Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin bir barelinin qiyməti 0,14 ABŞ dolları və ya 0,16% artaraq 87,54 ABŞ dollarına yüksəlib.
Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Gəncədə qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki qəbiristanlıqlardan birindən mərmərdən hazırlanan sinə daşını və güldanı oğurlamaqda şübhəli bilinən şəhər sakini Xətai Tağıyev saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, mərmər sexində işləyən şübhəli şəxs oğurladığı əşyaları başqa bir rayondan olan mərhumun ailə üzvlərinə satıb. Faktla bağlı araşdırmalar davam etdirilir. Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən X.Tağıyev törətdiyi cinayət əməlini etiraf edib.
“Report”un yerli bürosu məlumat verir ki, polis əməkdaşları tərəfindən 1978-ci il təvəllüdlü Səttar Heydər oğlu Heydərovun üzərindən bir ədəd 5,45 mm-lik “Kalaşnikov” markalı avtomat və ona məxsus daraq, 36 ədəd 5,45 mm-lik güllə aşkarlanaraq götürülüb.
Qəzzanın Cenin şəhərindəki “İbn-Sina” xəstəxanasında gizlənən və yaxın vaxtlarda terror aktı törətməyi planlaşdıran HƏMAS terror qruplaşması zərərsizləşdirilib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) rəsmi “Telegram” kanalında məlumat verilib.
Məlumata görə, son vaxtlar böyük terror fəaliyyətinin təbliğatında iştirak etmiş və Cenin şəhərindəki “İbn-Sina” xəstəxanasında gizlənən HƏMAS terrorçusu Mohammed Calamne zərərsizləşdirilib. Məlum olub ki, terror aktı törətməyi planlaşdıran Calamne xəstəxanadan sığınacaq kimi istifadə edib.
Uzun müddət Cenin düşərgəsində olan 27 yaşlı Mohammed Calamne HƏMAS-ın xaricdəki qərargahı ilə əlaqədə olub və hətta avtomobili partlatmaq istəyərkən yaralanıb. Bundan əlavə, Calamne terrorçuları silah və sursatla təmin edib və 7 oktyabr qırğınından ilhamlanaraq basqın planlaşdırıb.
Həmçinin Calamne ilə birlikdə xəstəxanada gizlənən daha iki terrorçu da zərərsizləşdirilib. Cenin düşərgəsindən olan Mohammed Qazavi və qardaşı, “İslami Cihad” döyüşçüsü Bazel Qazavi çoxsaylı terror hücumlarında iştirak ediblər.
Diametri təxminən 500 metr olan böyük asteroidin fevralın ikisi Yerin yanından keçəcəyi ehtimal olunur.
Bu barədə Astronomiya Muzeyinin mətbuat xidməti məlumat yayıb.
2008 OS7 adlanan asteroid Bakı vaxtı ilə saat 18:40-da təxminən 2,85 milyon kilometr məsafədə Yer kürəsinin yanından keçəcək. Diametri 210 ilə 480 metr arasında olan kosmik cismin sürəti 18,2 kilometr/saat təşkil edir.
Qeyd olunub ki, astronomik obyekt Yerin atmosferindən kənar keçəcək və buna görə də bəşəriyyət üçün təhlükə üz verməyəcək.
Eyni zamanda, alimlər 2008 OS7-ni potensial təhlükəli asteroid kimi təsnif ediblər, onun uçuş yolu Yerin orbitinə 7,5 milyon kilometr məsafədə yaxınlaşıb.
Fevralın birindən etibarən Berlin hava limanından bütün uçuşlar ləğv ediləcək.
Səbəb təhlükəsizlik işçilərinin tətil etmələridir.
Qeyd olunub ki, etiraz aksiyası ölkənin hava limanlarında işləyən işçilərin əmək haqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb edən Almaniyanın ikinci ən böyük həmkarlar ittifaqı olan “Ver.di” tərəfindən təşviq edilib.
Berlin hava limanından həmçinin xəbərdarlıq edilib ki, gələn reyslərdə də fasilələr yarana bilər.
Çexiyada quşçuluq fermalarının birində quş qripi yayılıb.
Bu barədə Çexiyanın kənd təsərrüfatı naziri Mark Vıbornı “X” hesabında məlumat paylaşıb.
Sanitariya və baytarlıq müfəttişliyinin nümayəndəsi Radek Axmann əlavə edib ki, bu səbəbdən 70 minə yaxın quşun məhv edilməsinə qərar verilib. Bundan əlavə, onların yumurtaları da məhv ediləcək.
“Təəssüf ki, quş qripinin (ölkədə) yayılması ilə bağlı qorxularımız təsdiqləndi. Bu il onun ilk dəfə (respublikada) böyük bir kommersiya fermasında yaıldığı təsdiqləndi”, – Vıbornı bildirib.
Kəlbəcərdə ötən ilin yayında təməli qoyulmuş və hazırda tikilməkdə olan “İstisu” İstirahət-Müalicə Kompleksi hər ay minlərlə turist qəbul edə biləcək.
Xezerxeber.az-ın məlumatına görə, 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır.
Xatırladaq ki, hələ sovet dövründə illik 50 min turist rahatlıqla burada dincələ və müalicə ala bilirdi. İndi isə bu potensial daha da artırılır.
Mövzu ilə bağlı danışan millət vəkili Aqil Məmmədov bildirib ki, işğal müddətində tam yararsız hala salınmış sanatoriya yeni görkəmdə tikiləcək və əvvəlki şöhrəti qaytarılacaq.
Onun sözlərinə görə, bütün işlər yerli sakinlərin Kəlbəcərə köçürülməsi ilə paralel aparılacaq.
Qeyd edək ki, Kəlbəcərdə məşhur mineral su sayılan “İstisu” bulağı ətrafında ilk dəfə 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb.