Month: July 2024

  • Taksilərlə bağlı yeni tələblər metroda qatarların sayını artıra bilər

    Artıq iyulun 1-dən etibarən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə taksi fəaliyyəti üçün buraxılış kartı verilməyəcək. Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli qərarı ilə təsdiqlənən və 1 iyul 2024-cü ildən qüvvəyə minən “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də qeyd edilir ki, , buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. Həmçinin bu gündən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilmişdirsə və ya ölkəmizdə istehsal olunmuşdursa, onların rəngi ağ və ya qırmızı olmalıdır.

    Cari ayın əvvəlindən qüvvəyə minən bu tələbələr səbəbindən taksi qiymətlərində artım müşahidə edilir. Sözügedən artım səbəbindən ictimai nəqliyyatda əhali sıxlıq olması qaçılmazdır.

    Bəs, ictimai nəqliyyatda əhali sıxlığının qarşısının alınması üçün hansı tədbir atılacaq?

    “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-in sualını cavablayarkən bildirib ki, əgər sərnişin sayında hər hansı bir artım müşahidə olunarsa, ehtiyat qatarların dərhal xəttə verilməsində hər hansı bir problem yaşanmayacaq.

    “Taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı müvafiq qərar imzalandıqdan sonra Bakı Metropoliteni müxtəlif dövrlərdə monitorinq tədbirlər planına bu məsələ xüsusi olaraq salınıb. Hazırda yay dövrü olduğu üçün sərnişinlərin sayında azalma olur. Hər gün sərnişin axınının tənzimlənməsi üzrə müvafiq tədbirlər görülməsi üçün hazırlıq vəziyyəti var. Əgər sərnişin sayında hər hansı bir artım müşahidə olunarsa, ehtiyat qatarların dərhal xəttə verilməsində hər hansı bir problem yaşanmayacaq. Ümumiyyətlə bu proses davamlı olarsa, qatarların hərəkət qrafikinə baxılması və müvafiq düzəlişlərin edilməsi istisna edilmir”, – deyə o əlavə edib.

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov qeyd edib ki, taksilərlə bağlı qüvvəyə minən tələblər ictimi nəqliyyatda müəyyən mənada balans yaradacaq.

    “Müvafiq qurumlan elan ediblər ki, taksilərin sayının azalması avtobus və metroda qatarların sayının artması ilə müşahidə olunacaq və balans yaranacaq. İctimai nəqliyyatda qatar və avtobus sayının artması intervalı azalda bilər.

    Elan olunub ki, payızda ölkəmizə 150 yeni elektrik mühərrikli avtobuslar gətiriləcək. Bu sayda avtobus gətirilsə, düşünürəm ki, ictimai nəqliyyatda problemlər aradan qaldırıla bilər”, – deyə ekspert vurğulayıb.

    Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə Trend-in suallarını cavablandırarkən bildirib ki, ictimai nəqliyyatda xidmət keyfiyyəti taksi sahəsindəki islahatlarla paralel aparılmalıdır.

    “Ötən ilin iyul ayından bəri qanunvericilikdə müəyyən dəyişikliklər oldu. Əsas hədəf odur ki, taksi fəaliyyətində xaos aradan qaldırılsın, xidmət yaxşılaşdırılsın. Hər kəs istəyər ki, istənilən xidmət sahəsində nizam-intizam olsun. Həm də yollarda təhlükəsizlik təmin olunur. Taksi fəaliyyətinin belə geniş yayılmasının iki səbəbi var. Birincisi odur ki, ictimai nəqliyyat qaydasında deyil. Taksilər ictimai nəqliyyat rolunu yerinə yetirirdilər. Onlara belə çox tələbatın olmasının səbəbi avtobusların ya az olması, ya da qane etməməsidir.

    İkinci səbəb isə, bəzi insanlara taksi fəaliyyəti daha rahat gəlir, qazanv mənbəyi olaraq görürdülər. İndi bu islahatlar o vaxt özünü doğruladacaq ki, ictimai nəqliyyat inkişaf etsin. Məsələn, Abşeron yarımadasında elə yerlər var ki, orada marşrutlar yoxdur və ya zamanında işləmir. İctimai nəqliyyatda xidmət keyfiyyəti taksi sahəsindəki islahatlarla paralel aparılmalıdır. Avtobuslara əlçatanlıq təmin edilməlidir, dəqiq qrafiklə işləməlidirlər, sürücülər mədəni, avtobuslar təmiz olmalıdır. Bu istiqamətdə işlər görülsə, problemlər aradan qaldırılacaq”, – deyə o əlavə edib.

  • Müğənni Damlanın Ərdəbildə konsert verdiyi salon möhürləndi – FOTO / VİDEO

    Azərbaycanın tanınan müğənnisi Damlanın (Məsumə Məmmədova – red.) İranın Ərdəbil şəhərində konsert verdiyi salon yerli prokurorluq tərəfindən möhürlənib.

