Month: Yanvar 2024

  • “Bi-2” İsrailə deportasiyanın ləğv edildiyini bildirib – YENİLƏNİB

    “Dünən qrup üzvlərinin İsrailə deportasiyası barədə qərar qəbul edilib. Bu qərara uyğun olaraq aviabiletlər alınıb. Bu gün Rusiya konsulluğunun yüksəkrütbəli diplomatlarının səfərindən sonra qrupun nümayəndələrinə İsrailə deportasiya qərarının ləğv edildiyi bildirilib”.

    Bu barədə “Bi-2” qrupunun teleqram kanalında yazılıb.

    Qrup üzvlərinin miqrasiya mərkəzində 80 nəfərlik ümumi kamerada saxlanılması davam edir. Bu da musiqiçilərin Rusiya konsulu ilə əlaqə saxlamaqdan imtina etməsi ilə bağlı məlumatı təsdiqləyir.

    “Rusiya Federasiyasının səfirliyi dərhal Rusiya vətəndaşı olan qrup üzvləri ilə görüş təşkil edib. Yanvarın 30-da qrup üzvləri Rusiya konsulu ilə görüşməkdən imtina etdilər”, – deyə Rusiyanın Tailanddakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri İlya İlin deyib.

    Mənbə: TASS

    * * * * *

    Tailandda saxlanılan “Bi-2” rok qrupunun yeddi üzvündən dördü Rusiyaya deyil, İsrailə deportasiya ediləcək.

    İsrail Xarici İşlər Nazirliyi və İsrailin Banqkokdakı səfirliyi bu barədə təkid ediblər.

    Tailand qanunvericiliyinə görə, deportasiya xarici pasportun verildiyi ölkəyə həyata keçirilir. Bununla belə, “Bi-2”nin üzvləri İsrailə deportasiya olunmaq istəklərini ifadə ediblər. İsrail Xarici İşlər Nazirliyinin uğurlu səylərindən sonra musiqi qrupundan olan dörd İsrail vətəndaşı təyyarə bileti alıb və çərşənbə günü İsrailə deportasiya ediləcək. Qrupun yeddi üzvündən heç biri Rusiyaya ekstradisiya edilməyəcək.

    Qeyd edək ki, “Bi-2”nin üzvləri yanvarın 24-də Tailandda iş icazəsi olmadan keçirdikləri konsertdən sonra saxlanılıblar.

    Mənbə: TASS

  • Ermənistan baş nazirinin aparat rəhbərinin müavini: “Xalqımızın əsrlər boyu dövləti olmayıb”

    “Erməni xalqının əsrlər boyu dövləti olmayıb”.

    Bunu Ermənistanın baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan özünün “Facebook” səhifəsində yazıb.

    O, Ermənistanın gerbindən Ağrıdağın təsvirini silmək istəmələri ilə bağlı ittihamlara cavab verib.

    “Ermənistanın gerbində dünyanın ən hündür dağı Everest təsvir edilsə də reallıq dəyişməyəcək. Dövlət natiqlik və pafosla qurulmaz, Vətəni bayraq yandırmaqla və dikəltməklə xilas etmək olmaz”, – deyə o, bildirib.

    Çaxoyan Ermənistanın dövlət rəmzlərində daha diqqətli olmağı tövsiyə edib.

    “Onlar xalqın yox, dövlətin simvoludur. Ermənistanın gerbi əsrlər boyu dövlətçiliksiz yaşamış erməni xalqını deyil, Ermənistan Respublikasını simvolizə edir”, – deyə o vurğulayıb.

  • Binəqədidə baş vermiş partlayış-yanğınla bağlı şirkət rəhbərləri həbs olunub

    Binəqədidə baş vermiş partlayış-yanğınla bağlı iki nəfər şəxs həbs olunub.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

    İlkin istintaq tədbirləri nəticəsində iki şəxsin qanunsuz əməlləri ifşa edilib.

    İstintaqla müəyyən olunub ki, partlayış taxta materialların emalı zamanı yaranmış taxta tozunun və kimyəvi tərkibli materialların buxar qarışığının təmizlənməməsi səbəbindən minimum konsentrasiya limitinin aşılması nəticəsində baş verib.

