Month: May 2024

  • Şamaxıda avtomobil yanıb

    Şamaxı şəhərində yanğın olub.

    Median.Az FHN-ə istinadən xəbər verir ki, “Kia” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Azərbaycanda vəfat edən tələbə bir gün əvvəl əməliyyat olunubmuş – AÇIQLAMA

    “Əməliyyatdan dərhal sonra dünyasını dəyişib”.

    Bu barədə oxu.az-a Bakı Slavyan Universitetindən tələbə Sevinc Bayramovanın ölümü barədə bildirilib.

    Universitetdən Sevinc Bayramovanın heç bir xəstəliyi olmadığı vurğulanıb:

    “Tələbənin xəstəliyi yox idi. Bir müddət əvvəl qızılcaya yoluxmuşdu. İmmuniteti aşağı düşmüşdü. Bir qədər zəifləmişdi. Hər hansı bir xəstəlikdən əziyyət çəkmirdi. Bir gün öncə əməliyyat olunub. Əməliyyatdan dərhal sonra klinikada dünyasını dəyişib. Çox yaxşı tələbə idi. Dekan və müəllimlərinin dediyinə görə, dərslərdə hər zaman aktiv iştirak edirmiş. Allah rəhmət etsin!”

  • Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək

    Bu ilin 25 may tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) qatarları şənbə və bazar günləri hər iki istiqamətdə hərəkət edəcək.

    Bu barədə “Azərbaycan Dəmir Yolları”na istinadən xəbər verir.

    “25 may tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlarımız şənbə və bazar günləri hər iki istiqamətdə hərəkətdə olacaq”, – məlumatda qeyd olunur.

  • Zeynəb Xanlarova illər sonra Şuşada – FOTO

    Xalq artisti Zeynəb Xanlarova illər sonra Şuşaya yollanıb.

    Bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkə hesabında paylaşım edib.

    “Zeynəb xanım azad Şuşaya ilk dəfə gəlir. Xoş oldu Cıdır düzündə böyük sənətkarımızla görüşmək” – deyərək, Rəşad Məcid qeyd edib.

  • DİN və ANAMA mina təhlükəsi ilə bağlı müraciət edib – VİDEO

    Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) vətəndaşlara mina təhlükəsi ilə bağlı müraciət edib.

    Müraciətdə deyilir:

    “Unutmayın, sizi evdə gözləyən əzizləriniz var!

    Özünüzü minaya qurban verməyin!

    Vətəndaşlar arasında mina təhlükəsizliyinə dair maarifləndirmə işinin daha da artırılması məqsədi ilə hazırlanan videoçarxın geniş tamaşaçı auditoriyasına çatdırılmasına tövhə verməyi hər kəsdən xahiş edirik.

    DİN və ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır”.

  • Ильхам Алиев и Мехрибан Алиева принимают участие в открытии фестиваля “Харыбюльбюль” – ПРЯМОЙ ЭФИР

    Президент Азербайджанской Республики Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева принимают участие в открытии VII Международного музыкального фестиваля “Харыбюльбюль” в Шуше.

    Как сообщает АЗЕРТАДЖ, глава государства выступил на мероприятии.

    Затем выступил генеральный директор ИСЕСКО Салим бин Мухаммад аль-Малик.

  • İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.

    Prezident İlham Əliyevin çıxışı:

    “Hörmətli ICESCO-nun Baş direktoru cənab əl-Malik.

    Hörmətli qonaqlar, əziz dostlar.

    Bildiyiniz kimi, Şuşa şəhəri İslam dünyasının mədəniyyət paytaxtı elan olunmuşdur. Bu qərara görə ICESCO-ya, onun rəhbərliyinə, ICESCO-ya üzv ölkələrə – qardaş ölkələrə öz təşəkkürümü bildirmək istəyirəm. Şuşa bu şərəfli ada layiq görülüb və biz bunu İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti kimi qəbul edirik.

    Birinci dəfə deyil ki, Azərbaycan şəhəri bu şərəfli ada layiq görülür. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhəri də İslam dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Bu dəfə isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa bu şərəfli adı daşıyacaq.

