Month: İyul 2024

  • Tanınmış aparıcı “Space”dən getdi

    Aktrisa-aparıcı Raksana İmir bir müddətdir çalışdığı Space TV-dən ayrılıb.

    Bu barədə o, özü məlumat yayıb.

    Raksana bildirib ki, bu gün öz istəyi ilə kanalla yollarını ayırıb.

    Qeyd edək ki, bir müddət öncə aktyor-aparıcı İslam Mehrəliyev Raksananın “Salamlar” verilişindən ayrıldığını açıqlamışdı.

  • Azərbaycanda yüksəkvəzifəli şəxs işdən çıxarılıb

    Elm və Təhsil Nazirliyi ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tabe qurumlarda növbəti dövri yoxlama tədbirləri çərçivəsində Dağlıq Şirvan Regional Təhsil İdarəsində (RTİ) yoxlamalar aparıb.

    Bu barədə agentlik məlumat yayıb.

    Qeyd olunub ki, yoxlamalar yerli bölmələr tərəfindən təhsilin dövlət standartlarına uyğun təşkilinə nəzarətin həyata keçirilməsi, direktor və direktor müavinlərinin işə qəbulu prosesinin mövcud qaydalara uyğun təşkili, kadrların təyinatı və yerləşdirilməsi, eyni zamanda qayda və təlimatların icra vəziyyətinin yoxlanılması məqsədilə həyata keçirilib.

    Aparılan yoxlamalar zamanı sözügedən idarənin fəaliyyətində müsabiqə qaydaları və şərtlərinin, təlimati sənədlərin tələblərinin ciddi şəkildə pozulması halları aşkarlanıb. Bununla yanaşı, RTİ-nin tabeliyində fəaliyyət göstərən müəssisələrə nəzarətin təşkilində nöqsanlar aşkar edilib.

    Araşdırmanın nəticəsinə əsasən, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev elm və təhsil nazirinin müvafiq əmri ilə iyulun 1-dən tutduğu vəzifədən azad edilib.

    Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir vəzifəsinin icrası müvəqqəti olaraq idarənin müdir müavini Həmid Qasımova həvalə edilib.

  • İlham Əliyev DSMF-nin 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqləyib

    Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2024-cü il büdcəsində dəyişiklik edilməsi qanunu təsdiqləyib.

    Bu barədə AZƏRTAC xəbər yayıb.

    Qanuna görə, DSMF-nin büdcə gəlirləri və xərcləri ilə bağlı proqnoz 6 919,9 milyon manatdan 6 949,9 milyon manata çatdırılıb.

    Gəlirlərdəki artımı məcburi dövlət sosial sığorta haqları ilə bağlı proqnozun 5 288,1 milyon manatdan 5 478,1 milyon manata, o cümlədən qeyri-büdcə sektorundan sosial sığorta daxilolmaları ilə bağlı proqnozun 3 387,1 milyon manatdan 3 577,1 milyon manata çatdırılması, əvəzində isə Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin 1 392 milyon manatdan 1 232 milyon manata endirilməsi təmin edəcək.

    Xərclərdəki artım isə əhaliyə ödənişlər üzrə xərclərin 6 681,6 milyon manatdan 6 706,6 milyon manata, o cümlədən əmək pensiyasının ödənilməsi xərclərinin 6 500 milyon manatdan 6 525 milyon manata, eləcə də Fondun aparatının və struktur bölmələrinin saxlanılması xərclərinin 130,1 milyon manatdan 135,1 milyon manata çatdırılması hesabına olacaq.

  • DTX-nin saxladığı sabiq xidmət rəisi azadlığa buraxıldı

    Korrupsiyaya görə 5 il 6ay azadlıqdan məhrum edilmiş Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov azadlığa buraxılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Xəzər Rayon Məhkəməsi qərar qəbul edib.

    Hakim qərar qəbul edərkən məhkumun cəzasının 2/3 hissəsini çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürüb. Z.Sultanov həbs cəzasının qalan 1 il 5 ayından azad edilib.