    Məlumata görə, Ərdəbil prokurorluğu bunu qanunsuz mərasim keçirmək və qaydaları pozmaqla əlaqələndirib.

    Yayılan videogörüntülərdə Damla Təbriz və Ərdəbildə hicabsız olub.

    Bu isə son günlər İranda müxtəlif siyasi dairələrin etirazına səbəb olub.

  • Barda tanış olduğu qadını 35 manata görə öldürdü – HÖKM (VİDEO)

    2023-cü il avqustun 24-də Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gələn 1986-cı il təvəllüdlü Səbuhi Hüseynov Könül adlı qadını öldürdüyünü bildirib.

    Məlumat əsasında dərhal əraziyə gedən polis əməkdaşları Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 29, mənzil 3 ünvanında döşəmədə uzanıqlı vəziyyətdə 1977-ci il təvəllüdlü Könül Cəfərovanın cansız bədənini aşkar ediblər.

    Məhkəmə-tibbi ekspertizası Könül Cəfərovanın boğularaq öldürüldüyünü müəyyən edib.

    Səbuhi Hüseynov istintaqa verdiyi ifadəsində Könül Cəfərova ilə təxminən 5-6 il əvvəl barda tanış olduğunu bildirib.

    2023-cü ilin yayında qadın hadisə baş verən ünvana köçüb. Həmin mənzildə dəfələrlə onunla intim münasibətdə olub. Qadın tək yaşayıb, onun qızı Türkiyədə olub.

    Səbuhi Hüseynov Könülün daim 15 manat müqabilində görüşdüyünü bildiyindən avqustun 23-də onunla yaşadığı məhəllədə görüşüb, ona 50 manat pul verib. Qadın axşam gələndə onun 35 manat pulunu qaytaracağını söyləsə də, S.Hüseynov sərxoş olduğundan Könülün yanına getməyib.

    Növbəti gün saat 21:00 radələrində həyətdə qadınla görüşüb, birlikdə evə daxil olublar. 35 manat pulunu istəyəndə Könül onun ünvanına nalayiq ifadələr işlədib, pulunun olmadığını bildirib.

    O, kafeyə borcu olduğunu, heç olmasa 20 manat verməsini xahiş etsə də, qadın yenə pulu olmadığını deyib və onunla söhbət edə-edə paltarlarını tam soyunub.

    Səbuhi Hüseynov ünvanına işlədilən söyüşlərdən hiddətlənərək Könülə arxadan yaxınlaşıb və təxminən 2-3 dəqiqə ərzində onu boğub.

    Qadın əvvəl əl-qol atsa da, sonradan səsi kəsilib. Könülü olduğu kimi çılpaq vəziyyətdə özünün yerə sərdiyi döşəyin üzərinə uzadıb. Sonra açarla qapını arxadan bağlayaraq həyətə düşüb.

    Oğluna zəng edib, adam öldürdüyünü deyib. Bundan sonra yaşadığı evə gedib, törətdiyi cinayəti ata-anasına danışıb. Oradan isə çıxıb 30-cu Polis Şöbəsinə yollanıb və növbətçiyə hadisə barədə məlumat verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Hüseynov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Daha ətraflı Baku TV-nin materialında:

  • Abid Şərifovun kürəkəninin vəzifələrini kim icra edir?

    Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudov vəzifəsindən azad edilib.

    “Qaynarinfo”nun məlumatına görə, Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında sözügedən vəzifəyə rəis əvəzi Fariz Natiq oğlu Əliyev gətirilib.

    Fariz Əliyev həmçinin sözügedən müəssisənin rəis müavinidir.

    Qeyd edək ki, işdən çıxarılan Məmməd Mahmudov baş nazirin sabiq müavini Abid Şərifovun kürəkənidir.

  • Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

    İyulun 2-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fiks ilə görüşüb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Qonağı salamlayan Baş Qərargah rəisi onu ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. NATO ilə münasibətlərin cari vəziyyətinin yüksək səviyyədə olduğunu bildirib.

    Azərbaycan-NATO əməkdaşlığının bundan sonra da hər iki tərəf üçün faydalı olacağı və səmərəli görüşlərin davam etdiriləcəyi əminliklə qeyd edilib.

    NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Şimali Atlantika Alyansının bölmələrimizin hazırlığına böyük töhfə verdiyini bildirən general-polkovnik K.Vəliyev bunun yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.

    General-mayor S.Fiks isə öz növbəsində Azərbaycana növbəti səfərindən məmnun olduğunu qeyd edib. Azərbaycan ilə qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

    Azərbaycan Ordusunun hərbi qulluqçularının sülhməramlı missiyalarda, eləcə də NATO ilə tərəfdaşlıq çərçivəsində digər sahələrdə peşəkar fəaliyyətinin müsbət qiymətləndirildiyi qeyd olunub.

    Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

  • Bakıda qadın direktor saxlanıldı

    Bakıda məşhur uşaq bağçasının direktoru saxlanılıb.

    “Qaynarinfo”nun məlumatına görə, “Moon Kids” uşaq bağçasının təsisçisi və direktoru Havvaxanım İmamət qızı Rüstəmova dələduzluq əməlində ittiham edilir.

    Havvaxanım Rüstəmova xeyli sayda insandan işə düzəltmə və digər məsələlərlə bağlı müxtəlif məbləğlərdə pul alaraq mənimsəməkdə ittiham olunur.

    Artıq xanım direktorun rəhbəri olduğu “Moon Kids” uşaq bağçası da fəaliyyətini dayandırılıb.

    Bağçanın bütün sosial şəbəkələrdə hesabları silinib.

  • ABŞ-də yaşlı və zəifləmiş Baydeni əvəz edəcək şəxs müəyyən edilib

    Vitse-prezident Kamala Harris demokratların lideri kimi ABŞ Prezidenti Co Baydeni əvəz edə bilər. O, bu vəzifəyə ilk və ən çox ehtimal olunan namizəddir.

    Qeyd olunur ki, Harrisin əhali arasında populyarlığı o qədər də yüksək deyil. Bununla belə, o, afroamerikalı seçicilər və qadınlar tərəfindən sevilir. Bundan əlavə, vitse-prezidentin digər namizədlər qarşısında açıq-aşkar üstünlüyü var. Ağ Evin indiki rəhbəri yenidən seçilməkdən imtina edərsə, o, Baydenin topladığı vəsaiti öz seçki kampaniyasını maliyyələşdirmək üçün istifadə edə bilər.

    Eyni zamanda, bildirilir ki, Harris son vaxtlar Bayden administrasiyasında öz mövqeyini gücləndirməyə başlayıb. O, rəsmiləri Qəzza zolağındakı humanitar problemlərə diqqət yetirməyə və münaqişənin həlli üçün sülh planının hazırlanmasına diqqət yetirməyə çağırıb.

    Mənbə: The Wall Street Journal

  • Pakistan səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatdı

    Xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Azərbaycandakı səfiri Bilal Hayeni ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

    XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistan arasında mövcud strateji tərəfdaşlıq gündəliyi, Pakistana son rəsmi səfərdən irəli gələn məsələlər və gələcək planlar müzakirə olunub.

    Ölkəmizdə diplomatik fəaliyyəti zamanı Azərbaycan-Pakistan münasibətlərinin inkişafı istiqamətində göstərdiyi hərtərəfli səylər və peşəkarlığa görə səfir Bilal Hayeyə təşəkkür edilib, ona bundan sonrakı fəaliyyətində uğurlar arzulanıb.

    C.Bayramov səfirin Azərbaycanda diplomatik fəaliyyətinə başladığı dövrün keçmiş münaqişə və Ermənistanın işğalına son qoyulması ilə nəticələnən 44 günlük Vətən müharibəsinə təsadüf etdiyini qeyd edərək, Pakistan tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı mənəvi və siyasi dəstəyə görə təşəkkür edib.

    Cari ildə Pakistana edilmiş rəsmi səfər çərçivəsində keçirilmiş görüşlərin, habelə strateji tərəfdaşlıq münasibətlərimiz ətrafında aparılan geniş fikir mübadilələrinin məmnunluq doğurduğu, əməkdaşlığımızın inkişafı üçün mövcud perspektivlərdən istifadənin zəruriliyi qeyd edilib.

    Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) kimi bir sıra regional və beynəlxalq təşkilatlar daxil olmaqla, çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd edilib. Pakistanın 2025-2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi münasibətilə təbriklər diqqətə çatdırılıb.

    Səfir Bilal Haye ölkəmiz üçün olduqca taleyüklü bir dövrdə Pakistanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərməsindən qürur duyduğunu, bundan sonra da iki ölkə arasında münasibətlərin daha da inkişafına ümidvar olduğunu diqqətə çatdırıb.

    Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Zakir Həsənov Belarusa getdi

    Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusa səfər edib.

    Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

    Bildirilib ki, səfər çərçivəsində Z.Həsənovun Minsk şəhərində keçiriləcək bu ölkənin alman-faşist işğalçılarından azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş hərbi paradda, həmçinin Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirakı planlaşdırılır.

    Müdafiə nazirinin rəsmi səfəri iyulun 3-dək davam edəcək.

  • Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqləyib

    Prezident İlham Əliyev “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanunu təsdiqləyib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Ötən il büdcə gəlirləri 35 milyard 574,8 milyon manat (əvvəlki illə müqayisədə artım 16 %), gəlirlər üzrə plan 105%, büdcə xərcləri isə 36 milyard 458,5 milyon manat (artım 13,7 %), xərclər üzrə plan 99,5% icra olunub.

    Büdcə kəsiri 883,7 milyon manat və yaxud ÜDM-in 0,7%-ni təşkil edib.