qarşıladı:

    “Laçına daxil olanda elə hiss etdim ki, sanki bu yurd öz sakinlərini gözləyib, bizim üçün darıxıb. Laçına gələndə sanki yenidən yaşamağa başladım. Ürəyimdəki Vətən həsrəti yox oldu. Bu gün artıq mən öz obama, elimə qovuşdum”.

    Qeyd edək ki, bu gün Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 10 ailə – 40 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.

  • ATƏT: “Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün konstruktivlik vacibdir”

    Azərbaycanla Ermənistan arasında sülh sazişi və əlaqələrin normallaşmasının irəliyə aparılması üçün konstruktivlik vacibdir.

    Bu barədə ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma (Finlandiya) və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen (Norveç) Azərbaycana səfəri ilə bağlı təşkilatın yaydığı bəyanatda deyilir.

    “Azərbaycana bu gün başa çatan səfəri çərçivəsində ATƏT PA prezidenti Pia Kauma (Finlandiya) və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kari Henriksen (Norveç) ölkənin siyasi liderliyi ilə sentyabrda Azərbaycanın öz Qarabağ regionu üzərində nəzarəti bərpa etməsindən sonra Ermənistanla tam nizamlamaya nail olunmasına ehtiyac müzakirə edilib.

    ATƏT nümayəndələri səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşüblər. Görüşlərdə Azərbaycanın ATƏT PA-da fəal iştirakının regionda çoxtərəfli diplomatiya və dialoq üçün müsbət əlamət olduğunu qeyd edilib”, – bəyanatda qeyd edilir.

  • Naxçıvanda avtomobil piyadaya ağır xəsarət yetirib

    Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    APA-nın Naxçıvan bürosu xəbər xəbər verir ki, hadisə şəhərin mərkəzi küçəsində qeydə alınıb.

    Avtomobil yolu keçən 1959-cu il təvəllüdlü, Naxçıvan şəhər sakini Yasəmən Zulfiqar qızı Musayevanı vurub. Zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

    Faktla bağlı araşdırma aparılır.

  • “Muğanbank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün banklar müəyyən olunub

    Noyabrın 27-dən başlayaraq “Muğanbank” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsi “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC vasitəsilə həyata keçiriləcək.

    “Report”a bu barədə “Muğan Bank”ın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) bildirilib.

    “Əmanətlərin sığortalanması haqqında” Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

    Qorunan əmanətçilər əmanət hesabları üzrə hesabdan çıxarışları ləğv prosesində olan “Muğan Bank” ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B ünvanında yerləşən baş ofisindən əldə edə bilərlər.

    “Əmanətçilərdən kompensasiyaların alınması üçün Azərbaycan Beynəlxalq Bankı və “Kapital Bank”ın istənilən filial və şöbələrinə müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmanəti təsdiqləyən digər sənədlər və onların surəti, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsi xahiş olunur. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, qeyd edilən sənədlərlə yanaşı əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etməlidir”, – məlumatda deyilir.

    Qorunan əmanətçilər ərizə formalarını noyabrın 27-dən etibarən “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin filial və şöbələrindən, eyni zamanda ƏSF-nin www.adif.gov.az saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi bu bankların bütün filial və şöbələri tərəfindən həyata keçiriləcək.

    Əmanətlər “Əmanətlərin sığortalanması haqqında” Qanuna uyğun olaraq kompensasiya olunacaq. Belə ki, sığortalanmış əmanət üzrə əmanətin 100 %-i həcmində, lakin 100 min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya məbləği 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 %-i həcmində ödəniləcək.

    Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğanbank” ASC müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilib. Həmçinin, qanuna uyğun olaraq “Muğanbank” ASC-də sığorta hadisəsi günü 24 noyabr 2023-cü il müəyyən edilib.

    Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə etmək mümkündür.

    www.adif.gov.az

  • Azərbaycanın sambo millisi İrəvana niyə getməyib?

    Azərbaycan Sambo Federasiyası Ermənistanın paytaxtı İrəvanda keçirilmiş Avropa çempionatında iştirakdan imtina etmələrinin səbəbini açıqlayıb.

    Federasiya bu haqda bəyanat yayıb. Bəyanatda bildirilib:  

    “Azərbaycan və Türkiyə millilərinin 10-12 noyabr tarixlərində Ermənistanın paytaxtı İrəvanda keçirilmiş sambo üzrə dünya çempionatında iştirak etməməsinin səbəbi KİV-ə yalan məlumat ötürülməklə çatdırılmışdır. Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Karen Qiloyanın yerli mətbuata açıqlaması yalan və böhtanla doludur.
    Bildirmək istəyirik ki, Azərbaycan Sambo Federasiyası Beynəlxalq Sambo Federasiyası (FIAS) tərəfindən diskvalifikasiya olunmayıb. Buna bariz nümunə FIAS-a 18 oktyabrda göndərdiyimiz rəsmi məktubdur. Orada göstərilib ki, aprel ayında İrəvanda keçirilmiş ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan dövlət bayrağı yandırılıb.

    İdman dəyərlərinə sığmayan bu hərəkəti və idmançılarımızın təhlükəsizliyinin qoruna bilinməyəcəyini nəzərə alaraq yarışda iştirak etməyəcəyimizi bildirmişik.

    Bundan əlavə, Azərbaycan millilərinin diskvalifikasiya olunmamasını göstərən digər amil 6-8 oktyabrda Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş yeniyetmə və gənclər arasında dünya çempionatında sambo millimizin iştirakıdır. Ermənistan KİV-dən məlumatı yayarkən səhv məlumat yaymamağa, verilən istənilən açıqlamanı beynəlxalq qurumlar vasitəsilə dəqiqləşdirməyə çağırırıq”.