Month: June 2024

  • Gürcüstan 40-dan çox əcnəbini ölkədən çıxarıb: Onların arasında azərbaycanlılar da var

    Aprel və may aylarında Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) miqrasiya qanunlarını pozduqları üçün Azərbaycan vətəndaşları da daxil olmaqla 42 vətəndaşı ölkədən çıxarıb.

    Bu barədə idarənin məlumatında bildirilir.

    Məlumata görə, Gürcüstan DİN-in Miqrasiya Departamenti son iki ayda 42 vətəndaşı saxlayıb, onların bəzisi ölkəni könüllü, bəzisi isə məcburi şəkildə tərk edib. Ölkədən çıxarılanlar arasında İraq, İran, Əlcəzair, Pakistan, Ermənistan, Rusiya, İordaniya, Misir və digər ölkələrin vətəndaşları var. Həmçinin qeyd olunur ki, Gürcüstana qanuni əsaslar olmadan gələn və müxtəlif ictimaiyyət əleyhinə fəaliyyətlərə cəlb edilmiş səkkiz azyaşlı Azərbaycan vətəndaşı ölkədən çıxarılıb.

    Saxlanılan və ölkədən çıxarılanlar arasında aprel və may aylarında Gürcüstanda “Xarici agentlər haqqında” Qanuna qarşı keçirilən etiraz aksiyalarının iştirakçılarının olub-olmadığı açıqlanmır.

    Mənbə: TASS

  • Bu il Azərbaycanda hasil ediləcək neft və təbii qazın həcmi açıqlandı

    “Bu il Azərbaycanda neft hasilatı təxminən 30 milyon ton, təbii qaz hasilatı isə 48 milyard kubmetr təşkil edəcək”.

    “Report” xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Kamal Abbasov bu gün keçirilən Bakı Enerji Forumunun I günündə deyib.

    “2023-cü ildə Azərbaycanda neft hasilatı 30 milyon ton təşkil edib. Bunun 25 milyon tonu ixrac edilib. 2024-cü ildə Azərbaycanda neft hasilatı isə ötən ilin səviyyəsində qalacaq”, – K.Abbasov vurğulayıb.

    Nazir müavini qeyd edib ki, 2024-cü ildə Azərbaycanda təbii qaz hasilatı 48 milyard kubmetr təşkil edəcək və bu, ötən ilin göstəricilərinə uyğundur.

  • Ağdaşda bir ton çətənə kolu məhv edilib

    Polis əməkdaşları Ağdaşda bir ton çətənə kolunu məhv ediblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Qarasuqumlaq kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

    Ümumi çəkisi bir ton olan 2 783 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

  • Bakıda “beh” adı ilə dələduzluq edən şəxs saxlanıldı

    Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində elan saytlarında saxta məlumatlar yerləşdirərək çoxsaylı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitlərini “beh” adı ilə dələduzluq yolu ilə ələ keçirdiyinə görə saxlanılan Elman Həsənovun digər analoji əməllərinin də üstü açılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Araşdırmalarla onun müxtəlif vaxtlarda daha üç nəfərin eyni üsulla 2075, 400 və 3250 manat olmaqla ümumilikdə 5725 manat pullarını dələduzluq yolu ilə hesabına ödətdirməsi də müəyyən olunub.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

    E.Həsənovun qanunsuz əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.

  • Rusiyada azərbaycanlı iş adamının oğlu bələdiyyə sədrini döydü – VİDEO

    Azərbaycanlı iş adamı Faiq Quliyevin oğlu Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Megion şəhərinin məhkəməsində bələdiyyə nəzarəti şöbəsinin müdiri Semyon Qoliki döyüb.

    Məlumata görə, 2023-cü ilin fevralında Qoliklə sahibkar Quliyevin övladları arasında baş verən insidentin araşdırıldığı məhkəmə prosesinin keçirildiyi zalı tərk etdikdən sonra proses tərəfləri söhbəti davam etdiriblər. Lakin onlar arasında qarşılıqlı anlaşmaya nail olmaq mümkün olmayıb və Quliyevin kiçik oğlu güc göstərmək qərarına gəlib. O, Qolikə güclü zərbə endirir.

    Bu hadisədən sonra mülki iş cinayət işinə çevrilib. Məlumatı Qolik özü də təsdiqləyib və döyülmə anını lentə alaraq, hüquq-mühafizə orqanlarına məlumat verib.

  • Yeni epidemiya təhlükəsi: Gənclər arasında artmaqda davam edir

    Mütəxəssislər son vaxtlar xüsusilə gənclər arasında “Human Papilloma” Virusu (HPV) epidemiyasının olduğunu açıqlayıblar.  

    Median.Az Türkiyə mediasına istinadən xəbər verir ki, daha çox cinsi yolla keçən virus, əsasən pis dezinfeksiya edilmiş sanitar qovşaqlardan keçir.

    Son zamanlar HPV virusu gənclər arasında epidemiyaya çevrilib.

