Month: June 2024

  • İraq prezidenti İlham Əliyevə məktub göndərdi

    İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Ölkənizin milli bayramı münasibətilə Zati-alinizi İraq xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etməkdən fərəh duyur, Sizə müvəffəqiyyətlər, dost Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram.

    Bu xoş fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdə əlaqələri möhkəmləndirməkdə maraqlı olduğumuzu təsdiq edirəm”.

  • Masallıda 17 yaşlı qız toy günü evdən qaçıb – VİDEO

    Masallıda 17 yaşlı qız toy günü evdən qaçıb.

    Bu barədə “Xəzər” TV-nin efirində yayımlanan verilişlərdən birində məlumat verilib.

    Bildirilib ki, Masallı rayonunun Xallıca kəndində gənc qız məcbur ərə veriləcəyi üçün evdən qaçıb.

    17 yaşlı Leyli valideynlərinin onu 33 yaşlı kişiyə ərə vermək istədiklərini deyib.

  • Putindən sülh təklifi, Kiyevdən Moskvaya CAVAB

    “Rusiya Kiyevə daha bir real sülh təklifi edir”.

    Bu sözləri Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə deyib.

    “Bu gün biz Kiyevə daha bir konkret, real sülh təklifi təqdim edirik”, – deyə o bildirib.

    Putinin sözlərinə görə, Rusiyanın yeni sülh təklifi münaqişənin dondurulmasını deyil, onun tam həllini nəzərdə tutur.

    “Əsas məqamı vurğulayacağam. Bizim təklifimizin mahiyyəti Qərbin istədiyi kimi, itkiləri bərpa etmək, Kiyev rejimini yenidən silahlandırmaq, onu yeni hücuma hazırlamaq üçün hansısa müvəqqəti barışıq və ya atəşkəsin əldə olunması deyil. Yenə deyirəm, söhbət münaqişənin dondurulmasından deyil, onun tam olaraq başa çatmasından gedir”, – deyə o, qeyd edib.

    Putinin sözlərinə görə, Rusiya hesab edir ki, Ukrayna bloklardankənar və neytral status qazanmalı, ölkə ilə bağlı demilitarizasiya və denasifikasiya prosesləri həyata keçirilməlidir.

    “Təkrar edirəm, bizim prinsipial mövqeyimiz belədir: Ukraynanın neytral, bloklardankənar, nüvəsiz statusu, onun demilitarizasiyası və denasifikasiyası. Üstəlik, hələ 2022-ci ildə İstanbul danışıqları zamanı hamı bu parametrlərlə razılaşdı. Orada demilitarizasiya ilə bağlı da hər şey aydın idi, hər şey təfərrüatlı şəkildə göstərilmişdi, tankların sayı, hər şey haqqında razılığa gəlmişdik”, – deyə o qeyd edib.

    Bundan əlavə, Qərbin bütün anti-Rusiya sanksiyaları ləğv edilməlidir.

    “Təbii ki, bu, həm də Rusiyaya qarşı Qərbin bütün sanksiyalarının ləğvini nəzərdə tutur”, – deyə Putin əlavə edib.

    Vladimir Putin qeyd edib ki, Krım, Sevastopol, “Donetsk Xalq Respublikası” (DXR), “Luqansk Xalq Respublikası” (LXR), Zaporojye və Xerson vilayətlərinin Rusiyanın regionları kimi statusları beynəlxalq müqavilələrdə təsbit edilməlidir.

    Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak Putinin təklifinə cavab verib.

    “Kiyev Rusiya Prezidenti Vladimir Putinin təklif etdiyi Ukraynadakı münaqişənin sülh yolu ilə həlli planında heç bir yenilik görmədi”, – deyə o, “X” hesabında bildirib.

    Bununla da Podolyak Kiyevin Rusiyanın Ukraynada atəşkəslə bağlı şərtlərini ciddi şəkildə nəzərdən keçirməyəcəyinə işarə verib.

    “Bunda heç bir yenilik, hansısa real sülh təklifləri və münaqişəni dayandırmaq istəyi yoxdur. Bütün bunlar tam bir yalandır. Buna görə də bir daha illüziyalardan qurtulun və Rusiyanın sağlam düşüncəni təhqir edən təkliflərini ciddi qəbul etməyi dayandırın”, – deyə o, qeyd edib.

    Mənbə: TASS, URA.ru

  • Bayram günlərində Bakının mərkəzi küçələri bağlanacaq

    Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar elan edilən istirahət günlərində paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

    Sözügedən küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə əraziyə giriş təmin olunur. “AzParking” mobil tətbiqində fərdi parklanma talonu olan sakinlər xidmətdən yararlana bilirlər. Bu şəxslərin avtomobilləri sistem tərəfindən tanınır və onlar əraziyə buraxılır. Ərazidə yaşayan sakinlərə məhdudiyyət qoyulacaq əraziyə avtomobilləri ilə daxil olmaq üçün “AzParking” mobil tətbiqi üzərindən müraciət edərək fərdi parklanma talonu almaları tövsiyə edilir.

    Sakinlər üçün nəqliyyat vasitələri ilə əraziyə giriş Neftçilər prospektindən Tərlan Əliyarbəyov, çıxış isə Yusif Məmmədəliyev küçələrindən təmin olunur.

  • Ölkəyə qaçaqmalçılıq yolu ilə 23 kiloqram marixuana gətirən şəxs saxlanıldı

    Ölkəyə qaçaqmalçılıq yolu ilə 23 kiloqram marixuana gətirən daha bir narkokuryer saxlanılıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən paytaxt ərazisində keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş 2001-ci il təvəllüdlü Vəlixan Şirinov saxlanılıb. Onun üzərindən və avtomobilindən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 23 kiloqram marixuana aşkarlanıb.

    V.Şirinov narkotik vasitəni İran vətəndaşı Əhməd adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə götürdüyünü bildirib. O, əvvəllər də bir neçə dəfə İranda yaşayan narkotacirlərin təklifi ilə kuryerlik etdiyini bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

  • Bakıda SEVGİ DRAMI: Ayrılığa görə bıçağı qarnına sancdı

    Bakıda intihara cəhd olub.

    Lent.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu A.Nemətulla küçəsində qeydə alınıb.

    44 yaşlı İ.Əhmədov özünü öldürmək üçün qarnına bıçaqla xəsarət yetirib.

    Məlumata görə, hadisəyə sevgi münasibətləri səbəb olub.

    İ.Əhmədov bir xanımla qeyri-rəsmi ər-arvad münasibətində yaşayıb. Sevgilisinin ondan ayrılacağı ilə bağlı verdiyi qərar İ.Əhmədovu sarsıdıb. Məhz bu səbəbdən o, intihara cəhd edib.

    Onu da qeyd edək ki, hadisəni törədən zaman İ.Əhmədov sərxoş olub.

    Faktla bağlı araşdırma aparılır.

  • “Qarabağ” Musa Qurbanlını heyətinə cəlb edib

    Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Qarabağ” Musa Qurbanlını heyətinə cəlb edib.

    Median.Az report-a istinadən xəbər verir ki, 22 yaşıl hücumçu son olaraq İsveçdə “Yurqorden”in formasını geyinib.

    Qeyd edək ki, Musa Qurbanlı 2023-cü ildə Ağdam təmsilçisindən ayrılmışdı. “Qarabağ” daha əvvəl xorvatiyalı qapıçı Fabiyan Buntiçlə müqavilə imzalayıb.

  • Rusiyadakı azərbaycanlıların NƏZƏRİNƏ: Miqrantlarla bağlı yeni qərar gəlir

    Rusiyanın Dövlət Dumasının dövlət quruculuğu və qanunvericilik komitəsi əcnəbilərin ölkədən çıxarılması ilə bağlı yeni qanun layihəsini birinci oxunuşda qəbul etməyi tövsiyə edib. Komitənin rəyinə əsasən, qanun layihəsi əcnəbilərin deportasiyası və inzibati qaydada ölkədən çıxarılması prosesini sadələşdirməyi və bu səlahiyyəti daxili işlər orqanlarına verməyi nəzərdə tutur.

    Hazırda polis əməkdaşları inzibati xətalar haqqında protokollar tərtib edir və məhkəmə tərəfindən inzibati qaydada ölkədən çıxarılma qərarı verilir. Daxili işlər orqanları isə əcnəbilərin deportasiyasını həyata keçirir.

    Yeni qanun layihəsinə əsasən, əcnəbilərin ölkədən çıxarılması ilə bağlı qərar qəbul etmək səlahiyyəti birbaşa daxili işlər orqanlarına veriləcək.

    Ekspertlər hesab edirlər ki, yeni qanun layihəsi əcnəbilərin hüquqlarının pozulmasına və onların kütləvi şəkildə ölkədən çıxarılmasına səbəb ola bilər. İnsan hüquqları təşkilatları da bu məsələ ilə bağlı narahatlıqlarını ifadə ediblər.

    Mənbə: RBC

  • Qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat müddəti uzadılıb

    Qarşıdan gələn bayram günləri ilə əlaqədar I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat müddəti 19 iyun saat 23:59-dək uzadılıb.

    Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, imtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) edirlər.

    2-ci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər 1-ci cəhd üzrə olduğu qaydada öz istəklərinə uyğun olaraq müvafiq ixtisas qrupu üzrə altqruplardan birini, yaxud hər ikisini seçə bilərlər.

    14 iyun saat 15:30-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 14926, II ixtisas qrupu üzrə 13059, III ixtisas qrupu üzrə 15514, IV ixtisas qrupu üzrə isə 3984 abituriyent qeydiyyatdan keçib.

    İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçən abituriyentlər iştirak edə bilərlər.

  • Bayram günlərində işləyəcək bank, poçt və valyutadəyişmə məntəqələri açıqlanıb

    Bayram günlərində Azərbaycanda fəaliyyət göstərəcək bank, poçt və valyutadəyişmə məntəqələri açıqlanıb.

    Median.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 15-19 iyun tarixlərində, qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcək.

    “Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 15 bankın 158 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 72 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək”, – AMB-dən bildirilib.

    Bayram günlərində fəaliyyət göstərəcək bank filialları, poçt və valyuta mübadilə məntəqələri ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür:

    Banklar

    “Azәrpoçt” MMC

    Valyuta mübadilə məntəqələri