Month: İyun 2024

  • Əhali bir ildə 3 milyard manata qənaət edib – RƏQƏMLƏR

    Azərbaycan əhalisi ötən il 78 milyard manatdan çox gəlir əldə edib və bunun 75 milyard manatını xərcləyib. Bir ildə əhalinin qənaət edə bildiyi vəsait isə 3,026 milyard manat olub.

    Median.az rəsmi məlumatlara istinadən xəbər verir ki, əhalinin gəlirlərinin 32,65 milyard manatı sahibkarlıq fəaliyyətindən, 30,4 milyard manat əmək ödənişlərindən (maaş, qonarar və s.), 2,66 milyard manatı mülkiyyətdən əldə edilib.

    Gəlirinin 12,3 milyard manatı isə cari transferlər hesabına yaranıb.

    Xərclərin strukturunda ən çox paya son istehlak (ərzaq, qeyri-ərzaq və pullu xidmətlər – red.) xərcləri sahibdir. Əhali son istehlaka 65 milyard manatdan çox pul xərcləyib. Digər xərclərə isə 10 milyard manat gedib.

    2023-cü ildə əhali əvvəlki iki ilə nisbətən daha çox vəsaitə qənaət edə bilib. 2021-ci ildə 1,83 milyard manat, 2022-ci ildə 2,7 milyard manata qənaət edilsə də 2023-cü ildə qənaət məbləği 3 milyard manatı ötüb. Qənaət olunan vəsaitin 2 milyard manatı qeyri-maliyyə aktivlərinə (daşınmaz əmlak və s.), 1,027 milyard manatı maliyyə aktivlərinin yığımına sərf olunub.
    //sfera.az

  • Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib

    Uşaqların Beynəlxalq Müdafiəsi Günü – iyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib.

    Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan festivalda müxtəlif yaş kateqoriyalarındakı uşaqlar maraq dairələrinə uyğun əyləncə seçib asudə vaxtlarını səmərəli keçirə və istedadlarını nümayiş etdirə biliblər.

    Festival zamanı Mərkəzin parkı mövzular və əyləncə növləri üzrə zonalara bölünüb. Burada günün əsas qəhrəmanları olan uşaqlara bir-birindən maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunub.

    Uşaq festivalında Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladları, Bakıdakı uşaq evlərinin sakinləri, daun sindromlu uşaqlar da iştirak ediblər.

    Uşaqlar üçün xüsusi ayrılan zonadakı səhnədə gənc istedadların ifasında konsert proqramı təqdim edilib. Səhnədə “Azəri inciləri” rəqs qrupu, Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Cücələrim” Mahnı və Rəqs Ansamblı, Sosial Xidmətlər Agentliyinin uşaqları, “Səma” Rəqs Ansamblı, “Təbəssüm” Uşaq Musiqili Teatrı, “Zirvə” Rəqs Ansamblı, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və 3 nömrəli Uşaq İncəsənət Məktəbinin üzvləri çıxış edib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EkoSfera” Sosial Ekoloji Mərkəz (SEM) tərəfindən yaradılan ekoloji zonada “Yaşıl dünya naminə həmrəylik ili” və ölkəmizdə keçiriləcək COP29 tədbiri ilə bağlı uşaqlar üçün maarifləndirmə proqramı və “pre-COP29” konfransı formatında iqlim dəyişmələri, ətraf mühitin monitorinqi mövzularında dəyirmi masa, viktorina və interaktiv oyunlar təşkil olunub. “Tullantılara ikinci həyat” adlı ekoloji ustad dərsləri, “Yaşıl enerji” mövzusunda startaplar, həmçinin dron və robotların ətraf mühitin qorunmasındakı rolu nümayiş etdirilib.

    Gənclər arasında idmanın, sağlam həyat tərzinin təbliği məqsədilə Mərkəzin parkında müxtəlif idman növlərinə aid zonaların yaradılmasına da diqqət yetirilib. Həmin meydançalarda Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən stolüstü tennis təlimi və uşaqlar arasında yarışlar keçirilib, uşaqlara şahmat yarışlarında, futbol üzrə ustad dərslərində iştirak etmək, öz bacarıq və qabiliyyətlərini nümayiş etdirmək imkanı yaradılıb.

