Month: November 2023

  • Azərbaycan-Özbəkistan QHT-lərinin forumu bədii hissə ilə yekunlaşıb – YENİLƏNİB

    İşğaldan azad olunmuş ərazilərdə ilk dəfə keçirilən Azərbaycan və Özbəkistan QHT-lərinin forumu bədii hissə ilə yekunlaşıb.

    “Report”un Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Füzulidə forumun yekun hissəsində təşkil olunan konsert proqramında Azərbaycanın tanınmış sənət adamları xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri ifa ediblər. Həmçinin milli rəqslər nümayiş olunub.

    Bədii hissə iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Daha sonra Özbəkistan-Azərbaycan milli şirniyyatları ilə çay süfrəsi təşkil edilib.
    12:48

    Füzuli şəhərində Azərbaycan və Özbəkistan qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumu keçirilir.

    “Report”un Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbiri hər iki ölkənin Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

    Forumda Azərbaycan və Özbəkistan olan deputatlar, şairlər, ictimai xadimlər və media nümayəndələri iştirak edirlər.

  • Gürcüstanda gözlənilən iqtisadi artım açıqlandı

    Gürcüstan hökuməti 2024-cü il dövlət büdcəsi layihəsinin yekun variantını təsdiq edib.

    Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

    O qeyd edib ki, 2024-cü ildə nominal ÜDM-in 86 milyard lari (təxminən 31,7 milyard dollar), iqtisadi artımın 5 faiz, büdcə kəsirinin 2,5 faiz olacağı gözlənilir. Baş nazirin sözlərinə görə, dövlət borcu ÜDM-in 38%-ni təşkil edəcək ki, bu da aşağı göstəricidir. Ümumi icmal büdcənin xərclər hissəsi 28,76 milyard lari (təxminən 10,6 milyard dollar) təşkil edəcək. Bu məbləğin əhəmiyyətli hissəsi regional layihələrə sərf olunacaq.

    Büdcə layihəsinə əsasən, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin maliyyələşdirilməsi 239 milyon lari (təxminən 90 milyon dollar) artırılacaq. 2024-cü ildə Gürcüstan hökumətinin əsas prioritetləri səhiyyə, sosial xərclər və təhsil olaraq qalacaq. Gələn il Səhiyyə Nazirliyinin maliyyələşdirilməsi 7,735 milyard lari (2,8 milyard dollar) təşkil edəcək ki, bu da hazırkı rəqəmlərdən 877 milyon lari (328 milyon dollar) çoxdur.

    Gürcüstanın Təhsil və Elm Nazirliyinin 2024-cü il büdcəsi 2,340 milyard lari (876 milyon dollar) təşkil edəcək. Bu rəqəm cari ilin göstəricilərini 309 milyon lari (116 milyon dollar) üstələyəcək. Həmçinin, gələn il Nazirlər Kabineti 70 yaşdan yuxarı şəxslərin pensiyalarını 50 lari (19 dollar) artırmağı planlaşdırır ki, yekunda bu məbləğ ayda 415 lari (155 dollar) təşkil edəcək.

    Mənbə: TASS

  • ETSN mövcud hava şəraiti ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edib

    Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan hava şəraitinin fəsadlarından qorunmaq olduqca vacibdir və vətəndaşlarımızı bir daha maksimum dərəcədə diqqətli olmağa çağırırıq.

    “Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

    “Bu gün əsən güclü küləyin təsirindən təəssüf ki, 3 nəfər müxtəlif şəraitdə xəsarət alıb. Bu xəbər, vətəndaşlarımıza güclü küləkli hava şəraiti barədə daha bir xatırlatma etməyimizə əsas yaratdı:

    “Hava haqqında verilən xəbərdarlıq xarakterli məlumatlarda əhaliyə tövsiyələr çatdırılsa da, bir daha riayət olunmalı mühüm təhlükəsizlik tədbirlərini xatırladırıq.

    İlk növbədə, uşaqları küləkli havada nəzarətsiz buraxmaq qəti tövsiyə olunmur.

    Nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamayın.

    Güclü külək hətta sağlam, irigövdəli ağacların aşmasına, budaqlarının sınmasına səbəb ola bilər.

    Bəli, Bakı küləklər şəhəridir, küləkli hava şəraitinə bir növ adət etmişik. Amma belə güclü külək şəraitində insanların sağlamlığına və əmlakına zərər dəyməsi ehtimalı var. Məhz bu səbəbdən, güclü külək zamanı öncədən xəbərdarlıqlar verilir, əhaliyə diqqətli olmağa çağırışlar edilir.

