Month: April 2024

  • Ermənistanda ölənlərin sayı artıb, doğulanların sayı isə azalıb

    Ermənistanda 2024-cü ilin ilk iki ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 390 az uşaq doğulub.

    Bu barədə Ermənistan Milli Statistika Xidməti məlumat yayıb.

    Qeyd olunub ki, 2024-cü ilin yanvar-fevral aylarında doğulan uşaqların sayı 5 477, 2023-cü ildə 5 867 olub.

    Eyni zamanda, yanvar-fevral aylarında ölənlərin sayı 371 nəfər artaraq 4914-ə çatıb.

    Bildirilib ki, Ermənistanda insanlar daha çox qan dövranı sistemi, onkologiya və tənəffüs sistemi xəstəliklərindən ölürlər.

    Mənbə: Sputnik

  • Çempionlar Liqası: Son çempion turnirin ən titullu komandasına qarşı

    Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinə start veriləcək.

    İlk gündə iki oyun keçiriləcək.

    Turnirin favoritləri “Real”la “Mançester Siti” birincilərin meydanında üz-üzə gələcəklər. “Kral klubu” ÇL-in ən titullu komandasıdırsa, “şəhərlilər” son çempiondur.

    Digər qarşılaşma Londonda baş tutacaq, “Arsenal” “Bavariya”nı qəbul edəcək. Almaniya klubu favorit sayılsa da, son vaxtlar yaxşı formada olmaması Premyer Liqanın liderini qələbəyə ümidləndirib.

    Mərhələnin “Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund) və PSJ (Fransa) – “Barselona” (İspaniya) oyunları aprelin 10-da keçiriləcək.

    Qeyd edək ki, cavab matçları aprelin 16-17-də təşkil olunacaq.

    UEFA Çempionlar Liqası

    1/4 final, ilk oyunlar

    9 aprel

    23:00. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)

    Baş hakim: Fransois Letexye (Fransa).

    Madrid, “Santyaqo Bernabeu” stadionu.

    23:00. “Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya)

    Baş hakim: Qlenn Nuberq (İsveç).

    London, “Arsenal” stadionu.

  • Rusiyada körpü uçdu – Ölən və yaralananlar var

    Rusiyanın Smolensk vilayətinin Vyazma şəhərində Paninski körpüsü uçub.

    Bu barədə TASS məlumat yayıb.

    Qeyd olunub ki, nəticədə 1 qadın ölüb, 5 nəfər xəsarət alıb.
    Yaralılardan birinin vəziyyəti ağırdır.

  • Gürcüstan prezidenti qalmaqallı qanuna veto qoyacaq

    “Gürcüstan Prezidenti Salome Zurabişvili “xarici agentlər” haqqında qanun qəbul olunarsa, sənədə veto qoyacaq”.

    Bu barədə onun parlament katibi Georgi Msxiladze məlumat verib.

    Bu gün o, qanun layihəsinə baxılan Büro iclasında iştirak edib. Gürcüstan parlamentinin Bürosu “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini təsdiqləyib. İndi sənədə Məhkəmə-Hüquq Komitəsinin 12 aprel iclasında baxılacaq.

    Qeyd edək ki, Gürcüstandakı xarici diplomatik korpusun nümayəndələri qanun layihəsi ilə bağlı narahatlıqlarını ifadə ediblər və bunun Gürcüstanın Avropaya inteqrasiyasını təhlükə altına qoyduğunu bildiriblər.

    Mənbə: newsgeorgia.ge

  • Rusiyada “Crocus” işi ilə bağlı iki nəfər saxlanılıb

    Yanğın təhlükəsizliyinə məsul şəxs və “Crocus City Hall”un yanğından mühafizə sistemlərinə xidmət göstərən mühəndis saxlanılıblar.

