Month: May 2024

  • Deputatlar yeni kompüterlərlə təmin olunublar

    Milli Məclisin deputatları yeni kompüterlərlə təmin olunublar.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı məsələyə deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında toxunub.

    “Biz təşəkkürümüzü bildiririk ki, artıq yeni kompüterlə təmin olunmuşuq. Ona görə bundan sonra qanunlarla bağlı daha operativ çıxışlar edə bilərik. Amma kompüterlər hələ internetə qoşulmayıb deyə, qanunlarla bağlı tez araşdırmaları təqdim edə bilmirik”, – deyə deputat bildirib.

    Spiker Sahibə Qafarova isə cavab olaraq bildirib ki, internetin olmaması təhlükəsizlik məsələləri ilə bağlıdır:

    “Bu kompüterlərin əsas missiyası odur ki, istənilən zaman layihələr hamısı olsun, qanunlara baxaq və bunların üzərində də iş gedir. Görülməyən işlər var və bunu Milli Məclisin kompüter məsələləri ilə məşğul olan şöbə edir”.

  • “Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib

    Bu gün Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

    Prokuror çıxış edərək məhkəmədən Ruslan Mikayılov və Sənan Maşıyevin 9 il 10 ay, Cabir Qəhrəmanovun 8 il 5 ay və Elçin Əliyevin 7 il 8 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.

    Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.

  • Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib

    Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mayın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

    AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.

  • Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb

    Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

    Tədbirlər çərçivəsində “Polsan Anka” MMC-nin Ukraynadan idxal etdiyi “Business Meat Product LLC” şirkətinə məxsus 20 ton ət məhsulu partiyasından (dondurulmuş sümüksüz mal əti) Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Laborator müayinələr nəticəsində nümunələrdə infeksiya törədiciləri – “Pasteruella multocida” və “Stretococcus pneumonia” aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

    Aşkarlanmış uyğunsuzluqla əlaqədar Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi Xidmətinə ixracın dayandırılmasına dair müraciət ünvanlanıb, görülən tədbirlər barədə Agentliyə məlumat verilməsi bildirilib.

    Qeyd edək ki, bu hal istehsalçı şirkətdən Azərbaycana idxal olunan ərzaq məhsullarında aşkarlanmış təkrar uyğunsuzluqdur.

  • Sumqayıtda təhsil müəssisəsində qanunsuzluq: 200 min manatdan artıq mənimsəmə

    Sumqayıt şəhər “Evdə” fərdi təhsil məktəbində yol verilən qanunsuzluqlar barədə vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, araşdırma zamanı həmin təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən 2018-ci ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək olan müddətdə faktiki olaraq əmək funksiyalarını icra etməyən müəllimlər tərəfindən tədrisin aparılmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilərək əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla ümumilikdə 250 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf olunmasına əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

  • Hoteldə ölənlər qidadan zəhərlənməyib – RƏSMİ

    Xəbər verdiyimiz kimi, Bakının Səbail rayonunda yerləşən məşhur hotellərin birində 4 nəfər zəhərlənib, onlardan ikisi ölüb.

    Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Qafqazinfo”ya bildirilib ki, hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsi yoxdur.

    “Bəzi media səhifələrində paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində baş verən hadisə ilə bağlı yayılan məlumatlar Agentlik tərəfindən müvafiq qaydada araşdırılıb və hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub.

    Həmçinin Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsindən Agentliyə verilən tibbi sənədə əsasən, həmin şəxslərin səhhətində yaranan problemin qida zəhərlənməsi ilə bağlı olmadığı öz təsdiqini tapıb. Bununla bağlı bildiririk ki, bu cür hallarda rəsmi qurumla dəqiqləşdirilmədən məlumatların yayılması yolverilməzdir”, – məlumatda vurğulanıb.

  • Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi

    Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya TV kanallarının Ermənistanda yayımlarını dayandırmaqla hədələyib.

    O bu barədə mətbuat konfransında çıxışı zamanı bəyanat verib.

    Paşinyanın sözlərinə görə, buna səbəb kanalların ölkənin daxili həyatına hörmətsizlik nümayiş etdirmələridir.

    O bildirib ki, Rusiyadan yayımlanan telekanallar bu hörmətsizliyə davam edərsə, onların ölkədə yayımları dayandırılacaq.

    Mənbə: MK.ru

  • Rusiya səfiri Fransa XİN-ə çağırılıb

    Rusiyanın Fransadakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

    Bu barədə Fransa XİN-in Mətbuat Xidməti məlumat yayıb.

    “Fransa qeyd edir ki, diplomatik kanallar növbəti dəfə məlumatı manipulyasiya etmək və qorxutmaq üçün sui-istifadə olunur”, – deyə nazirlikdən bildirilib.

    Xatırladaq ki, mayın 6-da Fransanın Rusiyadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

    Mənbə: Ura.ru

  • Keçmiş baş nazir vəzifəsindən azad edildi

    Sabiq baş nazir, professor Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsindən azad edilib.

    “Report”un əldə etdiyi məlumata görə, N.Məmmədov ötən ay işdən azad olunmaq üçün öz ərizəsi ilə universitetin rektoru Kamal Abdullaya müraciət edib.

    ADU-nun mətbuat katibi Cavid Zeynallı faktı təsdiqləyib. O bildirib ki, hələ sözügedən vəzifəyə yeni təyinat olmayıb.

    Qeyd edək ki, Novruz Məmmədov uzun illər Prezident Administrasiyasında şöbə müdiri çalışıb. O, müstəqillik dövründə Azərbaycanın 10-cu baş naziri olub. Həmçinin, 2019-cu ildən ADU-nun prorektoru idi.

  • Deputat: “Bir neçə yaxın dostum spirtdən düzələn arağa görə həyatını itirib”

    “Bu gün rayon yollarında boş sahələrdə stadion boyda supermarketlər inşa edilir. Supermarketlərə daxil olarkən yüzlərlə müxtəlif qəribə adda araq növləri satılır”.

    “Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin mayın 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, bu araqların hamısı Azərbaycan sexlərində qeyri-qanuni yollarla istehsal edilir və yalnız üzərində dəbdəbəli adlar yazılır:

    “Qiyməti də təxminən 3-6 manatdır. Hamı da görür ki, bu saxta araqdır. Az maaş alanlar da həmin araqları alır və nəticədə kütləvi zəhərlənmə baş verir”.

    Deputat əlavə edib ki, bir neçə yaxın dostu İrandan gətirilən spirtdən düzələn arağa görə həyatını itirib:

    “Ümumiyyətlə, saxta içkiləri kim buraxır, niyə nəzarət yoxdur? Hansı ki, hər ad bir lisenziyadır. Əgər Azərbaycan bu qədər araq istehsal edirsə, niyə kənara çıxa bilmirik?! Vaxtı ilə ölkəmizin Ağdam şərabı Rusiyanın hər bölgəsində satılırdı. Azərbaycan şərabları bu gün də var. Ən yaxın əlaqədə olduğumuz Şimali Qafqazda ancaq gürcü, erməni içkiləri görürük. Amma Azərbaycanda istehsal olunan içkilər tapılmır. Halbuki Azərbaycan pulu hesabına oradakı sanatoriyalar özünü saxlayır. İdxal yoxdursa, deməli, ya keyfiyyət aşağıdır, ya da işi qura bilməmişik”.