Month: Yanvar 2024

  • Romada azərbaycanlılar erməni terroruna qarşı etiraz aksiyası keçiriblər – VİDEO

    Azərbaycanlılar İtaliyanın paytaxtı Roma şəhərinin mərkəzində, Piazza dei Santi Apostolidə etiraz aksiyası keçiriblər.

    İtaliya polisinin nəzarəti altında baş tutan aksiya Ermənistanın Azərbaycan ərazilərində törətdiyi mina və ekoloji terror barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyıb.

    “30 il Azərbaycanın işğal altındakı ərazilərində ermənilər tərəfindən həyata keçirilən ekoloji terror və mina çirklənməsi regionun ekosistemini, təbiətini və resurslarını məhv edib. Bu günə qədər azərbaycanlı hərbçilər və dinc sakinlər minaların qurbanı olublar. Lakin ermənilər nə mina xəritələrini veriblər, nə də ekoloji terror ilə bağlı öhdəliklərini həyata keçiriblər”, – aksiya təşkilatçılarının yaydığı məlumatda qeyd olunub.

  • Əli Əsədov Rusiya FHN rəhbəri ilə görüşüb

    Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Aleksandr Kurenkov ilə görüşüb.

    Bu barədə Nazirlər Kabinetindən (NK) məlumat verilib.

    Bildirilib ki, görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının yüksək səviyyədə olduğu vurğulanıb.

    İki ölkə arasında bütün sahələrdə, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın fəal inkişafı vurğulanıb.

    Tərəflər Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında 2024-2026-cı illər üçün Birgə Fəaliyyət Planının imzalanmasının vacibliyini qeyd ediblər.

  • Zaur Rzayev: “O Zaurlardan təzminat alacağam”

    “Elə mahnılar oxumuşam ki, insanlar ona oynamayıb. Bu cəsarəti insanlara verməmişəm ki, mahnıma oynayın. İndi isə hindsayağı mahnılar oxunur”.

    Median.Az
    xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev televiziya verilişlərindən birinin efirində deyib. Müğənni aparıcı Zaur Baxşəliyevin “Sizə adıma görə nə qədər təzminat ödəyəcəyəm” sualına belə cavab verib:

    “Siz adımı layiqli yaşadırsınız, sizə özüm ödəyəcəyəm. Digər Zaurlardan təzminat alacağam. Bu ad 1970-ci illərdən məndən gəlib. Azərbaycanda mən yaşda Zaur yoxdur. Anarın da əsərindəki Zaur mənəm. Məni nəzərdə tutub, Fəxrəddin Manafov sevdiyim aktyordur. Mən ola-ola niyə Fəxrəddin çəkilib filmə? Yəqin rejissorun başı qarışıq olub, fikrindən çıxıb. Yenə də sağ olsun ki, adım filmdə qalıb”.

  • Macarıstanın baş nazirindən BƏYANAT: Ukraynadakı münaqişəni dayandıra biləcək yeganə lider kimdir?

    Macarıstanın baş naziri Viktor Orban Aİ-nin Kiyevə maliyyə yardımına hansı şərtlərlə razılıq verəcəyini və hansı siyasi liderin Ukraynadakı münaqişəni dayandırmağa qadir olduğunu açıqlayıb.

    Orban bu barədə “Le Point” jurnalına müsahibəsində danışıb.

    Onun fikrincə, ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ukraynadakı müharibəni dayandıra biləcək yeganə liderdir.

    “Əgər Donald Tramp 2022-ci ilin fevralında ABŞ prezidenti seçilsəydi, Avropada müharibə olmazdı. Mən hazırda istər Avropada, istərsə də ABŞ-də, müharibəni dayandırmaq gücündə olacaq ondan başqa bir lider görmürəm. Dünyanın adı var – Donald Tramp”, – deyə Viktor Orban qeyd edib.

    Macarıstan baş naziri həmçinin Aİ-nin Kiyevə 50 milyard avro məbləğində maliyyə yardımı ayırmasına Budapeştin vetosunun ləğv edilməsi üçün şərtlərini də açıqlayıb.

