Month: İyul 2024

  • I Qarabağ müharibəsində itkin düşmüş hesab edilən iki şəhid dəfn olunacaq

    Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq.

    “Report” xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

    Belə ki, hərbçi Surxay Rza oğlu Məmmədov avqustun 1-i Gəncə şəhəri Şəhidlər xiyabanında, digər hərbçi Camal Möhübbət oğlu Quliyev isə avqustun 2-si Laçın şəhəri Şəhidlər xiyabanında dəfn ediləcək.

  • Zabrat-Məmmədli yolunda QƏZA: Ölən var

    Sabunçuda iki maşın toqquşub, ölən var

    APA xəbər verir ki, hadisə Zabrat-Məmmədli yolunda qeydə alınıb.

    Elçin Yadigar oğlu Musayev idarə etdiyi “KIA Rio” avtomobili ilə Orxan Azər oğlu Həsənzadənin idarə etdiyi “Chevrolet Epica” avtomobili ilə toqquşub.

    Hadisə nəticəsində KIA-da olan sərnişin, 1979-cu il təvəllüdlü Elnur Vahid oğlu Əsgərov xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Yevlax sakinlərindən qanunsuz silahlar aşkarlanaraq götürülüb

    Yevlaxda rayon sakinlərindən qanunsuz silahlar aşkarlanaraq götürülüb.

    Median.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakinlərində olan qanunsuz silahların yığılması istiqamətində tədbirlər davam etdirilir. Son aylarda keçirilən tədbirlərlə müvafiq sənədləri olmayan 20 ov silahı aşkarlanaraq götürülüb.

    Bundan əlavə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində mülki silahın saxlanılması və daşınması ilə bağlı qayda pozuntusuna yol verən 8 nəfər də müəyyən edilib.

    Aşkarlanan qayda pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib olunub.

  • “iPhone”da çoxdan gözlənilən YENİLİK – FOTO

    “iOS 18.1″in tərtibatçılar üçün buraxılmış beta versiyasında indi süni intellektə (Sİ) əsaslanan “Apple Intelligence” sistemindən istifadə edərək telefon zənglərini yazmaq və deşifrə etmək funksiyası var.

    Median.Az “MacRumors”a istinadən xəbər verir ki, cihazlarında əvvəlcədən quraşdırılmış “iOS 18.1” versiyası olan istifadəçilər zəng edərkən ekranın yuxarı sol küncündəki qeyd düyməsinə basdıqda, “Android” smartfonlarında olduğu kimi, söhbətin qeydə alındığı barədə həmsöhbətə məlumat veriləcək.

    Həmin söhbət “Qeydlər” tətbiqində saxlanılır. İstifadəçilər qeydi aça və dinləyə, həmçinin Sİ tərəfindən yaradılan tam transkript və ya qısa məzmuna baxa bilərlər.

    Bildirilib ki, “iOS 18.1″də çıxarış funksiyası bütün əməliyyat sistemində mövcuddur. İstifadəçilər “iPhone”da istənilən mətnin qısa məzmununu əldə edə bilərlər.

    Hazırda “Apple Intelligence” Sİ xüsusiyyətləri yalnız “iOS 18.1”, “iPadOS 18.1” və “macOS Sequoia 15.1-“n tərtibatçılar üçün nəzərdə tutulmuş beta versiyalarında mövcuddur. Bütün istifadəçilər üçün tam yeniləmə payızda təqdim ediləcək.


  • Göygöldə bıçaq xəsarəti alan gənc ölüb

    Göygöl rayonunda 25 yaşlı gənc oğlan bıçaq xəsarətindən dünyasını dəyişib.

    “Report”un məlumatına görə, rayonun Üçtəpə kəndində 25 yaşlı E.Mustafayev qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

    Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Hadisənin başvermə səbəbləri araşdırılır.

  • Paris-2024: Azərbaycanın Avropa çempionu mübarizəyə başlayır

    Bu gün Azərbaycanın üç idmançısı və 3×3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.

    “Report”un məlumatına görə, ilk olaraq cüdoçu Elcan Hacıyev tatamiyə çıxacaq.

    Belə ki, 90 kq çəki dərəcəsində yer alan Avropa çempionu Türkiyə təmsilçisi Mixael Zqankla üz-üzə gələcək.

    Akademik avarçəkmə üzrə yığmamızın üzvü Diana Dımçenko 6-12-ci yerlər uğrunda yarışacaq.

    Badmintonçu Edi Reski Dviçayo E qrupundakı ikinci görüşündə danimarkalı Anders Antonsenin müqavimətini qırmağa çalışacaq. Təmsilçimiz ilk görüşündə avstriyalı Kollins Filimonu üstələyib.

    Son olaraq Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi ABŞ seçməsi ilə qarşılaşacaq. Komandamız ötən gün ilk matçında İspaniyaya məğlub olub – 16:18.

    Triatlonçumuz Rostislav Pevtsovun çıxışı isə Sena çayında suyun keyfiyyətinin aşağı olması səbəbindən növbəti dəfə təxirə salınıb.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Hələlik ölkəmiz üçün cüdoçu Hidayət Heydərov (73 kq) yeganə qızıl medalı əldə edib.

  • Tehran sui-qəsdi: Xamenei SEPAH generallarını təcili topladı

    HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İranın Ali Milli Təhlükəsizlik şurasının fövqəladə iclası başlayıb.

    Median.Az-ın “Reuters”ə istinadla verdiyi məlumata görə, tədbir ölkənin Ali Rəhbəri Ayətullah Əli Xameneinin iqamətgahında keçirilir.

    Məlumata görə, iclasda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabitləri iştirak edirlər.

    Xatırladaq ki, İsmayıl Haniyə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehranda iqamətgahına İsrailin hücumu nəticəsində öldürülüb.

  • Şimpanzelərin yeni bacarığı alimləri heyrətə gətirdi

    İsveç, Böyük Britaniya və İsveçrədən olan beynəlxalq alimlər qrupu şimpanzelərin insan nitqini öyrənə biləcəyinə dair sübutlar tapıblar.

    Tədqiqat “Scientific Reports” (SciRep) elmi jurnalında dərc olunub.

    Mütəxəssislər müxtəlif şəraitdə insanabənzər meymunlarla aparılan təcrübələrin köhnə videolarını araşdırarkən bu kəşfi ediblər.

    Komanda nə üçün insanların Yer kürəsində nitq inkişaf etdirən yeganə növ olduğuna dair onilliklər boyu davam edən elmi mübahisəni həll etmək istəyib. Məlumdur ki, bəzi ali primatlar həmçinin səs siqnalları vasitəsilə ünsiyyət qurmağı öyrənmişlər, lakin bunu şifahi dil hesab etmək olmaz.

    Materialların təhlili zamanı elm adamları şimpanzelərin ən azı üç müxtəlif fərdlərinin ayrı-ayrı insan sözlərini tələffüz etdiklərinin sübutunu tapıblar.

    Tədqiqatçılar aşkar ediblər ki, meymunlar aydın şəkildə “ana”, “ata” və “fincan” deməyi öyrəniblər. Mütəxəssislər şimpanzelərin tələffüzünün insan nitqindən fərqli olduğunu qeyd ediblər. Bununla belə, aşkar edilən materiallar sübut edir ki, ali primatlar müəyyən şəraitdə insan sözlərindən istifadə edə bilirlər.

  • Arıqlama zamanı kalori saymağın fəsadları

    “Arıqlamaq istəyərkən kalori saymaq çox vaxt nevrozlara və daimi olaraq pəhrizin pozulmasına gətirib çıxarıb”.

    Median.Az “RIA Novosti”yə istinadən xəbər verir ki, bunu rusiyalı qastroenteroloq və diyetoloq Nuriya Dianova deyib.

    Mütəxəssis bildirib ki, düzgün və sağlam arıqlama məhsulların seçimində seçiciliyə və onların qida rasionunda düzgün kombinasiyasına əsaslanmalıdır. Diyetoloq qeyd edib ki, kalori hesablanmasına əsaslanaraq normanı saxlamağa çalışaraq, insan istədiyi hər şeyi yeyir. Həkimin fikrincə, bu yanaşma pozulmalara, psixoloji problemlərə və “yo-yo” effektinin (gedib-gələn) yaranmasına gətirib çıxarır – gün ərzində insan demək olar ki, heç nə yemir və axşam aclığını yatırmaq üçün çoxlu yeyir.

    Həkim qeyd edib ki, lazımi maddələrin çatışmazlığı və məhdudiyyətlər səbəbindən diyet pozulur. Onun sözlərinə görə, gündəlik kalori normasını tamamlamaq üçün bir çox insan rasionunu yanlış təşkil edir.

    “Məsələn, insan səhər yeməyində çoxlu yağlar, şirniyyatlar və sürətli karbohidratlar yeyir və günün qalan hissəsinə 300 kalori qalır. Gün ərzində o, yalnız tərəvəz yeyir və su içir – gec-tez bu, pozulmaya səbəb olacaq”, – “RIA Novosti” mütəxəssisdən sitat gətirib.

    Dianova qida rasionunu təşkil edərkən “boşqab qaydasından” istifadə etməyi məsləhət görüb. Bu üsula görə, boşqabın yarısı tərəvəzlərdən, dörddə biri – zülallı qidalarından və eyni miqdarda – kompleks karbohidratlardan ibarətdir. Həmçinin o qeyd edib ki, boşqabın kiçik bir hissəsi meyvə və giləmeyvələrə ayrılmalıdır.

  • Sevdiyi qıza yuxu dərmanı verib cinsi əlaqədə oldu: “Rayonda rüsvay edəcəyini dedi”

    Bakının Yasamal rayonunda 1996-cı il təvəllüdlü Ehtiram Bayramov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu Xalidə Həsənovaya (ad-soyad şərti göstərilib – red.) xəsarət yetirib.

    Teleqraf.com-un məlumatına görə, hadisə Yasamal rayonundakı yaşayış komplekslərindən birində baş verib.

    Ehtiram kompleksdə yerləşən yaşayış binasının mənzilində qeyri-rəsmi münasibətdə olduğu Xalidə ilə mübahisə edib. O, mübahisə zamanı qadına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

    İstintaq orqanı tərəfindən Ehtiramın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ehtiram ittiham üzrə özünü təqsirli bilib.

    O qeyd edib ki, 2021-ci ildə Zərdab rayonunda aptekdə işləyən zaman Xalidə ilə tanış olub:

    “Bir müddət sonra münasibətlərimiz yarandı və biz ilə birlikdə yaşamağa başladıq. Təxminən iki ilə yaxın birlikdə yaşadıq. Bu müddət ərzində Xalidə bir dəfə məndən hamilə qaldı. Bu hamiləliyi sonlandırmaq qərarına gəldik. Xalidə uşağı tələf etmək üçün həkim tapmağımı xahiş etdi”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, o, Maştağa qəsəbəsində bir xəstəxana tapıb və birlikdə oraya gediblər:

    “Mən xəstəxananın içərisinə daxil olmadım. Xalidə özü xəstəxanaya girərək uşağı tələf etdirdi. Bundan bir müddət sonra dəqiq xatırlamadığım tarixdə işdən Xalidə ilə birlikdə yaşadığım mənzilə gəldim. Tanışım ilə telefonla danışdıqdan sonra yatmaq qərarına gəldim”.

