Month: İyul 2024

  • Yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxslər saxlanılıblar

    Bakıda yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxslər saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyi xəbər yayıb.

    Bildirilib ki, iyulun 30-da gecə saat 2 radələrində Binəqədi rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində avtomobilə vurduqları yanacaq müqabilində 20 manatlıq saxta əsginas verən iki nəfər Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    R.Həsənov və P.Hüseynov Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə təhvil veriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • İran Prezidenti Məsud Pezeşkian Haniyənin ölümünə reaksiya verdi

    İran Prezidenti Məsud Pezeşkian HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə reaksiya verib.

    Bu barədə Median.Az “Haber Global”a istinadən bildirir.

    “İran öz torpaqlarının bütövlüyünü və şərəfini qoruyacaq, terrorçu işğalçıları qorxaq əməllərindən peşman edəcək. İran Fələstin müqavimətinin lideri və Qüds şəhidi İsmayıl Haniyənin yasını tutur”, – deyə Pezeşkian bununla bağlı bəyanatında qeyd edib.

  • Bakıda çimərlikdən 9 min manatlıq oğurluq edilib

    Bakıda çimərlikdən oğurluq edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Bilgəh qəsəbəsində yerləşən çimərlikdə müxtəlif vaxtlarda 6 nəfərin 9000 manat dəyərində 7 ədəd mobil telefonunun və içərisində ümumilikdə 750 manat pul olan çantalarının oğurlanması barədə polisə məlumatlar daxil olub.

    Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 32 yaşlı Niyaməddin Qurbanov müəyyən edilərək saxlanılıb.

  • “Motodrom”da gənc oğlanı öldürən şəxsə hökm oxundu – FOTO

    Ötən il noyabrın 13-nə keçən gecə Binəqədinin “Motodrom” adlanan yaşayış massivində Gəncə şəhər sakini 1999-cu il təvəllüdlü İzmir Savadovun qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

    “Qafqazinfo” xəbər verir ki, hadisəni törədən 1995-ci il təvəllüdlü Həsənağa Əliyev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

    Məhkəmədə məlum olub ki, İzmir daimi olaraq Gəncədə yaşasa da, Bakıya tez-tez gəlib-gedirmiş. Hadisəni törədən Həsənağa isə taksi sürücüsü kimi işləsə də, narkotik vasitə aludəçisi olub.

    Hadisə günü İzmir bir neçə dostu ilə birgə “Toyota Prius” markalı avtomobillə “Motodrom” adlanan yaşayış massivinə narkotik vasitə almağa gedib. Bu zaman Həsənağa da “Azsamand” markalı avtomobili ilə yaşadığı həmin yerə gəlib. O, şübhəli avtomobil hesab etdiyi “Toyota Prius”u izləməyə başlayıb və ardınca bir neçə dövrə vurub. Bundan sonra İzmir avtomobildən düşüb və Həsənağa onun yanından keçərkən mübahisə baş verib.

    Mübahisə dərhal münaqişəyə çevrilib və Həsənağa qəfil bıçaq çıxararaq İzmirə ağır zərbələr endirib. 24 yaşlı İ.Savadov aldığı xəsarətlərdən vəfat edib.

    Məhkəmənin hökmü ilə Həsənağa Əliyev 17 il müddətinə azadlıqdan məhrum olunub.


  • Azərbaycanın İrandakı səfirliyi necə qorunur? – VİDEO

    Azərbaycanın İranda yenidən fəaliyyətə başlayan səfirliyinin inzibati binasının eksklüziv görüntüləri yayılıb.

    Azərbaycan Dövlət Televiziyasının (AzTV) hazırladığı reportajda inzibati bina haqqında ətraflı məlumat verilib.

    Qeyd edilib ki, 7 mərtəbəli binanın təhlükəsizliyinə xüsusi önəm verilib və binanın istər çöl, istərsə də iç hissəsi xüsusi izolyasiya olunub ki, bu da hər an baş verə biləcək istənilən təhlükənin qarşısının alınmasına təsir göstərəcək.

