Month: February 2024

  • Alleqri bu mövsümün sonunda “Yuventus”u tərk edə bilər

    “Yuventus” rəhbərliyi komandanın baş məşqçisi Massimiliano Alleqrinin gördüyü işdən razı qalsa da, onunla əmək müqaviləsini uzatmağa tələsmir.

    Məlumata görə, italiyalı mütəxəssis klubla müqaviləsini 2025-ci ilə qədər uzatmaq istəyir. Bununla belə, Turin klubunun bossları mütəxəssisin yaxın iki aydakı işini qiymətləndirmək niyyətindədir.

    Həlledici ayın aprel olacağı vurğulanır. “Yuventus” Alleqri ilə müqaviləni bu ayın sonunadək yeniləməsə, müqaviləsinin bitməsinə bir il qalmasına baxmayaraq, çox güman ki, mövsümün sonunda klubu tərk edəcək.

    Mənbə: Gazeta.ru

  • Heydər Əliyev Fondu Məmməd İsmayılın müalicəsini öz üzərinə götürdü

    Heydər Əliyev Fondu tanınmış şair Məmməd İsmayılın müalicəsini öz üzərinə götürüb.

    Bu barədə Bakupost.az-a Məmməd İsmayılın qızı İntizar İsmayıl bildirib.

    Onun sözlərinə görə, dünən atası “Liv Bona Dea Hospital”da müəyyən müayinələrdən keçib:

    “Nəticələr bəlli olduqdan sonra digər prosedurlar həyata keçiriləcək”.

    Qeyd edək ki, Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan şair Məmməd İsmayılın vəziyyəti bir müddət əvvəl pisləşib. 85 yaşlı şairin ev şəraitində müalicəsi nəticə vermədiyinə görə, bir qrup ziyalı mətbuatda onun müalicəsinin nəzarətə götürülməsi ilə əlaqədar çağırış ediblər.

  • Bakı sakinini 100 manata görə qətlə yetirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

    Bakı sakinini 100 manata görə qətlə yetirməkdə təqsirləndirilən Rəşad Kərimov, Tahir Ələkbərov və Radiq Feyziyevə hökm oxunub.

    “Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

    Hökmə əsasən, Rəşad Kərimov 1 il 8 ay, Tahir Ələkbərov 19 il və Radiq Feyziyev isə 20 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Qeyd edək ki, hadisə 2020-ci il oktyabrında Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Türkan qəsəbə sakini Rüstəm Bayramov küt alətlə qətlə yetirilib.

    Aparılan istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Bayramovun əvvəllər məhkum olunmuşlar – Bərdə rayon sakini Rəşad Kərimov, Astara rayon sakinləri – Tahir Ələkbərovla Radiq Feyziyev tərəfindən daşla öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onlar tutularaq istintaqa təhvil veriliblər.

    R.Kərimov saxlanılan dövrdə R.Feyziyev və T.Ələkbərov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə tutulduqları üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılırdılar.

  • İki topun revanşı: “Braqa”nın uğursuz statistikası

    “Braqa” avrokuboklar tarixində heç vaxt iki topluq fərqi aradan qaldırmayıb.

    İdman.biz xəbər verir ki, bu faktı Portuqaliya mətbuatı araşdırıb.

    Pireneylilər Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaqlar. Braqanın eyniadlı təmsilçisi 12 dəfə ilk sınaqda 2 və ya daha çox top fərqi ilə uduzub. Onlar heç vaxt bunu aradan qaldırmayıblar.

    Əvvəlki 12 belə hadisədən 5-də revanş cəhdi səfərdə olub. “Qarabağ” “Braqa”nın meydanındakı ilk matçda ən azı iki top fərqi ilə qalib gələn 6-cı komandadır. Əvvəlki 5 duelin yalnız birində heç-heçə edən “Braqa” 4 dəfə ikinci görüşdən də məğlub ayılıb. 2010/11 mövsümündə “Beşiktaş”a evdə 0:2 hesabı ilə uduzan portuqaliyalılar İstanbuldan sülhlə ayrılıblar – 1:1.

