Month: August 2024

  • Azad edilmiş ərazilərə zibil atanları cərimə gözləyir

    Müəyyən olunmamış ərazilərə məişət tullantılarının atılması, təbiət ərazilərinin, çayların, çay vadilərinin, ümumiyyətlə su hövzələrinin məişət və digər tullantılarla çirkləndirilməsi Azərbaycan qanunvericiliyinə görə, hüquqi-inzibati məsuliyyət yaradır. Yəni məişət tullantılarının hara gəldi atılması həm adi vətəndaşların, həm də vəzifəli və hüquqi şəxslərin cərimələnməsinə əsas yaradır.

    Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji TəhlükəsizIik Xidmətinin rəisi Hikmət Əlizadə “Qafqazinfo”ya bildirib ki, adətən yay aylarında insanların istirahət üçün ayaq basdıqları ərazilərdə məişət tullantıları ilə çirkləndirilmiş sahələrə rast gəlinir ki, bu da haqlı olaraq ictimaiyyət tərəfindən qınanılır.

    H.Əlizadə bildirib ki, xüsusən bu günlərdə işğaldan azad edilmiş ərazilərə səfər edənlər tərəfindən çəmənliklərə məişət tullantılarını atanlar ölkə qanunları qarşısında məsuliyyət daşıyırlar.

    “İctimai yerlərə, o cümlədən su tutarlarının ətrafına, su mənbələrinə, yol kənarlarına məişət tullantılarının atılması mövcud qanunvericiliklə qadağandır və inzibati məsuliyyət yaradır. Fiziki şəxslər üçün 700 manatdan 1000 manata qədər, vəzifəli şəxslər üçün 3000 manatdan 4000 manatadək, hüquqi şəxslər üçün 10000 manata qədər cərimə nəzərdə tutulur.

    Həmçinin aidiyyəti orqanlar bilməlidirlər ki, ərazilərin təmiz saxlanması, vətəndaşların təmizliyə dəvət edilməsi onların da funksional vəzifəsini təşkil edir və pozuntuya yol verildiyi halda tərəfimizdən müvadiq qaydada onlar barəsində də inzibati tədbirlər görüləcək”.

  • İsrailə raket yağışı: “Hizbullah” Livandakı hücuma CAVAB VERDİ

    Livanda 10 nəfərin ölümü ilə nəticələnən hücuma cavab olaraq “Hizbullah” İsrailə 55 raket zərbəsi endirib.

    “Haber Global”ın məlumatına görə, İsrailin şimalına atılan raketlərin bəziləri boş ərazilərə düşüb və yanğınlara səbəb olub.

    Ayelet Hashahar, Mishmar Hayarden və Mahanayim yaxınlığındakı açıq ərazilərdə yanğınların söndürülməsi üçün işlər davam edir.

    “Hizbullah” ilk dəfə Ayelet Hashahar yaşayış məntəqəsinə “Katyuşa” raketləri ilə hücum etdiyini bildirib.

    Bununla yanaşı, “Hizbullah” İsrailin Misgav Am yaşayış məntəqəsinin şimalında yerləşən hərbi bazaya da pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.

    İsrail ordusu hücum nəticəsində iki əsgərin yaralandığını açıqlayıb.

  • Lukaşenko: Qərbin Belarusa qarşı sanksiyaları digər ölkələr üçün də dağıdıcıdır

    Dayanıqlı sülh olmadan və qlobal ziddiyyətlər həlli edilmədən hər hansı inkişafı təmin etmək mümkün deyil.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Qlobal cənubun səsi” adlı videokonfrans formatında keçirilən üçüncü sammitdə deyib.

    “Bu gün bir çox bölgələr müharibələr və münaqişələrlə sarsılır, silahlanma yarışı görünməmiş sürət qazanır. Lakin dayanıqlı sülh olmadan və qlobal ziddiyyətlər həlli edilmədən heç bir inkişaf mümkün deyil”, – o qeyd edib.

    A.Lukaşenko, həmçinin bildirib ki, Qərbin Belarusa qarşı sanksiyaları digər ölkələrin xalqlarına dağıdıcı təsir göstərir: “Belə ki, Belarus mineral gübrələrinin ixracına qoyulan məhdudiyyətlər ən yoxsul ölkələrdə ərzaq qıtlığı və aclıq problemlərini kəskinləşdirib”.

  • “Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?” – FOTO

    “Bakıdan Qazaxa 500 km, avtobus qiyməti 12 manat, Bakıdan Şuşaya 370 km, avtobus qiyməti 26 manat, Şuşadan Bərdəyə 70 km, qiymət 15 manat”.

    Belə bir paylaşım sosial şəbəkədə edilib.


    Paylaşım edən istifadəçi məsafəyə görə qiymətlərin doğru təyin olunmamasından şikayət edib.

    Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

    Qurumdan oxu.az-ın sorğusuna cavab olaraq paylaşımdakı məlumatların doğru olmadığı bildirildi.

    “Şəhərlərarası marşrutlarda sərnişindaşıma tarifi hər kilometrə görə 3.7 qəpik həddində müəyyən edilib.

    Bakı-Qazax istiqaməti üzrə məsafə 477 km, biletin qiyməti isə 17.60 AZN-dir. Bakı-Şuşa-Bakı istiqaməti üzrə gediş və dönüş bileti birlikdə 25 manat 40 qəpik təşkil edir. Hazırda Bərdədən Şuşa istiqamətində isə reys mövcud deyil”, – deyə açıqlamada bildirilir.

  • Antarktidada yeni temperatur rekordun gözlənilir

    Antarktidada yeni temperatur rekordu qlobal dəyişikliklərin göstəricisidir.

    Bu barədə “RİA Novosti”yə Təbiət və İnsanlar Fondunun iqlim məsələləri üzrə eksperti Aleksey Kokorin bildirib.

    Avqustun 6-da Mərkəzi Antarktidada yerləşən “Vostok” stansiyasında temperatur -34,2°C-yə yüksəlib və bu, qış dövrü üçün rekord göstərici olub.

    İqlimşünas bu xəbəri tamamilə gözlənilən adlandırıb. Onun sözlərinə görə, rekordlar qırılmaqda davam edəcək. Ekspertin fikrincə, Antarktidada orta temperaturun -34°C və ya -35°C olacağı gözlənilir, çünki bu, təhlükəli patoloji hadisələrin və hər şeydən əvvəl istilik dalğalarının tezliyinin və gücünün nə qədər artdığının göstəricisidir.

    Kokorin vurğulayıb ki, Antarktida üçün hətta -34°C istilik dalğası hesab edilir. O əlavə edib ki, istilik dalğaları uzanır və daha tez-tez baş verir.
    //qaynarinfo

  • Bakıda qadın öldürüldü: Əri saxlanıldı

    Avqustun 17-də saat 15 radələrində Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, 1970-ci il təvəllüdlü Ceyran Rəhimovanın öldürülməsi barədə Sabunçu Rayon Prokurorluğuna məlumat daxil olub.

    Araşdırma zamanı 1968-ci il təvəllüdlü Həsənbala Rəhimovun arvadı Ceyran Rəhimovaya bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Həsənbala Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

    Faktla bağlı ibtidai istintaq davam etdirilir.

  • Bakıda əl qumbarası zərərsizləşdirilib

    Bakıda əl qumbarası zərərsizləşdirilib.

    Bu barədə Daxili İşlər Nazirliyi və Penitensiar Xidmətin mətbuat xidmətlərindən birgə məlumat daxil olub.

    Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Rizayev Nurlan Əlirza oğluna məxsus 1 ədəd “M-75” markalı əl qumbarası, 1 ədəd partladıcı, 18 ədəd 7,62 mm avtomat gülləsi, 1 ədəd avtomat darağı Nərimanov rayonu, Ziya Bünyadov prospektində körpünün altında aşkar edilərək götürülüb.

    Əl qumbarası Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Oğuzda avtomobil almaq adı ilə dələduzluq edən şəxs saxlanıldı

    Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə rayon sakininə qarşı dələduzluq etməkdə şübhəli bilinən Orxan Qurbanov saxlanılıb.

    Saxlanılan şəxs zərərçəkmişə “ZiL” markalı yük avtomobili alıb verəcəyi vədi ilə aldadaraq onun 3 500 manat pulunu və 1 500 manat dəyərində olan köhnə nəqliyyat vasitəsini ələ keçirib.

    Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

  • Qobustanda avtomobil dəmir məhəccərlərə çırpılıb, ölən var

    Qobustanda avtomobil dəmir məhəccərlərə çırpılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a bildirilib ki, avqustun 17-də saat 14 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir məhəccərlərə çırpılıb.

    Hadisə nəticəsində sürücü Radim Heydərov xəsarət alıb, nəqliyyat vasitəsindəki sərnişin, 1980-ci il təvəllüdlü Bəhruz Niyaz oğlu Xəlilov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

  • “WhatsApp” mesajlarla bağlı daha bir funksiya təqdim edir

    “WhatsApp” mesenceri istifadəçilərini naməlum hesablardan gələn arzuolunmaz və potensial təhlükəli mesajlardan qorumaq üçün yeni funksiya üzərində işləyir.

    Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

    Bildirilir ki, yenilik “WhatsApp”ın Android üçün 2.24.17.24 beta versiyasında aşkar edilib.

    Yenilik istifadəçilərə naməlum həmsöhbətlərdən gələn mesajları, əgər onların həcmi müəyyən edilmiş həddi keçirsə, avtomatik olaraq bloklamağa imkan verir. Bu, istifadəçiləri spam, fişinq və zərərli proqram təminatı ilə yoluxma riskindən qorumağa kömək edəcək.

    Hazırda “WhatsApp” şübhəli mesajları, həmçinin kütləvi göndərişləri aşkar etmək və filtrasiya etmək üçün avtomatlaşdırılmış alətlərdən istifadə edir. Yeni funksiya isə istifadəçilərə əlavə qorunma səviyyəsi təqdim edəcək, naməlum hesablardan gələn mesajları preventiv şəkildə bloklamağa imkan yaradacaq.

    “WhatsApp”ın yeni funksiyasının nə vaxt istifadəçilər üçün əlçatan olacağı hələ məlum deyil.