Month: Yanvar 2024

  • Erməni KİV: Ermənistan Azərbaycanla şərti sərhəddə terrorçularını yerləşdirir

    “Hazırda Ermənistanda vəziyyət 90-cı illərdə olduğundan qat-qat mürəkkəbdir”.

    Ermənistan KİV xəbər verir ki, bu barədə “Yerkrapa” terror təşkilatının sədri Sasun Mikayelyan bildirib.

    Onun sözlərinə görə, bu gün “Yerkrapa”nın üzvləri Ermənistan-Azərbaycan şərti sərhədinin bütün uzunluğu boyunca daim müdafiə xəttindədirlər.

    “2020-ci ildə “Yerkrapa”nın 1200 könüllüsü döyüş vəzifəsini yerinə yetirib, 2022-ci ildə artıq 1700 nəfər idik, keçən il səkkiz mindən çox “Yerkrapa” könüllüsü eyni vaxtda döyüş növbətçiliyində iştirak edib. “Yerkrapa” bəzi mövqelərdə iki növbə ilə xidmət edir, bunu da nəzərə alsaq, artıq 10 mindən çox üzvümüz var. Bu, ciddi rəqəmdir, hərbçilər məni başa düşərlər”, – deyə Mikayelyan bildirib.

    Mikayelyan əmin edib ki, “Yekrapa” əvvəlki kimi öz missiyasını yerinə yetirir və sərhədlərin qorunmasında fəal iştirak edir.

    “Hazırda ölkədə parçalanma var, xalq 4-5 yerə bölünüb, hamı bir-birini satqın hesab edir, belə bir şəraitdə sərhədi necə qoruya bilərik? Mən heç kimi qorxutmaq istəmirəm, amma indi tükdən asılıyıq”, – deyə o bildirib.

    Birliyə çağıran Mikayelyan qeyd edib ki, könüllülərin sayı artmalıdır, peşəkar ordu yaratmağa vaxt və imkan vermək üçün sərhədi saxlamaq lazımdır.

  • “Mahir Ay Brat” ləqəbi ilə tanınan meyxanaçı azadlığa buraxıldı – VİDEO

    “Mahir Ay Brat” ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyevə hökm oxunub.

    “Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

    Hökmə əsasən, Mahir Qonşuyev 3 il müddətinə azadlıqdan məhrum edilib və cəza şərti hesab olunaraq məhkəmə zalından azadlığa buraxılıb.

    Qeyd edək ki, meyxanaçı saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən meyxanalar paylaşdığı müəyyən edilib.

    Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

  • Sabiq vəzifəli şəxsin 20 milyon manatlıq yeyintiyə görə bankda girov olan əmlakı ilə bağlı qərar verildi

    “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, mərhum Vidadi Muradovun cinayət işi üzrə banka girov qoyulmuş əmlakları ilə bağlı qərardan kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

    APA xəbər verir ki, Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Kassasiya şikayəti təmin edilməyib.

    Xatırladaq ki, Ali Məhkəməyə daxil olan şikayətdə bazar dəyəri 10 milyon manatdan çox olan əmlakların müsadirə edilməsi ilə bağlı qərarın ləğvi, cinayət işinin bu hissədə yeni apellyasiya baxışına qaytarılması xahiş olunub. Həmin əmlaklara mərhum Vidadi Muradova məxsus ev və “Azər-İlmə” MMC-nin səhm payları və aktivləri daxildir.

    Qeyd edək ki, “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunub.

    O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.

    Barəsində həbs qətimkan tədbiri seçilmiş, 20 milyon manatdan çox pulu mənimsəyən sabiq sədr bir müddət sonra onkoloji xəstəliyi ilə bağlı ev dustaqlığına buraxılıb, 2021-ci ilin noyabr ayında ev dustaqlığında vəfat edib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Muradov barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Bundan başqa, təqsirləndirilən şəxsin özünə və yaxınlarına məxsus 30 milyonluq əmlakı müsadirə olunub.

    Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb. Ötən ilin oktyabr ayında Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını girov qoyulmuş əmlaklarla bağlı hissədə ləğv edib. İş bu hissədə yenidən baxılmaq üçün apellyasiya instansiyasına qaytarılıb. Lakin Bakı Apellyasiya Məhkəməsi əvvəlki qərarını dəyişdirmədən qüvvədə saxlayıb.

  • Yanğınların olduğu “EuroHome”a qarşı iddia: rəhbəri və oğlu məhkəməyə verildi

    “EuroHome” tikinti materialları bazarı məhkəməyə verilib.

    Bazar barədə “Azsığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət olunub.

    Müraciətin predmeti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr (sığorta müqaviləsi üzrə mübahisələr) ilə bağlıdır.

    Məhkəmə işində cavabdeh şəxs kimi isə bazarın sahibi Azay Möhnətov və onun bazarda vəzifə tutan oğlu Aqil Möhnətov tanınıb.

    Azay Möhnətovun həmçinin, AF Holdinq Şirkətlər Qrupunun və “Uğur-97” şirkətinin prezidenti olduğu bildirilir. İş adamının ölkədə nəhəng bina tikintisi ilə də məşğul olduğu qeyd edilir.

    Qeyd edək ki, “EuroHome” ticarət mərkəzi isə 2012-ci ildə nəhəng inşaat materialları bazarı kimi hektarlarla ərazidə tikilib. 2019-cu ildə və 2020-ci ildə bazarda iki böyük yanğın baş verib. Həmin vaxt bazardakı sahibkarların mallarının sığortası məsələsi də gündəmə gəlib.
    //İqtisadiyyat.az

  • Barmağından əməliyyat edilən kişi öldü

    Göyçay Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

    Rayon sakini, 1961-ci il təvəllüdlü Cavadov Sahib Rəşid oğlu dünən həmin tibb ocağında əməliyyat edilib.

    Ayaq barmağındakı ağrı ilə əlaqədar cərrahi müdaxilə olunan şəxsin vəziyyəti qısa vaxt sonra pisləşib və vəfat edib.

    Bildirilir ki, həmin şəxs özü də xəstəxana əməkdaşı olub. S.Cavadov xəstəxananın Şüa və diaqnostika şöbəsində texnik vəzifəsində çalışırmış.

    Hadisə ilə bağlı araşdırma aparılır.

    //qafqazinfo

  • Ukraynalı qadın Bakıda dələduzların toruna necə düşdü? – TƏFƏRRÜAT (VİDEO)

    Övladının müalicəsi üçün Bakıya gələn qadın iki gün hava limanında gecələməli olub.

    Xezerxeber.az-ın məlumatın görə, söhbət Ukrayna vətəndaşı 31 yaşlı Yelena Prudkoqlyadan gedir.

    Yeddi yaşlı övladının xərçəng xəstəliyindən əziyyət çəkdiyini deyən Yelena iddia edir ki, o Bakıya sinif yoldaşının dəvəti ilə gəlib.

    Sosial şəbəkələrin birində övladının xəstəliyi ilə bağlı post paylaşdığını iddia edən Yelena deyir ki, sinif yoldaşı Anya ona vəd verir ki, Bakıda onun övladını müalicə etdirəcək.

    Beləliklə, çarəsiz qadın əlində-ovcunda olanları sinif yoldaşına göndərir. Bundan sonra isə Bakıya üz tutur.

    Yelena Prudkoqlyad baş vermiş hadisə ilə bağlı Ukraynanın Azərbaycandakı səfirliyinə müraciət edib.

    Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.

    Köməksiz vəziyyətdə qalan Yelena isə övladı ilə birlikdə Bakıdakı sığınacaqlardan birinə yerləşdirilib.

    Ətraflı süjetdə:

  • Qızarmış kartof beyin neyronlarını öldürür

    Qızarmış kartof sevgisi beynin qiymətli neyronlarının ölümü ilə nəticələnə bilər.

    “Medicina” xəbər verir ki, dietoloq Yelena Solomatina qızarmış kartofun beyin qan dövranını poza biləcəyini deyib:

    “Qızarmış qidalar, xüsusən kartof-fri, qızarmış kartof damarlarda xolesterin tıxacları yaradır.
    Nişastalı kartof yüksək qlikemik indeksə malikdir.

    Bu o deməkdir ki, kartofda olan sadə karbohidratlar dərhal mənimsənilir, bu zaman da qanda şəkər tez yüksəlir.

    Bu qidanı tez-tez yeyənlərdə iltihab artır, bu zaman damarlar sıradan çıxır, nəticədə baş beynin oksigen təminatı azalır.

    Damarların divarı zədələnir, xolesterin divarları örtür, qan dövranı pozulur.

    Bu zaman beynin neyrtonları ölür, nəticədə yaddaş pozulması, əqli zehni yorğunluq, gələcəkdə demensiya riski artır.

    Buna görə də qızarmış kartof və bu kimi yeməkləri azaltmaq lazımdır”.

  • Bakıda bəzi fərdi evlər söküləcək

    Suraxanı rayonu, Zığ qəsəbəsi sürüşmə sahəsində yerləşən 1 ədəd ikimərtəbəli və 3 ədəd birmərtəbəli qəzalı fərdi yaşayış evləri söküləcək.

    Ölkə.az-ın məlumatına görə, Suraxanı Rayon İcra Hakimiyyəti bununla bağlı işlərə başlayıb.

    Söküntü işləri başa çatdıqdan sonra ərazi təmizlənəcək.

    İcra hakimiyyəti söküntü işləri ilə bağlı “Fasttech” MMC ilə 11,1 min manat dəyərində müqavilə imzalayıb.

  • Xankəndi üçün güzəştlər açıqlandı… – 10 il müddətinə (VİDEO)

    Xankəndidə fəaliyyət göstərmək istəyən sahibkarlara bir sıra güzəştlər olacaq.

    Mikro sahibkarlar üçün əsas tələblər onların həmin sahə üzrə təcrübələrinin olması, ən qısa zamanda fəaliyyətlərini bərpa edə bilmələri, vergi və digər öhdəliklərinin olmamasıdır.

    Bundan başqa, dövriyyə vəsaitlərinin olması da əsasdır.

    Nəzərdə tutulan güzəştlər isə bunlardır:

    * Vergi güzəştləri
    * Sosial güzəştlər
    * Kommunal güzəştlər
    * 10 il müddətinə vergidən azad olma və.s

    Daha ətraflı “İctimai TV”nin sujetində:

  • Bakıda 36 yaşlı kişi şadlıq sarayında təmir zamanı yıxılaraq ölüb

    Şəxsin hündürlükdən yerə yıxılması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

    Məlumata görə, yanvarın 29-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən şadlıq saraylarından birində aparılan təmir işləri zamanı 1988-ci il təvəllüdlü Bəhram Bayramovun dəmir konstruksiyanın üzərindən yerə yıxılması nəticəsində almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.