Month: December 2023

  • Anasının taksidə qoyub getdiyi uşaq körpələr evinə verildi – FOTO

    Bakıda ananın taksidə qoyub getdiyi uşaq körpələr evinə təhvil verilib.

    Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib.

    O bildirib ki, aparılan araşdırmalar zamanı məlum olub ki, körpənin aylar əvvəl uşaq evinə yerləşdirilməsi üçün müraciət olunub:

    “Ana uşağını körpələr evinə təhvil verməyə gedərkən yolda fikrini dəyişib. Daha sonra taksiyə minib. Yenidən fikrini dəyişən ana övladını taksidə qoyaraq gedib”.

    Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda ana övladını taksidə qoyaraq qaçmış, uşaq sığınacağa yerləşdirilmişdi.

  • Dövlətə xəyanət etmiş şəxsə cəza verildi

    2022-ci il ərzində İran xüsusi xidmət orqanlarının gizli əməkdaşlığa cəlb etdiyi şəxsə Şəki Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Yevlax rayon sakini Elnur M. Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə təqsirli bilinib.

    Araşdırmalar zamanı məlum olub ki, Elnur “Azərbaycan Dəmir Yolları” QSC-nin Yevlax şəhəri üzrə texniki-xidmət məntəqəsində vaqon baxıcısı vəzifəsində işləyib. O, 2022-ci ilin yanvar ayından İran xüsusi xidmət orqanları ilə maddi maraq qarşılığında əməkdaşlığa cəlb edilib və ümumilikdə 12-15 min manat pul alıb. Bu müddət ərzində xarici kəşfiyyat Elnura xüsusi avadanlıqlar verib və hərbi obyektləri izləyərək şəkillərini çəkməsi üçün fotoaparat alıb.

    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi tədbirlərlə Elnur M. 2022-ci ilin dekabr ayında tutulub və barəsində cinayət işi açılıb.

    Şəki Ağır Cinayətlər Məhkəməsinin 7 dekabr tarixli hökmü ilə ona 16 il həbs cəzası verilib.

    Qeyd edək ki, bundan əvvəl xarici xidmət orqanlarına işləməkdə ittiham edilən digər şəxslər Faiq Zeynalov, Etibar Məmmədzadə və Tural Məmmədov Elnurun Yevlaxda kirayə tutduğu evə gizli daxil olaraq onun agentura məlumatlarının toplandığı notbukunu ələ keçirməyə cəhd ediblər. Sözügedən şəxslərin saxlanılması ilə bağlı DTX bu ilin martında rəsmi məlumat yayıb.

  • Sahibkarın vergi yükünün azaldılması istiqamətində olan dəyişikliklər

    Əvəz Quliyev sahibkarın vergi yükünün azaldılması istiqamətində olan dəyişiklikləri açıqladı

    2024-cü ilin 1 yanvar tarixindən qüvvəyə minməsi nəzərdə tutulan, hazırda Milli Məclisdə üç oxunuşdan keçən Vergi Məcəlləsində dəyişikliklər layihəsi sahibkarlıq mühitinin təşviqini, sosial xarakterli güzəştlərin tətbiqini və sahibkarlara daha innovativ inzibatçılıq alətlərindən istifadə imkanlarını ehtiva edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev layihənin əsas istiqamətlərini “İqtisadi Zona” proqramına müsahibəsində açıqlayıb.

