Month: June 2024

  • İnterpol Belarusa qaçmış polşalı keçmiş hakimi axtarışa verməkdən imtina etdi

    İnterpol xarici kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda şübhəli bilinən keçmiş polşalı hakim Tomaş Şmidtin axtarışda olanlar siyahısına vəziyyətin xüsusiyyətlərinə görə “qırmızı” axtarış elan etməkdən imtina edib.

    Bu barədə RMF24 məlumat yayıb.

    İnterpol Şmidti Varşavanın istədiyi kimi “qırmızı” bildirişlə (yəni yerinin müəyyən edilməsi və mümkünsə saxlanması xahişi ilə) axtarışa verməyib. Polşa müvafiq sorğunu mayın sonunda təqdim edib.
    Polisin sözçüsü Katarjina Novak bildirib ki, imtina İnterpolun öz kanalları vasitəsilə siyasi cinayət kimi müəyyən edilən dövlət təhlükəsizliyinə zidd hərəkətlər haqqında məlumatların işlənməsinə icazə verməməsi ilə əsaslandırılıb.

    Əvvəllər prokurorluq eks-hakimə qarşı Avropa həbs orderinin elan edilməsi ilə bağlı vəsatət də təqdim etmişdi ki, bu da o, Aİ-yə qayıdacağı halda tutulmalıdır. Bu növ order məhkəmə tərəfindən verilir.

    Xatırladaq ki, Polşa Milli Prokurorluğu daha əvvəl Şmidtə qarşı xarici kəşfiyyata işləmək maddəsi ilə istintaq başladıb. O, həm də hakimlik statusundan məhrum edilib.

  • “Son zəng”in tarixi açıqlandı

     İyunun 14-ü məktəblərdə son zəng çalınacaq.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

    Bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, 2023-2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində 15 sentyabr 2023-cü il tarixində başlayır, 14 iyun 2024-cü il tarixində başa çatır.

    Bununla əlaqədar olaraq 14 iyun son dərs günüdür.

    Qeyd edək ki, məktəblərdə şagirdlərdən dərsliklərin tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınması nəzərdə tutulur.

  • Kreml: ABŞ başa düşəcək ki, Pekinlə təhdid və şantaj dilində danışmaq olmaz

    “Çin bu cür təhdidləri və şantajları qəbul etmir”.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov ABŞ Maliyyə Nazirliyinin Çinə qarşı mümkün sanksiyalarla bağlı bəyanatları haqqında danışarkən bildirib.

    “Zaman keçdikcə ABŞ başa düşəcək ki, Pekinlə təhdid və şantaj dilində danışmaq olmaz”, – deyə Kreml rəsmisi vurğulayıb.

  • Azərbaycanla Estoniya arasında çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə telefon danışığı baş tutub.

    Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

    Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla Estoniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivləri, regionda hazırkı proseslər, həmçinin Azərbaycan Ermənistan normallaşma prosesi müzakirə mövzusu olub.

    Nazirlər ikitərəfli siyasi dialoqun intensivləşməsinin və qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün əhəmiyyət kəsb etdiyini, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmi çərçivəsində görüşlərin vacibliyini vurğulayıblar.

    C.Bayramov Azərbaycan-Ermənistan normallaşma prosesinin perspektivləri, eləcə də son dövrlər bölgədə sülh və sabitliyə, iki ölkə arasında etimad yaradılmasına xidmət edən addımlar barədə qarşı tərəfə məlumat verib. Sülh prosesində bir sıra həlli tələb olunan məsələlər ilə yanaşı, ümumilikdə real irəliləyişlər əldə edilməsi üçün geniş potensialın mövcud olduğu diqqətə çatdırılıb. Nazir delimitasiya komissiyaları arasında əldə olunan, ölkəmizin Ermənistan tərəfindən işğal altında olan dörd kəndinin geri qaytarılmasını və sərhədin bir qisminin delimitasiyasını ehtiva edən son razılığın əhəmiyyətini qeyd edib.

