Month: May 2024

  • Ölkəmizdə quş ətinin qiyməti arta bilər? – VİDEO

    Türkiyədə toyuq ətinin qiyməti 200 faiz bahalaşıb. Bunun qarşısını almaq üçün hökumət müəyyən addımlar atmağa başlayıb.

    Belə ki, Türkiyə Ticarət Nazirliyi quş ətinin ixracına müvəqqəti qadağanı nəzərdə tutan yeni qanun layihəsi hazırlayıb.

    Maraqlıdır, bu hal ölkəmizdə quş ətinin qiymətinin artması ilə nəticələnə bilər?

    Məsələ ilə bağlı ARB TV-nin efirində yayımlanan verilişlərin birində Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Mürvət Həsənli, ölkəmizin Türkiyədən quş əti idxalının çox az olduğuna görə qardaş ölkədə son baş verənlərin Azərbaycana təsiri olmayacağını deyib.

    O, ölkəmizdə quş ətinə illik hesabatın 160-170 min ton civarında olduğunu bildirib.

    “Ölkəmizə quş ətinin idxalı, əsasən Ukrayna, Belarus və Rusiya kimi MDB ölkələrindəndir”, – deyə Mürvət Həsənli qeyd edib.

    Ətraflı videosüjetdə:

  • 32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir – VİDEO

    32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Şəki rayonun Aşağı Kəldək sakini Aybəniz Məsimova sosial müavinət ala bilmir.

    Onun sözlərinə görə, həyat yoldaşından geri qalan nikah müqaviləsi sosial müavinət almaqda problem yaradır. “Ünvanlı sosial yardım üçün müraciət edəndə məndən sənədlərin qəbuluna görə boşanma haqqında və ya həyat yoldaşımın ölümünü təsdiqləyən sənəd tələb edirlər”.

    Məsələ ilə bağlı vəkil Emil Aslanov bildirib ki, vətəndaş nikahın qüvvədən düşməsini istəyirsə, qarşı tərəf olmadığı halda da məhkəməyə müraciət edə bilər:

    “Ancaq bu halda bir qədər gözləməli olacaq”.

    Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu qısa müddət ərzində Aybəniz Məsimova ilə əlaqə saxlayaraq problemin həlli üçün işlər görüləcəyini bildirib.

    Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

  • Kvaratsxeliya karyerasını PSJ-də davam etdirə bilər

    İtaliyanın “Napoli” klubunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliya karyerasını Fransa təmsilçisi PSJ-də davam etdirə bilər.

    Median.Az “Report”a istinadən xəbər verir ki, gürcüstanlı futbolçu Paris klubunun əsas transfer hədəfidir.

    PSJ-nin nümayəndələrinin artıq Kvaratsxeliyanın yaxın ətrafı ilə görüşdükləri, futbolçunun da Liqa 1 təmsilçisinə keçməyə müsbət yanaşdığı bildirilib.

    Qeyd edək ki, X.Kvaratsxeliya 2022-ci ildə 10 milyon avro qarşılığında Batumi “Dinamo”sundan “Napoli”yə transfer olunub. Bu mövsüm o, neapolluların heyətində meydana çıxdığı 42 oyunda 10 qola, 9 məhsuldar ötürməyə imza atıb. 23 yaşlı futbolçunun İtaliya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

  • Rusiyada sərnişin avtobusu çaya düşüb, iki nəfər ölüb, beşi yaralanıb

    Rusiyanın Sankt-Peterburq şəhərində sərnişin avtobusunun Moyka çayına düşməsi nəticəsində iki nəfər ölüb, beşi yaralanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin şəhər və vilayət üzrə Baş İdarəsinin mətbuat xidməti bildirib.

    Məlumata görə, avtobusda təxminən 20 nəfər olub.

    Bildirilib ki, hadisə yerinə 18 texnika və 70 xilasedici cəlb edilib.

  • BMT Baş Assambleyası fələstinlilərin təşkilata üzv olmaq hüququnu tanıyan qətnamə qəbul etdi

    BMT Baş Assambleyasında Fələstinin təşkilata tamhüquqlu üzvlüyü ilə bağlı fövqəladə sessiya keçirilib.

    BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib.

    Sənədi 143 dövlət dəstəkləyib, doqquz ölkə qarşı çıxıb, 25 dövlət isə bitərəf qalıb.

    Qətnamənin qəbulu üçün üzv ölkələrin üçdə ikisinin səsi tələb olunurdu.

    “Baş Assambleya müvafiq olaraq Təhlükəsizlik Şurasına bu qərar fonunda məsələni müsbət yöndə yenidən nəzərdən keçirməyi tövsiyə edir”, – deyə qətnamə layihəsinin mətnində vurğulanıb.

    Mənbə: İnterfaks.ru

  • Qazaxda təbii fəlakət fəsadlar törədib

    Son günlər yağan yağışlar Kür çayında sululuğun artmasına səbəb olub.