    Hər bir uşaq öz sevimli personajını canlandırmağı arzulayır. Bu baxımdan balaca ziyarətçilər “Face art” vasitəsilə üzlərini müxtəlif şəkil və cizgi filmlərinin qəhramanları ilə bəzədə bilib.

    Animatorlar isə cizgi filmlərinin qəhrəmanlarını canlandıraraq uşaqların nağıllar aləminə səyahətini, sevimli personajları ilə görüşünü, onlarla birlikdə əylənməsini təşkil edib.

    “Street art” – küçə incəsənəti üçün ayrılan ərazidə uşaqlar asfalt üzərində rəsmlər də çəkiblər. Azərbaycan Avtomobil Federasiyası tərəfindən isə uşaqlar üçün yol hərəkəti qaydalarına dair təlimlər keçirilib, Heydər Əliyev Mərkəzinin parkında kiçik avtomobillərlə ralli təşkil olunub.

    Bakı Kitab Mərkəzi və F.Köçərli adına Uşaq Kitabxanası uşaq ədəbiyyatı müəllifləri ilə görüş, uşaqlar üçün oxu saatı keçirib.

    Arxeoloji meydançada uşaqlar şərti olaraq axtarışlar aparıb, qum altından müxtəlif arxeoloji tapıntı maketlərini aşkar edib, onları tədqiq ediblər.

    Heyvanlar aləminə səyahət, azyaşlıların safarinin vəhşi heyvanlarının maketləri ilə tanışlığı və interaktiv oyunlarla maariflənməsi isə “Safari tur” zonasında mümkün olub.

    Festivalda gənclərin maraq göstərdiyi “Playstation zonası” da fəaliyyət göstərib.

    Uşaqların Beynəlxalq Müdafiəsi günündə onların sağlamlıqları da yaddan çıxmayıb. Parkda fəaliyyət göstərəcək Liv Bona Dea Hospitalı uşaqların pulsuz göz müayinəsini aparıb.

    Beləliklə, Heydər Əliyev Mərkəzinin parkı həm əyləncə, həm də yaradıcılıq məkanı kimi uşaqların ixtiyarına verilərək, onlara unudulmaz anlar yaşadılıb.

  • Kredit götürənlərin diqqətinə: Qaydalar dəyişdirildi (VİDEO)

    Fiziki şəxslərə kredit verilməsi ilə bağlı yeni qərar verilib. Mərkəzi Bank “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda dəyişiklik edib.

    Median.Az Xəzər TV-yə istinadən bildirir ki, yeni qərara əsasən fiziki şəxslə kredit, o cümlədən məsafədən kredit müqaviləsi bağlanmazdan əvvəl bank müştəriyə həmin kredit üzrə onunla bağlı risklərə təminat verilməsini nəzərdə tutan sığorta müqaviləsinin də bağlanmasını təklif edəcək.

    Yeni qərarla əmək qabiliyyətinin itirilməsi hallarından da sığorta nəzərdə tutulur.

    Bununla yanaşı bir sıra xəstəliklər və hallar müqaviləyə əsasən sığorta ödənişindən imtina hesab edilə bilər. Narkotik maddələrin, spirtli içkinin və digər zərərli vərdişlər nəticəsində şəxs həyatını itirərsə onun kredit ödənişi sığorta şirkəti tərəfindən ödənməyəcək.

    Eksperlər bildirir ki, yeni qaydalara görə sığorta haqqı alınan kreditinin minimum 0,1 faizi həcmində hesablanacaq. Kredit götürənin sağlamlıq vəziyyəti və yaşı bu məbləğin formalaşmasında əsas rol oynayır.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Hövsanda bank kartlarındakı vəsaitləri talayan şəxs saxlanıldı

     Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müxtəlif vaxtlarda səkkiz nəfərin bank kartından 850, 184, 1 000, 400, 481, 2000, 200 və 205 manat olmaqla ümumilikdə 5 320 manat pul vəsaitinin talanması barədə məlumatlar daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törədən, əvvəllər dələduzluq və quldurluğa görə məhkum olunmuş 39 yaşlı Elşad Fəttahov Hövsan qəsəbəsində saxlanılıb.

    Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    E.Fəttahovun əməllərindən zərər çəkən digər şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.

  • 27 yaşlı gənc toyuna bir gün qalmış özünü asdı

    Qazaxda gənc toyuna bir gün qalmış özünü asıb.

    Hadisə rayonun Orta Salahlı kəndində baş verib.

    Belə ki, dünən kənd sakini 27 yaşlı Əhliman Omarovun meyiti həyətlərindəki çardaqdan asılı halda tapılıb.

    İntiharın səbəbi hələlik müəyyənləşdirilməyib.

    Sözügedən şəxsin bu gün toyu olacaqmış.

    Faktla bağlı araşdırma aparılır.

  • İstirahət günü hava necə olacaq?

    İyunun 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, gecə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

    Havanın temperaturu gecə 15-20°, gündüz 22-27° olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 15-20°, gündüz 25-30°, dağlarda gecə 9-13°, gündüz 13-18° olacaq.

  • Pley-off oyunlarının vaxtı açıqlanıb

    I Liqada “Araz Saatlı” və “Cəbrayıl” komandaları arasında keçiriləcək pley-off oyunlarının vaxtı müəyyənləşib.

    Median.Az İdman.biz-ə istinadən xəbər verir ki, ilk görüşə “Cəbrayıl” ev sahibliyi edəcək.

    Qarşılaşma iyunun 9-u saat 18:30-da “ASCO Arena”da keçiriləcək. Cavab oyunu iyunun 15-də olacaq. İyun ayının 5-dək Saatlı Olimpiya İdman Kompleksinin stadionuna yayım və təşkilati məsələlər ilə bağlı baxış keçiriləcək. Təftişə əsasən cavab oyununun yeri və saatı açıqlanacaq.

    Qeyd edək ki, hər iki oyunda “CBC Sport” telekanalı tərəfindən canlı yayım və VAR sisteminin tətbiqi nəzərdə tutulub.

  • Telefonla danışarkən ildırım vurub, başı tamam yanıb: Ötən gün baş verən hadisənin DETALLARI – VİDEO

    Şəmkirdə 61 yaşlı kişinin ildırım vurması nəticəsində ölməsi hadisəsinin təfərrüatı məlum olub.

    Hadisə nəticəsində dünyasını dəyişmiş Züriyyət Musayevin qardaşı Nüsrət Musayev APA TV-yə danışıb:

    “Bizə zəng gəldi. Hadisə yerinə gedəndə gördük ki, qardaşımın baş nahiyəsinin üst hissəsi tam yanıb, qarın nahiyəsində isə yumru deşik əmələ gəlib. İldırım vurarkən qardaşım telefonla danışırmış”.

    Xatırladaq ki, hadisə Şəmkir rayonunun Yeni Həyat kəndində qeydə alınıb. 1963-cü il təvəllüdlü Züriyyət Əli oğlu Musayev kənddə çobanlıq edirmiş.

    Daha ətraflı süjetdə:

  • İranda prezident seçkilərində bir ilk: qadın namizəd…

    İranda keçiriləcək növbədənkənar prezident seçkilərində ilk qadın namizəd olmaq üçün qeydiyyatdan keçilib.

    Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

    Məlumata görə, Zöhrə Elahianın prezident seçkilərində namizədliyi qeydə alınıb.

    “Mənim hökumətimin şüarı, sağlam hökumət, sağlam iqtisadiyyat və sağlam cəmiyyətdir”, – Elahian bildirib.

  • Bakıda yeni açılan mollda həyəcanlı anlar – Video

    Paytaxtda yeni açılan “Crescent Mall”da azyaşlının ayağı eskalatortda qalıb.

    Bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

    Ətrafda olanlar köməksiz qalan uşağa yardım etməyə çalışıblar.

    Sözügedən görüntüləri təqdim edirik: