Month: April 2024

  • İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

    Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

    President.az-ın məlumatına görə, bayram təbrikində deyilir:

    “Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi çatdırıram.

    Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu ayda müsəlmanlar Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi zənginliyin fərəhini yaşamaq fürsəti qazanırlar.

    Xalqımız taleyinin ən çətin dönəmlərində belə, öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamışdır. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir. Builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır.

    Əziz bacı və qardaşlarım!

    Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq hissləri ilə yola salırlar. Ölkəmizin hər yerində xalqımıza xas xeyriyyəçilik və yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad edilir. Ümidvaram ki, dua və niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, bu mübarək bayram xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilərək cəmiyyətimizdə birliyi və həmrəyliyi daha da gücləndirəcəkdir.

    Allah orucunuzu qəbul etsin.

    Ramazan bayramınız mübarək olsun!”

  • Bakıda piyada işıqforunun düyməsi sındırılıb

    Piyada işıqforunun düyməsi sındırılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, naməlum şəxs və ya şəxslər Bibiheybət yolu, Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin qarşısında yerləşən bir ədəd piyada işıqforunun düyməsini sındırıblar.

    Nəticədə də işıqfor işləmədiyindən piyadalar yolu keçməkdə çətinlik çəkiblər. Problemin qısa zaman ərzində həll edilməsi üçün tədbirlər görülüb.

    Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi xatırladır ki, dövlət əmlakının qəsdən məhv edilməsi və zədələnməsi müvafiq olaraq inzibati və ya cinayət məsuliyyəti yaradır.

  • Beş ailə üzvünü qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində ekspertiza rəyi AÇIQLANDI

    Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub.

    APA-nın əldə etdiyi xəbərə görə, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib.

    Həmin rəy istintaq orqanına təqdim edilib.

    Xatırladaq ki, Ə.Əhmədov hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır. Bir müddət əvvəl məhkəmə istintaq orqanının vəsatəti əsasında onun barəsində psixoloji ekspertizanın keçirilməsi ilə bağlı qərar qəbul edib.

    Qərara əsasən, Əhməd Əhmədovun saxlandığı təcridxanadan tibbi-ekspertizadan keçirilməsi üçün ixtisaslaşmış xəstəxanaya aparılmasına icazə verilib.

    Əhməd Əhmədov 20 gün müddətində stasionar qaydada ekspertizadan keçirilib.

    Qeyd edək ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası – 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası – 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

  • Bakı Metropolitenində yoxlama aparılacaq

    Cari ildə Bakı Metropolitenində büdcədən kənar fondlarda dövlət borcunun auditini həyata keçirməyi planlaşdırırıq.

    Median.Az apa-ya istinadən xəbər verir ki, bunu Hesablama Palatasının bu keçirdiyi mətbuat konfransında Palatanın sədri Vüqar Gülməmmədov deyib.

    Palata sədri deyib ki, cari ildə 45 audit həyata keçirməyi planlaşdırırlar.

  • Lənkəran İcra Hakimiyyətində yeni təyinatlar olub

    Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinatlar olub.

    Median.Az apa-ya istinadən xəbər verir ki, Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sərəncamı ilə aprelin 8-də icra başçısının birinci müavini və başçının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrinə yeni təyinatlar olub. Sərəncama əsasən, Cəfərzadə Mikayıl Babək oğlu icra başçısının birinci müavini, Dadaşov Aqil İlqar oğlu isə başçının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrinə təyinat alıblar. Onlar kollektivə təqdim ediliblər.

    Qeyd edək ki, bu vəzifəyə qədər M.Cəfərzadə başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, A.Dadaşov isə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini vəzifələrində çalışıblar.

  • “E-taksi” yaradılıb, kartı olmayanlar cərimələnəcək

    Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün “AYNA” informasiya sistemində “E-taksi” alt sistemi yaradılıb. Operatorlar tərəfindən adsızlaşdırılmış məlumatlar real vaxt rejimındə həmin sistemə ötürüləcək.

    Median.Az-ın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, bununla yanaşı ərazidə fiziki olaraq AYNA və DYP əməkdaşları tərəfindən buraxılış kartları yoxlanılacaq.

    Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcək.

  • Məhkəmə sədri təyin edilən xanım hakimlər kimlərdir? – DOSYE

    Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Günel Əkbərli Hacıqabul Rayon Məhkəməsinin hakimi və sədri, Gülnar Səfərəliyeva isə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin sədri təyin edilib.

    G.Əkbərli 1983-cü ildə Bakı şəhərində anadan olub.

    O, 2011-17-ci illərdə Bakı şəhər prokurorunun İctimaiyyətlə əlaqələr üzrə köməkçisi, 2017-18-ci illərdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin prokurorluq orqanlarının fəaliyyətinin təşkili kafedrasının müəllimi-prokuroru, 2021-ci ildən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

    G.Səfərəliyeva isə 1988-ci ildə anadan olub. O, 2010-18-ci illərdə Naxçıvan MR Ali Məhkəməsində məsləhətçi-məhkəmə iclas katibi, 2021-ci ildən isə Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

  • Кто он – новоназначенный председатель городского суда Ханкенди? – ДОСЬЕ

    Сегодня Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение о назначении Илькина Абдуллаева судьей и председателем городского суда Ханкенди.

    Median.Az представляет вниманию читателей краткую биографическую справку о нем.

    Илькин Абдуллаев родился в 1985 году в Кюрдамирском районе.

    Он окончил факультет международного права Бакинского государственного университета.

    И.Абдуллаев работал старшим помощником прокурора Сабирабадского района, в 2018-2021 годах – судьей Лянкяранского суда по тяжким преступлениям, а с 2021 года – судьей Ширванского апелляционного суда.

  • Xankəndi Məhkəməsinə sədr təyin olunan İlkin Abdullayev kimdir? – DOSYE

    Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə İlkin Abdullayev Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin edilib.

    İ. Abdullayev 1985-ci ildə Kürdəmir rayonunda dünyaya gəlib.

    Qeyd edək ki, o, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.

    Təyinata qədər Sabirabad rayon prokurorunun böyük köməkçisi, 2018-2021-ci illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2021-ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

  • Tərtərdə kütləvi şəkildə meyvə ağaclarını niyə kəsdilər? – VİDEO

    Tərtər rayonunun Seydimli kəndində ağaclar kütləvi şəkildə kəsilib.

    Sakinlər bildirirlər ki, ərazidə olan çox sayda meyvə və şam ağacı ağır texnikalar vasitəsilə kəsilərək yandırılıb.

    “Tut, gilas kimi meyvə ağacları əkmişdik. Dedilər ki, buranı alıblar. Dillənsəniz, sizi də çölə çıxararıq”, – deyə sakin qeyd edib.

    Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, məsələ araşdırılır:

    “Bu il aprelin 3-də Seydimli kənd orta məktəbi yaxınlığında həmin kənd sakini Akif Mənsim oğlu Ələkbərov tərəfindən biri quru olmaqla ümumilikdə dörd ağacın qanunsuz götürülməsi faktı aşkarlanıb. Məsələ ilə bağlı akt və adıçəkilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, protokol tərtib olunub və qanuna müvafiq tədbirlər görülüb. Həmçinin məhv edilmiş yaşıllıqların bərpa edilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinə müraciət olunub”.

    Faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, o cümlədən hüquq-mühafizə orqanları protokol tərtib edib. Ağacları kəsən şəxsin kimliyi məlumdur. Faktla bağlı araşdırma aparılır.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik: