Month: April 2024

  • KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib

    Ermənistanda bir qrup müqaviləli hərbçi ordu sıralarında xidmətdən istefa verib.

    “Report” xəbər verir ki, bu barədə “Yerevan.today” məlumat yayıb.

    Bildirilib ki, onlar Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı vəziyyətə etiraz olaraq bu addımı atıblar.

    Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi KİV-i yalan və dezinformasiya yaymaqdan çəkinməyə, rəsmi hesabat və açıqlamalara istinadən etməyə çağırır.

  • Tovuzda qəza: Üç nəfər xəsarət alıb

    Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

    Hərəkətdə olan “Opel” ilə VAZ-2107 markalı minik maşınları toqquşub. Qəza zamanı xəsarət alan Anar Həsənov, Nicat Həsənov və Famil Həsənli xəstəxanaya yerləşdiriliblər.

    Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.

  • Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)

    “Çörəyin qiymətinin aşağı enməsi çörək istehsalçılarının insafına qalıb. Hazırda çörəyin qiymətinin ucuzlaşması üçün zəmin var. Məsələn, 70 qəpiyə satılan təndir çörəyinin maya dəyəri 30 qəpikdir. Deməli, bir çörəyi 40 qəpik bahasına satırlar. Zavod çörəyinin də maya dəyəri 30 qəpikdir. Onun qiymətini 20 qəpik azaltmaq imkanları var”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli dünya bazarında 2024-cü ildə buğdanın qiymətinin aşağı enməsinin çörək və unun qiymətinə təsirlərindən danışarkən deyib.

    Ekspertin sözlərinə görə, Azərbaycana idxal edilən buğdanın qiymətinin aşağı düşməsi çörək istehsalında maya dəyərinin azalmasına təsir göstərməlidir:

    “Dünya bazarında buğdanın qiymətinin ucuzlaşması dərhal unun və onun ardınca da çörəyin ucuzlaşmasına gətirib çıxartmalıdır. Lakin bunu müşahidə etmirik. 2022-ci ildən bəri zavod çörəyi adı ilə tanınan çörək 3 dəfə 5 qəpik, yəni ümumilikdə 15 qəpik çivarında ucuzlaşıb. 65 qəpikdən 50 qəpiyə düşüb. Bu da yalnız zavod çörəyinə aiddir. Digər çörəklərin qiyməti əvvəlki qaydada qalıb. Bunun da səbəbləri inhisarçılıqla əlaqədardır”.

    Akif Nəsirli qarşıdakı aylarda çörəyin qiymətinin aşağı enməsinə inanmadığını vurğulayıb:

    “Yəni, onların rəqibi olmadığından çörəyin ucuzlaşması barədə düşünmürlər. Çörək hazırda az qala maya dəyinin iki qatına satılır. Amma gördüyümüz kimi ucuzlaşmır. Ucuzlaşma üçün qarşıdakı dövrdə zəmin olacaq. Maya dəyəri bir qədər aşağı düşəcək. Amma onu sahibkarlar nəzərə alacaqmı? Bunun üçün zamana ehtiyac var”.

  • Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü (VİDEO)

    Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürüb.

    Hadisə Zelenoqrad şəhərində baş verib.

    Bildirilir ki, “QAZel” markalı avtomobilin sürücüsü maşının mühərrikini söndürmədən yükünü boşaltmağa gedib, bu zaman bir qız maşının kabinəsinə minib. Prokurorluğun yaydığı videogörüntülərdən aydın olur ki, yük maşını hərəkətə başlayan kimi qız kabinədən tullanıb, bundan sonra idarəetməsi itmiş “QAZel” piyadaların üzərinə gedib, birinin isə üstündən keçib.

    Prokurorluğun məlumatına görə, hadisə nəticəsində 18 yaşlı şəxs yaralanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
    //KP.ru

  • Türkiyə toyuq ətinin ixracına qadağa tətbiq etməyə hazırlaşır

    Türkiyənin Ticarət Nazirliyi toyuq ətinin ixracına müvəqqəti qadağa tətbiq edən qaydalar hazırlayır. Sənədin hazırlanması son mərhələdədir.

    Bu barədə “Haber Global” telekanalı məlumat yayıb.

    Tədbir ağ ətin qiymətinin artım tempini yavaşlatmaq üçün nəzərdə tutulub. Son beş ayda bu məhsul artıq 200% bahalaşıb.

    Ölkədə qırmızı ətin bahalaşması fonunda problem daha da pisləşib. Belə ki, bu gün Türkiyədə mal ətinin kiloqramı təxminən 17-20 dollardır. Qiymətlər baha olduğundan əhali daha ucuz toyuq ətinə keçib. Artan tələb qiymətlərin sıçrayışına səbəb olub.
    //qaynarinfo

  • Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

    Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1 567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə “EFES – 2024” çoxmillətli təlim keçirilir.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd edilib ki, kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələdən ibarət olan təlimə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu cəlb olunub.

    “EFES – 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.

  • 60 yaşlı qadın dünya gözəli seçildi – FOTO

    Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən gözəllik müsabiqəsinin qalibi Alejandra Marisa Rodriges olub.
     
    60 yaşlı Alejandra Marisa Rodriges Buenos-Ayresin “Kainat gözəli” seçilməklə yeni cığır açıb.
     
    Qeyd edək ki, ötən il Miss Universe təşkilatçıları müsabiqədə iştirak edəcək insanlar üçün yaş məhdudiyyəti tətbiq etməyi dayandırdılar. Bu ildən etibarən müsabiqədə yaşı 18-dən yuxarı olan hər kəs iştirak edə bilər.

    //sfera.az

  • Azərbaycanda müəllim vəfat edib – FOTO

    Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbin müəllimi vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Məlumata görə, məktəbin fizika müəllimi Vəkil İsmixan oğlu Abbasov 60 yaşında dünyasını dəyişib.

  • Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib

    Azərbaycanın daha 3 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında mübarizəyə qoşulub.

    Yarışın son günündə 90 kq çəki dərəcəsində Murad Fətiyev 1/4 finala, Elcan Hacıyev yarımfinala qədər irəliləyib.

    Yarımfinala adlayan digər idmançımız Zelim Kotsoyev isə 100 kq çəkidə bu uğura imza atıb.

    Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala sahib çıxıb. Növbəti gün Hidayət Heydərov (73 kq) qızıl medal qazanmaqla dördüncü dəfə Avropa çempionu olub.
    //report

  • “Şeytan çarxı” fəaliyyətini dayandırıb? – RƏSMİ AÇIQLAMA

    Sosial şəbəkələrdə paytaxtda bulvar ərazisində yerləşən “Panoram attraksionu”nun (şeytan çarxı) fəaliyyətinin dayandırılması ilə bağlı məlumatlara rast gəlinib. Bu, əylənmək istəyənləri bir qədər narahat edib.

    Oxu.az-ın əməkdaşı məsələyə aydınlıq gətirilməsi üçün Dənizkənarı Bulvar İdarəsi ilə əlaqə saxlayıb.

    Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Şeytan çarxı”nın fəaliyyətinin dayandırması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir:

    “Şeytan çarxı” fəaliyyətini dayandırmayıb. Attraksion fəaliyyət göstərir. Yayılan məlumatlar absurddur. Attraksionun fəaliyyəti ümumiyyətlə dayandırılmayıb. Sadəcə küləkli hava şəraitində işləməsi mümkün deyil. Fəaliyyətə başladığı ilk gündən bu prinsiplə çalışır”.

    Qeyd edək ki, attraksion 2014-cü ildən fəaliyyət göstərir. Ötən il təmirə bağlanan “Şeytan çarxı” bu il martın 16-da fəaliyyətini bərpa edib.