Month: İyul 2024

  • Sabiq deputat Hüseyn Abdullayevin cinayət işi məhkəməyə göndərilib

    Sabiq deputat Hüseyn Abdullayevin cinayət işi məhkəməyə göndərilib.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, Hüseyn Abbas oğlu Abdullayev və qeyriləri tərəfindən bir sıra Avropa ölkələrində külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasına dair xarici ölkələrin aidiyyəti orqanlarından daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun aidiyyəti idarəsində araşdırmalar aparılmış və daxil olmuş materiallar İstintaq idarəsinə təqdim edilməklə istintaq yolu ilə araşdırılıb:

    “İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib”, – deyə məlumatda qeyd olunub.

    Məlumatda bildirilib ki, toplanmış sübutlar əsasında Hüseyn Abdullayev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib:

    “Cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq tədbirləri davam etdirilməklə, leqallaşdırma hesabına əldə edilmiş əmlaklar, digər qanunsuz maliyyə əməliyyatları və əqdlər barədə ayrı-ayrı ölkələrə hüquqi yardımların göstərilməsi ilə bağlı vəsatətlər göndərilib, eləcə də, həmin ölkələrin səlahiyyətli orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində zəruri olan bütün tədbirlər icra edilir”.

  • “Sabah”ın rəqibinin Bakıda keçiriləcək məşqi ləğv olunub

    Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah”la keçiriləcək cavab qarşılaşması öncəsi “Makkabi”nin (Hayfa, İsrail) Bakıdakı məşqi ləğv olunub.

    Buna səbəb komandanın Bakıya gecikməsidir.

    Klubun Mətbuat Xidməti Hayfa təmsilçisinin ölkəmizə uçuşunun üç saat gecikəcəyini açıqlayıb.

    Qeyd edək ki, “Sabah” ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlub edib. Cavab qarşılaşması sabah saat 20:00-da start götürəcək.

  • Rusiyada yeni QANUN: Bəzi şəxsləri vətəndaşlıqdan məhrum edə bilərlər

    Rusiyada vətəndaşlıq almaq istəyən əcnəbilərin ölkədə hərbi qeydiyyata düşməyi məcburi olub.

    Median.Az bu barədə “RIA Novosti” agentliyinə istinadən xəbər verir.

    Qeyd olunub ki, sözügedən qaydanı tətbiq etməyə imkan verən qanun Rusiya Dövlət Duması tərəfindən qəbul olunub.

    Həmçinin, Rusiya vətəndaşlığını yeni əldə edən şəxslər hərbi komissarlıqda qeydiyyatdan keçməsələr, bu onun vətəndaşlığına xitam verilməsi üçün əsas olacaq.

    Qəbul edilən qayda, həmçinin, qeydiyyat və vətəndaşlığın alınması proseslərinin sinxronlaşdırılmasını da tələb edir.

  • Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

    İyulun 31-i saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkirdə şimşək çaxıb, arabir qısamüddətli yağış yağıb.

    Qərb küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Daşkəsən 20-25 m/s, Goranboy 19 m/s, Naftalanda 16 m/s-dək güclənib.

  • Bu gün həlak olan hərbçilərimizin FOTOLARI

    Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən, ilkin ehtimala görə, zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları – kapitan Asif Qəhrəman oğlu Emnalıyev, gizir Fərid Famil oğlu Cəbrayılov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – çavuş Tural Maşallah oğlu Səmədov və çavuş Emin Oqtay oğlu Şahmarlının meyitləri aşkar edilib.

    Median.Az vəfat edən iki hərbçinin fotolarını təqdim edir:

    Kapitan Asif Emnalıyev

    Gizir Fərid Cəbrayılov


  • İlkin Süleymanov məhkəmədə son sözünü dedi

    İlkin Süleymanovun apellyasiya şikayəti təmin edilməyib.

    Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlində ittiham olunan İlkin Süleymanovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

    “Report”un Qərb bürosunun məlumatına görə, ötən məhkəmədə İlkin Süleymanov hakimdən son söz üçün vaxt istəmişdi.

    Bu gün o, son söz deyərək bir daha özünü təqsirli bilmədiyini söyləyib və Gəncə Ağır Cinayətlər Məhkəməsinin verdiyi qərarın dəyişdirilməsini istəyib.

    Son sözdən sonra hakim qərar verib. Apellyasiya Məhkəməsi İlkin Süleymanovun şikayətini təmin etməyib.

    Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb. Onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

    Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə nəzərdə tutulan ittiham elan olunub. İlkin Süleymanov məhkəmənin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

  • Bakıda yolda uzanan şəxs həbs edildi: “Arağımın üstünə spirt tökdülər”

    Bakıda içkili halda yolda uzanan şəxs həbs edilib.

    “Qaynarinfo”nun məlumatına görə, hadisə Nizami rayonu, R.Rüstəmov küçəsində baş verib.

    Saxlanılan 1963-cü il təvəllüdlü Saatlı rayon, Mollavaizli kənd sakini R.M. hadisəyə görə özünün yox, arağının üstünə spirt töküb onu sərxoş edənlərin günahkar olduğunu bildirib.

    “Arağımın üstünə spirt tökməklə məni bu vəziyyətə saldılar”, – deyə həmin şəxs bildirib.

    O, Rusiya Federasiyasından deportasiya olunduğunu deyib:

    “Yaşayış yerim Saatlı rayonundadır, dilənçi deyiləm, müxtəlif işlərdə işləyirəm, lakin hazırda işim dayanıb”.

    Onun Azərbaycanda saxta dollar hazırlaması, Rusiyada isə davaya qarışması ilə bağlı barəsində cinayət işləri olub. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, bir daha belə bir hərəkətə yol verməyəcəyini bildirib. Həmçinin başında travma olduğunu əlavə edib.

    Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib və 8 gün müddətinə həbs edilib.

  • Azərbaycanda adam bıçaqlamaqda şübhəli bilinən deputatlığa namizəd saxlanıldı (YENİLƏNİB)

    “Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində hadisəni törədən Taleh Məmmədov saxlanılaraq istintaqa təqdim edilib”.

    Bunu oxu.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov deyib.

    O qeyd edib ki, iyulun 30-u axşam saatlarında Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində 1974-cü il təvəllüdlü Nazir Cavadovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub:

    “Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Taleh Məmmədov saxlanılaraq istintaqa təqdim edilib. Qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır”.

    * * * * *

    Hacı Zeynalabdin qəsəbəsində iyulun 30-da deputatlığa namizəd tərəfindən bıçaqlandığı bildirilən şəxs əməliyyat olunub.

    Bu barədə Sumqayıt Tibb Mərkəzindən “Report”un sorğusuna verilən cavabda bildirilib.

    Qeyd edilib ki, 1974-cü il təvəllüdlü Nazir Ağacavad oğlu Cavadov 2024-cü il iyulun 30-da saat 22:15-də Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına daxil olub.

    Sol döş boşluğunun daxilinə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan şəxs cərrahi əməliyyat olunub. Reanimasiyaya yerləşdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.

    Xatırladaq ki, N.Cavadovun 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizəd olan Taleh Məmmədov tərəfindən bıçaqlandığı bildirilir.

    * * * * *

    Azərbaycanda deputatlığa namizəd münaqişə etdiyi şəxsə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

    “Report”un yerli bürosunun məlumatına görə, hadisə Hacı Zeynalabdin qəsəbəsi, Cabir Novruz küçəsində qeydə alınıb.

    Məlumata görə, Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Taleh Sakit oğlu Məmmədov münaqişə zəminində 1974-cu il təvəllüdlü Nazir Ağacavad oğlu Cavadova bıçaqla xəsarət yetirib.

    Yaralı dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

    Qeyd olunur ki, T.Məmmədov 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizəddir.

  • AMB COP29-la bağlı planlarını elan edib

    “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) görəcəyi tədbirləri bir neçə istiqamətə bölmək olar”.

    “Report” xəbər verir ki, bunu AMB-də keçirilən mətbuat konfransında qurumun baş direktoru Şahin Mahmudzadə bildirib.

    “Birinci istiqamət ölkədə dayanıqlı maliyyə infrastrukturunun yaradılması ilə bağlıdır. Bura həm “yaşıl” istiqrazların, həm də digər dayanıqlı maliyyə alətlərinin müəyyən edilməsi və hüquqi infrastrukturun yaradılması daxildir.

    İkinci istiqamət dayanıqlı maliyyə ilə bağlı risk idarəetmə sistemlərinin formalaşdırılmasıdır. Bu da xüsusən bank sektoruna aiddir.

    Üçüncü istiqamət hesabatlılıq formasının müəyyənləşdirilməsidir.

    Dördüncü istiqamət ümumilikdə ekosistemi dayanıqlı maliyyə alətlərinin istifadəsinə hazırlamaqdır. Biz COP-29-la bağlı gündəliyimizi sürətləndirmişik və bəzi işləri önə keçirmişik”, – deyə o qeyd edib.

    “Sessiya ilə bağlı digər məsələ bu tədbirə ev sahibliyi edən ölkə kimi təşəbbüslərin formalaşdırılmasına dəstək verməkdir. Burada banklar və “Bakı Fond Birjası” QSC ilə birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur”, – deyə AMB rəsmisi əlavə edib.

  • Azərbaycan Ordusunun dörd hərbçisi faciəli şəkildə həlak oldu, araşdırma başladıldı (YENİLƏNİB)

    Laçın rayonu ərazisində Azərbaycan Ordusunun dörd hərbi qulluqçusunun – Asif Qəhrəman oğlu Emnalıyev, Tural Maşallah oğlu Səmədov, Emin Oqtay oğlu Şahmarlı və Fərid Famil oğlu Cəbrayılovun meyitlərinin aşkar edilməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.

    Bu barədə respublika hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev məlumat verib.

    “Daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.

    Hazırda Qubadlı Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”, – məlumatda deyilir.

    * * * * *

    İyulun 30-u xidmətdənkənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən, ilkin ehtimala görə, zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları – kapitan Asif Qəhrəman oğlu Emnalıyev, gizir Fərid Famil oğlu Cəbrayılov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – çavuş Tural Maşallah oğlu Səmədov və çavuş Emin Oqtay oğlu Şahmarlının meyitləri aşkar olunub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyib.