Month: April 2024

  • Faiq Ağayev: “Biz sevgili olmamışıq”

    “Mən Aygünü hər zaman sevmişəm. Aygün mənə deyir ki, məni səndən çox sevən olmayıb”.

    Bu sözləri “Azad Azərbaycan” televiziyasının (ATV) efirində Xalq artisti Faiq Ağayev deyib.

    O, həmkarı, Xalq artisti Aygün Kazımova ilə münasibətlərindən danışıb.

    “Mən Aygün Kazımovanı 35 ildir ki, tanıyıram. Bu 35 ildə onu sevmişəm. Biz sevgili olmamışıq. Aygün mənim üçün dostdur, bacıdır, sirdaşdır. Amma bizim pərdənin digər tərəfinə keçməyimiz heç zaman olmayıb. Lakin sevgili olsaydıq, hər ikimiz razı qalardıq”, – deyə Faiq Ağayev qeyd edib.

  • Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır

    Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat verib.

    Bildirilib ki, ümumilikdə prospekt boyunca 10 kilometrə yaxın velosiped yollarının salınması nəzərdə tutulur.

    Velosiped yolları “bufer zona”lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılır.

  • Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb – VİDEO

    İdman zalının kassasını talayaraq 12 min manat ələ keçirən mühafizəçi saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, paytaxtın Yasamal rayonunda yerləşən idman zallarından birindən oğurluq edilib. Obyektin sahibi Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək kassa aparatının sındırılaraq oradan 12 min manata yaxın vəsaitin oğurlandığını bildirib.

    Araşdırmalarla pulun idman zalının mühafizəçisi 1992-ci il təvəllüdlü Ehtibar Adilov tərəfindən oğurlandığı müəyyən olunub. Həmin şəxs keçirilən tədbirlərlə saxlanılaraq 26-cı Polis Bölməsinə gətirilib.

    Barəsində toplanan material araşdırmaların davamı üçün istintaqa göndərilib. E.Adilovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.

  • Prezident quru sərhədlərin bağlı qalmasından danışdı

    “Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.

    “Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik. Bizim bütün potensial risklərimizin kənardan gəldiyini söylədikdə, mən bunu nəzərdə tuturdum”, – deyə dövlətimizin başçısı bildirib.

  • Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

    Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-ın Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik.

    Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda söyləyib.

    Dövlət başçısı əlavə edib ki, bu təsisatın tarixində heç zaman keçmiş SSRİ respublikası ilə bu cür görüş olmayıb. Hətta Ukrayna, Gürcüstan və Moldova ilə bu cür görüş keçirilməyib.

  • İlham Əliyev: “Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur”

    “Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.

    “Üzləşə biləcəyimiz yeganə potensial risklər xaricdən gələ bilər. Onda biz nə etməliyik? Biz qapılarımızı hərc-mərclik yaradanların üzünə bağlı, sadiq qonaqlarımızın üzünə isə açıq saxlamalıyıq”, – deyə dövlət başçısı qeyd edib.

  • Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

    Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib.

    Median.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, bu da proqnozla müqayisədə 216,7 milyon manat və ya 5,0 faiz, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 702,6 milyon manat və ya 18,2 faiz çoxdur.

    2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 30,0 faizi və ya 1367,3 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmalar, 70,0 faizi və ya 3195,3 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təşkil edir.

    Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olmuş neft-qaz gəlirlərinin 48,8 faizi və 667,9 milyon manatı Şahdəniz yatağı üzrə mənfəət vergisi, 34,0 faizi və ya 464,8 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 17,2 faizi və ya 234,6 milyon manatı ABƏŞ-in mənfəət vergisi təşkil edir.

  • Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib – VİDEO

    Aprel ayının 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə verdiyi tapşırıqların icrası çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasında əsaslı təmir olunan yaşayış binası xidməti istifadəyə verilib.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

    Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun inkişaf etdirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi ölkə rəhbərinin dövlət sərhədinin mühafizəsinə ali diqqətinin növbəti təzahürü olduğunu bildiriblər. Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

    Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev xidməti istifadəyə verilmiş yaşayış binasında yaradılmış şəraitlə tanış olub və xidməti mənzillərə baxış keçirib. Bildirilib ki, yeni istifadəyə verilmiş üçmərtəbəli yaşayış binası 19 mənzil, üç istirahət otağı olmaqla ümumi 86 çarpayıdan ibarətdir. Bütün mənzillər təmirlidir və mətbəx mebeli ilə təchiz olunub.

  • Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”

    “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.

    Həmin ölkələrin bunu açıq şəkildə həyata keçirdiklərini vurğulayan dövlətimizin başçısı qeyd edib:

    “Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nə isə sübuta yetirsinlər. Biz sadəcə oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və Ermənistanın bu gün qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq”.

  • Azərbaycanın xarici dövlət borcu açıqlandı

    2024-cü ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1972,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub.

    Maliyyə Nazirliyindən verilən məlumata görə, bu, 2024-cü ilin 1-ci rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatda bildirilib.

    Qeyd olunub ki, cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 66,6 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 1021,4 milyon manatın (əsas borc üzrə 850,0 milyon manat, faiz borcu üzrə 171,4 milyon manat, bank xidmətləri haqqının ödənilməsi 0,01 milyon manat), cəmi 1088,0 milyon manatın ödənilməsi təmin edilib.

    Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2024-cü il 1 aprel tarixinə xarici dövlət borcu 5507,3 milyon ABŞ dolları ekvivalentinə bərabər olub.

    Daxili dövlət borcalmasının həcminin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlik əyrisinin formalaşdırılması və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi nəticəsində daxili dövlət borcu 2024-cü il 1 aprel tarixinə 16415,8 milyon manat təşkil edib.