    Biz İslam həmrəyliyi istiqamətində ardıcıl fəaliyyət göstəririk. Azərbaycan İslam dünyasının birləşməsi, İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir.

    Ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəni tədbirlər keçirilir. Təbii ki, Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq.

    Şuşa Azərbaycanın bir çox dahi mədəniyyət xadimlərinin vətənidir. Şuşada doğulmuş, burada boya-başa çatmış görkəmli və dahi mədəniyyət xadimləri bizim qürur mənbəyimizdir. Şuşa nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində və daha böyük coğrafiyada tarixən mədəniyyət ocağı kimi tanınırdı. Şuşanın mədəniyyət xadimlərinin fəaliyyəti hər zaman böyük diqqət cəlb edirdi.

    Biz 28 il Şuşasız yaşayırdıq. Həm şuşalılar, həm bütün Azərbaycan xalqı bu illəri mənəvi əzab illəri kimi öz yaddaşlarında saxlayırlar və saxlayacaqlar. Dünən Şuşa şəhərinin dirçəldilməsi istiqamətində növbəti addım atılmışdır, ilk sakinlər uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıb burada məskunlaşmışlar. Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. Şuşa, sözün əsl mənasında, dirçəlir. Şuşanın bir çox tarixi və dini abidələri işğal dövründə işğalçılar tərəfindən tamamilə dağıdılmışdır. Hazırda dörd məscid yenidən qurulub, digər məscidlərdə təmir-bərpa işləri aparılır.

    Bu işğala baxmayaraq, Şuşa öz ruhunu – Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Biz Şuşa azad olunandan sonra Şuşaya qayıtdıqda bir daha hər birimiz bunu görmüşük və dəfələrlə görürük. Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var. Şuşa işğal, əsarət dövründə əyilmədi və biz – Azərbaycan xalqının nümayəndələri Şuşaya qayıtmalı idik. Qan tökərək, şəhidlər verərək, – Allah bütün şəhidlərimizə rəhmət eləsin, – Şuşanın azad edilməsi, şəhər döyüşləri nəticəsində azad edilməsi tariximizin parlaq səhifəsidir.

    Qeyd etdiyim kimi, Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq rəmzidir, zəfər rəmzidir və sülhün rəmzidir. Çünki məhz Şuşanın azad olunmasından sonra işğalçılar tam anladılar ki, müqavimət göstərmək onlara heç nə verməyəcək və beləliklə, bu gün biz Şuşanı tam haqlı olaraq sülhün rəmzi kimi qiymətləndirə bilərik.

    Mən xarici qonaqları səmimiyyətlə salamlayıram. Builki “Xarıbülbül” festivalı bu hadisəyə – Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasına həsr edilib. Bu gün bir çox müsəlman ölkələrinin kollektivləri bizim üçün müqəddəs olan Cıdır düzündə öz məharətlərini ifadə edəcəklər. Bu, birlik bayramı olacaq, bu, həmrəylik bayramı olacaq. Eyni zamanda, Azərbaycan xalqının əyilməz ruhunu nümayiş etdirən bu məkan həm işğala qədər, həm işğal dövründə, həm də işğala son qoyulandan sonra hər birimiz üçün doğma və əzizdir. Bizim qəhrəman əsgər-zabitlərimiz, bax, bu sıldırım qayalara dırmaşaraq yüngül silahlarla şəhəri düşməndən azad etmişlər.

    Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq. Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin. Sağ olun”.

    Sonra ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxış edib.

    Salim bin Məhəmməd əl-Malikin çıxışı:

    “Rəhimli və mərhəmətli Allahın adı ilə.

    Aləmlərin Rəbbi olan Allaha həmd olsun!

    Məhəmməd Peyğəmbərə salam və dua olsun!

    Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab İlham Əliyev.

    Birinci vitse-prezident Mehriban xanım Əliyeva.

    Hörmətli iştirakçılar, hörmətli nazirlər, səfirlər, hörmətli qonaqlar.

    Allahın salamı, rəhməti və bərəkəti sizə olsun.

