Month: June 2024

  • İspaniyanın Baş naziri qayınatasının ölümünə görə Aİ sammitində iştirak etməyəcək

    İspaniyanın Baş naziri Pedro Sançes həyat yoldaşı Beqonya Qomezin atasının vəfatı ilə əlaqədar 27 və 28 iyun tarixlərində keçiriləcək Avropa İttifaqının dövlət və hökumət başçılarının sammitində iştirak etməyəcək.

    “Report” xəbər verir ki, bu barədə Krallığın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

    Qeyd olunub ki, qərarla bağlı Avropa hakimiyyət orqanları məlumatlandırılıb.

    Vurğulanıb ki, Baş nazir sammitdə qəbul ediləcək sazişlərlə bağlı səs hüququnu Almaniya kansleri Olaf Şoltsa həvalə edib.

  • Sertifikasiyadan keçən müəllimlərin NƏZƏRİNƏ: Dərs saatı artırıla bilər

    “Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma nəticələri nəzərə alınacaq”.

    Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: Peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

    O qeyd edib ki, yüksək nəticə göstərən müəllimlərin dərs saatı artırıla bilər:

    “İstəyirik ki, uşaqlarımıza daha yaxşı nəticə göstərmiş müəllimlərimiz dərs desinlər. Lakin elə anlaşılmasın ki, biz sertifikatlaşdırmadan aşağı nəticə göstərən müəllimlərin dərs saatlarını əllərindən alıb digərlərinə verəcəyik. Sadəcə mübahisələr zamanı və dərs saatlarının bölgüsündə bu alqoritmdən də istifadə edəcəyik. Burada 57 bal toplayanla, 31 bal toplayan müəllimə fərq qoyulacaq”.
    //oxu.az

  • Lukaşenko hökumətdə ciddi kadr dəyişiklikləri edib

    Belarus Prezidenti Aleksandr Lukaşenko Yuri Şuleykonu baş nazirin aqrosənaye kompleksi məsələləri üzrə müavini təyin edib.

    Bu barədə Belarus KİV-i BELTA-ya istinadən məlumat yayıb.

    Y.Şuleyko indiyədək 2021-ci ildə təyin olunduğu Brest vilayəti İcraiyyə Komitəsinin sədri vəzifəsini tutub.

    Bundan əlavə, A.Lukaşenko Dmitri Krutoyu Prezident Administrasiyasının rəhbəri, Natalya Petkeviçi isə rəhbərin birinci müavini təyin edib.

    Belarus Prezidenti, həmçinin Aleksandr Efimovu sənaye naziri, Maksim Rıjenkovu isə xarici işlər naziri təyin edib.
     
    ///Report

  • Azərbaycan və Gürcüstan XİN başçıları bölgədəki mövcud vəziyyəti müzakirə ediblər

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

    Bildirilib ki, görüş zamanı Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq gündəliyində duran məsələlər, parlamentlərarası əməkdaşlığın perspektivləri, habelə regionda cari vəziyyət müzakirə olunub.

    İki ölkə arasında iqtisadiyyat, ticarət, investisiyalar, energetika, nəqliyyat və kommunikasiyalar, humanitar və s. istiqamətlər üzrə strateji tərəfdaşlıq xarakteri daşıyan qarşılıqlı faydalı əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırılıb. “Orta Dəhliz” üzrə işlərin və birgə əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

    Bununla yanaşı, Azərbaycan-Gürcüstan-Türkiyə arasında həm xarici işlər nazirləri, həm də Parlamentlər səviyyəsində üçtərəfli format çərçivəsində birgə səylərin genişlənməsinin vacibliyi vurğulanıb.

    Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud çoxşaxəli əməkdaşlıq gündəliyinin inkişafında parlament diplomatiyasının, parlament sədrləri və nümayəndələrinin qarşılıqlı səfərlərinin, dostluq qrupları arasında geniş əməkdaşlığın əhəmiyyətli rol oynadığını qeyd edib.

    İki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın xalqlarımız arasında mövcud dostluq və mehriban qonşuluq münasibətlərinə verdiyi töhfə müsbət qiymətləndirilib.

    Cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri barədə məlumat verən nazir Ceyhun Bayramov, COP29 çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanların yarandığını diqqətə çatdırıb.

    Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan və Ermənistan arasında sülh və normallaşma prosesi barədə məlumatlandırılıb.

    Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Nazir Ceyhun Bayramov həmçinin Parlamentin fəxri qonaqları kitabına ürək sözlərini yazıb.

  • İlhamə Quliyevanın oğlu ilə bağlı yeni xəbər: Hansı ölkəyə gedib? – VİDEO

    Aparıcı Xoşqədəm Hidayətqızı mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovla bağlı yeni məlumat təqdim edib.

    Aparıcı “Səni axtarıram” verilişində itkin düşən Orxanın dostunun yazdığı mesajı səsləndirib:

    “Onunla çoxdan dostluq edirəm və ətrafındakı çox adamı tanıyıram. Orxanın yanındakı adamın adı İlqardır. Güman ki, Orxan özü yoxa çıxıb. Onlar pul nağdlaşdırma işi görürdülər. Orxan Türkiyəyə, oradan da Dubaya getməli idi. Çox ehtimal ki, böyük məbləğdə pulu nağdlaşdırdıqdan sonra yoxa çıxıb. Martda onun profilində qara kostyumda şəkli var idi, sildi. Ona mesaj yazdım, amma oxuyub cavab vermədi”.