    Daha ətraflı AzTV-nin süjetində:

  • AMB Tarif Şurasının son qərarının inflyasiyaya mümkün təsirini açıqlayıb

    Azərbaycanda tənzimlənən qiymətlərdə artımın inflyasiya proqnozuna birbaşa və dolayı artırıcı təsiri 1.5 faiz bəndi gözlənilir ki, bunun da 1.0 faiz bəndi 2024-cü ildə reallaşa bilər.

    Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

    “Uçot dərəcəsinin dəyişməz saxlanılması və yaxud artırılması ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq. Ümumilikdə mövcud monetar şərtlər inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. Yenilənmiş proqnozlara görə, mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə baza ssenari üzrə inflyasiyanın 2024-cü ildə 5.4%, 2025-ci ildə isə 5.5% olacağı gözlənilir. İnflyasiya proqnozunun artırılma istiqamətində dəyişdirilməsi əsasən manatın nominal effektiv məzənnəsinin daha aşağı templə möhkəmlənməsi gözləntisi və eləcə də qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tariflərində edilən dəyişikliklərlə bağlıdır”, – deyə AMB bəyan edib.

  • İran XİN İsmayıl Haniyənin öldürülməsinə münasibət bildirib

    İranın Xarici İşlər Nazirliyi (XİN) Fələstinin radikal HƏMAS qruplaşmasının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə münasibət bildirib.

    Sui-qəsdə münasibət bildirən İran XİN-in sözçüsü Nasir Kənani vurğulayıb ki, Tehran bu hadisənin təfərrüatını araşdırır.

    Nasir Kənani əlavə edib ki, İ.Haniyənin ölümü İran və Fələstin arasında dərin və ayrılmaz əlaqələri daha da möhkəmləndirəcək.

    Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

  • Bakıda gənc qızlar yoxa çıxdılar

    Bakıda iki gənc qız itkin düşüb.

    Lent.az xəbər verir ki, Binəqədi rayonu ərazisində yaşayan 18 yaşlı F.Nağıyeva evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə onun atası polisə müraciətində bildirib.

    Həmçinin Sabunçu rayonu ərazisində yaşayan 18 yaşlı Z.Şərifova evdən çıxaraq itkin düşüb. Bu barədə isə onun qeyri-rəsmi nikahda yaşadığı Ə. Musayev bildirib.

    Hər iki faktla bağlı aidiyyəti polis orqanında araşdırma aparılır.

  • İsrail “Hizbullah” liderinin “sağ əlini” öldürdü

    İsrail rəsmi olaraq Livanın paytaxtı Beyrutda İsrailin hava hücumu nəticəsində “Hizbullah” hərəkatının yüksəkrütbəli komandiri Fuad Şükürün öldürüldüyünü açıqlayıb.

    Bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi, kontr-admiral Daniel Həcəri məlumat verib.

    “Beyrutda “Hizbullah”ın yüksəkrütbəli komandiri, hərəkatın strateji bölməsinin rəhbəri olan “Seyyid Muhsin” ləqəbli Fuad Şükür dəqiq hava zərbəsi ilə məhv edilib”, – deyə İsrail Müdafiə Ordusunun nümayəndəsi bildirib.

    Daniel Həcəri əlavə edib ki, Fuad Şükür həm də “Hizbullah” lideri Həsən Nəsrullahın baş hərbi məsləhətçisi olub.

    Məlumat üçün əlavə edək ki, İsrail ordusu Colan təpələrindəki Məcdəl Şəms şəhərinə hücuma görə məsuliyyət daşımaqda ittiham etdiyi Fuad Şükürü öldürmək məqsədilə paytaxt Beyrutun ətraf bölgələrinə zərbələr endirib.

  • Azərbaycan Mərkəzi Bankından uçot dərəcəsi ilə bağlı QƏRAR

    Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25% həddində saxlanılması barədə qərar qəbul edib.

    Bu barədə AMB məlumat yayıb.

    Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 8,25% saxlanılıb.

    “Bu qərar faktiki inflyasiya templərinin proqnoza uyğun formalaşması, proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) qalması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub”, – deyə AMB bəyan edib.