Month: May 2024

  • Azərbaycanda bu qadınların işdən bir saat tez çıxması təklif olunur

    Ailəli və uşağı olan qadınların işdən bir saat tez çıxması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.

    Median.Az report-a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Tahir Rzayev parlamentin mayın 24-də keçirilən plenar iclasında çıxış edib.

  • Dünyada qadağan olunmuş 10 KİTAB

    Dünyada müxtəlif səbəblərə görə qadağan olunmuş kitablar mövcuddur. Bu kitabların bəziləri siyasi, dini və ya əxlaqi səbəblərlə qadağan olunub.

    Median.Az “lent.az”a istinadən xəbər verir ki, dünyada qadağan olunmuş 10 məşhur kitabın siyahısını təqdim edir:

    1.”Cəsur Yeni Dünya” – Aldous Huxley

    1932-ci ildə nəşr olunan bu kitab İrlandiyada və ABŞ-da qadağan edilib. Kitabda sənayeləşmə sonrası cəmiyyətin gələcəyi təsvir edilir və bu, bəzi neqativ mövzulara görə qadağan olunub.

    2. “Qəzəb Salxımları” – John Steinbeck

    1939-cu ildə yazılmış bu roman ABŞ-da qadağan olunub və yandırılıb. Kitab iqtisadi böhranın təsirindən bəhs edir və kasıblığın təsvirləri ilə diqqət çəkir.

    3. “Xərçəng Tropikası” – Henry Miller

    1934-cü ildə nəşr olunan bu roman əxlaqsızlığı təbliğ etdiyi səbəbilə Pensilvaniya ştatında qadağan olunub. Kitab, 1930-cu illərin ən yaxşı kitablarından biri kimi tanınır.

    4. “Sallaqxana No 5” – Kurt Vonnegut

    1969-cu ildə yazılmış bu kitab ABŞ-da uşaqların pis təsirə qapılmaması üçün qadağan edilib. Kitab İkinci Dünya müharibəsində əsir düşən bir əsgərin hekayəsini danışır.

    5. “Şeytan Ayətləri” – Salman Ruştü

    1988-ci ildə nəşr olunan bu kitab bir çox müsəlman ölkəsində qadağan olunub. Venesuelada bu kitabla görünmək həbs cəzası ilə nəticələnirdi.

    6. “Dibçək olmağın faydaları” – Stephen Chbosky

    1999-cu ildə yazılmış bu kitab ABŞ-da homoseksuallığa çağırış olduğu üçün qadağan edilib. Kitab yeniyetmə bir gəncin məktublarından ibarətdir.

    7. “Parçalanma” – Chinua Achebe

    1958-ci ildə yazılmış bu kitab Malayziyada qadağan edilib. Kitab Afrika ədəbiyyatının ən mühüm əsərlərindən biri sayılır və müstəmləkəçiliyə qarşı yazılıb.

    8. “Amerika Dəlisi” – Bret Easton Ellis

    1991-ci ildə yazılmış bu kitab Kanadada qadağan olunub və Avstraliyada yalnız 18 yaşından böyüklərə satılır. Kitab bir qatilin hekayəsini danışır.

    9. “Çevrilmə” – Franz Kafk

    1915-ci ildə yazılmış bu kitab Nasist Almaniyasında və SSRİ-də qadağan edilib. Kitabda ailəsi ilə yaşayan bir kişinin həşərata çevrilməsi təsvir edilir.

    10. “Lolita” – Vladimir Nabokov

    1955-ci ildə yazılmış bu kitab pedofiliya mövzularına görə Fransada və dünyanın bəzi ölkələrində qadağan olunub.

    Bu kitablar müxtəlif dövrlərdə və fərqli səbəblərlə qadağan edilsələr də, hər biri ədəbiyyat tarixində mühüm yer tutur.

  • “TikTok”dan yenilik: Pul qazanmaq artıq o qədər də asan olmayacaq

    “TikTok” canlı yayımda pul qazanma siyasətinə yeni qaydalar tətbiq etməyə başlayacaq.

    Şirkətdən verilən açıqlamaya görə, “TikTok” məzmun istehsalçılarının canlı yayımladığı “LIVE”-ın orijinal, müsbət və əyləncəli icmalarını inkişaf etdirmək üçün yeni “CANLI Monetizasiya Siyasəti” və təlim proqramlarını həyata keçirir.

