Month: December 2023

  • Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb.

    Bununla bağlı “Azərpoçt” MMC məlumat yayıb.

    Bildirilib ki, buraxılış bir markadan ibarət blok şəklində hazırlanıb.

    Markanın üzərində Hacı Zeynalabdin Tağıyevin fotosu həkk olunub. Tərtibatında zənginlik, sağlamlıq, güvən, mərhəmət, hikmət və nəciblik elementləri olan rənglərdən istifadə edilib.

    Marka Belarus Respublikasının “Bobruisk İntegrated Printing House” mətbəəsində 4 000 tirajla çap olunub. Markanın dizayneri Aydın Əsgərovdur.

    Bundan əlavə, “Birinci gün” zərfləri də hazırlanıb.

  • Şarl Mişel: “Azərbaycan və Ermənistan liderləri arasında görüşün təşkilinə çalışırıq”

    “Avropa İttifaqı Şurası Azərbaycan və Ermənistan liderləri arasında görüş təşkil etmək istiqamətində cəhdləri davam etdirir”.

    Bunu Şuranın sədri Şarl Mişel Ermənistanın “Azatutyun” portalına müsahibəsində bildirib.

    O deyib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsini təşkil etmək üçün sülh sazişi lazımdır:

    “Bu sülh sazişi demarkasiya prosesinə əsaslanmalıdır. Eyni zamanda bizim regionda əməkdaşlığımız üçün bir vasitə kimi istifadə edə biləcəyimiz müsbət əsas ola bilər”.

    Ş.Mişel qeyd edib ki, bu da Cənubi Qafqaz regionunun digər ölkələri, o cümlədən Gürcüstan iqtisadiyyatının inkişafı üçün yaxşı haldır.

    “Danışıqların əsas istiqaməti Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasıdır”, – o vurğulayıb.

  • Astarada 14 yaşlı qız 28 yaşlı oğlanla nişanlandı – VİDEO

    Astarada 14 yaşlı qız 28 yaşlı oğlanla nişanlanıb.

    Axşam.az xəbər verir ki, bu barədə aparıcı Lalə Azərtaş “Təsir dairəsi” proqramında bildirib. O, qızın nişan fotosunu da yayımlayıb. Aparıcı bildirib ki, hadisəni dəqiqləşdirmək üçün ötən gün Astaraya yollanıb:

    “Ötən həftə belə hadisə oldu, mən efirdə müraciət etdim ki, belə hal olsa müraciət edin. Qaynar xəttimiz susmur, nə qədər belə qızlarımız var. Bu dəfə də xəbər gələndə, foto istədim. Çünki mənim ötən gün döydüyüm qapıda az qala and içələr ki, belə bir hal yoxdur. Astaranın Kakalos kəndinə getdik. Bir icra məmuru sual verir ki, gəlişiniz məhz cənub rayonlarınadır? Dedim, yox, bütün ölkə ərazisinə”.

    L.Azərtaş bildirib ki, ailə artıq toy tarixini də dəqiqləşdirib:

    “2024-cü ilin martında toy olacaq xəbərini aldım. Belə çıxır ki, 18 yaş gözlənilməyəcək. Qızın hazırda 16 yaşı var, 14 yaşından nişanlanıb. Bizi aldatmaq istədilər ki, qız 16 yaşında nişanlanıb, 2 il sonra toydur. Vəsiqəyə baxanda isə gördük ki, yalan deyirlər. Qız 2007-ci ildə dünyaya gəlib. Nişan 14 yaşında olub. İndi 16 yaşı var.

    Hətta qızın ər evinə göndərilməsinə də vaxt tapıblar. Biz hadisə yerinə çatmamış, xəbər tutublar və qız qayınanasının evindən götürülüb ata evinə aparılıb. Bizə isə dedilər ki, qız qayınana evinin ab-havasına öyrəşmək, ailə həyatına uyğunlaşmaq üçün oraya “deportasiya” edilir.

    Getdik evlərinə, çəkilişə mane olmaq istədilər. Qıza sual verəndə isə, bir arzusu olduğunu dedi: oxumaq”.