    Bununla yanaşı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi çərçivəsində ölkələrimiz arasında yaşıl enerjiyə keçid istiqamətində əməkdaşlıq üçün əlavə imkanlar yarandığı bildirilib.

    Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Ərdoğan “Qalatasaray”ın heyətini qəbul edib

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan futbol üzrə ölkə Super Liqasının 2023-2024 mövsümünü çempion olaraq başa vuran “Qalatasaray” İdman Klubunun idarəçiləri, texniki heyəti və idmançılarını qəbul edib.

    Prezident iqamətgahənda baş tutan görüşdə “Qalatasaray”ın prezidenti Dursun Özbek, vitse-prezident Metin Öztürk, məşqçi Okan Buruk və gənc idmançılar iştirak ediblər.

    Dursun Özbek prezident Ərdoğana 53 nömrəli “Qalatasaray” formasını hədiyyə edib.

    Ərdoğan və “Qalatasaray” heyəti komandanın bu mövsüm qazandığı kuboklarla foto çəkdiriblər.

    Mənbə: Haber Global

  • Toyundan bir gün qabaq özünü asan bəyin ölümündə yeni DETALLAR: Nişanlısına dəfələrlə mesaj yazıbmış

    Qazaxda toy axşamında özünü mağardan asaraq intihar edən bəyin ölümü ilə bağlı bəzi yeni detallar məlum olub.

    Bu barədə oğlunun cansız bədənini aşkarlayan atası İsmayıl Omarov referans.az-a danışıb:

    “Heç kimdən şübhələnmirəm. İki ildir istəkli idi, qız toyunu da elədik sevinə- sevinə. Oğlumun telefonu hazırda araşdırma üçün prokurorluqdadır. Yazışmalarda bir neçə nəfərlə xoş danışığı olub. Nişanlısı yatandan sonra hadisə olub, gecə saat 5-ə işləmiş. Mən də bir saat sonra oğlumun meyitini görmüşəm. Nə qədər axtardıq məktub yazmayıb, telefonunun kodunu da açıq qoyub. Kimsə onu özünü öldürməyə məcbur edə bilməz. Oğlum mənimlə birgə arıçılıqla məşğul olurdu. İki il öncə otlaq sahəmizi biçmək üçün traktor aldıq. Oğlum oxuyub sürücülük vəsiqəsi alandan sonra traktoru o işlətdi. Lazım olanda başqasının da sahəsini biçirdi”.

    Ata bildirib ki, oğlunun nişanlısı yatandan sonra oğlu ona dəfələrlə mesaj yazıb, sonra silib:

    “Nişanlısını danışdırdıq. Bizə dedi ki, yatana kimi danışıb-gülüblər”.

    İsmayıl Omarov qeyd edib ki, oğlunun intihar etdiyi gün içkili olması ilə bağlı yayılan xəbərlər yalandır:

    “Hadisə ciyər axşamından bir gün əvvəl olub. İçki məclisi də olmayıb, nə də uşaqlar içməyiblər. Bakıdan tay-tuşları toyuna gəlirdi, yasına çatdılar. İstəyəndə qayınatası gilə gedirdi, ailə oğlumu yaxşı tanıyırdı”.

    Qeyd edək ki, hadisə may ayının 31-i Qazaxda baş verib. Orta Salahlı kənd sakini 27 yaşlı Əhliman Omarov özünü asaraq canına qıyıb. Onun intiharından üç gün əvvəl isə qız toyu olub. Qazax Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır.

  • Məktəblərdə dərsliklər indidən yığılır? – Agentlik aydınlıq gətirdi

    Bir sıra məktəblərdə, o cümlədən paytaxtın bəzi ümumtəhsil müəssisələrində dərs vəsaitlərinin indidən yığılmasına başlanılıb. Tədris ilinin hələ başa çatmadığını nəzərə alsaq, bu, haqlı olaraq narazılığa səbəb olur.

    “Azərbaycan müəllimi”nin sorğusuna əsasən, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məsələyə aydınlıq gətirilib.