    Belə ki, toplanmış sübutlarla “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarı və faktiki sahiblik edən vəzifəli şəxs Tağı İbrahimovun işinə laqeyd münasibət göstərib xidməti vəzifələrinin yerinə yetirməməsi, yəni müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işini düzgün təşkil etməməsi, yanğın təhlükəsizliyi ilə bağlı əvvəllər aşkar edilmiş ciddi qanun pozuntularının aradan qaldırılması üçün zəruri rəhbər tapşırıqlar verməməsi, ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevin isə yanğın təhlükəsizliyi qaydalarına cavabdeh şəxs kimi bu qaydaları pozması, yəni müəssisənin yanğın təhlükəsizliyinin, habelə yanar tullantıların və tozların təmizlənməsini təmin etməməsi səbəbindən baş vermiş partlayış-yanğın nəticəsində 10 nəfər şəxsin ölümünə, 23 nəfər şəxsin xəsarət almasına, habelə ASC-nin və ətrafda olan daşınar-daşınmaz əmlaklara əhəmiyyətli maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

    İş üzrə Tağı İbrahimov Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda), Toğrul Rzayev isə həmin Məcəllənin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanın vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə hər iki təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirləri seçilib.

    İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

  • “Whatsapp”la bağlı Dövlət xidmətindən XƏBƏRDARLIQ – FOTO

    “Hazırda vətəndaşların “Whatsapp” hesablarının ələ keçirilməsi halı müşahidə olunur. Bu isə öz növbəsində təhlükəsizliklə bağlı tədbirlərin görülməsini zəruri edir”.

    Bu barədə Elektron Təhlükəsizlik Xidmətinin “Whatsapp”la bağlı əhali üçün yaydığı xəbərdarlıqda bildirilib.

    “Qeyd olunanları nəzərə alaraq “Whatsapp” hesabınızın təhlükəsizliyi ilə bağlı paylaşımda qeyd olunan təlimatlara riayət etməyinizi, belə hallarla qarşılaşdıqda 1654 qaynar xətti əlaqə saxlamağınızı və ya reports@cert.az e-poçt ünvanına müraciətinizi ətraflı şəkildə (ad, soyad, əlaqə vasitəsi, müvafiq ekran görüntüsü və s. kimi məlumatları da daxil etməklə) qeyd etməyinizi xahiş edirik”, – deyə məlumatda bildirilib.

  • Tokayevin Bakıya səfərinin vaxtı müəyyənləşib

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri 11-12 mart tarixlərində olacaq.

    “Report”un əldə etdiyi məlumata görə, o, Bakıdan Füzuliyə gedəcək və səfər çərçivəsində Füzulidə Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edəcək.

    Xatırladaq ki, Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası 2023-cü ildə başlayıb və uğurla başa çatdırılıb.

  • Sergey Mironov erməni vandalizminə münasibət bildirib

    “Əgər etirazını bildirmək istəyirsənsə, get səfirliyin qarşısında piket elə. Uşaqların abidəsinin sənin narazılığınla nə əlaqəsi var?”

    Bu sözləri News.ru-ya Ermənistanda “Leninqrad blokadasındakı uşaqlar” abidəsinin təhqir edilməsinə münasibət bildirən “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının lideri Sergey Mironov deyib

    O vurğulayıb ki, baş tutan aksiyada motiv axtarmaq mənasızdır:

    “Uşaqların xatirəsinə ucaldılan abidənin bununla nə əlaqəsi var!? Bu xatirə abidəsinin siyasətlə əlaqəsi yoxdur, sözügedən abidə mərhəmət, insan həmrəyliyi, milliyyətindən və vətəndaşlığından asılı olmayaraq, insanlarda olan ən ülvi hisslərlə bağlıdır”.

    Siyasətçi hesab edir ki, belə bir vəziyyətdə xatirə abidəsini təhqir edən vandallara nəyisə izah etmək əbəsdir.

