Month: İyul 2024

  • Azərbaycanda elektrikli avtomobillərlə bağlı İLK

    Ağdam Sənaye Parkının rezidenti “EEL Electric” MMC-nin elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının istehsalı müəssisəsində görülən işlərin artıq 85%-i yekunlaşıb.

    Türkiyə və Avropanın qabaqcıl ölkələrindən avadanlıqlar gətirilib, yaxın vaxtlarda onların quraşdırılmasına başlanılacaq.

    Müəssisədə 35-10 kV daxili və xarici tip paylayıcı qurğular, 0.4 kV güc və idarəetmə panelləri, kondensator qurğuları, müxtəlif güclərdə transformator məntəqələrin istehsalı həyata keçiriləcək.

    Şirkət tərəfindən, həmçinin Azərbaycanda ilk dəfə olaraq elektrikli avtomobillər üçün şarj cihazlarının istehsalı nəzərdə tutulur.

    Qeyd edək ki, Ağdam Sənaye Parkının 1.7 hektar ərazisində inşa edilən müəssisədə 70 nəfər daimi işlə təmin ediləcək. İstehsal olunan məhsulların əsasən Qarabağda aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilməsi planlaşdırılır.

  • DSX-nin baş gizirini öldürməkdə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı tamamlanıb

    Bakıda mahnı sifarişi və söyüş üstündə Dövlət Sərhəd Xidmətinin (DSX) baş giziri Cəsarət Vəliyevi qətlə yetirməkdə, digər əməkdaşı Camal Həsənova isə bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurrahmanovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə materiallar tədqiq edildikdən sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul olunub.

    Daha sonra dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

    Prosesdə hadisə anına aid videomateriallar tədqiq edilən zaman məlum olub ki, C.Vəliyev xəsarət aldıqdan sonra uzun müddət hadisə yerində qalaraq qan itirib.

    Qeyd edək ki, qətlə yetirilən C.Vəliyev DSX-nin baş giziri olub. Hadisə ötən il martın 16-da xidmətdənkənar vaxtda, saat 00:30-da metronun “20 Yanvar” stansiyası yaxınlığındakı restoranda mahnı sifarişi və söyüş üstündə baş verib.

    Hadisəni törətməkdə şübhəli bilinən Orxan Zeynalov və İlqar Abdurrahmanov polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində həbs-qətimkan tədbiri seçilib.

    Orxan Zeynalova qarşı Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 (bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və 221.2.2-ci (xuliqanlıq), İlqar Abdurrahmanova isə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 (bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddələri ilə ittiham irəli sürülüb.

    Xatırladaq ki, baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

  • Paris-2024: Azərbaycan cüdoçusu final görüşü zamanı ciddi zədə aldı, xəstəxanalıq oldu (YENİLƏNİB)

    Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının səkkizdəbir final görüşü zamanı ciddi zədə alıb.

    “Report”un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 90 kiloqram çəki dərəcəsində yer alan idmançı fransalı Nqayap Hambu ilə mübarizədə çiyni çıxıb və xəstəxanaya aparılıb.

    Qeyd edək ki, Elcan 1/16 finalda Türkiyə idmançısı Mixael Zqanka qalib gəlib.

    * * * * *

    Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

    “Report”un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 90 kiloqram çəki dərəcəsində yer alan idmançı səkkizdəbir final mərhələsində Fransa təmsilçisi Nqayap Hambu ilə üz-üzə gəlib.

    Rəqibinə məğlub olan Hacıyev mübarizəni dayandırıb.

    Qeyd edək ki, Elcan 1/16 finalda Türkiyə idmançısı Mixael Zqanka qalib gəlib.

    Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl medal əldə edib.

    * * * * *

    Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

    Oxu.Az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Türkiyə təmsilçisi Mixael Zqankla üz-üzə gəlib.

    Rəqibinə qalib gələn E.Hacıyev 1/8 finala yüksəlib.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) artıq qızıl medal əldə edib.

  • Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibinə dəyişiklik edilib

    Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibinə dəyişiklik edilib.

    “Report”un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

    Dəyişikliklə Komissiyanın üzvləri siyahısına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini əlavə edilib.

  • Şərqi Zəngəzurla bağlı məlumatlar Coğrafi İnformasiya Sisteminə daxil ediləcək

    Prezident İlham Əliyev 16 mart 2020-ci il tarixli 1941 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nda dəyişiklik edib.

    AZƏRTAC xəbər verir ki, dövlət başçısı bununla bağlı fərman imzalayıb.

    Fərmana əsasən, Şərqi Zəngəzur iqtisadi rayonunun ərazisinə dair geoloji məlumatlar Coğrafi İnformasiya Sisteminə daxil ediləcək.

  • Masallıda kişi ehtiyatsızlıqdan özünü GÜLLƏLƏDİ

    Masallıda kişi ehtiyatsızlıqdan özünü güllələyib.

    Lent.az xəbər verir ki hadisə iyulun 30-da Xıl kəndində baş verib.

    Masallı rayon sakini B.Hüseynov yaşadığı evin həyətində ehtiyatsızlıqdan ov tüfəngindən açdığı atəş nəticəsində sağ bud nahiyəsindən xəsarət alıb. B.Hüseynova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

    Ondan babasından qalmış müvafiq sənədləri olmayan bir ədəd “TOZ” markalı ov tüfəngi götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Müdafiə Nazirliyinin strukturunda dəyişiklik edilib

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

    Bu barədə President.az məlumat yayıb.

    Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • Paris-2024: Azərbaycan avarçəkəni 3-cü olub

    Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

    “Report”un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışda 7-12-ci yerlər uğrunda mübarizəyə qoşulub.

    Dımçenko C/D yarımfinalında altı iştirakçı arasında üçüncü olub. Avarçəkən məsafəni 7 dəqiqə 59.23 saniyəyə qət edib.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

  • Qusarda narkotik bitkilər məhv edilib

    Qusarda 1 ton 410 kq çətənə kolu məhv edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Zindan Muruq kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

    Ümumi çəkisi 1 ton 410 kiloqram olan 824 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

  • Avtomobil parkı sürətlə “qocalır” – Köhnə minik maşınların payı artıb

    Ölkədə avtomobillərin sayı 1,7 milyon ədədi keçib. Bir müddət əvvəl açıqlanan statistikaya görə, son bir il ərzində Azərbaycanda maşınların sayı daha 94 min ədəd artıb. Bunların əksəri minik avtomobilləridir. Minik maşınları isə 1,5 milyon həddini keçib.

    Bizimyol.info xəbər verir ki, Azərbaycanda avtomobil parkı sürətlə qocalır. Köhnə maşınların sayı çox artıb. 10 il əvvəl ölkədəki bütün minik avtomobillərinin 83 faizinin istismar müddəti 5 ili keçirdi. Yəni hər 100 maşından 17-ni təzə adlandırmaq olurdu. İndi isə istismar müddəti 5 ili keçən avtomobillərin payı 95 faizə çatıb. Bu dao deməkdir ki, gördüyümüz nəqliyyat vasitələrinin yalnız 5 faizi təzə sayılır.

    Ölkədə avtomobillərin sayı sürətlə artır. Amma daha çox köhnə maşınların hesabına. Elə bil ölkə avtomobil qəbiristanlığıdır. Təsəvvür edin, 2014-cü ildə Azərbaycanda 186 mindən çox yaşı 5-ə çatmayan maşın varmış. İndi isə belə avtomobillərin sayı 81 min ədədi keçmir. Görün, ölkədə avtomobil parkı nə vəziyyətə qalıb!

    İş orasındadır ki, yaşı 5-i keçmiş, amma istismar müddəti 10 ilə çatmayan maşınların payı da azalıb. Özü də 1,5 dəfədən çox. 2014-cü ildə say 232 min ədəd imiş, indi isə 152 min ədədə enib.

    Son 10 ildə istismar müddəti keçmiş minik maşınların sayında 580 min ədəd artım olub. Vahiməli statistikadır! Harada köhnə maşın varsa, ölkəyə gətirilib. Nisbətən yaxşı vəziyyətdə olan avtomobillər də “qocalıb”.

    Ölkədə sosial vəziyyətin pis olmasını həm də avtomobil parkının durumu göstərir. Başqa vaxt arqument gətirəndə deyirlər ki, insanlarda pul olmasa, bu qədər maşın sürülməz. Məşhur lətifədə olduğu kimi, “siz bunlara maşın deyirsiniz?”

    Ölkə başdan-başa nimdaş avtomobillərlə dolu imiş. Paytaxt küçələrində bir neçə bahalı maşın görən kimi ölkə ilə bağlı “yüksək” fikirlər söyləməyə tələsirik. Halbuki vəziyyət heç yaxşı deyil. İnsanlar əldən düşmüş maşınların ümidinə qalıb.