    “Biz kompromis təklifi vermək qərarına gəldik, büdcənin dəyişdirilməsinə razı deyilik. Biz 50 milyard avro ayrılması ilə razılaşmırıq, bu, böyük məbləğdir. Biz bu məbləğin dörd il müddətinə verilməsinə razı deyilik. Lakin Macarıstan Aİ-nin 26 ölkəsinin təşəbbüsünə qoşulmağa hazırdır, o şərtlə ki, bizə hər il bu pulu göndərməkdə davam edib-etməmək barədə qərarı özümüzün verəcəyinə dair zəmanət verilsin”, – deyə o bildirib.

    Orban qeyd edib ki, Macarıstan Ukraynadakı münaqişənin hərbi yolla həllinin qeyri-mümkün olduğu mövqeyinə sadiqdir, lakin Aİ-nin digər 26 üzv ölkəsi fərqli düşünür.

    “Onların təklifi hərbi həll istiqamətinə yönəlib, mən bununla razı deyiləm. Macarlar da bunu dəstəkləmirlər. Biz hesab edirik ki, yeganə həll yolu diplomatik yoldur və bu, atəşkəs və sülhün əldə edilməsi üzrə danışıqları nəzərdə tutur”, – deyə baş nazir qeyd edib.

    Onun sözlərinə görə, bu kontekstdə Budapeştdən qarşıdakı dörd il üçün Kiyevə 50 milyard avro ayrılmasını təsdiqləməsi istənilir, lakin bu, münaqişənin gərginləşməsi deməkdir.

    Mənbə: RBC.ru

  • Polşalı politoloq: “Paşinyan öz maraqlarına görə Cənubi Qafqazda sülhü qurban verir”

    Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatı Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesini sürətləndirmək məqsədi daşımır, əksinə, bu, sırf onun şəxsi maraqları naminə edilib.

    Bu barədə “Report”a polşalı politoloq, Beyrutdakı Sent-Jozef Universitetinin Tarix və beynəlxalq münasibətlər fakültəsinin professoru Yakub Koreyba deyib.

    Onun sözlərinə görə, rəsmi İrəvanın Azərbaycanı hücum etməmək haqqında qarşılıqlı pakt imzalamağa dəvəti qarşılıqlı öhdəlikləri qəbul etməyə deyil, daha çox Paşinyanın siyasi baxımdan sağ qalmasına yönəlib:

    “Onun üçün bu, özünə vaxt qazanmaq və məğlubiyyətin rəsmi etirafından qaçmaq şansıdır”.

    Cənubi Qafqaz regionunda mövcud vəziyyəti şərh edən ekspert vurğulayıb ki, sülh sazişinin imzalanması yeganə ağlabatan seçimdir və onun alternativi yoxdur:

    “Alternativ müharibədir ki, bu da bütün tərəflər üçün daha pis nəticələrə gətirib çıxaracaq. Xüsusən də nə fiziki, nə maddi gücü və vasitələri olan ermənilər üçün mənfi nəticələnəcək”.

    Politoloq prosesin ləngiməsinə baxmayaraq, nəhayət Cənubi Qafqazda sülhün bərqərar olacağını vurğulayıb:

    “Artıq Qarabağa sülh gəlib. Yəni regionda yeni reallığın olması yaxşıdır. Sülh Cənubi Qafqazın bütün ölkələrinə fayda gətirəcək və üstəlik, regiona xas olan böyük potensialı reallaşdıra biləcək”.

  • Avtobusla dəniz mənzərəli məcburi səyahətə AAYDA-dan reaksiya: “Çox az istifadə edilən yoldur” – YENİLƏNİB

    Nabranda sözügedən Şimal kəndi istiqamətində yolun təxminən 3-4 kilometrlik hissəsi çınqıl örtüklüdür.

    Bunu oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

    O bildirib ki, həmin yolda intensiv nəqliyyat axını olmur:

    “Çox az istifadə edilən yoldur. Hava şəraitinin düzəlməsini gözləyirik. Həmin ərazidə çınqıl örtüyünün bərpası aparılacaq”.

