Month: December 2023

  • Polşa Kaçinskinin ölümündə Rusiyanın iştirakını araşdıran komissiyanı ləğv edib

    Polşanın sabiq Prezidenti Lex Kaçinskini daşıyan təyyarənin qəzaya uğramasında Rusiyanın iştirakını araşdıran komissiya ləğv edilib.

    Bu barədə Polşa hökuməti qərar qəbul edib.

    Ölkənin Daxili İşlər və İdarəetmə Nazirliyinin rəhbəri Marçin Kirvinski (Marcin Kierwiński) bildirib ki, 2010-cu ildə Smolensk vilayətində Polşanın sabiq Prezidenti Lex Kaçinskini daşıyan təyyarənin qəzaya uğramasında Rusiyanın iştirakı versiyasını araşdıran komissiya böyük maliyyə vəsaiti sərf etməsi səbəbindən ləğv edilib.

    Xatırladaq ki, 10 aprel 2010-cu il tarixində Smolenskdə qəzaya uğramış təyyarədə Lex Kaçinski və xanımı, ölkənin sabiq Prezidenti Rışard Kaçorovski, bir neçə nazir, yüksək rütbəli hərbçi olub.

    Təyyarənin pis hava şəraiti ilə bağlı qəzaya uğraması ilkin versiya kimi irəli sürülsə də, sonradan versiyalarından biri də Rusiyanın bu hadisədə iştirakı idi.

    ///APA

  • Rusiya hava limanında polislər sərnişinin külli miqdarda pulunu oğurlamaqda ittiham olunurlar

    Rusiyanın Domodedovo hava limanının iki polis əməkdaşı sərnişinin baqajından 10 milyon rubl oğurlamaqda şübhəli bilinir.

    Baqajdakı pulun ümumi məbləği isə 80 milyon rubl olub.

    Noyabrın 25-də Moskvadan Bişkekə uçan iki sərnişinin çamadanlarında 80 milyon rubl olub. Gömrük işçiləri yükü yoxlayıb və təyyarənin göyərtəsinə keçirilməsinə icazə verməyiblər. Polislər çamadanları baqaj otağına apararaq möhürləyiblər. Üç gündən sonra sahibi baqajı götürməyə gəlib. Kişi baqajını açıb və 10 milyon rubl dəyərində bir briketin çatışmadığını görüb.

    Hava limanında araşdırmalara başlanılıb və noyabrın 30-da “xüsusilə külli miqdarda oğurluq” maddəsi ilə cinayət işi açılıb.

    Çamadanı götürən asayiş keşikçiləri onu aça biləcək son insanlar olublar. Hazırda iki polis əməkdaşı əsas şübhəlidir. Oğurluqla yanaşı iki polis kapitanı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi üzrə də ittiham oluna bilər.

    Daxili İşlər Nazirliyinin Mərkəzi Federal Dairə üzrə Nəqliyyat İdarəsindən bildirilib ki, polis əməkdaşları vəzifələrindən kənarlaşdırılıblar.

    Məsələ ilə bağlı araşdırma aparılır.

    Mənbə: “Baza” “Telegram”

  • Hindistan Ermənistana “Akaş” zenit-raket kompleksləri satıb

    “EurAsianTimes” Hindistanın Ermənistana “Akaş” zenit-raket komplekslərini satdığına dair məlumatlar dərc edib.

    Bu mövzuda danışıqların aparılması ilə bağlı məlumatlar daha əvvəl ortaya çıxsa da, nə İrəvan, nə də Nyu Dehli bunu təsdiqləməyib.

    “Akaş” Hindistanın “Bharat Dynamics Limited” (BDL) şirkəti tərəfindən istehsal olunan, həssas əraziləri və nöqtələri hava hücumlarından qorumaq üçün nəzərdə tutulmuş qısa mənzilli zenit-raket kompleksidir. İstehsalçının vebsaytına əsasən, mobil platformalarda yerləşdirilən bu hava hücumundan müdafiə sistemi 4-25 kilometr radiusda helikopterləri, döyüş təyyarələrini və pilotsuz uçuş aparatlarını (PUA) effektiv şəkildə vurmağa qadirdir.

    “ICICI Securities” xəbər bülleteni BDL-nin sifarişlər kitabına istinadən bildirir ki, şirkət “bu yaxınlarda “Akaş” yer-hava raket sistemlərinin ixracı üçün sifariş alıb”. Müştərinin Ermənistan olduğunu təxmin etmək çətin deyil.

    “EurAsianTimes yazır” ki, “Akaş” “Bakı tərəfindən istifadə edilən silahlı PUA-larla mübarizə aparmaq üçün İrəvanın ehtiyaclarına ideal şəkildə uyğundur. Amma Ermənistan bununla kifayətlənmir. O, Hindistandan kamikadze dronlar, “hava-yer” və “yer-yer” raketləri almaqda da maraqlıdır”.

  • Bakıda qadın mağazadan telefon oğurladı – ANBAAN VİDEO

    Paytaxtın Nəsimi rayonunda yerləşən mağazaların birindən telefon oğurlanıb.

    Baku.ws-in məlumatına görə, hadisə Ənvər Qasımzadə küçəsində yerləşən mağazalardan birində qeydə alınıb.

    İddiaya görə, özünü müştəri kimi təqdim edən qadın əvvəlcə “almaq istədiyi” məhsulu hədiyyə qutusunda hazırlatdırıb. Daha sonra pulunun maşında olduğunu deyərək məhsulu almadan oradan uzaqlaşıb. Mağazanı tərk etməzdən əvvəl isə çantasına özünə məxsus olmayan telefonu da qoyub.

    Zərərçəkən məsələ ilə bağlı Nəsimi rayonu 20-ci polis bölməsinə məlumat verdiyini bildirib. O, vurğulayıb ki, telefonun qiyməti 400 manat dəyərindədir.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, hadisədən xəbərdardılar.

    Faktla bağlı araşdırma aparılır.

  • Qubada azyaşlılara tütün və alkaqollu içkilər satan şəxslər cərimələnib

    Quba Rayon Polis Şöbəsinin əməkdaşları Qubada azyaşlılara tütün və alkaqollu içkilər satan şəxsləri cərimələyiblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində bir neçə mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.

    Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • 2024-cü il üçün qeyri-iş günləri AÇIQLANDI – FOTO

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

    2024-cü il üçün iş vaxtı normasına əsasən gələn ilin aşağıdakı günləri iş günü hesab edilmir:

    1, 2 yanvar – Yeni il bayramı;

    20 yanvar – Ümumxalq hüzn günü;

    8 mart – Qadınlar günü;

    20, 21, 22, 23, 24 mart – Novruz bayramı;

    10, 11 aprel – Ramazan bayramı;

    9 may – Faşizm üzərində qələbə günü;

    28 may – Müstəqillik Günü;

    15 iyun – Azərbaycan xalqının milli qurtuluş günü;

    26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;

    16, 17 iyun – Qurban bayramı;

    8 noyabr – Zəfər Günü;

    9 noyabr – Azərbaycan Respublikasının Dövlət bayrağı günü;

    31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü.

    Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 3,4,5 yanvar, 25 və 26 mart, 18 və 19 iyun, 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 25 mart və 18 iyun tarixləri istirahət günləridir. Beşgünlük iş həftəsində 7 yanvar iş günüdür.

    2024-cü ilin fevral ayı 29 gündən, il isə 366 gündən ibarətdir.

    2024-cü ildə beşgünlük iş həftəsində 239 iş günü, iş günü hesab edilməyən 105 istirahət günü, iş günü hesab edilməyən 19 bayram, 1 Ümumxalq hüzn günü, 1 Azərbaycan Respublikası Prezidenti seçkiləri günü və 1 Bələdiyyə seçkiləri günü var.

    Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

    2024-cü ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır. 2024-cü il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1 901 saatdır.

    Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

    Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2024-cü ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1901 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

  • “Real Madrid” Mbappenin transferi ilə bağlı qərar verməsi üçün son tarix təyin edib

    “Real Madrid” PSJ-nin hücumçusu Kilian Mbappenin transferi ilə bağlı qərar vermək üçün son tarix müəyyən edib.

    Məlumata görə, “Kral Klubu” 15 yanvar 2024-cü ilə qədər cavab gözləməyə hazırdır. Madrid klubunun rəhbərliyi yeni ilin əvvəlində futbolçunun yaxınlarına müqavilə təklifini göndərəcək.

    Qeyd edək ki, daha əvvəl mətbuatda PSJ-nin Mbappe üçün pul təzminatı və bonus ala biləcəyi barədə xəbərlər yayılıb. Fransız futbolçu ildə 35 milyon avro qazanacaq ki, bu da futbolçunu bütün “Real Madrid” oyunçuları arasında ən yüksək maaş alan futbolçu edəcək. Madrid klubu, həmçinin Mbappeyə imicini meydandan kənarda istifadə etmək hüququ verəcək ki, bu da “Real Madrid” üçün unikal haldır.

    Mənbə: championat.com

  • Məhkəmə Tofiq Yaqublu ilə bağlı QƏRAR VERDİ

    Dünən saxlanılan Milli Şura üzvü Tofiq Yaqublu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

    APA xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin olunub.