    – Bu gün Azərbaycanda ödənilən dividentlər üzrə vergi dərəcəsi 10 faizdir, növbəti ildən isə bu, 5 faizə endiriləcək. Eyni zamanda, sahibkarlıq subyektləri üçün növbəti dəstək tədbiri olaraq, kommersiya xərcləri olan nümayəndəlik, mənzil və işçilərin yemək xərclərinin norma daxilində gəlirdən çıxılan xərclərə aid edilməsi nəzərdə tutulur.
    Növbəti ildən tibb müəssisələri üçün də vergi güzəştlərinin tətbiqi gözlənilir. Məlumdur ki, nağdsız ödənişlərin stimullaşdırılması bu gün əsas məqsədlərdən biridir. Bu baxımdan, tibb müəssisələrinin nağdsız qaydada formalaşan dövriyyələrinin 50 faizinin onların ƏDV tutulan əməliyyatlarının dövriyyəsindən çıxılması nəzərdə tutulur. Bununla da tibb müəssisələri üzrə əhəmiyyətli vergi güzəşti tətbiq olunacaq. Bu güzəşt qeyd edilən sahədə şəffaflaşmanın daha da artmasına kömək edəcək.

  • Meyxanaçı narkotikdən istifadə etdiyini məhkəmədə etiraf etdi

    “Mahir Ay Brat” ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyev məhkəmədə əvvəllər narkotikdən istifadə etdiyini etiraf edib.

    “Report” xəbər verir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan baxış iclasında özünü təqsirli bilməyib.

    Prokuror Orxan Kəngərlinin elan etdiyi ittiham aktına əsasən, təqsirləndirilən şəxs 2016-cı ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 32.3, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Şirvan Apellyasiya Məhkəməsinin 2017-ci il qərarı ilə cəzası 8, Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il qərarı ilə cəzası 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilib.

    Onun məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,818 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 145 saylı ünvanın qarşısına daşıyıb.

    Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Mahir Qonşuyev bu ilin iyununda paytaxtın Binəqədi rayonunda saxlanılıb.

    O, baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı cibindən bir ədəd bükümdə külli miqdarda 3,818 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
    Məhkəmədə ifadə verən M.Qonşuyev ona qarşı elan edilən ittihamla özünü təqsirli bilməyib:

    “Əvvəllər narkotikdən istifadə etmişəm, lakin həbs olunandan sonra bu pis vərdişlərdən uzaq durmuşam. Həbs olunmamışdan qabaq məni bir neçə dəfə polis idarəsinə dəvət edib profilaktik söhbətlər aparılmışdı. Məndən kriminal və pis vərdişlərə səsləyən mahnı və meyxanaları oxumamağım tələb olunmuşdu.

    İyunun 6-da restoranlardan birinə məclisə dəvət edildim. Prodüserim Kamil Mirzəliyev də yanımda idi. Liftdən çıxanda hər ikimizi saxlayıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdilər. Prodüserimin ifadəsi alınandan sonra sərbəst buraxıldı”.

    Məhkəmənin növbəti iclası yanvarın 9-na təyin edilib.

    Qeyd edək ki meyxanaçı saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən olunub.

    Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

  • Restoranların fantastik yeni il qiymətləri: Bakıda yeni il neçəyə başa gəlir?

    Yeni ilə sayılı günlər qaldığından restoranlarda yer tapmaq müşkülə çevrilib. Təklif olunan qiymətlər isə necə deyərlər, əl yandırır.

    Yəni paytaxt restoranlarında fərqli ab-havada təzə ili qarşılamaq istəyənlər üçün depozit bir nəfər üçün minimum 100 manatdan başlayır. Tələb olunan qiymət dəyərində sifariş verib-verməməyinizin isə heç bir önəmi yoxdur. Müəyyən olunan qiymət ödənməlidir.

    Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunu qanun pozuntusu hesab edir:

    “Müştəri ilə xidmət göstərən arasında müqavilə bağlanmalıdır. Bu müqavilənin şərtlərində istehlakçının istifadə etmədiyi xidmət üçün ödədiyi pulun qaytarılması məsələsi öz əksini tapmalıdır”.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

  • Region gəncləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad ediblər

    Ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin əsasını qoymuş, hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, gənclərin bütün məsələlərini daim diqqət mərkəzində saxlamış, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə böyük əhəmiyyət vermiş görkəmli şəxsiyyət, xalqımızın dahi övladı, ümummilli lideri Heydər Əliyevin vəfatından 20 il ötür. Region gəncləri tərəfindən anım günündə silsilə tədbirlər keçirilib, ulu öndərin əziz xatirəsi böyük ehtiramla yad edilib.

    Bu barədə Gənclərin İnkişaf və Karyera Mərkəzindən (GİKM) məlumat verilib.

    Qeyd edilib ki, respublikamızda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına müvafiq olaraq, GİKM-in 55 şəhər və rayonda fəaliyyət göstərən regional nümayəndəlik və bölmələrinin təşkilatçılığı ilə müxtəlif anım tədbirləri baş tutub.

    “Belə ki, gənclər ilk olaraq, ümummilli lider Heydər Əliyevin şəhər və rayon mərkəzlərində ucaldılmış abidəsini ziyarət edərək, ulu öndərə öz dərin sevgi və ehtiramlarını ifadə ediblər. Rayon rəsmiləri və tarixçilərin iştirakı ilə təşkil olunan dəyirmi masalar və konfranslarda ulu öndərin siyasi fəaliyyəti, azərbaycançılıq məfkurəsi barədə gənclər məlumatlandırılıblar.

    Şəhər və rayonlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərindəki muzeylərə ekskursiyalar təşkil edilib, gənclərə muzeydəki eksponatlar, ulu öndərin həyat yolu haqqında məlumat verilib.

    Gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin prioritet vəzifəsi səviyyəsinə yüksəltmiş qüdrətli şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Heydər Əliyev – Vətənin keşiyində”, “Xilaskar ömrü”, “Dahi şəxsiyyət”, “Ulu öndər”, “Dahi azərbaycanlı”, “Unudulmaz gün”, “Əsl məhəbbət haqqında”, “Azərbaycan xalqının xilaskarı”, “Heydər Əliyev – dünyaya pəncərə” filmləri gənclər tərəfindən maraqla izlənilib.

    Biz Azərbaycan gəncləri olaraq sevinc hissi ilə deyə bilərik ki, “Heydər Əliyev İli”ndə müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, dövlətimizin bütövlüyünə qovuşmasında payımız olduğuna görə çox qürurluyuq!” – GİKM-in məlumatında deyilir.

  • Zığ şosesində “Prius”da sıxılı vəziyyətdə qalan sərnişin xilas edilib – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu Zığ şosesində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

    FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota Prius” markalı minik avtomobilinin “Mercedes” markalı evakuatorla toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sərnişini deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

    Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 2001-ci il təvəllüdlü R.Əlizadəni xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • Bəzi rayonlara qar yağıb

    Dekabrın 12-si saat 16:00-a olan məlumatına əsasən Gəncə, Şəmkir, Balakən, Oğuz, Zaqatala, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Bakıda və Abşeron yarımadasında arabir yağış, Şahdağ, Qaxda (Sarıbaş) qar yağıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Şəki, Şamaxı, Göyçay, Lerikdə duman müşahidə olunub.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8 dərəcəyədək isti, Naxçıvan MR-da 10-14 dərəcə isti, Aran rayonlarında 6-8 dərəcə isti, dağlıq rayonlarda 2-4 dərəcə isti olub.

  • Yaşı 65-dən yuxarı olan avtobus sürücüləri varmı? – RƏSMİ AÇIQLAMA

    Paytaxta fəaliyyətdə olan ictimai nəqliyyatda yaşı 65-dən yuxarı sürücülərin çalışdığı iddia edilir. Xüsusilə Hövsan qəsəbəsindən Suraxanı marşrutu üzrə hərəkət edən 161 saylı avtobusda yaşlı sürücülərin olduğu bildirilir.

    Bununla bağlı Bizim.media-ya gileylənən qəsəbə sakinləri həmin marşrutda çalışan sürücülərin yaşlı, bəzilərinin görməsində və eşitməsində problem olduğunu qeyd ediblər.

