Month: January 2024

  • Yol polisi yola çıxanlara MÜRACİƏT ETDİ

    Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda respublika ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar əksər bölgələrdə görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.

    Bu barədə “Report”a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

    Dumanlı hava səbəbindən yollarda yaranan məhdudiyyətli görünmənin digər hərəkət iştirakçılarının və nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə maneə yaratdığını, eləcə də gecə saatlarında yolların buz bağlama ehtimalının dəfələrlə artacağını nəzərə alaraq, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.

    Baş Dövlət Yol Polisi İdarəsi xoşagəlməz hadisələrin baş verməməsi üçün sürücülərdən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi, piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edir.

  • Bakıda binanın həyətində saxlanılan maşınlar yandı – VİDEO

    Ötən gecə Bakının Nizami rayonu ərazisində iki maşın yanıb.

    “Qafqazinfo”nun məlumatına görə, “Mercedes-Benz” markalı hər iki avtomobil yanğın nəticəsində yararsız hala düşüb.

    Hadisə binanın həyətində baş verib. Yanğın zamanı istidən yaxınlıqda olan daha bir maşının rəng örtüyündə qabarma əmələ gəlib. Həmin avtomobilin sahibi vaxtında maşını təhlükəsiz ərazidən uzaqlaşdırmaqla nəqliyyat vasitəsinə daha ciddi zərər dəyməsinin qarşısını ala bilib.

    Həmin görüntüləri təqdim edirik:

  • Fransa Natəvanın heykəlini girov saxlayır? – Nota cavabsız qalıb

    Fransanın Evian şəhərində Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı ilə bağlı Azərbaycan tərəfinin haqlı iradlarına baxmayaraq, heykəl hələ də əvvəlki vəziyyətdədir.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azərbaycanın Fransadakı səfirliyi Evian meriyasına rəsmi məktubla müraciət edib. Məktubda baş vermiş vandalizm və hörmətsizlikdən sonra abidənin bu şəhərdə qalmasının məqsədəuyğun hesab edilmədiyi bildirilib. Qeyd edilib ki, Azərbaycan tərəfi onun səfirliyin Mədəniyyət Mərkəzinin ərazisində yerləşdirilməsini istəyir.

    Lakin meriya bu məktubu hələ də cavablandırmayıb, səfirliyin telefon zənglərinə isə cavab verilmir. Məsələ ilə bağlı Fransa XİN-ə göndərilən Nota da cavabsız qalıb.

    Güman etmək olar ki, Fransa tərəfi baş vermiş biabırçılıqdan sonra vəziyyətdən necə çıxacağını hələ də bilmir və süni yolla məsələni uzadır.

  • Fransa Natəvanın heykəlini girov saxlayır? – Nota cavabsız qalıb

    Fransanın Evian şəhərində Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı ilə bağlı Azərbaycan tərəfinin haqlı iradlarına baxmayaraq, heykəl hələ də əvvəlki vəziyyətdədir.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azərbaycanın Fransadakı səfirliyi Evian meriyasına rəsmi məktubla müraciət edib. Məktubda baş vermiş vandalizm və hörmətsizlikdən sonra abidənin bu şəhərdə qalmasının məqsədəuyğun hesab edilmədiyi bildirilib. Qeyd edilib ki, Azərbaycan tərəfi onun səfirliyin Mədəniyyət Mərkəzinin ərazisində yerləşdirilməsini istəyir.

    Lakin meriya bu məktubu hələ də cavablandırmayıb, səfirliyin telefon zənglərinə isə cavab verilmir. Məsələ ilə bağlı Fransa XİN-ə göndərilən Nota da cavabsız qalıb.

    Güman etmək olar ki, Fransa tərəfi baş vermiş biabırçılıqdan sonra vəziyyətdən necə çıxacağını hələ də bilmir və süni yolla məsələni uzadır.

  • Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin bəyanatı

    Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib.

    Bəyanatı təqdim edirik:

    “Azərbaycan Respublikası qürurlu, müstəqil, suveren, demokratik və multikultural bir dövlətdir. Demokratiya bizim şüurlu seçimimizdir və biz 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmin edilməsi istiqamətində böyük irəliləyişlərə nail olmuşuq.

    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) əsas məqsədi müxtəlif ölkələrin parlamentariləri arasında qarşılıqlı hörmət və bərabər hüquqlara əsaslanan dialoq üçün platforma olmaqdan ibarətdir.

    Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda insan haqlarını və qanunun aliliyini müdafiə etmək məqsədi daşıyan bu təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında Azərbaycana kömək edəcəyi və beləliklə regionda davamlı sülhün əldə olunması naminə ədalətin öz yerini tutacağı barədə səmimi bir ümid və gözlənti var idi.

    2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövləti – Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab vermək barədə qınamayıb. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir.