    Məlumata görə, müstəntiqlər terror aktı zamanı yanğınsöndürmə sisteminin düzgün işləməməsini və yanğının söndürülməsinin niyə bu qədər uzun çəkdiyini araşdırmaqda davam edirlər. Onlar “Crocus”a verilmiş yanğın lisenziyasında uyğunsuzluqlar aşkar ediblər. Belə ki, indiki lisenziya yalnız “Crocus City Mall”a aiddir.

    Çoxmərtəbəli konsert zalının tikintisi başa çatdıqdan sonra binanın tutumu bir neçə dəfə artırılıb. Buna baxmayaraq, mühəndis və məsul şəxs müəyyən məhdudiyyətlərlə sərbəst buraxılıblar.

    Qeyd edək ki, ümumilikdə terror aktına görə 11 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlara qarşı cinayət işi açılıb və nəzarətə götürülüb. Son məlumatlara görə, “Crocus City Hall”da törədilən terror aktı nəticəsində 145 nəfər ölüb, 550 nəfər yaralanıb.

    Mənbə: Baza

  • Azərbaycan millisinin basketbolçusu karyerasını bitirir

    Azərbaycanın qadın basketbolçulardan ibarət 3×3 millisinin üzvü Mersedes Volker karyerasını bitirməyə hazırlaşır.

    Bu barədə AZƏRTAC-a 38 yaşlı basketbolçunun özü məlumat verib.

    O, bu ilin sentyabr ayında basketbolla vidalaşacağını bildirib: “Artıq bu idman növü ilə vidalaşmağın zamanı çatıb. Mənə gözəl günlər bəxş etdiyi üçün Azərbaycana daim minnətdaram olacağam. Ümid edirəm ki, Olimpiya Oyunlarına vəsiqə qazanacağıq və möhtəşəm duyğu ilə buranı tərk edəcəyəm”.

    Qeyd edək ki, Mersedes Volker 2014-cü ildən Azərbaycan millisinin formasını geyinir.

  • Ermənistan Azərbaycanın “Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verib

    Ermənistan Azərbaycan tərəfinin “Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verib.

    Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib. Onun açıqlamaları Ermənistan mətbuatı tərəfindən yayılıb.

    Badalyanın sözlərinə görə, söhbət “Sülh müqaviləsi” layihəsinə dair təkliflərin səkkizinci variantından gedir.

  • Türkiyə və Rusiya “Crocus” terroru ilə bağlı məlumat mübadiləsini davam etdirir

    Moskva vilayətində “Crocus City Hall”da baş verən terror aktı ilə bağlı Türkiyə və Rusiya məlumat mübadiləsini davam etdirir.

    Bu barədə “RIA Novosti”yə ölkənin hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

    Bildirilir ki, Ankara, həmçinin hücum edənlərin İŞİD terror təşkilatı ilə əlaqələri haqqında məlumatları araşdırır.

    O da vurğulanır ki, respublikada terror təşkilatının tərəfdarlarına qarşı fəal mübarizə aparılır.

    Qeyd edək ki, konsert zalında terror aktı ilə bağlı iş üzrə təqsirləndirilən şəxslərdən biri martın 4-də Türkiyədən gəldiyini etiraf edib. Digər məhbus Şamsidin Fariduni fevral ayında sosial şəbəkələrdə İstanbuldan fotolar dərc edib.

    Xatırladaq ki, martın 22-də axşam saatlarında Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi “terror aktı” maddəsi ilə bağlı cinayət işi açıb.

    Hadisə nəticəsində 551 nəfər yaralanıb, 145 nəfər (altısı uşaq) həlak olub. Terrorçular həbs olunublar. İstintaq davam edir.

  • Laçında komendant saatı barədə xəbər yayıldı: DTX hərəkətə keçdi

    Son günlər bəzi sosial şəbəkələrdə Azərbaycan-Ermənistan şərti sərhədində gərginliyin artması, Azərbaycan Ordusunda şəhidlərin və yaralıların olması, qoşun birləşmələrinin və ağır artilleriya silahlarının hazırlıq vəziyyətinə gətirilməsi, Laçın rayonu ərazisində komendant saatının tətbiq edilməsi ilə bağlı bir sıra şəxslər tərəfindən əsassız məlumatlar, reallığı əks etdirməyən saxta xəbərlər yayımlanır.

    Bununla bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

    Bildirilib ki, DTX tərəfindən aparılan araşdırmalar nəticəsində cəmiyyətdə narahatlığın yaranmasına səbəb olan bu kimi məlumatları yayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşları – 1977-ci il təvəllüdlü Rəşad Balağa oğlu Əliyev və 1973-cü il təvəllüdlü Pərviz Ramiz oğlu Məlikov olduğu müəyyən edilib, onların belə məlumatları yaymalarının qarşısı alınaraq zəruri hüquqi prosedur tədbirlər həyata keçirilib.

    MEDİA və DTX sözügedən əməllərin törədilməsinin ciddi hüquqi məsuliyyətə səbəb olduğuna dair xəbərdarlıq edərək, media subyektlərini və jurnalistləri sosial şəbəkələrdə yayımlanan qeyri-dəqiq, mənbəyi bilinməyən məlumatlardan istifadə etməməyə, vətəndaşları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, sosial şəbəkələrdə yayılan, rəsmi mənbələrə söykənməyən əsassız informasiyalara inanmamağa çağırır.

  • Azərbaycan Ermənistanın təxribatlarına necə cavab verəcək?

    Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşdirilən bölmələri yenidən təxribat törədiblər.

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, aprelin 7-si saat 17:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərimizi atıcı silahlardan atəşə tutub.

    Qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

    Yaxın günlərdə Ermənistanın Azərbaycanla şərti sərhədin digər istiqamətlərinə də atəş açacağı istisna deyil.

    Belə təxribatlarla üzləşən Azərbaycan müdafiə alətlərini işə salıb mövqelərinə qarşı davamlı atış nöqtələrini susdurmaq hüququna malikdir.

    Lakin indi üçün Azərbaycan onu təxribata çəkən addımlarla real ölçülü cavab tədbirlərinin sərhədlərini ayırmağı məqbul sayır.

    Bu, Azərbaycanın konkret və strateji hədəfləri miqyasındakı mövqelərini bir daha dəqiqləşdirməyə imkan verir.

    Dəqiqləşdirmələr Azərbaycanın Ermənistanla münasibətlərini normallaşdırmaq üçün səylərinin şaxələndirilmiş regional rejimini müəyyənləşdirəcək.

    Azərbaycanın, onsuz da, əlində böyük geosiyasi mexanizmləri var və bu alətlər hərbi qüdrətinin imkanları ilə daha da bərkiyir. Yəni Ermənistan sülh müqaviləsini imzalamaqdan yayınmaq üçün zamanı uzatmağa çalışsa da, yekun proses Azərbaycanın əleyhinə işləməkdən uzaqdır.

    Çünki İrəvanın təxribatları zamanı yarana biləcək mümkün genişmiqyaslı eskalasiya riski zamanı belə, Azərbaycan Ermənistan ərazisindəki hərbi hədəfləri sıradan çıxarmaq qabiliyyətini daha yüksək səviyyədə nümayiş etdirəcək.

    Buna görə də Ermənistanın onu şirnikləndirən hansısa qida mənbəsinə arxalanıb hərəkət etməsinin əhəmiyyəti yoxdur.

    Azərbaycanın risk ssenarisində potensial olaraq daha böyük hərbi və geosiyasi nəticələr ortaya qoyacağı şübhə doğura bilməz.

    Deməli, Azərbaycanla sülh müqaviləsini imzalamaqla hərbi təxribatlar törətmək arasında tərəddüd edən Ermənistan hansısa vədlərin onu qoruya bilməyəcəyini anlamalıdır. Çünki Ermənistanın baş verə biləcək hadisələrə vaxtında müdaxilə üçün müstəqil ideyası da yoxdur.