    Odur ki, özünüzü qoruyun, güclü külək zamanı küçədə tikinti işləri gedən obyektlərin, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərinin altında dayanmayın, piyada uzun yol qət etməyin. Təhlükələrdən qorunmaq üçün ehtiyatlı olub, qabaqlayıcı təhlükəsizlik tədbirlərinə əməl etmək olduqca vacibdir”.

  • Gəncədə ağac evin üzərinə aşıb

    Gəncədə güclü külək bir sira fəsadlar törədib.

    APA-nın yerli bürosunun məlumatına görə, külək nəticəsində şəhərin Ruzigar Qasımov küçəsindəki ağac yaşayış evinin üzərinə aşıb.

    Evə ziyan dəydiyi bildirilib.

    Budan başqa güclü külər şəhərin Atatürk, Şah İsmayıl Xətai prospketlərində və Dədə Qorqud küçəsində bir neçə ağacı aşırıb.

    Həmçinin şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

    Hazırda qərb bölgəsində küləkli hava höküm sürür.

  • Bakıda külək 21 ağacı sındırıb – FOTO

    Paytaxtda müşahidə edilən güclü külək səbəbindən bu saata qədər 21 ağac sınıb.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Baki şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Bildirilib ki, eyni zamanda 14 ağacın budaqları sınıb:

    “Baki şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən sınan ağaclar ərazilərdən götürülüb və operativ şəkildə ərazi təmizlənib. Küləklə əlaqədar Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar”.

  • Azərbaycanda son 1 həftədə 17 nəfər COVID-19-a yoluxub, 5 nəfər ölüb

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə 17 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

  • Sumqayıtda “VAZ 2107” elektrik dirəyinə çırpılıb, xəsarət alanlar var – FOTO

    Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə “Mero yolu” adlanan ərazidə qeydə alınıb.

    “VAZ 2107” və “Chevrolet Cruze” markalı avtomobillər toqquşub.

    Nəticədə “VAZ 2107” elektrik dirəyinə çırpılaraq yararsız vəziyyətə düşüb.

    Yaralıların olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Cuanşer Burçuladze: Gürcüstan Azərbaycan-Ermənistan dialoquna kömək etməyə hazırdır

    Gürcüstan Müdafiə Nazirliyi Cuanşer Burçuladzenin Bakıda azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla ikitərəfli görüşünə dair məlumat yayıb.

    APA-nın Tbilisi müxbiri xəbər verir ki, nazirliyin məlumatında bildirilib ki, tərəflər regionun qarşısında duran vəzifələri müzakirə ediblər.

    Vurğulanıb ki, Cuanşer Burçuladze ölkəsinin “Dinc Qonşuluq Təşəbbüsü” çərçivəsində Azərbaycan və Ermənistan arasında dialoqa və etimadın möhkəmləndirilməsinə kömək etməyə hazır olduğunu vurğulayıb.

    Görüşdə Azərbaycan hərbçilərinin Gürcüstanda keçirilməsi planlaşdırılan beynəlxalq təlim və kurslarda fəal iştirakı qeyd edilib.

    Əlavə olunub ki, görüş zamanı ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlığın, həmçinin ölkələrin və regionun inkişafına töhfə verəcək strateji səviyyəli görüşlərin mövcud dinamikasının saxlanılmasının vacibliyi qeyd olunub.

  • Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin görüşü gələn il Gürcüstanda olacaq

    Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli formatda növbəti görüşü gələn il Gürcüstanda keçiriləcək.

    APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

    Qeyd edək ki, müdafiə nazirlərinin daha əvvəlki – IX üçtərəfli görüşü 2022-ci ilin 21 dekabrında Türkiyənin Kayseri şəhərində keçirilmişdi.

    Bugünkü Bakı görüşü müdafiə nazirlərinin bu formatda 10-cu görüşüdür.

  • Beyləqanda ər arvadını bıçaqladıqdan sonra özünə də xəsarət yetirib

    Beyləqanda ər arvadını bıçaqladıqdan sonra özünə də xəsarət yetirib.

    APA-nın yerli müxbiri xəbər verir ki, hadisə Beyləqan şəhərində qeydə alınıb.

    1993-cü il təvəllüdlü Abuzərov Ramiz Eldar oğlu həyat yoldaşı 1993-cü il təvəllüdlü Abuzərova Ülkər Mahir qızına ailə münaqişəsi zəminində bıçaqla xəsarət yetirib.

    O, daha sonra özünə də xəsarət yetirib.

    Xəsarət alan hər iki şəxs Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.