    X.Hidayətqızı Orxanın Moskvada və İstanbulda axtarışının aparıldığını deyib.

    Qeyd edək ki, Orxanın doğma anası Lalə verilişə gələrək Orxanın ötən ilin sentyabrından itkin düşdüyünü, oğlu ilə heç bir əlaqə qura bilmədiyini söyləyib.

  • Cud Bellinqem komanda yoldaşını təhqir etdiyi üçün cəzalandırılacaq

    İngiltərə millisinin ulduz futbolçusu Cud Bellinqem komanda yoldaşının ünvanına nalayiq ifadələr işlədib.

    Məlumata görə, Cud Bellinqem Avropa çempionatının qrup mərhələsinin III turunda Sloveniya ilə oyun zamanı komanda yoldaşı Harri Keyni təhqir edib.

    İngiltərə mediasında yayılan xəbərlərə görə, 21 yaşlı yarımmüdafiəçi birinci hissənin sonlarına yaxın H.Keyn topla olduğu vaxt onu təhqir etməyə başlayıb. İngiltərə rəsmiləri isə məsələni araşdıracaqlarını və futbolçunu cəzalandıracaqlarını bildiriblər.

    Xatırladaq ki, həmin qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb.

    Qeyd edək ki, Qaret Sautqeytin komandası 1/8 finalda Slovakiya ilə qarşılaşacaq.

    Mənbə: theatletic.com

  • Bir milyon manata yaxın ziyan vurmaqda təqsirləndirilən sabiq direktor barədə qərar verilib

    Ali Məhkəmə mədəniyyət müəssisəsinə bir milyon manata yaxın ziyan vurmaqda təqsirləndirilən Hüseynqulu Sarabski adına 7 saylı musiqi məktəbinin sabiq direktoru Mehriban Rüstəmova barədə qərar verib.

    “Report” xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onun hökmdən verdiyi kassasiya şikayəti təmin olunmayıb.

    Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun barəsində Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) maddəsi ilə verilmiş ittihamı ləğv edib və cəzası üç ay azaldılaraq, 10 il 3 aya endirilib. Daha sonra Mehriban Rüstəmova barəsində bəraət hökmünün çıxarılması ilə bağlı Ali Məhkəməyə müraciət edib.

    Xatırladaq ki, 2020-ci ildə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Mehriban Rüstəmovanın məktəbdə işləyən müəllimlərin əmək haqlarını mənimsəməsi barədə daxil olmuş məlumat əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başlanılıb.

    Məlumata görə, Mehriban Rüstəmova vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məktəbdə çalışan müəllimlərə məxsus əməkhaqqı kartlarını qanunsuz ələ keçirib, həmin müəllimlərin əməkhaqqı kartlarına köçürülmüş aylıq vəsaitin əhəmiyyətli hissəsini tələb edərək külli miqdarda (910 min manat) pulu mənimsəməkdə şübhəli bilinib.

    O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və israfetmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham edilib.

    Cinayət işi üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş kimi tanınıb.

  • Rusiya 10 min miqrantı müharibəyə göndərdi – RƏSMİ

    Rusiya vətəndaşlığı alan 10 minə yaxın miqrant Ukraynadakı hərbi əməliyyatın iştirakçısı olub.
     
    Median.Az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda (SPBILF) çıxışı zamanı bildirib.
     
    Onun sözlərinə görə, vətəndaşlıq alan daha 20 min miqrant isə hərbi qeydiyyatdan keçmək istəmədiyindən saxlanılıb:
     
    “Bir il əvvəl mən bölmələrimizə miqrantlarla işləmək üçün yerli qruplar yaratmağı tapşırdım. Biz digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə reydlərdə fəal iştirak edirik. Vətəndaşlıq qəbul etmiş, lakin qeydiyyatdan keçmək istəməyən 30 mindən çox insanı yaxalamışıq, onları qeydiyyata almışıq və onların 10 minə yaxını artıq xüsusi hərbi əməliyyat zonasına göndərilib”.
    //sfera.az

  • Yaxın iki gündə rayona getmək istəyənlərə hava ilə bağlı XƏBƏRDARLIQ

    Azərbaycanın rayonlarında iyunun 28-29-da əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

  • Pakistan od tutub yanır – Son 6 gündə 568 nəfər istidən ölüb

    Pakistanın Kəraçi şəhərində təsirini davam etdirən istilər nəticəsində son 6 gündə 568 nəfər həyatını itirib.

    Havanın temperaturunun 49 dərəcəyə yüksəlməsi və yüksək rütubətin təsiri nəticəsində ölənlərin sayı artır.

    Təcili yardım xidmətinin verdiyi açıqlamada, həddindən artıq istilər səbəbindən gündə 30-40 nəfərin cəsədinin şəhər meyitxanasına gətirildiyi, lakin son 6 gündə 568 nəfərin həyatını itirdiyi bildirilib.

    Qeyd olunub ki, ölümlərdən 141-i təkcə çərşənbə axşamı günü baş verib.