    Mövzu ilə bağlı açıqlama verən Karadeniz Texniki Universitetinin müəllimi həkim Gürdal Yılmaz deyib:

    “Human Papilloma Virus epidemiyası insan sağlamlığına, xüsusən də gənclərimizə mənfi təsir göstərir. Yaz-yay ayları gəldikcə cinsi yolla keçən xəstəliklərdə də artım müşahidə olunur. Bunlardan ən mühümü HİV (QİÇS)  infeksiyasıdır. HİV xəstələrinin sayı günü-gündən artarkən, HİV ilə birgə HPV dediyimiz Human Papillomavirus infeksiyaları da artmaqdadır. HPV ziyillərə səbəb olur və eyni zamanda qadınlarda uşaqlıq boyun xərçənginin ən mühüm səbəbidir. Xüsusilə son vaxtlar gənclərimiz arasında HPV virus infeksiyası ilə çox tez-tez qarşılaşırıq. Hər həftə bir və ya iki HİV və ya HPV xəstəsi gəlir. Buna görə də çox diqqətli olmaq lazımdır. Bu, illərdir mövcud olan bir xəstəlikdir, lakin son vaxtlar artmaqdadır. Bu xəstəlik əsasən cinsi yolla ötürülür”.
    //azxeber.com

  • Bakıda bank kartlarından oğurluq edən şəxs saxlanılıb

    Bakıda polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə bank kartlarından oğurluq edən 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Elnur Əhmədov saxlanılıb.

    Bu barədə DİN-n Mətbuat xidmətindən bildirilib.

    Onun paytaxt ərazisində 20-dən artıq şəxsin kartının şifrəsini əldə edərək müxtəlif məbləğlərdə pul oğurladığı məlum olub.

    Davam etdirilən tədbirlərlə E.Əhmədovun bir neçə şəxsə qarşı dələduzluq etdiyi də müəyyən edilib.

    Qeyd edək ki, bu şəxs kart məlumatlarını bankomatların yanında dayanaraq pul çıxaran şəxsləri kənardan müşahidə etməklə əldə edib. E.Əhmədov ondan kartdakı məbləği nağdlaşdırmaq üçün kömək istəyən şəxslərin şifrələrini əldə edərək onlara qarşı da eyni əməlləri törədib.

    E.Əhmədovun qanunsuz hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat verə bilərlər.

  • Azərbaycanda bu məhsul BAHALAŞDI – 32 manat oldu… – VİDEO

    Unun qiyməti bahalaşmaqda davam edir.

    Qiymət artımı 50 kiloqramlıq un kisəsində daha çox hiss olunur. Belə ki əvvəlki aylarda 27 manata satılan 50 kiloqramlıq un kisəsinin hazırda satış məntəqələrində 32 manat və daha baha qiymətə təklif olunduğu bildirilir. Satıcılar bahalaşmaya əsas səbəblərdən biri kimi dəyirmanlarda qiymətlərin artmasını göstərirlər.

    İqdisatçı ekspert Fuad İbarhimov “Xəzər Xəbər”ə deyib ki, dünya bazarında unun qiymətində ciddi artım müşahidə olunmur. Onun sözlərinə görə, qiymət artımı müəyyən şirkətlərin yanaşmasından qaynaqlanır.

    Ekspert deyir ki, taxıl sahələrində biçim dövrü başlayanda qimətlərin yenidən enəcəyi proqnozlaşdırılır.

  • Mikayıl Müşfiqin qalıqları tapılıb? – RƏSMİ

    “Mikayıl Müşfiqə aid olduğu iddia edilən meyit qalıqları üzərində DNT analizləri aparılıb, həmən qalıqların ona aid olmadığı təsdiqlənib.”

    Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov deyib.

    O bildirib ki, nakam şairə aid olması ehtimal edilən aşkar olunmuş bütün sümük qalıqları üzərində DNT analizləri aparılıb: “Bu analizlərin heç biri təsdiqini tapmadı. Tapılan qalıqların heç biri Mikayıl Müşfiqə aid olmadı”.

    Ədalət Həsənov onu da vurğulayıb ki, Mikayıl Müşfiqin sümük qalıqları bu günə qədər hələ aşkar edilməyib.
    Qeyd edək ki, bir neçə il əvvəl Qaradağ rayonu Puta qəsəbəsində Mikayıl Müşfiqə aid olması iddia edilən meyit qalıqları aşkarlanıb.

    Xatırladaq ki, bu gün nakam Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasından 116 il ötür.

  • Qaluzin: “Ermənistan MN və XİN xətti üzrə Rusiya ilə təmaslardan yayınmağa başlayıb”

    “Ermənistan Qərbin təzyiqlərinə görə Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi xətti üzrə Rusiya ilə təmaslara xüsusi maraq göstərmir”.

    Bu açıqlama ilə Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin çıxış edib.

    “Biz bunu İrəvanı ölkəmizlə əlaqələri minimuma endirməyə məcbur etməyə çalışan qərblilərin təzyiqinin nəticəsi kimi görürük”, – diplomat vurğulayıb.

    Qaluzin bildirib ki, Moskva ikitərəfli münasibətlərdə problemli məsələlərin aradan qaldırılması üçün İrəvanın açıq şəkildə səsləndirdiyi planların həyata keçirilməsinə ümid edir.

    Mənbə: TASS