    O, sanki əzəmətli dağlarının zirvələrinə yüksəlib ki, yeni nailiyyətini fəxrlə bildirsin. 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı oldu. 2023-cü ildə isə o, Türk dünyasının mədəniyyət paytaxtı seçildi. Amma 2024-cü ilin bu günündə o, İslam dünyasının mədəniyyət paytaxtı kimi özünəməxsusluq bayrağını və dühasını daşıyır. Hər dəfə əhatə genişlənir, coğrafiya böyüyür. Üç il mədəniyyət paytaxtı adına layiq olan az sayda belə şəhər var. Bu, dərin bir işarədir. Bu, nailiyyətə, imkanlara və ehtirama işarədir. Bu, Şuşa şəhəridir – paklıq, saflıq və xoş ab-hava şəhəri. Şəhərin adı da elə buradan gəlir. Bizlərdən kimsə dünyada adı saflığa və təmizliyə uyğun gələn başqa şəhər tanıyırmı? Buranın havası təmiz, insanların hissləri pakdır. Buna görə də təəccüblü deyil ki, Şuşa bütünlüklə Qafqazda musiqinin paytaxtıdır, təsviri sənətin məkanıdır, gözəl Azərbaycan xalçasının vətənidir, musiqi, fikir və şairlər yurdudur. Görəsən, bütün bunlar paklığın və saflığın hədiyyəsidirmi?

    Şuşa 1751-ci ildə banisi Pənahəli xan tərəfindən ümidlərlə salınıb. Dünya şəhərlərini qoynuna alaraq öz mədəniyyəti ilə onları tanış edib, öz ticarət əlaqələrini möhkəmləndirib. Onun tacirlərinin əks-sədası bütün dünyadan gəlib. Onlar oralara təkcə xalça, qumaş parçalar və mərmər deyil, həm də şeir, poeziya, fəlsəfə, gözəl tablolar göndəriblər. Göndərilənlər içərisində musiqi alətləri də var idi. Ustalar onları sevgi ilə hazırlayıb və nadir yaradıcılıq nümunələri kimi şəhərlərə paylayıblar.

    Şuşa daim yüksəklikdə, ucalıqdadır. Onun mütəfəkkirləri, yaradıcı insanları Şuşanın Qafqaz müsəlman kimliyini öz qələmlərində və mürəkkəb qablarında daşımışlar. Onunla Azərbaycan insanının şəxsiyyətini, mədəniyyət hüdudlarını qoruyub saxlamışlar. Buna görə də şəhərin bayrağı daim uca olmuşdur. Qəddar düşmənlər onun şirinliyini ələ keçirmək üçün hər zaman pusquda durmuşlar, lakin şəhər çox keçməmiş öz əziz vətəninin qoynuna qayıtmışdır, qəlblərdə əbədi qalmışdır. Onun zənginliyinə aşiq olmuş mütəfəkkirləri, şairləri, sənətkarları yaddaşlara əbədi həkk olmuşdur. Biz bunlara şairlər Xurşidbanu Natəvanı, Molla Pənah Vaqifi, Qasım bəy Zakiri, xanəndə Cabbar Qaryağdıoğlunu, ifaçı Mirzə Sadıqı, yazıçı Nəcəf bəy Vəzirovu, bəstəkar Üzeyir Hacıbəylini, dramaturq Əbdürrəhim bəy Haqverdiyevi, bəstəkar Fikrət Əmirovu, mütəfəkkir Əhməd Ağaoğlunu və başqalarını aid edə bilərik. Dünən böyük xanəndə Bülbülün evində olanda divarlar, mebellər, ağacların kölgələri dil açıb bizə deyirdi ki, bu ev Şuşada keçmişlə indinin əlaqəsini göstərir, övladların ata-babalarının irsi ilə əlaqəsini sübut edir, enməyən bir bayrağa işarə edir.

