Month: March 2024

  • MİDA-dan mənzil verəcəyi vədi ilə vətəndaşları aldadan qadın hakim qarşısına çıxarılır

    Güzəştli mənzil verilməsi vədi ilə vətəndaşların pulunu ələ keçirən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Quliyeva Sənubər Əbülfəz qızının vətəndaşların pulunu ələ keçirməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.

    Aparılmış ibtidai istintaqla Sənubər Quliyevanın müxtəlif şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında ayrı-ayrı vətəndaşlara Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilən sosial evlərdən mənzil verəcəyinə dair yalan vəd verməklə onlara məxsus pul vəsaitini təkrarən ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Sənubər Quliyevaya Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə yekun ittiham elan edilməklə barəsində istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

    Cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

  • Dərmanlarla bağlı yeni TƏLƏBLƏR

    Qablaşdırılması hər hansı dildə olan dərman vasitələri dövlət qeydiyyatına alınmaqla, dərman vasitələrinin dövlət reyestrinə daxil edilərək həmin dildə olan qablaşdırma ilə idxalına, satışına və istifadəsinə yol veriləcək.

    APA-nın xəbərinə görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, reseptə yazılmış təsiredici maddə üzrə aptek təşkilatında mövcud olan dərman vasitələri və onların qiymətləri barədə aptek təşkilatının satıcısı tərəfindən istehlakçıya məlumat verilməlidir. Dərman vasitələrinin ekspertizası əsasında qablaşdırılması Azərbaycan, türk, rus, ingilis, alman, ispan, italyan, fransız və macar dillərində olan, dərman vasitələrinin sadələşdirilmiş ekspertizası əsasında isə beynəlxalq patentləşdirilməmiş adı və əmtəə nişanı adı latın və ya kiril əlifbasında olmaq şərti ilə qablaşdırılması hər hansı dildə olan dərman vasitələri dövlət qeydiyyatına alınmaqla, dərman vasitələrinin dövlət reyestrinə daxil edilərək həmin dildə olan qablaşdırma ilə idxalına, satışına və istifadəsinə yol veriləcək. Dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə istehlakçının tələbi əsasında aptek təşkilatı tərəfindən kağız formasında çap edilərək ona təqdim olunacaq.

  • Azərbaycanda bu şəxslərə pul kompensasiyası veriləcək

    Vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi gücləndirilir.

    “Report”un xəbərinə görə, bu, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik layihəsində əksini tapıb.

    Dəyişikliklə vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi və maddi təminatı ilə bağlı təzimləmənin təkmilləşdirilməsi məqsədilə Əsasnaməyə ayrıca fəsl əlavə olunur.

    Bu çərçivədə Əsasnaməyə yeni təminatlar – vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan vergi orqanının vəzifəli şəxslərinə pul kompensasiyasının verilməsi, vergi orqanının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələrin verilməsi müəyyən edilir.

  • Nəhəng kometa Yerə yaxınlaşır

    Yerə doğru uçan kometa yaxın həftələrdə adi gözlə görünəcək. Bu planetimizin yaxınlığında yalnız 70 ildə bir dəfə görünür.

    Median.Az bu barədə xarici mediaya istinadən xəbər verir.

    Pons-Brooks kometası kriovulkanlar sinfinə aiddir. İstilik zamanı içəridəki təzyiq artdıqda, toz, qaz və buz hissəciklərinin emissiyası baş verir.

    Kometanın nüvəsinin diametri 20 km-dir. Aprelin 21-də Günəşə ən yaxın nöqtəsinə çatacaq.

    Alimlər yaxın həftələrdə kometanın parlaqlığının artacağını bildiriblər. Martın 31-də kometa Hamal parlaq ulduzundan 0,5 dərəcə məsafədə olacaq.

    Astrofiziklərin fikrincə, əlverişli şəraitdə kometanı adi gözlə görmək olar, lakin onu durbin və ya teleskopla müşahidə etmək daha yaxşıdır.

    Şimal yarımkürəsinin sakinləri daha yaxşı mənzərə ilə qarşılaşacaqlar.

  • Tahir İmanov: “İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir” – VİDEO

    “Böyük Qayıdış artıq başlayıb. Mən 100 faiz əminəm ki, oradakı dağıdılmış şəhərlər, kəndlərimiz ən yüksək səviyyədə bərpa olunacaq, əvvəlkindən də gözəl olacaq”.

    Bu fikirləri “Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov deyib.

    İstənilən şəhər və kəndləri gözəlləşdirən onun doğma sakinləri olduğunu bildirən istedadlı aktyor ulu öndər Heydər Əliyevə verdiyi sözünü tutaraq Şuşada konsert vermək istəyini dilə gətirib.

    Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə video çarxlar hazırlanır.

    Əməkdar artist Tahir İmanovun iştirakı ilə hazırlanmış növbəti video çarxı təqdim edirik:

  • Azərbaycanın su ehtiyatının həcmi AÇIQLANDI

    2022-ci il statistikasına görə yerüstü su ehtiyatları 17 milyard kubmetr olub. 1960-1990-cı illər Azərbaycanın daha çox sululuq dövrü hesab olunur. Bu illəri indiki dövrlə müqayisə etsək su ehtiyatları 43 faiz daha azdır.

    Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin müşaviri Əsəd Şirinov bildirib.

    O qeyd edib ki, 30 milyard kubmetr su 17 milyard kubmetrə düşüb.

    “Yeraltı su ehtiyatlarının hesablanması aparılacaq. Ancaq təqribi hesablamalara görə, 8 milyard kubmetr su ehtiyatlarımız var. Bu ehtiyatların bir hissəsi Qarabağdadır. Qarabağdakı bolsulu çaylardan istifadə edilərək su anbarları tikiləcək”, – deyə Ə.Şirinov bildirib.
    Müşavirin sözlərinə görə, alternativ su mənbələrinin təşviqi artırılır: “Bunun üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən dəniz suyunun duzsuzlaşdırılması layihəsini reallaşdıracağıq. Buna görə Sumqayıtda istifadəyə verilən duzsuzlaşdırma zavodu Bakının su tələbatını ödəyəcək. İkinci layihə kimi Hövsan su aerasiya sisteminin təmizlənməsidir. Təmizlənən suyun təkrar istifadə üçün müxtəlif variantları hazırlanır”, – deyə ADSEA rəsmisi vurğulayıb.

    Əsəd Şirinov qeyd edib ki, işğal dövründə erməni vandalizminə məruz qalan hidrotexniki qurğuların bərpası işi aparılır.

  • Bankdan sonra Vardanyanın restoranı da satıldı

    Qarabağdakı separatçı rejimin “dövlət naziri” olmuş Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabendin adına olan İrəvandakı “Cactus” restoranı erməni iş adamı Narek Nalbandyan tərəfindən alınıb.

    Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

    Qeyd edək ki, bir müddət bundan əvvəl “Bank of Georgia”nın sahibləri Ermənistanın ən böyük bankı – “Ameriabank”ın əsas səhmlərini aldıqlarını elan ediblər. Sözügedən banka Ruben Vardanyan nəzarət edib. Vardanyan özü hələ 2023-cü ildə bankın səhmdarı olduğunu etiraf edib. Əvvəllər o, “Ameriabank”ın Direktorlar Şurasının sədri olub. 2023-cü ilin sonunda bankın aktivləri 1 trilyon 410 milyard dram (3 milyard 480 milyon dollar) təşkil edib.

  • Azərbaycan və Qazaxıstan prezidentləri Şuşaya səfər ediblər – FOTO

    Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Şuşa şəhərinə səfər ediblər.

    President.az xəbər verir ki, dövlət başçıları Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib.

    Sonra dövlət başçıları Natəvan bulağında olub, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar.

    Daha sonra prezidentlər Saatlı məscidində, Bülbülün ev-muzeyində, Cıdır düzündə və XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş üç yaşayış binasından ibarət “Yasəmən” hotelində olublar.

  • Laçın yerli sakinlərin gözü ilə – VİDEO

    “İctimai TV” Laçına köç etmiş laçınlıların həyat tərzini özündə əks etirən “Vətənim Laçın” adlı film hazırlayıb.

    Filmdə laçınlıların gündəlik yaşamları, adətləri və arzuları öz əksini tapıb.

    Daha ətraflı videoda:

  • Ağdama hərbi prokuror təyin edildi

    Ağdamın hərbi prokuroru vəzifəsi Elnur Rasim oğlu Kərimova həvalə edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

    Məlumatı Azərbaycan Respublikası hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev təsdiq edib.