    Ümumiyyətlə isə “Braqa”nın tarixində yalnız bir səfər matçının nəticəsinin Bakıda təkrarlanması portuqaliyalıların lehinə olacaq. İndiyədək 89 dəfə rəqib meydanına çıxan komanda Serbiyada “Baçka Topola”nı 4:1 hesabı ilə məğlub edib. “İkinci eşelon” təmsilçisinin aktivində iki top fərqli 9 qələbə də var. Həmin nəticələrin təkrarlanması isə 1/8 finalçının adına əlavə vaxtda aydınlıq gətirəcək.

    Qeyd edək ki, Portuqaliyada 4:2 hesablı qələbə qazanan “Qarabağ” “Braqa” ilə cavab oyununa fevralın 22-də çıxacaq.

  • Amsterdam məhkəməsi Rusiyaya 50 milyard dollar cərimə kəsib

    Amsterdam məhkəməsi Rusiyanın Haaqadakı əvvəlki arbitraj prosesləri zamanı keçmiş səhmdarlar tərəfindən saxtakarlıq etməsi ilə bağlı iddiasını əsassız hesab edib. Nəticədə əvvəlki hökm ləğv edilməyib. Bu o deməkdir ki, Rusiya tərəfi YUKOS-un keçmiş səhmdarlarına şirkətin iddia edilən “özgəninkiləşdirilməsi”nə görə 50 milyard dollar (üstəlik hesablanmış cərimələr) ödəməlidir.

    “Rusiya ona dost olmayan Qərbdə bütün məhkəmə işlərini uduzsa belə, çətin ki, bir qəpik ödəsin”, – deyə ekspertlər xəbərdarlıq edir.

    Mənbə: Mk.ru

  • İsmayıllı sakini odlu silahı polisə təhvil verib

    Qanunsuz saxlanılan silah-sursatın vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə profilaktiki tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində rayon sakini qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

  • Navalnının qardaşı Rusiyada axtarışa verildi

    Rusiyada vəfat edən müxalif siyasətçi Aleksey Navalnının qardaşı Oleq Rusiyada növbəti dəfə axtarışa verilib.

    Belə ki, Rusiya Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında onun məlumatları peyda olub.

    Oleqin Rusiya Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarıldığı açıqlanmayıb.

    TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla Oleq Navalnıya qarşı yeni cinayət işi açıldığını xəbər verib.

  • Azərbaycanda ana uşağının başına daşla vurub – VİDEO

    Ağstafa rayonunda ana uşağını döyüb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən azyaşlı xəstəxanaya yerləşdirilib:

    “Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır. İlkin məlumata görə, uşağa anası tərəfindən daşla baş nahiyəsindən xəsarət yetirilib. Faktla bağlı müvafiq ekspertiza təyin olunub. Ekspertiza rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

  • “Azəriqaz” əməkdaşının barmağını sındıran abonentə cinayət işi açıldı

    Paytaxtın Nəsimi rayonu ərazisində “Azəriqaz”ın əməkdaşına qarşı zor tətbiq olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

    Bu barədə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.

    Araşdırmalarla müəyyən olunub ki, fevralın 12-də “Azəriqaz”ın əməkdaşları Aqşin Muradlı və Ayxan Abazərlinin Nəsimi rayonu, İ.Qasımov küçəsi ünvanında yerləşən mənzillərdə birində qaz sayğacından gələn borulara baxış keçirərkən həmin mənzildə yaşayan Fuad Məmmədov onlara zor tətbiq edib.

    Fuad Məmmədov Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında ev dustaqlığı qətimkan tədbiri seçilib.
    Hazırda istintaq davam edir.

  • Xalq yazıçısının son vəziyyəti AÇIQLANDI

    Xalq yazıçısı Mövlud Süleymanlının müalicələri davam etdirilir.

    Bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

    “Xalq yazıçısı Kliniki Tibbi Mərkəzə gətirildikdən sonra süni tənəffüs aparatına qoşulub, Huşsuzdur, vəziyyəti ağır olaraq qalır. Hər hansı dəyişiklik yoxdur. Bütün tədbirlər görülüb, müalicəsi aparılır”.

    Xatırladaq ki, Xalq yazıçısı Mövlud Süleymanlı beyninə qansızma (insult) diaqnozu ilə bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.