    Birinci vitse-prezident, birinci xanım, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu qarşısına nəcib hədəflər qoyub. Belə ki, bu Fond, Qarabağın başqa yerlərində olduğu kimi, Şuşa şəhərinin abadlaşdırılması, yenilənməsi yükünü də öz üzərinə götürüb. Biz bu işlərin hər yerdə vüsət aldığının şahidiyik. Bu nümunəvi Fond qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir. Biz burada yeni yolları, yaraşıqlı binaları, gözəl hotelləri, yenilənən muzeyləri, xalçaları və məscidləri görürük. Bütün bunlar məsuliyyətin dərk edilməsinə, çağırışa hazır olmağa dəlalət edir.

    Bu, hərtərəfli inkişaf çağırışıdır. Bunu Prezident İlham Əliyev zəkası ilə böyük həvəslə həyata keçirir və bu da təəccüblü deyil, çünki məhz O, torpaqların azadlığı bayrağını qaldırmışdır. Məhz O, əbədi qayıdış anını xalqına bildirmişdir. Məhz O, öz ayıq-sayıqlığı ilə şəhərin azadlığını planlaşdırmışdır. Bu isə başqa hekayədir.

    Şuşa 30 il ərzində Vətənin gözündən uzaq qalsa da, Azərbaycan xalqının övladlarının qəlblərində qorunub saxlanılırdı. Şuşa öz övladlarının sevgisinin və fədakarlığının miqyasını ölçürdü. Şuşa övladlarının ona qayıtmaq üçün çəkdikləri həsrətin səmimiliyinə əmin idi. Xalq dürüstlük, etibarlılıq sınağından uğurla keçərək Qafqaz şəhərlərinin incisini Azərbaycana qaytardı, özü də müzəffər şəkildə qaytardı. Şuşanın əzəmətini bilənlərdə iftixar hissləri coşdu.

    Həmin dövrdə ICESCO uzaqda deyildi, Azərbaycan xalqını sevindirən onu da sevindirdi, cəmiyyətin sevincinə qoşuldu. Buna görə də təşkilat vədlərinə sadiq qaldı. ICESCO fəxr edir ki, Prezident İlham Əliyev onun planlarını və Azərbaycanla bağlı proqramlarını dəstəkləyir və təşkilat da öz növbəsində ona öz vəfa borcunu yerinə yetirir. Azərbaycanın zəkalı oğulları ICESCO-da fəaliyyət göstərir, orada təcrübəli ekspertlər kimi çalışırlar.

    ICESCO, həmçinin buraya irs missiyası göndərib və bu, azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır. Bu, tarix kitablarında və vəfa dəftərində qalacaq həqiqətdir. ICESCO bu işə dünən başlamışdır. Amma təşkilat bu gün və sabah da Azərbaycanla olan özünəməxsus etibarlı əlaqələrinə sadiq qalacaq, onun yanında olacaq, onun sivilizasiyada tutduğu yolu müdafiə edəcək, sevinc və qürur anlarını onunla birlikdə qeyd edəcək. Onun oğullarının və qızlarının həyata keçirdiyi quruculuq işlərini dəstəkləyəcək. Paklıq ətrinin və saflıq müşkünün daşıyıcısı olan şuşalı İslam dünyası mübarək olsun. Onun sevgisini bölüşən, hər zaman onu görməyə can atan İslam dünyalı Şuşaya eşq olsun!

    Cənab Prezident, Sizə, Birinci vitse-prezidentə, hökumət və parlament üzvlərinə, bütün Azərbaycan xalqına mübarəkdir deyirəm. Allah Şuşanı hifz etsin. Allah Azərbaycanı qorusun. Qoy, həmişə qələbə və nailiyyətimizi bayram edək. Qarabağ Azərbaycandır! Sağ olun”.

  • Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı

    Mayın 11-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə toplantı keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Müdafiə naziri mayın 10-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Şuşada birinci yaşayış kompleksinin açılışı zamanı şəhərə köçmüş ilk sakinlərlə görüşündəki çıxışından irəli gələn tapşırıqları toplantı iştirakçılarına çatdırıb.