  • Qəzza üçün atəşkəs qanun layihəsini rədd edən 10 ölkənin adı açıqlandı

    Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsini qəbul edib.

    Misir tərəfindən irəli sürülən və 100 ölkənin birgə təqdim etdiyi qətnamə layihəsi 193 üzvü olan BMT Baş Assambleyasının Fələstin üzrə xüsusi fövqəladə sessiyasında səsə qoyulub.

    Qətnamə layihəsi 23 səs bitərəf, 10 səs əleyhinə, 153 səs lehinə olmaqla qəbul edilib.

    Layihənin əleyhinə səs verən ölkələr isə Avstriya, Çexiya, Qvatemala, İsrail, Liberiya, Mikroneziya, Nauru, Papua Yeni Qvineya, Paraqvay və ABŞ olub.

    Mənbə: Haber Global

  • Moldova prezidenti azərbaycanlı səfiri təltif etdi

    Moldova Respublikasının Prezidenti Maya Sandu bu gün Moldovada diplomatik fəaliyyətini başa vuran Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovu qəbul edib.

    Moldovanın ölkə başçısı görüşdə iki ölkə arasında əlaqələri yüksək qiymətləndirib, bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsinin və ticarət həcminin artırılmasının vacibliyini vurğulayıb. Həmçinin, Prezident sentyabrın 15-də “Azərbaycan Hava Yolları” QSC-nin Bakı ilə Kişineu arasında birbaşa reyslərin açılmasını da alqışlayıb.

    Maya Sandu Kişineu və Bakı arasında əlaqələrin möhkəmlənməsində göstərdiyi səylərə görə Azərbaycanın səfirinə təşəkkürünü bildirib və Moldova Respublikasının “Şərəf” ordeni ilə təltif edib.

  • Sabiq gömrük əməkdaşının məhkəməsinin vaxtı bilindi: 13 minlik rüşvət qalmaqalı

    Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Ekspertizası İdarəsinin sabiq eksperti Aslan Bayramovun cinayət işi üzrə məhkəmə istintaqının vaxtı məlum olub.

    “Qaynarinfo” xəbər verir ki, dekabrın 20-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas Bakı Ağır Cinayətlər məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək.

    Aslan Bayramov cari ilin avqustunda saxlanılıb. Baş Prokurorluğun həmin vaxt yaydığı məlumatda bildirilir ki, Aslan Bayramovun qanunsuz əməlləri barədə DGK-dan daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət işi başlanıb.

    Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Aslan Bayramovun ayrı-ayrı şəxslərdən rüşvət qismində aldığı 13 min 500 manat məbləğində pul vəsaiti müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29 mart 2023-cü il tarixli qərarının tələblərini pozmaqla vəzifə saxtakarlığı törətməsinə, yəni 2023-cü ilin may-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 45 avtomobilə aid sənədləri saxtalaşdıraraq qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.

    İş üzrə toplanmış sübutlar əsasında Aslan Bayramov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvətalma), 311.3.3 (külli miqdarda rüşvətalma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə DGK zərərçəkmiş qismində tanınıb.

  • “Tesla” iki milyondan çox avtomobilini geri çağırır

    ABŞ-nin elektrikli avtomobil istehsalçısı “Tesla” 2,03 milyon avtomobilini geri çağıracaq.

    Bu qərar avtopilot kimi tanınan qabaqcıl sürücüyə dəstək sistemində (Autopilot) idarəetmə probleminin aradan qaldırılması məqsədilə verilib.

    Bu, avtopilotdan istifadə zamanı baş verən bir sıra qəzalarla bağlı ölkənin Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi tərəfindən (NHTSA – National Highway Traffc Safety Administration) aparılan ikiillik araşdırmadan sonra həyata keçirilir.

    NHTSA uzun müddətdir ki, “Tesla” avtomobillərində avtopilotdan istifadə zamanı sürücülərin kifayət qədər diqqətli olub-olmadığını yoxlayır.

    “Tesla”nın avtopilot sistemi avtomobillərin öz zolaqları daxilində avtomatik olaraq yönləndirilməsinə, sürətlərinin artırılmasına və əyləcə basılmasına kömək edir.

