Month: February 2024

  • Azərbaycanda qızılca peyvəndi ilə bağlı son vəziyyət

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tibb müəssisələrində 13 minə yaxın şəxs qızılca peyvəndi olunub.

    Bu barədə TƏBİB məlumat yayıb.

    Bildirilib ki, ölkə ərazisində uşaqlar və böyüklər arasında qızılca xəstəliyinə yoluxma halları qeydə alınır:

    “Epidemioloji vəziyyətin təhlili göstərir ki, xəstəlikdən ağırlaşma və ölüm halları, əsasən, qızılcaya qarşı peyvənd olunmayan şəxslərdə müşahidə olunur. Bunu nəzərə alaraq, ötən ilin 27 dekabr tarixindən etibarən vaxtında qızılcaya qarşı peyvəndlənmədən kənarda qalan, heç vaxt bu xəstəliyi keçirməyən 11-40 yaşlı əhali qrupu arasında da peyvəndlənmə prosesi aparılır”.

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ölkəyə idxal edilən vaksin preparatları ilə peyvəndlənmə prosesi TƏBİB-in tabeliyindəki ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində könüllülük prinsipi əsasında aparılır. Peyvəndlənmə prosesinə başlanılan tarixdən bu günədək 11-40 yaş aralığında peyvənd olunan şəxslərin sayı 10.161 nəfər təşkil edib.

    Ümumilikdə isə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində 12.882 nəfər QPM (qızılca, parotit, məxmərək) və QM (qızılca, məxmərək) peyvəndi olub.
    Qeyd edək ki, peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur.

    Milli peyvənd təqviminə əsasən qızılcaya qarşı immunizasiya 1 və 6 yaşlarında olmaqla 2 doza şəklində kombinə olunan QPM (qızılca, parotit, məxmərək) peyvəndi ilə aparılır.

    6 yaşından yuxarı heç vaxt peyvənd olunmamış şəxslərin isə 1-ci və 2-ci dozası arasında müddət minimum 4 həftə olmalıdır. Daha öncə QPM peyvəndinin yalnız 1-ci dozasını almış şəxslərdə 1-ci dozanı təkrarlamadan peyvəndləmə davam etdirilməlidir.

  • 8 Martda qadınlar üçün alına biləcək ƏN PİS HƏDİYYƏLƏR

    8 Martda qadınlar üçün ən pis və bayağı hədiyyələrdən biri nağd puldur.

    Bu, zəhmət haqqı vermək cəhdi kimi qəbul edilə bilər.

    Hədiyyələr digər insanlarla münasibətləri nümayiş etdirir. Seçim və onun maddi qiyməti insanın və bayramın əhəmiyyətindən asılıdır.

    8 Martda kişilərin qadınlara alacaqları hədiyyələrə gəlincə bu bir qədər yaradıcılıq məsələsidir. Ekspertlərin fikrincə əgər ər arvadına məsələn, bir dəstə mimoza və ya şokolad hədiyyə etsə, çox güman ki, qadın bu hədiyyədən məmnun olmayacaq. Eyni şey tanışlığa yeni başlayan tərəfdaşlara da aiddir.

    Artıq insanları təəccübləndirə bilməyəcək bayağı hədiyyələr təqdim etməmək də tövsiyə edilir.
    //Baku.ws

  • Narkotikə görə tutulan “TikTok”erə hökm oxundu

    Narkotik dövriyyəsində ittiham edilən “TikTok”er Aysun Mirişlinin məhkəməsi yekunlaşıb.

    Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

    Hakim Sülhanə Hacıyeva xanım müttəhimin cəzasını həbsdə çəkməsinə zərurət görməyib.

    Hökmə əsasən, A.Mirişliyə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə yaşadığı ünvanı axşam saat 23:00-dan səhər 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini işlək vəziyyətdə gəzdirmək öhdəliyi qoyulub.

  • Dərs saatına görə rüşvət alan direktor işdən çıxarıldı – VİDEO

    Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə yayılan görüntülərlə bağlı araşdırma aparılıb.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin açıqlamasında deyilir.

    “Araşdırmanın nəticəsinə əsasən, əmək fəaliyyətində yol verdiyi hüquqpozmaya və kobud nöqsana görə məktəbin direktoru Azər Qazıyev Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən, işdən azad edilib.