    Qeyd edək ki, Zakir Sultanov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Zakir Sultanov 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi ziyanın ödənilməsini nəzərə alaraq həbs müddətini 5 il 6 aya endirib.

    Xatırladaq ki, mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramova isə ötən ilin mayında Prezidentin sərəncamı ilə əfv edilib.

  • Prezident İSF-nin 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqləyib

    Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) 2024-cü il büdcəsində dəyişiklik edilməsi qanunu təsdiqləyib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Qanuna əsasən, İSF-nin büdcə gəlirləri və xərcləri ilə bağlı proqnoz 238 milyon manat saxlanılıb, amma Fondun gəlirlərinin strukturu dəyişib.

    Belə ki, işsizlikdən sığorta haqları ilə bağlı proqnoz 180 milyon manatdan 184,7 milyon manata, o cümlədən qeyri-büdcə sektorundan isşizlikdən sığorta daxilolmaları ilə bağlı proqnoz 134,6 milyon manatdan 139,3 milyon manata çatdırılıb, əvəzində Fondun istifadə olunmamış vəsaiti ilə bağlı proqnoz 57,95 milyon manatdan 53,25 milyon manata endirilib.

  • Prezident 2024-cü ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib

    Prezident İlham Əliyev “2024-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Qanuna əsasən, büdcə gəlirləri 36 388 000 min manat, büdcə xərcləri 39 742 300 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 35 612 753 min manat, yerli gəlirləri 775 247 min manat, mərkəzləşdirilmiş xərcləri 38 957 497 min manat, yerli xərcləri 784 803 min manat) təsdiq edilib.

  • Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri növbəti dəfə görüşüblər

    “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın birgə fəaliyyəti haqqında” Əsasnamə layihəsinin razılaşdırılması üzərində komissiyalar iş aparırlar.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidməti məlumat yayıb.

    Qeyd olunub ki, 2024-cü il iyulun 1-nə olan vəziyyətə görə, komissiyalar işçi qaydada Əsasnamənin layihələrinin mübadiləsini həyata keçirib və bir sıra müzakirələr aparıblar:

    “Danışıqlar konstruktiv məcrada davam edir. Razılaşdırma proesinin tezliklə başa çatdırılması planlaşdırılır”.

    Xatırladaq ki, sonuncu dəfə delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun dörd kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kvadrat kilometr) Azərbaycana qaytarılması təmin olunub.

  • Bəzi rayonlarda gözlənilən güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib

    İyulun 2-3-də bölgələrdə gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Qazax, Ağstafa, Şəmkir, Tovuz, Samux, Bərdə, Tərtər, Göygöl, Gədəbəy, Ağdam, Yevlax, Ağcabədi, Balakən, Zaqatala, Şəki, Qax, Culfada şərq küləyi əsəcək və küləyin sürəti 13,9-20,7 m/san təşkil edəcək.

    Narıncı xəbərdarlığa əsasən, Naxçıvan, Babək, Şahbuz, Ordubad, Naftalan, Goranboy, Gəncə, Mingəçevir, Daşkəsəndə şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20,8-28,4 m/san olacağı gözlənilir.

  • Prezident İlham Əliyev Kəlbəcər rayonunda xüsusi nümayəndə təyin etdi

    Bəşir Qüdrət oğlu Hacıyev Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

  • Antalya hava limanında beynəlxalq reyslər kütləvi şəkildə təxirə salınır

    Türkiyənin Antalya hava limanında uçuşlarda gecikmələr yaranıb.

    Məlumata görə, kütləvi fasilələrə səbəb maaşların artırılmasını tələb edən aviadispetçerlərin tətili olub. Bundan əlavə, yüksək turizm mövsümü də öz təsirini göstərib.

    Qeyd olunur ki, ləngimə hələ 10 gün davam edəcək.

    Eyni zamanda, iyunun 29-da hava limanında 209 min nəfərlik rekord sərnişin axını qeydə alınıb. Liman, əsasən, beynəlxalq olmaqla 1 100-dən çox uçuş həyata keçirib və trafik artmaqda davam edir.

    Mənbə: Akdenizgercek.com