    S.Mironov baş verənlərə görə İrəvandan hansısa anlaşılan reaksiyanın gələcəyini də gözləmədiyini əlavə edib.

    “Onların riyakar üzrlərinə ehtiyacımız varmı?” – deyə siyasətçi fikrini tamamlayıb.

    Qeyd edək ki, sosial şəbəkələrdə növbəti erməni vandalizminin görüntüləri yayılıb. Belə ki, ermənilər bu dəfə “Leninqrad blokadasındakı uşaqlar” abidəsini təhqir ediblər.

  • İmtahandan sonra halı pisləşən tələbə vəfat etdi

    Bu gün Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 2-ci kurs tələbəsi Xumar Nəcəfzadə vəfat edib.

    Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Qeyd olunub ki, onun imtahandan sonra halı pisləşib və dünyasını dəyişib.

    Mərhumun ailəsi tərəfindən verilən məlumata əsasən, o, əvvəllər baş ağrıları və narahatlıq yaşayıb.

    Hadisə ilə bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırılma aparılır.

  • Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi məhkəmə qarşısında – RÜŞVƏT QALMAQALI

    Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    “Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən Tofiq Həsənov onlayn qaydada qatılıb.

    Məhkəmədə şahidlərin ifadələri dinlənilib. Onlar ifadələrində Penitensiar Xidmətdə kiçik rəis və zabit vəzifələrinə düzəlmək üçün Penitensiar Xidmətin Katiblik şöbəsinin rəisi Qoşqar Əliyevə pul verdiklərini bildiriblər. Qoşqar Əliyev öz növbəsində pulları vətəndaşlardan aldığını və bunu Tofiq Həsənova verdiyini deyib.

    Növbəti məhkəmə prosesi fevralın 15-nə təyin edilib.

    Qeyd edək ki, Tofiq Həsənov ötən ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Keçmiş xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.

  • Qonşusu Afiyəddin Cəlilovun nəvəsinin müdafiəsinə qalxdı: “Böyüyə, kiçiyə hörmət edən uşaqdır” – VİDEO

    Sosial şəbəkələrdə “Jalilov” adlı profillə tanınaraq qeyri-etik hərəkətlərilə gündəmə gələn, videolar çəkərək “TikTok”da paylaşan yeniyetmənin xəstəxanaya yerləşdirildiyi barədə xəbər vermişdik.

    Bakıdakı 2 saylı Klinik Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilən yeniyetmənin hərəkətləri sosial şəbəkələrdə pislənilir. 2009-cu il təvəllüdlü 9-cu sinif şagirdinin məşhur ailədən – Milli Məclisin mərhum vitse-spikeri Afiyəddin Cəliovun nəvəsi olması isə olayla bağlı müzakirələri bir qədər də qızışdırıb.

    Çoxları tənqid edərkən yeniyetmənin qonşularından biri onun müdafiəsinə qalxıb.

    Modern.az xəbər verir ki, babasının ad-soyadını daşıyan 15 yaşlı Afiyəddin Cəliovun qonşusu – Zərifə Mahmudova adlı qadın yeniyetmənin “TikTok”un qurbanı olduğunu qeyd edib:

    “Neçə gündür, rəhmətlik Afiyəddin Cəlilovun nəvəsinə qarşı kampaniya davam edir. O uşaq bizim qonşumuzdur. Gözümün qabağında doğulub-böyüyüb. Çox tərbiyəli, böyüyə, kiçiyə hörmət edən sadə bir oğlandır. Sadəcə, zəmanə uşağıdır, “TikTok”un növbəti qurbanlarından biridir. Bir yeniyetmənin həyatını belə məhv etmək olmaz! Allahdan qorxun!” – deyə yeniyetmənin qonşusu sosial şəbəkələrdəki müzakirələrə etiraz edib.

  • Rusiyanın fövqəladə hallar naziri Azərbaycana gəldi

    Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Azərbaycanda səfərdədir.

    Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilir ki, 2 günlük səfər çərçivəsində iki ölkənin Fövqəladə Hallar Nazirlikləri xətti ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq.