Month: İyul 2024

  • SOCAR-dan Gürcüstan yığmasına görə jest – Yanacaq 2 lari oldu

    Gürcüstanda bu gün saat 14:00-dan etibarən SOCAR-ın yanacaqdoldurma məntəqələrində 90 dəqiqəlik bütün növ yanacaqlar 2 lari (1 manat 21 qəpik) olacaq.

    Bu barədə SOCAR Georgia məlumat yayıb.

    Belə ki, şirkət ötən gün Gürcüstan millisinin AÇ-2024-ün 1/4 finalında İspaniya millisini məğlub edəcəyi təqdirdə bütün növ yanacağın qiymətini 90 dəqiqəlik 2 lari (1 AZN 21 qəpik) edəcəyi ilə bağlı paylaşım etmişdi.

    Amma Gürcüstan yığması İspaniyaya 1:4 hesabı ilə uduzdu. Buna baxmayaraq SOCAR etdiyi paylaşıma əməl edərək yanacağın qiymətini endirib.

  • Dövlət qurumu məktəb direktorunu cərimələdi: Məhkəmə olacaq – FOTO

    Bakıda fəaliyyət göstərən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin direktoru Cavid Əliyev cərimələnib.

    “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi direktora İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb.

    Bu maddə işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.

    Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. Cavid Əliyev dövlət qurumunun qərarından məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Onun şikayətinə Xətai Rayon Məhkəməsində baxılacaq.

    İyulun 4-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Fuad Axundovun sədrliyi ilə keçiriləcək.

  • Həbib Nurməhəmmədovun hesablarına həbs qoyuldu

    Rusiyanın Federal Vergi Xidməti dünyaca məşhur rusiyalı, UFC döyüşçüsü Həbib Nurməhəmmədovun hesablarına həbs qoyub.

    Buna səbəb H. Nurməhəmmədovun dövlətə 300 milyon rubla yaxın(təxminən 5,9 milyon manat – red.) borcunun olmasıdır.

    Qeyd edək ki, daha əvvəl isə Rusiya Federal Vergi Xidməti H.Nurməhəmmədova məxsus bir neçə şirkəti bağlayıb.

    Mənbə: Mash

  • Sumqayıtda hündürlükdən yıxılan uşaq ölüb

    Sumqayıt şəhərində hündürlükdən yıxılan uşaq ölüb.

    “Report”un yerli bürosu məlumat verir ki, hadisə 10-cu mikrorayonda yerləşən çoxmərtəbəli binaların birində qeydə alınıb.

    2019-cu il təvəllüdlü Kənan Fuad oğlu Həsənov yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılıb. O, hadisə yerindəcə ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Taksi fəaliyyəti üçün neçə sürücü icazə alıb? – AYNA-dan son rəqəmlər

    Azərbaycanda taksi fəaliyyəti üçün icazə (“Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 11 mini ötüb.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Məlumata görə, bu günədək təlim keçən taksi sürücülərinın sayı 24 482 təşkil edir.

    Qeyd edək ki, bu gündən ölkədə buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələrinin taksi kimi fəaliyyət göstərməsi qadağan edilib.

  • Xızıda 18 yaşlı qız itkin düşüb – FOTO

    Xızı rayonunun Sitalçay kəndində yaşayan 18 yaşlı Günəş Allahverdiyeva 2024-cü ilin iyunun 29-da yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Boyu təxminən 164 santimetr, gözlərinin rəngi qəhvəyi olan kök bədən quruluşlu, hicablı qız evdən çıxarkən əynində göy rəngli uzun paltar və üzərində isə qara rəngli əl çantası olub.

    Şəkildəki qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” çağrı mərkəzinə, həmçinin Xızı rayon Polis Şöbəsinə (02331) 5-01-31, (051) 404-77-00 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

  • Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxundu: Dördünə həbs, birinə cərimə kəsildi (Yenilənib)

    Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    APA xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə müşavirədən sonra hökm elan olunub.

    Hökmə əsasən, Xəzər Rüstəmov, Rüfət Əsədov və Ruslan Əfəndiyev, Vüqar Kərəmovun hər biri 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Tofiq Musayev isə 1 500 manat miqdarında cərimə edilib.

    * * * * *

    Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

    APA xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək idmançıların hər birinin bir il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Prokuror Tofiq Musayevin barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.

    Proses davam edir.

    Qeyd edək ki, hadisə Səbail rayonu ərazisində baş verib.

    İttihama görə, təqsirləndirilən idmançılar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Mübahisə zamanı idmançı Həsən Əzizov döyülüb.

    Cinayət işinin istintaqı Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən aparılıb.

    Ruslan Əfəndiyev və onun tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində həbs qərarı verilib. T.Musayev və M.Məmmədova istintaq dövrü müddəti üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Daha sonra təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

    İstintaqın sonunda iş üzrə təqsirləndirilən Mehman Məmmədovun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

  • Pakistanda 19 məhkum həbsxanadan qaçdı

    Pakistanın Azad Cammu və Kəşmir bölgəsindəki həbsxanasından 6-ı ölüm cəzasına məhkum edilmiş 19 məhbus qaçıb.
     
    Həbsxanada silahlı məhbus nahar vaxtı mühafizəçidən zorla açarları alıb və kameraların kilidini açıb.

    Məlumata görə, qaçış zamanı mühafizəçilərlə münaqişədə yaralanan məhbuslardan birinin xəstəxanada dünyasını dəyişdiyi bildirilib.

    Həyəcan vəziyyətində olan polis məhbusları tutmaq üçün Poonç bölgəsinə giriş-çıxışı dayandırıb.

    Həbsxana rəhbərinin müavini də daxil olmaqla 8 həbsxana məmuru istintaq üçün saxlanılıb.
    //azxeber.com

  • Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq

    İyulun 2-də gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-65 %, gündüz 40-45 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
    Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-32° isti, dağlarda gecə 9-14° isti, gündüz 14-18° isti olacaq.

  • Xocavənddə bir tondan artıq yabanı çətənə bitkisi yandırılıb

    Xocavənddə bir tondan artıq yabanı çətənə bitkisi yandırılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş 2024” planına uyğun olaraq tədbir keçiriblər.

    Tədbir zamanı Qırmızı Bazar qəsəbəsinin ərazisində yabanı halda bitən bir tondan artıq 4 650 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.