    Aydındır ki, sərnişindaşımada yaşından asılı olmayaraq sürücünün sağlamlığı önəmlidir. Çünki sürücülərin səhhətlərindəki hər hansı narahatlıq onların özü ilə yanaşı sərnişinlərin də həyatı üçün risk yaradır.

    Bəs 161 saylı marşrutun sürücüləri barədəki iddialar nədən xəbər verir? Ümumiyyətlə, həmin marşrutda yaşlı sürücülər varmı?

    161 saylı marşrutun daşıyıcısı Bəhruz Tağıyev sakinlərin iddiasını əsassız adlandırıb. O, deyib ki, sözügedən marşrut xəttində yaşı 65-dən yuxarı sürücü yoxdur. Sürücülərin səhhətlərinə gəlincə, sürücülər mütəmadi olaraq tibbi yoxlanışdan keçirlər və daşıyıcı bu məsələyə xüsusi nəzarət edir.

    Digər marşrut xətlərində yaşı 65-dən yuxarı sürücü varmı?

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən saytımıza bildirilib ki, sürücülərin işə götürülməsi səlahiyyəti AYNA-da olmadığı üçün əllərində belə bir statistika yoxdur:

    “Sürücülərin yaş kateqoriyası ilə bağlı məsələlər daşıyıcıların tabeliyində olan məsələdir. İşə götürülən sürücülərin yaşı və səhhəti xüsusi diqqətdədir. Xatırladaq ki, Milli Məclisdə “Avtomobil nəqliyyatı haqqında” qanuna edilən yeni dəyişikliklərə görə, avtobuslarla sərnişindaşımaları ilə “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 22-dən az və 65-dən çox olmayan, eləcə də avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 5 ildən az olmayan sürücülər buraxılırlar.

    “DE” kateqoriyası üzrə isə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 25-dən az və 65-dən çox olmayan, eləcə də “D” kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 3 ildən az olmayan sürücülər buraxılır.

    Yeni dəyişikliklər avtomobil nəqliyyatı ilə sərnişin daşımaları sahəsində təhlükəsizliyin təmin edilməsi və məsuliyyətin artırılması ilə əlaqədar avtobuslarla sərnişin daşıyan sürücülərə dair tələblərin yenilənməsi məqsədilə qəbul olunub”.

  • Putin Belarusla bağlı qanun imzaladı

    Rusiya Prezidenti Vladimir Putin hərbi qulluqçuların birgə təlimləri üzrə döyüş hazırlığı mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında Belarusla sazişin ratifikasiyası haqqında qanun imzalayıb.

    Sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

    Saziş 2023-cü il martın 28-də Minskdə imzalanıb. Sazişdə Rusiya və Belarus silahlı qüvvələri hərbi qulluqçularının birgə hazırlığı, onların döyüş hazırlığı tapşırıqlarının praktiki sınaqdan keçirilməsi, döyüş növbətçiliyi, koordinasiya və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutulmuş döyüş hazırlığı mərkəzlərinin yaradılması və istifadəsi zamanı tərəflər arasında qarşılıqlı fəaliyyət qaydaları müəyyən edilib.

    Sənəddə bildirilib ki, belə mərkəzlər iki ölkənin müdafiə nazirliklərinin birgə qərarları əsasında açılacaq, onların fəaliyyət istiqamətləri, tərkibi, strukturu, sayı, yerləşmə yerləri, formalaşma müddətləri və fəaliyyət qaydası nazirliklər tərəfindən müəyyən ediləcək.

    Döyüş hazırlığı mərkəzinin tərkibində müştərək tapşırıqların yerinə yetirilməsi dövründə hərbi kontingentin şəxsi heyəti, tərəflərin səlahiyyətli orqanları tərəfindən razılaşdırılmış başqa qərar qəbul edilmədiyi təqdirdə, milli silahlı qüvvələrdə müəyyən edilmiş geyim formasını və fərqlənmə nişanlarını daşıyacaq.

    Mənbə: TASS