Month: Fevral 2024

  • Prezident dövlət agentliyinə 8,1 milyon manat ayırdı

    Prezident İlham Əliyev Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,1 milyon manat ayrılıb.

  • “TikTok” çətin vəziyyətdədir: 4 milyon mahnı platformadan silinəcək

    “TikTok”un Universal Music Group (UMG) ilə müəllif hüquqları ilə bağlı hələ razılığa gəlməməsi səbəbindən platformadakı populyar mahnıların 30 faizinin, yəni təxminən 4 milyon mahnının silinəcəyi bildirilir.

    Dünyanın aparıcı musiqi şirkətlərindən biri olan Universal Music Group (UMG) məşhur sosial media platforması “TikTok” ilə gərgin danışıqlar prosesinə girib.

    UMG “TikTok”un digər sosial media tətbiqləri tərəfindən ödənilən ödənişdən aşağı məbləğ ödəmək istədiyini iddia edib.

    Digər tərəfdən, “TikTok” bu yaxınlarda UMG-ni “yalan bəyanat” verməkdə ittiham edərək yeni razılaşmanın əldə oluna bilməyəcəyini açıqlamışdı.

    Bu qərar nəticəsində UMG-yə məxsus kliplərin səsi kəsiləcək və bu treklərlə yeni kliplər yaradıla bilməyəcək.

    “TikTok” Universal Music Group (UMG) ilə müəllif hüquqları ilə bağlı davam edən mübahisənin bir hissəsi olaraq platformasından daha çox musiqini silməyə başladığını açıqlayıb.
    //azxeber.com

  • Əri ilə sevgilisinin döydüyü həkim DANIŞDI: “Yoldaşım ona bizim evə yaxın ev tutub”

    Ərinin sevgilisi tərəfindən şiddətə məruz qalan həkim Aynur Əsədli hadisə ilə bağlı açıqlama verib.

    “Unikal”ın məlumatına görə, A.Əsədli bildirib ki, həyat yoldaşı İbrahim Əsədlini onun iş yerində sevgilisi ilə birlikdə tutub:

    “Ərimin iş yerinə təsadüfən gedib (evin düz yanındadır), onun o qadınla intim münasibətdə olduğunu gördüm. Qadın 1978-ci il təvəllüdlü, Quba rayon sakinidir. Bu qadından yoldaşım canını qurtara bilmir. Ona yoldaşım elə bizim məhəlləyə, bizim evə yaxın bir ev tutub. Yazışmalarını görmüşdüm.

    İş yerində yoldaşımla birlikdə tutdum, qadını söydüm, yoldaşıma da dedim seç, ya o əxlaqsız, ya mən. Bu zaman qadın yumruqla üstümə gəldi. Mən belə şey görməmişəm. Mən qışqıranda isə, ərim mənim ağzımı, başımı tutdu, qadın isə məni vurdu”.

    Qeyd edək ki, ilkin məlumata görə, hadisə paytaxtın Nizami rayonunda yerləşən “Loğmed” klinikasının qarşısında baş verib.

    Belə ki, İbrahim Əsədli və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə yaşanıb. Daha sonra İ.Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə A.Əsədliyə qarşı şiddət göstərib.

    Hadisədən sonra Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə ekspertiza təyin olunub.

  • Polisdən ƏMƏLİYYAT: Şantajla pul alıb məhkumlara göndərən dəstə ələ keçdi – VİDEO

    Naxçıvan polisi tərəfindən vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən və əldə olunmuş vəsaiti cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə göndərən dəstə üzvlərinə qarşı əməliyyat həyata keçirilib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilən tədbir nəticəsində əvvəllər qaçaqmalçılıq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Naxçıvan şəhər sakinləri Qadir Quliyev və Toğrul Zöhrabov saxlanılıblar. Onlar şantaj etdikləri şəxsdən pul vəsaiti alarkən Naxçıvan MR DİN-in Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən tutulublar.

    Həmin şəxslər istintaqa verdikləri ifadələrində törətdikləri cinayət əməlini etiraf ediblər.

    Saxlanılan şəxslərin hər biri barəsində Naxçıvan MR-in Daxili İşlər Nazirliyinin Təhqiqat və İstintaq İdarəsində araşdırmalar aparılır.

    Onların ətraflarının və cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Daxili İşlər Nazirliyində yüksək vəzifəyə təyinat – FOTO

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsində şöbə rəisi təyinatı olub.

    Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, xidmətin inspektoru, polis mayoru Anar Qafarov Mətbuat Xidmətinin Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi təyin edilib.

  • Həqiqi hərbi xidmətdən yayınan şəxslərlə bağlı tədbir görüldü

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində müvafiq işlər görülüb.

    Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

    Bildirilib ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78 əməkdaş, 2024-cü ilin müvafiq dövründə isə 58 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. 2023-cü ildə 15 fakt üzrə 22 nəfər, 2024-cü ildə isə altı fakt üzrə 26 nəfər barəsində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

    Bundan başqa, xaricdə ali təhsil almaları ilə bağlı saxta sənəd təqdim etməklə və digər yollarla müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınan şəxslərin hərəkətlərinə prosessual qiymət verilməsi üçün xidmətin yerli qurumlarında toplanmış çoxsaylı materialların aidiyyəti istintaq orqanlarına göndərilməsi təmin edilib.

    Qeyd edək ki, bu kimi tədbirlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqlarının icrasını təmin etmək məqsədilə həyata keçirilir.

    Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların 9100 Çağrı Mərkəzinə və ya info@seferberlik.gov.az elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək.

  • Qısqanc kişi arvadını uşaqlarının gözləri qarşısında öldürüb

    Şəki Ağır Cinayətlər Məhkəməsində Ucarda arvadını öldürməkdə, tanışını isə öldürməyə cəhddə təqsirləndirilən Anar Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

    Qeyd: rəsmi məlumata əsasən, 2023-cü il iyunun 3-də saat 17:30 radələrində Ucar rayonu Rəstəcə kəndində evlərin birində 1995-ci təvəllüdlü Könül Nəsirəddin qızı Əliyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, digər ünvanda 1996-cı il Rüfət İlyaszadəyə müxtəlif dərəcəli kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1988-ci il təvəllüdlü Anar Məhəbbət oğlu Əliyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

    Cinayət materiallarında qeyd edilib ki, Anar Əliyev tanışı Rüfət İlyaszadənin onun rəsmi nikah münasibətlərində olduğu arvadı Könül Əliyeva ilə sevgi münasibətlərində olmasından şübhələnib. O, qısqanclıq zəminində qisas almaq niyyəti ilə Rüfəti qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə hərəkət edərək həmin şəxsin işlədiyi Ucar şəhəri, 20 yanvar küçəsində yerləşən avtoyuma məntəqəsinə gedib. Məntəqənin istirahət otağından əldə etdiyi bıçaqla Rüfətin üzərinə hücum çəkib, arvadı ilə münasibətinin olmasını etiraf etməsini deyərək onun bədəninin müxtəlif nahiyələrinə ümumilikdə beş zərbə yetirib. Sonra Anar avtoyuma məntəqəsində olan, həmkəndlisinə məxsus “Mercedes-Benz C220” markalı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək ərazidən uzaqlaşıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

    Daha sonra Anar Ucar rayonu, Rəstəcə kəndində yerləşən evinə gəlib Könül Əliyevanın istirahət etdiyi otağa daxil olub. O, həmin bıçaqla qadının üstünə hücum çəkib azyaşlı övladlarının gözləri qarşısında arvadına ümumilikdə 33 zərbə endirərək onu xüsusi amansızlıqla öldürüb.

  • Azərbaycanda sabiq vəzifəli şəxsin qanunsuz əməlləri ifşa olundu

    Yevlax Rayon Qeydiyyat Şöbəsinin sabiq vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Yevlax Rayon Qeydiyyat Şöbəsinin sabiq rəisi Elşən Quliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.

    İstintaq zamanı Elşən Quliyevin qeyd edilən vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərə ad və soyadı dəyişdirilməklə doğum haqqında yeni şəhadətnamənin verilməsi müqabilində ümumilikdə 4 min manat pul vəsaitini rüşvət qismində almasına, habelə həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək barəsində ibtidai istintaq aparılan təqsirləndirilən şəxsin digər dövlət qurumları tərəfindən ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi müqabilində 8 min manat pul almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir etməsinə əsaslı şübhələr müəyyən edilib.

    İş üzrə toplanmış ilkin sübutlar əsasında Elşən Quliyev şübhəli şəxs qismində tutulub və ona Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddələri ilə ittiham elan edilməklə, barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

  • Bakıda “Ətçilər” kimi tanınan ərazidə yerləşən kafelər və mağazalar sökülür

    Bakının Yasamal rayonu ərazisində fəaliyyət göstərən kafelər və ət dükanları ləğv edilib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Bildirilib ki, dünən axşam saatlarından başlayaraq Yasamal Rayon İcra Hakimiyyəti və Baki Şəhər Ticarət və Xidmət Departamentinin əməkdaşları əraziyə gəlib, orada fəaliyyət göstərən kafe-kababxanaları sökməyə başlayıb.

    Ərazidə 20-dən artıq kafe sökülüb.

    Qeyd edək ki, M.Xiyabani küçəsində fəaliyyət göstərən kafelər əsasən Füzuli və Cəbrayıl rayonundan olan məcburi köçkünlər tərəfindən inşa edilərək fəaliyyət göstərirdi.

    Ərazi uzun illər idi ki, “Ətçilər” kimi tanınırdı.

  • Azərbaycanda vahid tibbi elektron bazanın yaradılması təklif olunur

    İcbari tibbi sığortanın tətbiqi sahəsində vahid tibbi elektron bazanın yaradılması təklif olunur.

    Bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

    Qeyd olunub ki, icbari tibbi sığortanın tətbiqi sahəsində operativliyin və əlaqələndirmənin, həmçinin, tabeliyindən asılı olmayaraq, bütün tibb müəssisələrində göstərilən tibbi xidmətlər barədə məlumatlılığın və həmin xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində səmərəliliyin artırılması məqsədilə vahid tibbi elektron bazanın yaradılması təklif edilir.