    Mənbə: Haber Global

  • “Sea Breeze”dəki davadan sonra 4 nəfər də döyülüb – Adları bilinmir

    ​​​​Bu ilin yayında “Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı məhkəmə istintaqı davam edir. “Qafqazinfo” xəbər verir ki, dekabrın 12-də “Sea Breeze” işi üzrə 2 məhkəmə prosesi keçirilib. Bakı Baş Polis İdarəsində kütləvi dava ilə bağlı 3 cinayət işi başlanıb. Həmin cinayət işlərindən ikisi tamamlanaraq məhkəməyə göndərilib. Bir cinayət işi isə hələ də istintaqdadır. Dekabrın 12-də məhkəmənin icraatında olan hər iki cinayət işi üzrə məhkəmə prosesləri davam etdirildi. Hər iki iş üzrə hakim də, prokuror da eyni şəxslərdir. Məhkəmədə ittihamı prokuror Amin Şəkərəliyev müdafiə edir. İlkin olaraq Cavad Muradov və Şamxal Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması keçirildi. Bu iş üzrə Elmir İsmayılov, onun qardaşı Elgün İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə zərərçəkən şəxslərdir.

    Hakim elan etdi ki, məhkəməyə Cavad Muradovun vəkili Vüqar Kazımovun etirazı daxil olub. Vəkil hakim Mirheydər Zeynalova etiraz edib. Müdafiəçi qeyd edib ki, hakim heç olmasa bir dəfə baxılan işin və ya digər materialın mahiyyət üzrə həllinə aid olan məsələlər barəsində fikir bildiribsə, bu halda o bu və ya digər şəkildə öz əvvəlki fikrindən asılı olur. Bu da cinayət işi və ya digər materiallara dair hər hansı halı qiymətləndirərkən onun qərəzsiz olacağını şübhə altına qoyur. Buna görə də hakimə etirazının təmin edilməsini xahiş edib. Təqsirləndirilən Şamxal Məmmədovun vəkili İlqar İsmayılov etirazın təmin edilməsini xahiş edib.

    Prokuror Amin Şəkərəliyev etirazın əsassız olduğunu və təmin edilməməsini istəyib. Zərərçəkənlərin vəkilləri də etirazın təmin olunmamasını xahiş ediblər. Hakim prosesin 21 dekabr tarixinə qədər təxirə salındığını, etiraza da həmin tarixdə münasibət bildirəcəyini açıqlayıb.

    Bundan sonra növbəti prosesin başlanması üçün qısa fasilə verilib. Cavad Muradov təqsirləndirilən şəxslər üçün nəzərdə tutulan kabinədən çıxarılaraq zalda zərərçəkmiş şəxslər üçün nəzərdə tutulan skamyaya əyləşdirilib. Şamxal Məmmədov isə bu iş üzrə zərərçəkən olmadığından onu zaldan çıxarıblar.
    Birinci işdə zərərçəkmişlərin skamyasında əyləşən Elmir İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə isə təqsirləndirilən şəxslər üçün nəzərdə tutulan kabinəyə aparılıb.

    İş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli M. Ə. təqsirləndirilən şəxslərdir. Zərərçəkən kimi isə Elnur Məmmədov və Cavad Muradov tanınıblar. Elnur Məmmədov prosesdə iştirak etməyib.

    Hakim elan edib ki, ötən prosesdə dövlət ittihamçısı müstəntiq Əlibala Hacıyevin prosesdə dindirilməsi ilə bağlı vəsatət verib. Həmin vəsatətə uyğun olaraq müstəntiq Əlibala Hacıyev məhkəməyə dəvət olunub. Lakin müstəntiq prosesə gəlməyib.

    Hakim ötən prosesdə M. Ə.-nin onu Ceyhun adlı müstəntiqin dindirdiyini söylədiyini, bununla bağlı araşdırma apardığını və 2 Ceyhun adlı müstəntiqin olduğunu bildirib. Məktəblidən Ceyhun adlı müstəntiqin soyadını, ata adını bilib-bilmədiyini xəbər alıb. O isə Ceyhun adlı müstəntiqin onu dindirdiyini, həmin müstəntiqin Əlibala Hacıyevin kabinetinin yanından iki kabinet sonrakı kabinetdə oturduğunu deyib.

    Hakim isə deyib ki, cinayət işi əvvəldən sonadək müstəntiq Əlibala Hacıyevin icraatında olub.

    Yeniyetmənin vəkili Ülvi Məmmədov müvəkkilinin iş materiallarında ilk dəfə nə vaxt, hansı saatda dindirilməsi haqda məlumatların elan edilməsini xahiş etdi.
    Hakim iş materiallarına istinadən bildirdi ki, dindirmə protokoluna görə onu 13 iyun 21:05-də dindirməyə başlayıblar. Dindirilmə də qanuni nümayəndə Əhmədov Məzahirin iştirakı ilə başlayıb.

    Vəkil hakimə “Bakcell” mobil operatoruna verdiyi sorğunu təqdim edib. Həmin sorğu M. Ə-nin atası və istintaq zamanı qanuni nümayəndəsi olmuş Məzahir Əhmədlinin mobil telefon nömrəsindən çıxan zəngləri əhatə edir. Sorğudan aydın olur ki, 13 iyun tarixində Məzahir Əhmədli 21:14-də müstəntiq Əlibala Hacıyevin mobil nömrəsinə zəng edib və onunla 15 saniyə danışıb. Vəkil deyib ki, qaydalara görə dindirməyə gələn şəxslər, onların yaxınları müstəntiqlərlə əlaqə saxlayır. Həmin müstəntiqlərin göndərdikləri şəxslər də müvafiq sənədləşmə aparmaqla dindirməyə gələn şəxsləri müstəntiqin yanına aparırlar. Bu qaydanın icrasına 30-40 dəqiqə vaxt sərf olunur.

    Bu isə onu deməyə əsas verir ki, müstəntiq dindirmə protokolunda yeniyetməni 13 iyun 21:05-də atasının iştirakı ilə dindirməyə başladığını göstərsə də, faktiki olaraq Məzahir Əhmədov dindirmədə iştirak etməyib. Məktəbli qanuni nümayəndəsi olmadan dindirilib.

    Vəkil bildirdi ki, ötən prosesdə prokuror M. Ə-dən ibtidai istintaqda verdiyi ifadəsi ilə bağlı çoxsaylı suallar verib, M.Ə. də bildirib ki, o, ibtidai isitntaqa elə bir ifadə verməyib.

    Bundan sonra hakim hadisənin baş verdiyi əraziyə baxış protokolunu elan etdi. Bildirdi ki, iş materiallarında 2 video var. Onlardan biri 2 dəqiqə 18 saniyə, digəri isə 38 saniyə olub.

    Fotoda: Elnur Məmmədov


    Hakim iş materiallarında daha bir videonun olduğunu, 59 dəqiqəlik videonun “Sea Breeze”dəki “White villa 10”un qarşısındakı kameradan götürüldüyünü elan etdi. Gecə 03 radələrində qeydə alınan həmin videoda Elnur Leysan oğlu Məmmədovun köynəksiz halda çılpaq olması, aktiv şəkildə əl-qol hərəkətləri etməsi, Vüqar Tağıyev, Cavad Muradov, hazırda axtarışda olan Fərhad İsgəndərov və Şamxal Məmmədovun yanında olduğu görünür. Ora gələn Elgün İsmayılovun Cavad Muradov tərəfindən vurulması və onun yıxılması da görünür. Bundan sonra Elnur Məmmədovun çoxlu şəxslərin olduğu istiqamətə qaçaraq orada olan şəxslərə yumruq atması da görünür.

    Fotoda: Elnur Məmmədovun 99-OH-999 dövlət nömrə nişanlı maşını


    Eyni zamanda elan olunub ki, həmin gecə Elnur Məmmədov və dostları hadisədən sonra başqa bir maşında əyləşən şəxslərlə də dalaşıb. Buna səbəb isə Elnurun söyüş söyməsi olub. O, avtomobildəki, şəxsiyyəti istintaqa məlum olmayan 4 nəfəri döyüb. Həmin dörd nəfərin döyülmə anını əks etdirən görüntülər ortada yoxdur.

    İş materiallarına əlavə olunmuş videoların təqdiqi ilə bağlı hakimin təklifinə tərəflərin münasibəti də fərqli olmadı. Təqsirləndirilən və zərərçəkənlər, onların vəkilləri videoların tədqiqinə ehtiyac olmadığını bildirdilər. Bundan sonra proses 19 dekabra qədər təxirə salındı.

    Qeyd edək ki, Elnur Məmmədov Binəqədi İcra Hakimiyyəti başçısının sabiq müavini Leysan Məmmədovun oğludur. Elnur Məmmədovun qardaşı prokurorluq orqanlarında məsul vəzifədə çalışır, özü isə “Sea Breeze”dəki davayadək Vergilər Xidmətinin inspektoru olub.

    Fotoda: Leysan Məmmədov

  • Azərbaycandan Çinə quş əti ixracına icazə verildi

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Çin Xalq Respublikasının (ÇXR) Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi ilə keçirilən görüşlər, həmçinin işçi qaydada aparılan tədbirlər nəticəsində quş əti və digər quşçuluq məhsullarının bu ölkəyə ixracına icazə əldə olunub.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, agentlik tərəfindən ÇXR-in müvafiq qurumu ilə aparılan əməkdaşlıq çərçivəsində bu ölkənin baytarlıq sahəsi üzrə idxal tələbləri əldə olunub və həmin istiqamətdə Azərbaycan Respublikası ərazisində epizootoloji monitorinqlər, risk təhlilləri, tədqiqatlar, müəssisələrin qiymətləndirilməsi, məhsullar üzrə baytarlıq-sanitariya nəzarətinin gücləndirilməsi və digər tədbirlər həyata keçirilərək görülən işlər barədə hesabatlar müqabil tərəfə təqdim olunub.

    Həmçinin, AQTA nümayəndə heyəti ilə Çin sahibkarlarından ibarət nümayəndə heyəti arasında 2023-cü il 18 may tarixində fitosanitar və baytarlıq nəzarətində olan məhsulların bu ölkə bazarlarına ixracı barədə müzakirələr aparılıb, 19 may tarixində isə ÇXR-ə quş əti idxalına maraqlı olan idxalçıları ilə Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasında görüş və beş quşçuluq təsərrüfatına baxış keçirilib.

    ÇXR-in Baş Gömrük İdarəsi, Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi AQTA tərəfindən təqdim edilmiş müvafiq hesabatları və tədqiqat nəticələrini əsas götürərək Azərbaycan Respublikasının bütün ərazisində yüksək patogen quş qripinin mövcud olmadığını təsdiqləyib. Bununla da, Çinin müvafiq qurumunun 2006-cı il 619 saylı qərarı ləğv edilib.

    Yeni qərara əsasən, ÇXR-in qida təhlükəsizliyi ilə bağlı qanun və tələblərinə uyğun gələn Azərbaycanda istehsal olunan quş əti və digər quşçuluq məhsullarının idxalına 8 dekabr 2023-cü il tarixdən etibarən icazə verilir.

    Sahibkarların diqqətinə çatdırılır ki, Çinə quş əti və digər quşçuluq məhsullarının ixracı, eyni zamanda, müqabil ölkənin qida təhlükəsizliyi üzrə qanunvericiliyi ilə tanış olmaq, həmçinin metodiki köməklik üçün agentliyə müraciət edə bilərlər.

  • “TikTok” bu il Azərbaycandan yüklənmiş yüzminlərlə videonu silib

    Bu il “TikTok” istifadə qaydalarının pozulmasına görə Azərbaycandan yerləşdirilmiş 760 min videonu platformasından silib.

    Bunu jurnalistlərlə görüşdə “TikTok”un əməliyyatlar departamentinin rəhbəri Yekaterina Blinets bildirib.

    Bundan başqa, o deyib ki, bu il təmsil etdiyi şirkətin dəstəyi ilə Azərbaycan və Özbəkistandan olan 32 startapın fəaliyyətinə dəstək verilib:

    “Bu layihədə “TikTok”un Azərbaycandan olan tərəfdaşı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir”.
    //oxu.az