    Bildirilib ki, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, 2023-2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində 15 sentyabr 2023-cü il tarixində başlayıb və 14 iyun 2024-cü il tarixində başa çatır.

    Bununla əlaqədar olaraq 14 iyun son dərs günüdür.

    Qeyd edək ki, məktəblərdə şagirdlərdən dərsliklərin tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınması nəzərdə tutulur.

  • Ermənilər Qarabağa qayıda bilərmi? – “Şərtlər var…”

    “İrəvan bu mövzunu paralel şəkildə müzakirə etmək istəyirsə, biz hazırıq. Amma kimsə məsələyə ayrılıqda baxmaq istəyirsə, bu, mümkün deyil”.
     
    Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ-ın ATƏT-in Minsk qrupundakı keçmiş həmsədri Ceyms Uorlikin ermənilərin Qarabağa qayıtması məsələsinin sülh danışıqlarının bir hissəsi olmalı olduğu barədə fikirlərini şərh edərkən deyib.

    “Birincisi onu qeyd etmək lazımdır ki, Ceyms Uorlikin açıqlaması qeyri-rəsmi mövqedir. Rəsmi mövqedən söhbət gedirsə, keçən ilin may ayında Vaşinqtonda baş tutan danışıqlardan sonra dövlət katibi Entoni Blinken çıxış edərək deyib ki, müvafiq ölkələrdə milli azlıqlar məsələsi həll oluna bilər. Bu onu göstərir ki, Ermənistan da maraq göstərsə, həmin mövzu paralel şəkildə müzakirə oluna bilər. Söhbət ondan gedir ki, ermənilər Azərbaycana qayıtmaq istəyirsə, şərtlər var”, deyə sabiq nazir bildirib.

    Tofiq Zülfüqarovun sözlərinə görə, şərtlər də ondan ibarətdir ki, Ermənistan da Qərbi Azərbaycandan didərgin düşənlərin öz doğra yurdlarına qayıtmasına şərait yaratmalıdır:

    “Bu, rəsmi mövqeyimizdir ki, dəfələrlə bildirilib. Paralel şəkildə Ermənistan bu mövzunu müzakirə etmək istəyirsə, hazırıq. Onlar tərəfindən bir neçə dəfə qəribə bəyanatlar səslənib ki, azərbaycanlılar Ermənistana qayıtsa, bu erməni dövlətçiliyi üçün təhlükə yarada bilər. İrəvanda bu məsələyə belə baxırlar. Kimsə bu məsələyə ayrılıqda baxmaq istəyirsə, bu, mümkün deyil”.
     
    Qeyd edək ki, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sabiq həmsədri Ceyms Uorlik erməni mətbuatına müsahibəsində ermənilərin Qarabağa qayıtması məsələsinin sülh danışıqlarının bir hissəsi olmalı olduğuna işarə vurub:

    “İndi Azərbaycanın erməniləri Qarabağa qaytarmaq imkanı var. Bilirəm ki, bu asan olmayacaq, Ermənistanla Azərbaycan arasında düşmənçilik davam edir. Amma ümid edirik, elə bir vaxt gələcək ki, ermənilər Qarabağa qayıdanda özlərini təhlükəsiz hiss edəcəklər”.

  • Azərbaycanlı gənc ABŞ-də vəfat etdi

    ABŞ-nin San-Fransisko şəhərində azərbaycanlı gənc vəfat edib.

    Publika.az xəbər verir ki, xeyli müddətdir Kaliforniya ştatının San-Fransisko şəhərində yaşayan Samir Quliyev xəstəxanada dünyasını dəyişib.

    Yaxınları bildiriblər ki, Samir bir neçə gün əvvəl səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, Samir ştatdakı Azərbaycan diasporunun fəallarından biri imiş.

  • Özəl klinikadan yenidoğulmuşun müalicə edilməməsi iddialarına CAVAB

    İnternational Medical Center 1″dən şikayət edən vətəndaş Cavad Abdullayevin fikirlərinə xəstəxana münasibət bildirib.