    Agentlik təhsil müəssisələrində əmək fəaliyyətində yol verilən nöqsan, hüquqpozmaların aşkarlanması, qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə monitorinqlərə başlayıb”, – məlumatda deyilir.

  • Bakıda üç qadının RƏZALƏTİ: Xəstə uşaqların bir milyonluq müalicə pulu necə ələ keçirildi?

    Talassemiyalı uşaqlar üçün toplanmış 980 min manat vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işinin bəzi detalları məlum olub.

    “Report”un əldə etdiyi məlumata görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər – N.Seyidova, A.Bayramova, A.Məmmədova – əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə ediblər.

    Belə ki, həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə dələduzluq ediblər.

    Əvvəlcə N.Seyidova və A.Bayramova birgə yalan vəd verərək Ceyran Musayeva və Elman Nuriyevə 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümova 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarova 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Vüqar İsayev və Xəyal İlmanova 34 000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq ediblər.

    İttiham aktında göstərilib ki, N.Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat, Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarının Türkiyədə əməliyyat olunmalarına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verərək dələduzluq edib.

    Daha sonra N.Seyidova A.Məmmədova ilə əlbir olaraq, Tural Nəsmiyevə 59 min 500 manat, Zeynəb Cəlilovaya 25 min manat, Kamil Əhmədova 23 min manat, Ramin Dadaşova 51 min manat, Xəyal İsayevə 51 min manat, Lamiyə Hüseynovaya 20 min 50 manat, Nərgiz Mahmudovaya 9 min manat, Elnarə Xanmirzəyevaya 25 min manat, Sevinc Səmədovaya 22 min 500 manat, Elvin Fətəliyevə 25 min manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq ediblər.

    İstintaqla o da müəyyən edilib ki, N.Seyidova tanışı A.Bayramova ilə təkrarən əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminova 25 500, Laura Həsənovaya 51 000, Günay Ağayevaya 25 000, Aytəkin İsayevaya 19 000, Elnaz Hacıyevaya 5 000, Faiq Nəcəfova 5 100 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq ediblər.

    Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə araşdırılır.

    İş üzrə zərərçəkmiş qismində 36 şəxs tanınıb. Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

  • Sahibkarlardan elektrik sayğacı üçün daha çox pul TƏLƏB OLUNUR? – AÇIQLAMA

    Vətəndaşlar və sahibkarlıqla məşğul olanlar yaşadıqları mənzildə, eləcə də obyektlərdə sayğacların quraşdırılması ilə bağlı müəyyən çətinliklərlə üzləşirlər.

    Elektrik enerjisindən istifadə etmək istəyən qeyri-əhali qrupuna aid istehlakçılar sayğacların quraşdırılması zamanı onlardan daha çox pul – hətta 1200 manat tələb olunduğunu iddia edirlər.

    Bu il yanvar ayının 1-nə olan məlumata əsasən, Naxçıvan istisna olmaqla, ölkədə elektrik enerjisindən istifadə edən qeyri-əhali qrupuna aid istehlakçıların sayı 186 504 nəfərdir.

    “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Bizim.Media-ya açıqlamasında bildirib ki, sayğacın quraşdırılması üçün “ASAN xidmət”ə müraciət olunur:

    “Rüsum Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyənləşir. Yəni tarif abonentin istədiyi kilovata uyğun olaraq dəyişir və “ASAN kommunal”da icra olunur”. O, bunun üçün “Azərişıq” ASC-nin saytında onlayn hesablayıcının olduğunu da qeyd edib:

    “Əhali üçün də fərqi yoxdur, eyni qayda tətbiq olunur. Amma əhalinin çox hissəsinin istifadə etdiyi, ayrılan standart enerjinin rüsumu 160 AZN-dir. Sayğac pulsuzdur, bu da sayğacın yox, ayrılan kilovatın puludur”.

  • Naxçıvanda dövlət müəssisəsində yoxlamalar aparılır

    Naxçıvan Muxtar Respublikası (MR) Qaz İstismar Xidmətində yoxlamalar aparılır.

    APA-nın Naxçıvan bürosu xəbər verir ki, yoxlama Naxçıvan MR Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət İdarəsi tərəfindən aparılır.