    AZƏRTAC xəbər verir ki, çayın Qazax rayonu ərazisindən keçən hissəsində Kürün öz məcrasından çıxması və ətrafa yayılması nəticəsində əkin sahələri və təsərrüfatlara ziyan dəyib.

    Təbii fəlakət əsasən rayonun Aşağı və Orta Salahlı kəndlərinin əkin torpaqlarında fəsadlar törədib.

    Kənd sakinlərinin çay kənarında yerləşən təsərrüfatlarını sonuncu dəfə iki il öncə də sel suları altında qalmışdı. Kür çayı kənarındakı heyvandarlıq təsərrüfatları sahibləri vaxtında heyvanlarını təxliyə edə biliblər.

    Kənd sakini Ağaəli Muradov deyir ki, heyvandarlıqla məşğuldurlar. Ferma Kür çayının kənarında olduğundan heyvanları təsərrüfatdan çıxarmalı olublar.

    “Fermadan başqa taxıl və qarğıdalı sahəm var. Həmçinin biçənək sahəmiz də var. Kürün daşması nəticəsində sahələrimiz su altında qalıb. Heyvanlar arasında tələfat yoxdur. Kürün qalxdığını bilib vaxtında hamısını təxliyə etmişik”, – deyə Aşağı Salahlı kənd sakini Ağəli Muradov bildirib.

    Sel suları əsasən Kür çayına yaxın yerləşən şəxsi təsərrüfatlara zərər vurub. Ərazidəki su ötən gündən çəkilib. Kürün səviyyəsi hazırda stabilləşib.

    Qazax Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyasından bildirilib ki, təbii fəlakətin vurduğu ziyanın həcmi müəyyənləşdirilir. Hazırda qərb bölgəsində qeyri-sabit, dəyişkən hava şəraiti müşahidə edilir.

  • Belarus Baş Qərargahının rəhbəri işdən çıxarıldı

    Belarus prezidenti Aleksandr Lukaşenko respublikanın Baş Qərargah rəisi Viktor Quleviçi vəzifəsindən azad edib.

    Qeyd olunub ki, bununla bağlı ölkə prezidenti müvafiq sərəncam imzalayıb. Dövlət başçısının bu qərarına səbəb kimi Quleviçin yaşı göstərilir.

    Məlumata görə, general-mayor hərbi forma və fərqlənmə nişanlarını taxmaq hüququ ilə ehtiyata buraxılıb.

    Mənbə: lenta.ru

  • Bakıda təhlükə saçan hotel: Balta ilə içəri girdi – VİDEO

    Bakıda iaşə obyektlərindəki təhlükəsizlik boşluğu ifşa edilib.

    Belə ki, Baku TV-nin əməkdaşı paytaxtda yerləşən hotellərdən birinə heç bir yoxlama olmadan soyuq silahla (balta ilə) daxil olub.

    Hotel işçisi “Mühafizəni necə təşkil edirsiniz?” sualına, insanların xarici görünüşündən psixologiyasını müəyyən edib, içəri buraxdıqlarını bildirib.

    Məsələ ilə bağlı Dövlət Turizm Agentliyindən isə bildirilib ki, hotellərin təhlükəsizlik məsələlərinə Turizm Agentliyi nəzarət etmir.

    Beləliklə, məlum olub ki, turizm və xidmət sahəsinin vacib subyektlərindən biri olan hotellərdə təhlükəsizliyin təminatı məsələsi qorunmur.

    Ətraflı süjetdə:

  • Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı

    Tovuzda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb.

    Hadisə Vahidli kəndində qeydə alınıb. Orta məktəbin 10-cu sinfində təhsil alan 16 yaşlı Ə.G. kursdan qayıdarkən 26 yaşlı M.Mustafayev tərəfindən qaçırılıb.

    Ailə hadisə ilə bağlı polisə müraciət edib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov lent.az-a bildirib ki, müraciətlə əlaqədar Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülüb:

    “Tədbirlər nəticəsində qızın yeri müəyyən edilib. O, polisə verdiyi ifadəsində öz istəyi ilə qoşulub qaçdığını deyib. Bundan əlavə, həm rayon polis şöbəsinin rəisinin iştirakı ilə, həm də rayon prokurorluğunda valideynləri ilə görüşdürülüb. Hər iki görüşdə öz istəyi ilə qaçdığını bildirib”.

  • “Liverpul” mövsüm sonunda oyunçusu ilə yolları ayıracaq

    “Liverpul” klubu mövsüm sonunda Tieqo Alkantara ilə yolları ayıracaq.

    Məlumata görə, dörd ildir İngiltərə klubunun şərəfini qoruyan Alkantara mövsümün son ev oyununda azarkeşlərə sağollaşacaq.

    Qeyd edək ki, Tiaqo Alkantara bu mövsüm “Liverpul” forması ilə cəmi bir görüşə çıxıb, o oyunda da yalnız beş dəqiqə çıxış etdikdən sonra zədələndiyi üçün meydanı tərk edib.

    Mənbə: Sporx.com