    Ehtiramın sözlərinə görə, axşam saat 23:00-da yuxudan ayılanda mobil telefonunun səssizdə olduğunu görüb və Xalidədən onun telefonunu səssizə qoyub-qoymadığını soruşub:

    “Xalidə telefonumu səssizə qoymadığını bildirdi. Mən heç vaxt mobil telefonumu səssizə qoymadığımdan təkidlə bir daha ondan telefonumu səssizə qoyub-qoymadığını soruşdum. Bundan sonra bizim aramızda mübahisə yarandı. Xalidə mənə əl-qol atmağa başladı. Mən evdən getməyim deyə olduğum otağın qapısını bağlamağa cəhd etdi. O, bu hərəkətlə əvvəllər də bir neçə dəfə mənim evi tərk etməyimin qarşısını almağa çalışıb. Mübahisə zamanı anidən əsəbiləşdiyim üçün Xalidənin baş nahiyəsinə vuraraq qolundan tutub yataq otağındakı çarpayının üzərinə atdım və mənzili tərk etdim”.

    Ehtiram bildirib ki, hadisədən sonra dəfələrlə Xalidə ilə barışmağa cəhd edib:

    “Lakin Xalidə məndən 5 000 manat pul tələb etdiyi üçün aramızda barışıq baş tutmadı. Mən əməlimdən peşmanam. Xalidəni hadisənin baş verdiyi gündən başqa heç vaxt döyməmişəm. Ona məxsus 5 000 manat məbləğində pulu ələ keçirməmişəm. Hazırda maddi imkanım olmadığından Xalidə barışıq üçün məndən tələb etdiyi məbləği ona verə bilmirəm”.

    İş üzrə zərərçəkmiş Xalidənin sözlərinə görə, əvvəllər Zərdab rayonunda aptekdə işləyib:

    “2022-ci ilin əvvəllərində aptekdə işə düzəlmək istəyən Ehtiramla tanış oldum. Tanışlıqdan bir müddət sonra Ehtiram məndən xoşu gəldiyini dedi. Ona hələ ailə qurmaq niyyətimin olmadığını bildirdim. Lakin Ehtiram məndən əl çəkmədi”.

    Zərərçəkmiş qeyd edib ki, 2022-ci ilin yay aylarında işi ilə əlaqədar Bakı şəhərinə gəlib:

    “Ehtiram mənə zəng edərək görüşmək istədiyini dedi. Mən isə ailəm razı olmadığından və aramızda rəsmi nikah bağlanmadığından onunla görüşməyəcəyimi bildirdim. Lakin 2022-ci ilin avqust ayında, axşam saatlarında zəng edərək israrla mənimlə görüşmək istədiyini bildirdi. Ehtiram məni əmin etdi ki, aramızda cinsi əlaqə olmayacaq. Mən ona inandım və həmin gün yaşadığım Yasamal rayonu ərazisində yerləşən mənzilimə gəldi. Ehtiram özü ilə spirtli içki və sok gətirdi. Birlikdə olduğumuz zaman Ehtiramın aldığı soku içdim. Bundan sonra səhəri gün yuxudan ayıldıqda Ehtiramın mənimlə cinsi əlaqədə olduğunu başa düşdüm. O isə mənimlə evlənəcəyini bildirdi. Bu məsələni heç kəsə bildirməməyim üçün məni Zərdab rayonunda rüsvay etməklə hədələdi”.

    Zərərçəkmiş qeyd edib ki, Ehtiram onu dəfələrlə döyüb, onunla cinsi əlaqədə olub:

    “Bir müddət sonra hamilə qaldığım məlum oldu. Ehtiram uşağı tələf etməyə məcbur etdi. Məni Maştağa qəsəbəsində yerləşən xəstəxanaya apardı. Orda USM müayinəsindən keçdim. Mənə bətnimdə çox hərəkətli bir oğlan uşağının olduğunu dedilər. Ehtirama uşağı tələf etdirmək istəmədiyimi bildirəndə məni rüsvay etməklə hədələdi”.

    O bildirib ki, Ehtiram bir neçə dəfə ondan pul tələb edib:

    “Təxminən 2022-ci ilin noyabr ayının əvvəllərində məni təkrar döyərək evdə olan dolabdan 5 000 manat pulumu götürüb. Bu səbəbdən Ehtiramla barışmamışam”.

    Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ehtiram 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

    Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.