    ***

    “Qeyd olunan yol sahəsi Xaçmaz rayonunun Şimali kəndi ərazisində yerləşir. Nabran qəsəbəsini kəndlə əlaqələndirən yeganə yol infrastrukturunun vəziyyəti qənaətbəxş deyil”.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Qeyd olunub ki, hava şəraiti səbəbindən bu yol sərnişindaşıma üçün daha da əlverişsiz vəziyyətə düşüb:

    “Lakin sərnişin axını və yüksək tələbat nəzərə alınaraq rayon mərkəzindən Şimali kəndinə sərnişindaşıma fəaliyyəti dayandırılmayıb. Hazırda müntəzəm marşrut avtobusları yolun əlverişsiz 700 metrlik hissəsini mövcud yoldan kənar ərazi ilə hərəkət etmək məcburiyyətindədir. Yolun əlverişsiz hissəsi qət edildikdən sonra avtobuslar hərəkətini yenidən marşrut xətti üzrə davam etdirir”.

    ***

    Xaçmazda avtomobil yolu bərbad hala düşdüyündən sərnişin avtobusları üçün keçilməz olub.

    Oxu.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Vətəndaş iddia edir ki, Nabran yaxınlığında, Şimali kəndinə aparan yol bərbad haldadır:

    “Yol o qədər yararsız haldadır ki, sərnişin avtobusu da bura ilə hərəkət edə bilmir. Baxın, avtobus sürücüsü çarəsizlikdən sərnişinləri haradan aparır. Avtobus düz dənizin kənarı ilə hərəkət edir. Bu yola baxan, problemlə maraqlanan yoxdur”.

    Həmin videogörüntüləri təqdim edirik:

  • Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışın səbəbi məlum olub – RƏSMİ

    Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğının səbəbi açıqlanıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    İstintaqla müəyyən olunub ki, partlayış taxta materialların emalı zamanı yaranmış taxta tozunun və kimyəvi tərkibli materialların buxar qarışığının təmizlənməməsi səbəbindən minimum konsentrasiya limitinin aşılması nəticəsində baş verib.

    İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

    Qeyd edək ki, partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

  • Mingəçevirdə kafedə ucadan danışmaq üstündə qan töküldü

    Mingəçevirdə kafedə bıçaqlanma hadisəsi olub.

    Mingəçevir şəhərində yerləşən kafelərin birində aralarında yaranan mübahisə zamanı 26 yaşlı Toğrul İsmayılov 1982-ci il təvəllüdlü Nofəl Həbibova bıçaqla xəsarət yetirib.

    Qeyd edək ki, T.İsmayılov həmin kafedə işləyib. O, obyektə qonaq qismində gələn şəxslərin ucadan danışmasına irad tutub. Bu zaman T.İsmayılov və N.Həbibov arasında mübahisə düşüb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən T.İsmayılov saxlanılıb.

    Müvafiq ekspertiza təyin olunub və hazırda araşdırma aparılır.
    //oxu.az

  • Bakıda yolun bir hissəsi çökdü

    Paytaxtın Nərimanov rayonunda küçənin asfalt örtüyü çöküb.

    Hadisə rayonun Qurban Pirimov küçəsində qeydə alınıb.

    Belə ki, yolun beton-asfalt örtüyündə dəlik yaranıb. Bu da avtomobillərin hərəkətində çətinliklərə səbəb olub.
    //oxu.az

  • “City Pub”ın mühafizəçisi həbs edildi: Stolda oynayan müştərini döyüb

    Yasamal rayonu, A.Mirzəyev küçəsində yerləşən “City Pub” restoranında müştərini döyən mühafizəçiyə hökm oxunub.

    Qayanrinfo-nun məlumatına görə, restoranın mühafizəçisi, 1993-cü il tarixdə Quba rayonunda anadan olmuş Xəyal Abdullayev (ad-soyad şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib.

    Xəyal Abdullayev “City Pub” restoranında müştərinin içkili halda stolun üzərinə çıxıb oynadığını gördüyü üçün döyüb. O, müştəriyə qarşı zor tətbiq edərək çölə çıxarıb. Hadisə yerinə polis gəlib və 15-20 dəqiqə söhbətdən sonra hər iki şəxs izahat vermələri üçün şöbəyə aparılıb.

    Xəyal Abdullayev özünü təqsirli bilməyərək bildirib ki, gecə saatlarında işdə olarkən bir nəfərin içkili halda stolun üzərinə çıxıb oynadığını görüb. Ona yaxınlaşıb stoldan düşməsini tələb edib, lakin qarşı tərəf düşməyib və onun yaxasından yapışaraq itələyib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, 1 ay inzibati qaydada həbs edilib.