    Qərara əsasən, Tofiq Yaqublu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, Daxili İşlər Nazirliyi dünən Tofiq Yaqublunun Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılması və evində axtarış aparılması barədə məlumat yayıb.

  • Kartof ucuzlaşacaq? – AÇIQLAMA

    Yaxın günlərdə istehlak bazarında kartofun qiymətinin bir qədər aşağı düşməsi gözlənilir. Buna səbəb Cəlilabad rayonunda payızlıq kartofun yığımına başlanılmasıdır. Yaxın bir neçə gün ərzində yerli bazara 20 min tondan artıq kartof çıxarılacaq.

    Bu da təbii ki, qiymətlərə öz təsirini göstərəcək.

    Məsələ ilə bağlı Bizim.media ilə fikirlərini bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bazara daha çox məhsulun çıxarılması, təbii ki, qiymətlərin müəyyən qədər azalmasına səbəb olacaq:

    “Çünki təklif tələbi üstələdikcə qiymətlər aşağı düşür. Ümumiyyətlə, hazırda kartofun qiyməti ötən illə müqayisədə 30 faiz azdır. Yaxın vaxtlarda da bahalaşma gözlənilmir. Ən pis halda fevral-mart aylarında kartof bahalaşa bilər”.

    Akif Nəsirli onu da qeyd edib ki, ölkəmizin kartofa olan illik tələbatı bir milyon tondur:

    “Azərbaycanda ildə təxminən 1 milyon 400 min ton kartof istehsal edilir. Amma istehsal edilən kartofun xeyli hissəsi ixrac edilir. Ona görə də bəzi aylarda xaricdən kartof idxal edirik. Yəqin ki, 2024-cü ilin birinci rübündə də belə olacaq.

    Ümumiyyətlə, aprelin ikinci yarısına kimi, yəni faraş kartof bazara çıxarılana qədər qiymətlərdə artma olur. Amma bu il vəziyyət bir qədər stabildir. Çünki ötən ilin dekabrında kartofun bir kiloqramı bir manata təklif olunurdusa, hazırda bu qiymət 60-70 qəpik arasında dəyişir. Bölgələrdə isə qiymətlər daha aşağıdır”.

  • Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının XİN başçıları Şurasının iclasında iştirak edib

    15 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov videokonfrans formatında baş tutmuş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclasında çıxış edib.

    XİN-dən verilən xəbərə görə, 2023-cü il ərzində QDİƏT-ə sədrlik edən qardaş Türkiyə Respublikasını uğurlu və dinamik sədrlik münasibətilə təbrik edən Ceyhun Bayramov bu istiqamətdə QDİƏT-i praktiki əməkdaşlıq və konkret layihələrə fokuslanan təşkilata çevirməklə bağlı Türkiyə tərəfindən göstərilən səylərin təqdirəlayiq olduğunu ifadə edib.

    Çıxış zamanı QDİƏT-in növbəti illər ərzində prioritetlərini müəyyən edəcək iqtisadi gündəliyinin yekunlaşdırılmasının, xüsusilə nəqliyyat və bağlantıların genişləndirilməsi istiqamətində fəaliyyətin əhəmiyyəti vurğulanıb.

    Ölkəmizin bölgədə nəqliyyat və kommunikasiyaların inkişafı sahəsində əməli addımlar atdığını, bu istiqamətdə görülən işlərin öz növbəsində Orta Dəhlizin imkanlarının genişləndirilməsinə də töhfə verəcəyi qeyd olunub. Bu sahədə tranzit axınlarının rəqəmsallaşması, habelə “Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirilməsi istiqamətində Mərkəzi Asiya və Qara dəniz regionlarından olan tərəfdaşlarla yaxından fəaliyyət göstərdiyimiz diqqətə çatdırılıb.

    Enerji təhlükəsizliyi sahəsində Cənub Qaz Dəhlizi layihəsinin genişlənməsinin əhəmiyyətindən bəhs edən Ceyhun Bayramov bu istiqamətdə yaşıl enerji sahəsinin inkişafının prioritetimiz olduğunu bildirib.

    Növbəti il ərzində ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası – COP29-a ev sahibliyi edəcəyini qeyd edən Ceyhun Bayramov sözügedən tədbirin qlobal iqlim dəyişikliyinin qarşısının alınmasına töhfə olması üçün ölkəmizin bütün səylərini səfərbər edəcəyini söyləyib.

    Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə iştirakçıları məlumatlandıran Ceyhun Bayramov hazırda bölgədə sülh quruculuğu üçün münbit şəraitin, habelə təşkilat çərçivəsində də qarşılıqlı faydalı əməkdaşlıq üçün imkanların yarandığını qeyd edib. Ölkəmizin Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlı olduğu bir daha vurğulanıb.