    Azərbaycanın təcavüz, işğal və zorakı separatizm üzərində tarixi Qələbəsindən, ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasından sonra biz Azərbaycanı ləkələmək, Azərbaycan xalqına uzun müddətdir inkar edilən ədalətin bərpası istiqamətində ölkənin əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün təşkil olunmuş qarayaxma kampaniyası ilə üz-üzəyik. Təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən bizə deyirdilər ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. İndi isə həmin AŞPA və həmin deputatlar bunun əksini deyir və Azərbaycana hücum etmək üçün heç bir fürsəti əldən vermirlər. Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu biabırçı təklifin müəlliflərinin rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir.

    Təəssüf ki, AŞPA-dan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. Müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib.

    Biz Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsünü bu çirkin kampaniyanın tərkib hissəsi kimi dəyərləndiririk. Biz, həmçinin bu təşəbbüsü Azərbaycanda hazırda gedən seçki prosesinə əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü və qəbuledilməz cəhd, ölkəmizdə demokratik təsisatların fəaliyyətinə xələl gətirən məkrli addımların bariz nümunəsi kimi qiymətləndiririk. Nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq, bunun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək.

    Dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. AŞPA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb.

    AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib”.

    Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.

  • Türkiyədə Şuşa Mədəniyyət Evi açılacaq

    Türkiyənin Kayseri şəhərində inşa edilən Şuşa Mədəniyyət Evinin tikintisi başa çatıb.

    “Report” xəbər verir ki, 20 min kvadratmetr sahəyə malik Azərbaycan Qardaşlıq Parkında inşa edilən mədəniyyət evinin tezliklə istifadəyə verilməsi gözlənilir.

    Türkiyə mətbuatı qeyd edib ki, Şuşa Mədəniyyət Evi iki ölkə və Kayseri ilə Şuşa şəhərləri arasında dostluq, qardaşlıq simvolu olacaq.

    Məlumata görə, Mədəniyyət Evinin qarşısında Şuşadakı İsa bulağına bənzər heykəl və Ermənistan tərəfindən qətlə yetirilən 613 dinc Xocalı sakininin adının əks olunduğu “Xocalı şəhidləri” abidəsi qoyulub.

    Mədəniyyət Evinin açılışı yaxın günlərdə azərbaycanlı rəsmilərin və Kayseri şəhər rəhbərliyinin iştirakı ilə keçiriləcək.

  • Bakıda polisin qətlində təqsirləndirilən şəxslərə ömürlük CƏZA

    Bakıda kütləvi dava zamanı iki nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmənin istintaqı yekunlaşıb.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror Fariz Rzayev ittiham nitqi ilə çıxış edib.

    Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxslərdən Rauf Hüseynov və Ceyhun İsayevin ömürlük, Ramin İsayevin isə beş il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyiblər.

    Məhkəmənin növbəti iclası yanvarın 31-nə təyin edilib.

    İttiham aktına əsasən, hadisə ötən il fevralın 11-i gecə saat iki radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb. Kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetirilib.

    Daha sonra C.İsayev, R.Hüseynov və R.İsayev şübhəli şəxs qismində saxlanılıb.

    Faktla bağlı R.Hüseynov və C.İsayevə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) və R.İsayevə isə Cinayət Məcəlləsinin və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

    Qətlə yetirilən İlkin Rzayev keçmiş polis əməkdaşı olub.

  • Çində çoxmərtəbəli binada yanğın

    Çinin Tszyansi əyalətində çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 39 nəfər ölüb.

    Məlumatı “Kazinform” agentliyi yayıb.

    Bildirilib ki, hadisə yanvarın 24-də Tszyansi əyalətinin Sinyuy şəhərində baş verib. Axtarış xilasetmə əməliyyatı davam edir. Hadisənin şəraiti və səbəbi araşdırılır.

    Yanğın qurbanlarının artacağı ehtimal olunur.

  • Güləş üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək

    Yanvarın 29-dan fevralın 1-dək sərbəst və Yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək.

    Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcəklər.

    Bakı İdman Sarayında baş tutacaq çempionatın ilk iki günündə sərbəst, növbəti iki gündə isə Yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

    Gənclərdən (U-20) ibarət milli komandalara seçim xarakteri daşıyan yarışın görüşləri hər gün saat 10:00-da başlayacaq.

  • Qubernator: İl-76 təyyarəsində olanların hamısı ölüb

    Belqorod vilayətində qəzaya uğrayan İl-76 hərbi təyyarəsinin göyərtəsində olanların hamısı həlak olub.

    Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib.

    “Koroçanski rayonunda nəqliyyat təyyarəsi qəzaya uğrayıb. O, yaşayış məntəqəsinin yaxınlığındakı əkin sahəsinə düşüb. Təyyarədə olanların hamısı həlak olub”, – deyə vilayət rəhbəri bildirib.

    Qubernatorun sözlərinə görə, hazırda ərazi mühasirəyə alınıb, bütün əməliyyat xidmətləri yerindədir, istintaq tədbirləri aparılır. “Qəzanın səbəblərini müəyyən etmək üçün əraziyə komissiya göndərilir”, – Qladkov əlavə edib.

    Qeyd edək ki, qəzaya uğrayan İl-76 təyyarəsinin göyərtəsində dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi, 6 ekipaj üzvü və onları müşayiət edən 3 nəfər olub.

    ///APA