    Oxu.Az-a açıqlamasında klinikasının Pediatriya və neonatologiya şöbəsinin müdiri həkim Vəfa Hacıyeva bildirib ki, yenidoğulmuşda tənəffüs yetməzliyi əlamətləri müşahidə olunub. Buna uyğun müalicə və müayinələr aparılıb:

    “Mayın 7-də saat 01:30-da Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu 183 ünvanında yerləşən “İnternational Medical Centre 1” klinikasında çəkisi 3350 qram ilə körpə doğulub. Yenidoğulmuşda tənəffüs yetməzliyi əlamətləri müşahidə olunub. Rentgen və laborator müayinələrin nəticəsinə uyğun olaraq yenidoğulmuş süni tənəffüs aparatına (STA) bağlanıb. Ağciyərləri açmaq məqsədilə “Kurasurf” vurulub, exokardioqram (EKQ) olunub, yenidoğulmuşa ikili inotrop dəstək (dopamin, adrenalin) müalicəsi başlanılıb. Yenidoğulmuşda infeksion göstəricilər çox yüksək yəni – CRP-50, prokolsitonin – 35.22, hemostaz dəyərləri – APTZ-62, İNR-1.63 olub. Aparılan müalicənin davam etdirilməsinin vacibliyi xəstə yaxınlarına bildirilib. Lakin maddi durumla əlaqədar olaraq yenidoğulmuşun valideynləri müalicənin dövlət tibb müəssisəsində davam etdirəcəklərini bildiriblər. Buna görə də yenidoğulmuş mayın 10-da saat 13:40-da Elmi Tədqiqat Pediatriya İnstitutuna (ETPİ) göndərilib”.

    Həkim körpənin köçürülmə prosesinin gecikmə səbəbinə də aydınlıq gətirib:

    “Yenidoğulmuşun transport prosesinin gecikmə səbəbi isə reanimasiyon vəziyyətinin ağırlığı səbəbindən ETPİ tərəfindən köçürülməyə uyğun olmaması kimi qiymətləndirilməsi olub. Lakin “İnternational Medical Centre 1″ klinikasının rəhbərliyi ilə valideynlərin görüşü zamanı valideynlərə bildirilmişdir ki, maliyyə vəziyyətindən asılı olmayaraq, ETPİ-yə transport olunana qədər yenidoğulmuşun müalicəsi tam formada aparılıb. Aparılan müalicə fonunda yenidoğulmuşun vəziyyəti stabilləşdiyindən, mayın 10-da körpə ETPİ-yə yerləşdirilib”.

    Vəfa Hacıyeva ödənişlə bağlı məsələyə də münasibət bildirib:

    “Valideynlərin dediyi kimi, uşağa heç bir müalicə olunmadan ödəniş alınıbsa, o zaman yenidoğulmuşun reanimasiyon vəziyyətinin stabilləşməsi müşahidə olunmazdı. Həmçinin yenidoğulmuşun sağlam doğulduğu halda ödəniş almaq məqsədilə reanimasiyaya yerləşdirilməsi iddialarına cavab olaraq deyə bilərəm ki, körpə hazırda da ETPİ-də stasionar şəraitdə müalicə alır. Bu hal yenidoğulmuşun doğulduğu vaxtda “İnternational Medical Centre 1” klinikasının həkimləri tərəfindən qoyulmuş diaqnozları təsdiq edir. Bütün bu halları nəzərə alaraq “İnternational Medical Centre 1″ klinikası və həmin klinikanın həkimləri və əməkdaşları barədə deyilənləri təkzib edirəm”.

    Xatırladaq ki, vətəndaş Cavad Abdullayev “İnternational Medical Center 1″də yenidoğulmuş körpəsinin ağciyərinin açılması üçün 1 200 manat dəyərində iynənin vurulduğuna dair şikayət etmişdi. Bundan başqa, körpəsinə zəruri müalicələrin edilməməsi ilə bağlı iradını bildirərək, ümumilikdə iki gün ərzində həmin xəstəxanaya 4 400 manat məbləğində ödəniş etdiyini bildirmişdi.