    Yoxlamanın məqsədi 2021-ci ilin yanvar ayından 2023-cü il dekabr ayının 31-dək olan dövrlərin maliyyə təsərrüfat fəaliyyətinin təftişidir.

    Naxçıvan MR Qaz İstismar Xidməti məlumatı təsdiq edib.

  • 45 yaşlı kişinin 21 il əvvəl öldürülərək su quyusunda basdırıldığı məlum oldu, arvadı saxlanıldı

    Ötən illərdən bağlı qalmış cinayətlərin açılması, cinayəti törətmiş şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması məqsədilə mütəmadi olaraq aidiyyəti dövlət qurumları tərəfindən birgə tədbirlər həyata keçirilir.

    Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Muxtar Respublikanın Daxili İşlər Nazirliyi, eləcə də Kəngərli Rayon Prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən peşəkarlıqla icra olunan istintaq-əməliyyat tədbirləri ilə qeyri-aşkar şəraitdə törədilmiş daha bir qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

    Həyata keçirilmiş tədbirlər nəticəsində Kəngərli rayonunun Qaradağlar kənd sakini 1961-ci il təvəllüdlü Həlimə Kərimovanın 2003-cü ilin yaz aylarında ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı əri 1958-ci il təvəllüdlü Məhəmməd Kərimovun baş nahiyəsindən daşla zərbələr endirərək qəsdən öldürməsi və yaşadığı evin həyətindəki su quyusunda basdırmasına əsaslı şübhələr müəyyən olunub.

    Həlimə Kərimovanın göstərdiyi yerdə prokuror-kriminalist və tibb sahəsində ekspertin iştirakı ilə aparılan qazıntı işləri nəticəsində insana məxsus sümük fraqmentləri aşkar edilərək müvafiq qaydada götürülüb və laborator müayinələrin, o cümlədən ekspert tədqiqatının aparılması üçün təqdim edilib.

    Faktla bağlı Kəngərli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

  • Оправданному по “Тертерскому делу” военнослужащему выплатят компенсацию

    Еще одному из военнослужащих, осужденных по “Тертерскому делу”, а затем оправданных, будет выплачена компенсация.

    По информации Qafqazinfo, на этот раз в Насиминском районном суде был рассмотрен иск оправданного военнослужащего Турана Ибрагимли.

    Суд постановил выплатить Т.Ибрагимли компенсацию в размере 99 000 манатов за моральный вред, причиненный ему за 5 лет, проведенных в тюрьме.

    Ответчиком по делу является Министерство финансов. Средства должны быть вычтены у ведомства и выплачены истцу.

    Отметим, что в 2021 году было возобновлено расследование “Тертерского дела”. После этого по представлению генпрокурора были пересмотрены дела 19 человек, осужденных по обвинению в государственной измене и другим преступлениям. В результате нового судебного разбирательства несколько военнослужащих были оправданы.

    Одним из них стал Туран Ибрагимли, приговоренный к 9 годам лишения свободы.

  • “Tərtər işi”ndə bəraət alan əsgərə təzminat veriləcək – MƏBLƏĞ

    “Tərtər işi” üzrə məhkum edilərək sonradan bəraət alan hərbçilərdən daha birinə təzminat ödəniləcək.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu dəfə bəraət almış əsgər Turan Marif oğlu İbrahimlinin iddiasına baxılıb.

    Nəsimi Rayon Məhkəməsi T.İbrahimliyə həbsdə keçirdiyi 5 ilin mənəvi ziyanına görə 99 min manat təzminat ödənilməsinə qərar verib.

    İş üzrə cavabdeh Maliyyə Nazirliyidir. Vəsait nazirlikdən tutularaq iddiaçıya ödənilməlidir.

    Qeyd edək ki, 2021-ci ildə “Tərtər işi”nin istintaqı təzələnib. Bundan sonra Baş prokurorun təqdimatı ilə dövlətə xəyanət və digər ittihamlarla məhkum edilən 19 nəfərin işi yenidən araşdırılıb. Yeni məhkəmə baxışı nəticəsində bir neçə hərbçiyə bəraət verilib.

    Bəraət alanlardan biri 9 il azadlıqdan məhrum edilmiş Turan İbrahimli olub.