Month: Fevral 2024

  • Taksi sürücüsü sükan arxasında yatdı: BDYPİ müraciət yaydı – VİDEO

    Baş Dövlət Yol Polisi İdarəsi yuxulu və yorğun sürücülərə müraciət edib.

    Median.Az həmin müraciəti təqdim edir:

    “Taksi fəaliyyəti gəlir əldə etməkdən öncə xidmətdir. Təhlillər göstərir ki, sürücülərin yuxulu və ya yorğun halda sükan arxasında əyləşməsi ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır.

    Son günlər, xüsusilə taksi fəaliyyəti göstərən sürücülər arasında günün işıqlı vaxtının uzanmasını fürsət bilərək istirahət etmədən, yuxulu və ya yorğun halda uzun müddət fasiləsiz avtomobil idarə edən şəxslərə daha çox rast gəlinir ki, bu da təhlükəsizlik baxımından yolverilməzdir.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, ələlxüsus taksi fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə çağırır”, – deyə BDYPİ-dən bildirilib.

  • Mart ayına olan hava proqnozu AÇIQLANDI

    Mart ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

    Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

    Mart ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

    Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 15-20 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 20-27 mm).

    Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 16-21 dərəcə isti olacağı gözlənilir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 22-44 mm).

    Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 15-17 dərəcə isti olacağı gözlənilir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 36-52 mm).

    Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 13-18 dərəcə isti olacağı gözlənilir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 39-52 mm).

    Qazax, Gəncə, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 15-20 dərəcə isti olacağı gözlənilir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-48 mm).

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 15-20 dərəcə isti olacağı gözlənilir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir (norma 23-90 mm).

    Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 8-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu gecə 4-9 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 24-45 mm).

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 15-19 dərəcə isti olacağı gözlənilir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 56-112 mm).

  • Azərbaycanda xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif olunur

    Təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumlar üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif edilir.

    Bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

    Ombudsman cəza-icra qanunvericiliyində və digər qanunvericilik aktlarında xüsusi ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumların fərqli rejimdə cəza çəkməsinə imkan verən dəyişikliklərin edilməsi və belə məhkumların cəzasını çəkməsi üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılmasını məqbul hesab edib.

  • Keçən il beş nəfər ağır xəstəliyə görə azadlığa buraxılıb

    Keçən il beş nəfər Xüsusi Həkim Ekspert Komissiyasının rəyi əsasında ağır xəstəliyə görə azadlığa buraxılıb.

    “Report” xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

    Qeyd olunub ki, həmin müddət ərzində məhkumların əmək hüquqlarının təmini ilə bağlı Ombudsmanın təklifləri nəzərə alınaraq, ictimai faydalı əməyə cəlb olunmuş məhkumların sayı 2,7% artmış və bununla da 4.802 nəfər təşkil etmiş, eyni zamanda penitensiar müəssisələrdə 40 yeni iş yeri yaradılıb.

    Bildirilib ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məsələlər üzrə Ombudsmanın əvvəlki illərdə olduğu kimi, ötən il də təklifləri nəzərə alınaraq, 4204 nəfər cəzadan şərti olaraq vaxtından əvvəl azad olunub, 72 nəfər məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilib, 5 nəfər Xüsusi Həkim Ekspert Komissiyasının rəyi əsasında ağır xəstəliyə görə azadlığa buraxılıb.

    Həmçinin, ötən il alternativ qətimkan tədbirləri tətbiq edilərək, 1500-dən çox həbs edilmiş şəxs barəsində qətimkan tədbiri digər qətimkan tədbirləri ilə əvəz edilib və ya qanunvericilikdə nəzərdə tutulmuş başqa əsaslarla həbsdən azad ediliblər.

  • Müddətsiz hesab olunan əmək müqaviləsi ilə bağlı YENİLİK GÖZLƏNİLİR

    Üç ildən artıq davam edən əmək müqaviləsi müddətsiz hesab oluna bilər.

    “Report”un xəbərinə görə, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

    Belə ki, Ombudsman tərəfindən Əmək Məcəlləsinin 45-ci maddəsinin (əmək müqaviləsinin müddəti) 5-ci bəndində “5 ildən” sözlərinin “3 ildən” sözləri ilə əvəz edilməsi təklif olunur.

    Qeyd edək ki, hazırkı qanunvericiliyə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

  • Braziliya prezidenti İlham Əliyevi təbrik etdi

    Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Zati-alinizi təbrik edirəm.

    Ümidvaram ki, Braziliya və Azərbaycan arasında dostluq əlaqələri xalqlarımızın rifahı naminə beynəlxalq miqyasda da dərinləşməkdə davam edəcəkdir.

    Fürsətdən istifadə edərək Azərbaycana bu il COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərimi çatdırıram.

    Ölkələrimiz arasında əməkdaşlıq “Üçlük” – Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya çərçivəsində “1.5 dərəcə Selsi missiyası” istiqamətində xüsusilə aktual olacaqdır.

    Cənab Prezident, Braziliya ilə Azərbaycan arasında münasibətlərin daha da yaxınlaşmasında maraqlı olduğumu bir daha bildirirəm. Sizə xoşbəxtlik, ali dövləti vəzifənizdə müvəffəqiyyətlər arzu edirəm”.

  • Azərbaycanda əsgərlərə 20 günlük məzuniyyət verilə bilər

    Azərbaycanda əsgərlərə 20 günlük məzuniyyətin verilməsi təklif edilir.

    Bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

    Belə ki, Ombudsman tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” qanunun 11-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına bir dəfə verilən qısamüddətli 10 günlük məzuniyyətin, hər birinin müddətinin 10 gün olmaqla 2 dəfə verilməsi təklif edilir.

  • Ermənistan azərbaycanlı əsgərə cinayət işi açdı

    Ermənistan İstintaq Komitəsi Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində azmış azərbaycanlı hərbçi Ruslan Pənahov barəsində cinayət işi açıb.

    Ermənistan mediasının məlumatına görə, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

    Bildirilib ki, o, Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə, o cümlədən sərhədi qanunsuz keçmək, qanunsuz silah-sursat gəzdirmək və s. ilə ittiham olunur.

    “Hazırda işin halları aydınlaşdırılır”, – deyə məlumatda vurğulanıb.

    Xatırladaq ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

  • Dünya bazarında neft qiymətləri necə dəyişib?

    Dünya bazarında neft qiymətləri azalıb.

    Belə ki, WTI markalı neftin aprel füçersləri 0,06% ucuzlaşaraq bir barelinin qiyməti 78,49 ABŞ dolları olub.

    “Brent” markalı neftin aprel füçersləri 0,07% ucuzlaşaraq bir barelinin qiyməti 83,62 ABŞ dolları təşkil edib.

  • “Nikosayağı”nın altı il müddətinə həbsi tələb edildi – FOTO/VİDEO

    “Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirlinin törətdiyi qəza ilə bağlı məhkəmə istintaqı tamamlanıb.

    “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

    Prokuror N.Şakirlinin sərxoş vəziyyətdə qəza törətməkdə təqsirli bilinməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə altı il azadlıqdan məhrum edilməsini tələb edib.

    Çıxışda qeyd edilib ki, sərbəst mühakimə edilən bloqer məhkəmə zalında dərhal həbs edilməlidir.

    Müdafiə tərəfinə çıxışa hazırlaşmaq üçün vaxt verilib.

    Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

    Bloqerə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.