Month: Fevral 2024

  • “10 yaşlı uşağı görəndə ehtiras hissi yarandı” – Sumqayıtdakı təcavüzün TƏFƏRRÜATI

    “10 yaşlı uşağı görəndə özümə hakim ola bilməməyimin səbəbi əvvəllər həbsxanada kişi məhbuslarla tez-tez cinsi əlaqədə olmağımdır”.

    Lent.az-ın xəbərinə görə, bu sözləri məhkəmə qarşısında 14 yaşına çatmayan şəxsə qarşı seksual və əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən İ.Q (ad şərtidir) deyib.

    Məlum hadisə 2022-ci ilin mayın 2-də Sumqayıt şəhərində qeydə alınıb. Belə ki, 2012-ci il təvəllüdlü S.Ə tanımadığı kişi cinsli şəxs tərəfindən aldadılaraq orada yerləşən birmərtəbəli tikilinin sanitar qovşağına salınıb. Daha sonra, həmin kişi azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. S.Ə müqavimət göstərməyə çalışsa da, əhəmiyyətsiz olub.

    Hadisədən xəbər tutan valideynlər Sumqayıt şəhər polis idarəsinə müraciət ediblər, şikayətçi olublar. Aparılan araşdırmalar nəticəsində 1968-ci il təvəllüdlü İ.Q hadisəni törətməkdə şübhəli bilinib. Məlum olub ki, həmin şəxs əvvəllər müxtəlif cinayətlərə görə 4 dəfə həbs edilib.

    Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə baxılıb.

    Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs İ.Q-ya ifadə vermək üçün şərait yaradılıb. Lakin o, törətdiyi əməldə özünü təqsirli bilərək, ifadə verməkdən imtina edib. Eyni zamanda, istintaqda verdiyi ifadəsini təsdiq edib. Onun istintaqdakı ifadəsi məhkəmə zalında elan olunub.

    Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsindən məlum olur ki, Sumqayıt şəhərində yataqxananın həyətində gəzərkən bir neçə oğlan uşağının oynadığını görüb:

    “Onlardan aralıda təxminən 10-12 yaşlı bir oğlan uşağı vardı. Adının sonradan S.Ə olduğunu bildim. Həmin vaxt baxanda ehtiras hissi yarandı. Ona görə də, ona yaxınlaşıb guya ətrafda yaşayan qonşunu çağırmağını xahiş etdim. Uşaq da mənə inandı. Daha sonra onu aldatmaq üçün “gəl bura, sənə bir şey göstərəcəyəm” dedim. Kafenin yanında tualet vardı. Məcbur onu ora saldım. Qapını da bağladım.

    İstəmədiyi üçün qarşı çıxdı, müqavimət göstərməyə başladı. Ona görə də, onun qarın nahiyəsindən bir necə dəfə yumruqla vurdum. Müqavimətini qırdıqdan sonra cinsi ehtirasıma qarşı gələ bilmədim. Seksual xarakterli hərəkətlər etdim. Onu da eynisini etməyə məcbur etdim”.

    O, ifadəsində törətdiyi əməldən peşman olduğunu, hərəkətinin düzgün olmadığını anladığını bildirib. Qanunla cəzasını tam çəkməyə hazır olduğunu vurğulayıb.

    Təqsirləndirilən şəxs bu əməli törətməyinin səbəbini də açıqlayıb. Onun sözlərinə görə, bu istəyin onda yaranma səbəbi əvvəllər cəzaçəkmə müəssisələrində olduğu zaman kişi məhbuslarla tez-tez cinsi əlaqədə olmağı imiş. Həmin vaxtda o, S.-nı görəndə qəfildən ehtiraslanıb və özü ilə bacara bilməyib.

    Daha sonra, məhkəmədə ifadə verən uşağın atası bildirib ki, törətdiyi hadisəni oğlum heç kimə deməsin deyə ona qəpiklər verib:

    “İşdə idim. Həyat yoldaşım zəng edib uşağın üzündə xəsarət izləri olduğunu bildirdi. Bu izlər zərbə izlərinə bənzəyirdi.

    Oğlumdan bu barədə soruşanda orta yaşlı bir kişinin ona ünvan göstərərək, həmin ünvanda yaşayan bir şəxsi çağırmağını istədiyini, lakin aldatdığını dedi. Sonra oğlumu yarımtikiliyə salaraq ona qarşı seksual xarakterli hərəkətlər edib. Daha sonra uşağa bir neçə qəpik verərək, qarşılığında baş verənləri heç kimə deməməyini istəyib. Oğlum qəpikləri götürməkdən imtina edib. Buna görə də, uşağa yenə zərbələr endirib”.

    Məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, təqsirləndirilən şəxsdə hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmayıb.

    Sonda məhkəmənin yekun qərarı ilə İ.Q 13 il müddətində azadlıqdan məhrum edilib. O, azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

  • Saxtalaşdırılan Xocavənd abidələri – VİDEO

    İşğal müddətində ərazilərimizlə yanaşı Qarabağda yerləşən dini abidələr də vandalizmə məruz qalıb.

    Xaçlanıb, cızılıb və qaraldılıb.

    Hadrut, Tuğ, Laçın və digər ərazilərimizdə yerləşən alban məbədləri ermənilərin saxtakarlığının daha bir sübutudur.

    Ətraflı “İTV Xəbər”in süjetində:

  • Bakının daha bir ərazisində söküntü olacaq

    Bakıda daha bir ərazidə binaların söküntüsünə başlanılacaq.

    Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Nizami küçəsindəki ikimərtəbəli binalar plana düşüb.

    Pilot layihə nəticəsində istismar müddətini başa vurmuş binalar söküldükdən sonra yerində çoxmərtəbəli binalar inşa olunacaq.

    Artıq tikinti işlərini aparan şirkət rəsmiləri sakinlərlə danışıqlar aparıblar. Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunub. Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 10-20 kvadratmetr əlavə mənzilə sahib olacaqlar.

    İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin ediləcəklər. Evlərinin kvadratından asılı olaraq sakinlər 250-350 manat arasında kirayə pulu alacaqlar.

    Qeyd edək ki, tikinti işlərinə ikimərtəbəli binalarda yaşayan sakinlərin hər biri ilə razılaşma əldə olunduqdan sonra başlanılacaq.

    Xatırladaq ki, bir müddət əvvəl paytaxtın Nizami rayonu, “Qara Qarayev” metro stansiyasının ətrafındakı qəzalı vəziyyətdə olan ikimərtəbəli binaların da plana düşdüyü ilə bağlı məlumat yayılmışdı.
    //Baku.ws

  • İlham Əliyev Macarıstanın yeni seçilmiş prezidentini təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın yeni seçilmiş Prezidenti Tamaş Şuyoka təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Macarıstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi
    səmimi-qəlbdən təbrik edirəm.

    Macarıstan Azərbaycanın yaxın dostu və etibarlı tərəfdaşıdır. Qarşılıqlı inam və etimada əsaslanan, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.

    Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin bütün sahələrdə genişlənməsinə, o cümlədən strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə xüsusi önəm veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Macarıstan arasında ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, çoxşaxəli əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi naminə birgə səylər göstərəcəyik.

    Sizə ən xoş arzularımı çatdırır, dost Macarıstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm”.

  • KİV: İsraillə HƏMAS arasında razılıq əldə olunub

    İsraillə HƏMAS arasında razılıq əldə olunub.

    Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

    Telekanal Fələstin rəhbərliyinin nümayəndəsinin sözlərində sitat gətirib: “Hərəkatla İsrail arasında Qəzzaya humanitar yardımın çatdırılması ilə bağlı prinsipial razılıq əldə olunub”.

    Nümayəndə münaqişə tərəfləri arasında sözügedən məsələ ilə bağlı razılığın təfərrüatlarını açıqlamayıb.

  • Türkiyə “Canik” adlı yeni silahını istifadəyə verəcək

    Türkiyə yeni yerli istehsallı silahını xidmətə hazırlayır.

    “Canik” adlı uzaqdan idarə oluna bilən texnika dəniz platformalarını qorumaq üçün istifadə olunacaq.

    Bildirilib ki, “Canik”in Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olması istiqamətində işlər görülür.

    Texnikanın təhvil veriləcəyi dəqiq tarix açıqlanmayıb.

  • “Qarabağ”ın hücumçusu zədələnib

    “Qarabağ”ın futbolçusu Olavio Juninyo zədələnib.

    27 yaşlı hücumçu “Qəbələ”yə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınmış oyunda sıradan çıxıb.

    Braziliyalı forvardın yerinə 40-cı dəqiqədə Leandro Andrade meydana daxil olub.

    Qeyd edək ki, hazırda görüşdə ilk hissə oynanılır və hesab açılmayıb.
    //report

  • Rusiyada 100 milyon dollara 3 sanatoriya tikmək istəyən azərbaycanlı kimdir?

    Azərbaycan şirkəti Jeleznovodsk xüsusi iqtisadi zonasında üç sanatoriyanın inşasına 9 milyard rubl (97,4 milyon ABŞ dolları) sərmayə qoymağı planlaşdırır.

    “Report”un məlumatına görə, bu barədə TASS-a kurortun rəhbəri Yevgeni Bakulin məlumat verib.

    “İnvestorlar yenidən Jeleznovodsk xüsusi iqtisadi zonasına maraq göstərirlər. Azərbaycanlı investor ümumi sahəsi 9 hektar olan üç torpaq sahəsi üçün müqavilə bağlayıb. İnvestisiyaların həcmi təxminən 9 milyard rubl təşkil edəcək”, – Y.Bakulin Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumunun kuluarında deyib.

    Onun sözlərinə görə, 600 otaqlı və 1200 çarpayılıq üç sanatoriyanın tikintisi nəzərdə tutulub:

    “Biz artıq Jeleznovodskda Azərbaycan sərmayələrini uğurla icrasının şahidi olmuşuq. Buraya Jeleznovodsk xüsusi iqtisadi zonasında ilk beşulduzlu sanatoriya daxildir. Jeleznovodskda xüsusi iqtisadi zonası daha da tanınır. Bu o deməkdir ki, Jeleznovodsk bundan sonra da inkişaf edəcək”.

  • Bakıda sərnişinə “səni Kanadaya qaçıracağam” deyən taksi sürücüsü həbs edildi

    Bakıda xanım müştərisini evlənmək məqsədi ilə Kanadaya qaçıracağını deyən taksi sürücüsü həbs edilib.

    Median.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl sifarişlə çağırdığı taksiyə əyləşən Arifə Həsənova (ad-soyad şərti) ona qarşı qeyri-etik ifadələr işlədən sürücü barəsində polisə şikayət edib.

    Xanım sərnişinin şikayəti əsasında taksi sürücüsü saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilərək iş məhkəməyə göndərilib.

    Məhkəmədə zərərçəkmiş şəxs Arifə Həsənova bildirib ki, hazırlıqdan çıxıb evə getmək üçün nənəsi taksi çağırıb. Taksi sürücüsü Zamin Kamilov (ad-soyad şərti) Arifədən əvvəlcə nənəsinin “yeraz” olduğunu soruşub, özünün də anasının və keçmiş arvadının “yeraz” olduğunu deyib.
    Daha sonra bir qədər də irəli gedərək, ona evlənmək təklifini edib. “Səni mənə versələr, evlənərəm” deyib. Zamin Kamilov gələckdə Kanadaya yerləşəcəyini və onu da özüylə qaçıracağını deyib. Taksi sürücüsü həmçinin bilərək yolu uzadıb.

    Zamin Kamilov isə Arifə Həsənova ilə aralarında normal tərzdə söhbət olduğunu, ona heç bir əxlaqsız təklif etmədiyini bildirib. Onunla sadəcə zarafat etdiyini bildirib və bunun da səhv hərəkət olduğunu etiraf edib.

    Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib.

  • “Apple”in səbirsizliklə gözlənilən layihəsi ləğv olundu

    Apple uzun müddətdir üzərində işlədiyi elektrik avtomobil layihəsi “Project Titan”ı dayandırıb.

    Şirkətin bu barədə işçilərinə artıq xəbər verdiyi və komandada 2000 nəfərin məhsuldar süni intellektlə bağlı layihəyə qatılacağı bildirilir. “Bloomberg”in məlumatına görə, “Apple”in baş əməliyyat direktoru Ceff Williams və vitse-prezidenti Kevin Linç işçiləri layihənin dayandırılması barədə məlumatlandırıblar. Layihənin dayandırılması nəticəsində ixtisarların olacağı bildirilsə də, işdən çıxarılanların sayı hələ dəqiq deyil. Məlumatda “Apple Car” layihəsinin 2028-ci ilə təxirə salındığı bildirilib.

    “Project Titan” adlı gizli avtomobil layihəsi haqqında şayiələr ilk dəfə 2015-ci ildə ortaya çıxmışdı. 2022-ci ildə “The Information”un xəbərində davamlı dəyişən planlar və şirkət daxilində avtomobil layihəsinə şübhə ilə yanaşma kimi problemlərin olduğu bildirilirdi. Başqa bir hesabatda, sözügedən avtomobillərin 100 min dollardan aşağı olacağı və şirkətin planlaşdırdığı kimi təkmil avtonom sürmə qabiliyyəti ilə gəlməyəcəyi ortaya çıxmışdı.

    Layihənin dalana dirəndiyini görən “Apple”, resurslarını süni intellektə yönəltməyə qərar verib. Şirkətin “Ajax” adlı öz süni intellekt modelini hazırlamaq üçün gündə milyonlarla dollar xərclədiyi bildirilir. “Apple”in rəhbər şəxslərindən olan Tim Kuk bu yaxınlarda şirkətin ilin sonunda generativ süni intellekt modelini təqdim edəcəyini təsdiqləyib.
    //qaynar