    Qaydaların bir hissəsi olaraq, “TikTok” LIVE-dan gəlir əldə etməyə uyğun olmayan keyfiyyətsiz məzmunu müəyyən edəcək.

    “TikTok” METAP LIVE meneceri Vaseem Sayegh açıqlamasında deyib:

    “Biz inanırıq ki, bu yeniləmələr CANLI icmamızı gücləndirəcək və müsbət qarşılıqlı əlaqələri artırmağa kömək edəcək”.

    Məzmun istehsalçılarının riayət etməli olduğu qaydalar pozularsa, məzmun istehsalçısı məlumatlandırılacaq və onların monetizasiya funksiyasına girişi məhdudlaşdırıla bilər.

    Platformada bu cür məzmunun, o cümlədən LIVE-da görünməsinə icazə verən əsas standartlar “TikTok İcma Qaydaları və Xidmət Şərtləri” ilə müəyyən edilməyə davam edəcək.

    “TikTok” həmçinin yeni şəxsləri dəstəkləmək və onlar üçün təhlükəsiz mühit yaratmaq məqsədilə CANLI istifadəçilərə yanaşmasına yeni nəfəs gətirir.

    “TikTok”da, mövcud qaydalara əsasən, canlı yayım açmaq üçün məzmun yaradıcılarının ən azı 18 yaşında olması və hesablarının əlavə meyarlara cavab verməsi kifayət idi. Yeni qaydalarla LIVE məzmun istehsalçıları tədricən canlı yayımın pul qazanma xüsusiyyətlərinə daxil ola biləcəklər. Belə ki, onlar öz izləyicilərini böyütməklə yanaşı, CANLI-nın qaydalarını da öyrənəcəklər.
    //azxeber.com

  • Gürcüstana gedəcək şəxslərin NƏZƏRİNƏ: Qaydalar dəyişdi

    İyunun 1-dən xarici vətəndaşlar Gürcüstan ərazisinə yalnız səyahət sığortası ilə giriş edə biləcəklər.

    Bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

    “Əgər Gürcüstanda nəzərdə tutduğunuz müddətdən artıq qalırsınızsa, sığortanın müddətini onlayn uzada və yaxud Gürcüstandakı sığorta şirkətlərindən sığorta ala bilərsiniz”, – deyə məlumatda qeyd edilib.

    Qurum sərnişinlərdən yeni qaydaları nəzərə almağı xahiş edir.

  • Bakıda 117 obyektdə pozuntular aşkarlanıb

    Qida Təhlükəsizliyi Agentliyi (AQTA) COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar ötən iki gün ərzində 46 ticarət və 75 ictimai iaşə müəssisəsində monitorinq keçirib.

    Bu barədə AQTA-dan məlumat verilib.

    Bildirilib ki, monitorinqlər zamanı 42 ticarət və 75 ictimai iaşə müəssisəsində, ümumilikdə 117 obyektdə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

    Monitorinqlər zamanı aşkarlanmış nöqsanlara qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın olmaması, məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması, izləmə sisteminin (QR-kod) tətbiq olunmaması, mal qonşuluğu prinsipinin pozulması, temperatur rejiminə riayət olunmaması, süd məhsullarının tələblərə uyğun etiketlənməməsi, vitrində yerləşdirilməməsi və xüsusi işarələrin mövcud olmaması, istifadə müddəti bitmiş, Azərbaycan dilində markalanması, etiket məlumatları və mənşəyi məlum olmayan məhsulların mövcud olması, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmaması, mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və sanitar geyimlə təmin olunmaması aid olub.

    Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilib.

  • Bakıda mənzildən 54 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb – FOTO/VİDEO

    Binəqədi rayonunda yerləşən evlərdən birindən oğurluq edilib.

    Median.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, zərərçəkən polisə müraciət edərək evdə olmadığı müddətdə mənzildən ümumi dəyəri 54 min manat olan qızıl-zinət, qol saatları və digər qiymətli əşyaların oğurlandığını bildirib.

    Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində cinayəti törədən əvvəllər məhkum olunmuş Coşqun Həsənov saxlanılıb. Onun evinə baxış zamanı taladığı qızıllar, eləcə də mənzil oğurluqları zamanı qapıların açılmasında istifadə olunan xüsusi alətlər aşkarlanaraq maddi sübut kimi götürülüb.

    Qeyd edilib ki, C.Həsənov oğurluq zamanı ətrafda olan müşahidə kameralarından yayınmaq və “izi” itirmək məqsədi ilə özü ilə həmin ünvana gətirdiyi çətir, papaq və maskalardan istifadə edib.

    Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, C.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.

  • Bakıda dörd məktəb direktoru və müavinləri cəzalandırıldılar

    Paytaxtın 39, 182, 153 və 151 saylı tam orta məktəblərində aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb və sözügedən təhsil müəssisələrinin direktorları, direktor müavinlərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

    Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, 39 nömrəli tam orta məktəbdə bəzi dərnəklərin tədris olunmadığı, kiçik xidmətedici işçilərin işə davamiyyətinin zəif olduğu, təsərrüfat işləri üzrə direktor müavininin oğlunun tabeliyində gözətçi vəzifəsində çalışdığı müəyyən edilib. Eyni zamanda sənədləşmə işlərində və dərsə davamiyyətdə nöqsanlar aşkarlanıb, təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

    182 nömrəli tam orta məktəbdə aparılan yoxlama zamanı dərnəklərin düzgün tərtib olunmadığı, məktəbdə repetitor fəaliyyətinin həyata keçirildiyi müəyyən edilib. Bununla yanaşı, sənədləşmə işlərində nöqsanlar aşkarlanıb, təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

    153 nömrəli tam orta məktəbdə şagird davamiyyətinin zəif olduğu, dərslərin tədris olunmasında nöqsanlar olduğu, məktəbə dalandar təyin edilmiş işçinin, ümumiyyətlə, iş yerində heç vaxt olmadığı, kiçik xidmətedici işçilərin öz vəzifə funksiyalarını yerinə yetirmədiyi müəyyən edilib. Eyni zamanda məktəbin şagirdinin ölkə xaricində olmasına baxmayaraq qiymətləndirmə aparıldığı, bəzi şagirdlərin həftənin müəyyən günlərində dərslərdə iştirak etmədikləri halda, fənn müəllimləri tərəfindən formal olaraq qiymətləndirildikləri aşkar edilib, təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

    151 nömrəli tam orta məktəbdə dərnək və dərsdənkənar məşğələlərin tədris olunmadığı, uzun müddət dərsdə olmayan müəllimlərin əvəzinə jurnalda qeydlər aparıldığı, həmçinin tədris olunmalı olan dərslərin, dərsdənkənar məşğələlərin tədris olunmadığı, şagird davamiyyətinin zəif olduğu aşkarlanıb. Təhsil müəssisəsinin təlim-tərbiyə işləri üzrə direktor müavininə, eyni zamanda məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

    Qeyd edək ki, ümumi təhsil müəssisələrində yoxlamalar davam etdirilir.

  • Əfvə düşən məhkum Bakı həbsxanasında öldü

    Azərbaycanda məhkum həbsdə ölüb.

    Lent.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

    Orada cəza çəkən məhkum Azər Əzizağa oğlu Əliyev dünyasını dəyişib.

    Onun xəstəlikdən öldüyü bildirilir.

    Qeyd edək ki, A.Əliyev əvvəllər də həbsdə yatıb. O, bir neçə il əvvəl əfv olunubmuş.

    A.Əliyev azadlığa çıxandan sonra yenidən tutulub.

  • Travmatologiya və Ortopediya İnstitutuna yeni baş həkim təyin edilib

    Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna baş direktorun müavinləri təyin olunublar.

    Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Nizami Yadulla oğlu Məmmədov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) baş direktorunun müavini – baş həkim vəzifəsinə təyin edilib.

    Səhiyyə nazirinin digər əmri ilə Qurban Rauf oğlu Babayev ETTOİ-nin baş direktorunun elmi işlər üzrə müavini vəzifəsinə təyin edilib.

  • Goranboyda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

    Goranboyda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon sakininə məxsus, dəyəri 1500 manat olan iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən, rayon sakini İ.Həsənov saxlanılıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.