    Ali Baş Komandanın çıxışının Azərbaycan Ordusunda bütün şəxsi heyətə çatdırılmasının əhəmiyyətini qeyd edən nazir bununla bağlı aidiyyəti üzrə müvafiq göstərişlər verib.

    Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirovun hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılması ilə bağlı müvafiq Sərəncamı çatdırılıb.

    Müdafə naziri Azərbaycan Ordusunun digər qoşun növləri kimi HHQ-nin də Vətən müharibəsi və digər əməliyyatlarda fəaliyyətinin Ali Baş Komandan tərəfindən hər zaman yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.

    Bildirilib ki, dövlət başçısının tələblərinə uyğun olaraq son dövrlərdə HHQ-nin inkişafı istiqamətində mühüm addımlar atılıb və hərbi potensialı daha da artırılıb. Silahlanmaya müasir tələblərə cavab verən yeni aviasiya və pilotsuz uçuş aparatlarının qəbul edilməsi, peşəkar hərbi qulluqçuların, pilotların hazırlanmasının Ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatların bariz nümunələrindən olduğu diqqətə çatdırılıb.

    Xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə HHQ komandanı və şəxsi heyəti dəfələrlə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə müxtəlif mükafat və medallara layiq görülüb.

    Müdafiə Nazirliyinin rəhbər heyəti Azərbaycan Ordusunda uzunmüddətli qüsursuz xidməti, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün qorunub saxlanılmasında və hərbi xidmətdə xüsusi xidmətinə görə general-leytenant R.Tahirova təşəkkür edib və ona gələcək həyatında uğurlar arzulayıb.

    General-leytenant R.Tahirov isə öz növbəsində xidmət etdiyi müddət ərzində göstərilən etimada görə Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ifadə edərək bundan sonra da fəaliyyətlərində dövlətçilik ənənələrinə sadiq qalacağını bildirib.

  • Главы МИД Азербайджана и Армении договорились продолжить переговоры по открытым вопросам – ОБНОВЛЕНО

    10-11 мая в Алматы состоялись переговоры между министром иностранных дел Азербайджана Джейхуном Байрамовым и министром иностранных дел Армении Араратом Мирзояном.

    Как сообщили в управлении пресс-службы Министерства иностранных дел, министры приветствовали продвижение в области делимитации и достигнутые в этом отношении договоренности. Министры и их делегации продолжили обсуждение положений проекта “Двустороннего соглашения об установлении мира и межгосударственных отношений между Азербайджаном и Арменией”. Стороны договорились продолжить переговоры по нерешенным вопросам, по которым все еще существуют разногласия.

    В рамках визита министры в отдельности встретились с заместителем премьер-министра Казахстана – министром иностранных дел Муратом Нуртлеу как в двустороннем, так и в трехстороннем формате.

    Министр Джейхун Байрамов выразил благодарность казахстанской стороне за предоставление площадки для проведения переговоров между Азербайджаном и Арменией.

    * * * * *

    Переговоры между министрами иностранных дел Азербайджана и Армении Джейхуном Байрамовым и Араратом Мирзояном продолжатся сегодня в Казахстане, в городе Алматы.

    Как сообщает АПА, главы МИД продолжат обсуждение проекта “Двустороннее соглашение об установлении мира и межгосударственных отношений”.

    Переговоры между министрами начались вчера. Обсуждения в первом раунде заняли 4 часа.

  • Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar – YENİLƏNİB

    10-11 may 2024-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində danışıqlar aparılıb.

    Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.

    Səfər çərçivəsində, nazirlər Qazaxıstanın Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu ilə ayrı-ayrılıqda ikitərəfli, o cümlədən üçtərəfli formatda görüşüblər.

    Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Qazaxıstan tərəfinə minnətdarlığını bildirib.

    * * * * *

    Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar bu gün Qazaxıstanın Almatı şəhərində davam etdiriləcək.

    APA-nın Almatıya ezam olunmuş müxbiri xəbər verir ki, nazirlər “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə müzakirələri davam etdirəcəklər.

    Qeyd edək ki, nazirlər arasında danışıqlar dünən başlayıb. İlk raundda müzakirələr 4 saat çəkib.