Month: August 2024

  • Azərbaycanda gənc müğənni faciəvi şəkildə öldü – VİDEO

    Azərbaycanda gənc müğənni faciəvi şəkildə ölüb.

    Lent.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl paytaxt Bakıda baş verib. 24 yaşlı Tağıyeva Həmidə Elşən qızı yanıq xəsarətləri alaraq, dünyasını dəyişib.

    Onun ölümü ilə bağlı sosial şəbəkələrdə bir sıra iddialar səsləndirilir. İlkin versiyaya görə, onu qəsdən yandırıb öldürüblər. Digər iddia isə xanım müğənninin intihar etməsidir. Başqa bir versiyaya görə isə o, ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. Bunlarla yanaşı mərhumun avtoqəza zamanı yanaraq ölməsi barədə də fikirlər bildirilir.

    Məlumata görə, mərhum müğənni Bərdə rayon sakini olub. O, Mingəçevir şəhərində təhsil alıb. İllər öncə Bakıya köçərək, kafe və restoranlarda müğənnilik edib.

  • Moldovanı təmsil edən azərbaycanlı cüdoçu: Yarışdan öncə üzərimdə böyük məsuliyyət var idi

    Yarışdan öncə üzərimdə böyük məsuliyyət var idi.

    Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının cüdo yarışlarını bürünc medalla başa vuran Adil Osmanov deyib.

    Əslən azərbaycanlı olan Moldova təmsilçisi Paris olimpiadasında ona dəstək olan hər kəsə öz təşəkkürünü bildirib:

    “Mənim qalib gəlməyimi istəyən hər kəsə öz təşəkkürümü bildirirəm. Yarışdan öncə üzərimdə böyük məsuliyyət var idi. Çünki həm Azərbaycan, həm də Moldova xalqı məni dəstəkləyirdi. Ən çətin yarışlarımdan birini keçirdim. Görüşdən bir gün əvvəl özümü halsız hiss edirdim və gecəni yata bilməmişdim. Narahat olmayım deyə həkimlər 40 dərəcə temperaturumun olduğunu söyləməmişdilər. Düşünürdüm ki, yalnız bir qarşılaşma keçirə bilərəm. Lakin mərhələ adladıqca mənim üçün hər şey asanlaşmağa başladı”.

    A.Osmanov bu yarışın onun üçün xüsusi önəm daşıdığını söyləyib:

    “Ötən il atam vəfat etməmişdən əvvəl istəyirdi ki, mən olimpiadada iştirak edim. Bu onun uşaqlıq arzusu idi. Çox şadam ki, bu reallaşdı və mən yarışı medalsız başa vurmadım. Mən atamın qəbrinizi ziyarət edərkən ona olimpiadada iştirak etdiyimi və bürünc medal qazandığımı söyləyəcəyəm”.

    Qeyd edək ki, atası azərbaycanlı olan Adil Osmanov Paris-2024-ün cüdo yarışlarının üçüncü yer uğrunda görüşündə Manuel Lombardoya (İtaliya) qalib gələrək bürünc mükafat qazanıb.

  • Bayraq meydanında bayrağımız yenidən dalğalanır – Video

    Dövlət Bayraq Meydanında Azərbaycan bayrağı yenidən dalğalanır.

    Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

    Qeyd edək ki, uzun müddətdir Dövlət Bayraq Meydanında təmir-bərpa işləri aparılırdı.

  • Erməni aktivist Bakıya gəlmək istəyir

    Erməni aktivist Tatul Asilyan Bakıya gəlmək istədiyini bildirib.

    Median.Az Globalinfo.az-a istinadla xəbər verir ki, o bununla bağlı Feysbukda paylaşım edib.

    Asilyan tərəflər arasında tezliklə sülhün bərpa olunacağını bildirib:

    “Bakını görməyi çox arzulayıram. Yollar tezliklə açılacaq və mən gedəcəm. Sülh yaxındır”.

    Asilyanın bu paylaşımı Ermənistanda xüsusən revanşizm tərəfdarlarından narazılıq yaradıb.

    Qeyd edək ki, Asilyan Paşinyanın açıq tərəfdarlarından sayılır. O bu il Paşinyanın partiyasından çıxarılıb. Buna səbəb Asilyanın Qarabağ erməniləri ilə bağlı etdiyi çıxış olub. Asilyan Ermənistanda etiraz edən Qarabağ ermənilərini ölkədən deportasiya etməyə çağırmışdı.

  • Qazaxıstandan çağırış: Bu ölkələrə səfər etməyin!

    Qazaxıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına regionda vəziyyət sabitləşənə qədər İsrail və Livana səfərlərdən müvəqqəti olaraq çəkinməyi tövsiyə edib.

    Hazırda sözügedən ölkələrdəki qazax vətəndaşlara ehtiyac olmadığı təqdirdə evdən çıxmamaq, yüksək təhlükəsizlik tədbirlərinə riayət etmək, sayıq və ehtiyatlı olmaq, son xəbərləri izləmək, həmçinin Xarici İşlər Nazirliyi və Qazaxıstanın İsrail və Livandakı səfirlikləri ilə əlaqədə qalmaq tövsiyə edilib.

  • Fakt budur, taksi qadağaları işə yaramadı – Nazir müavini

    Artıq bir neçə gündür ki, taksi xidməti yenidən ucuzlaşıb. Üstəlik, köhnə maşınlarla da taksi xidməti göstərilir. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bunun qarşısını alacaqlarını bildirib. Amma fakt budur, qadağalar, yeni qanunlar o qədər də işə yaramayıb.

    Görəsən, bundan sonra taksi xidməti yenidən hər kəsin cibinə uyğun olaraq ucuz qiymətə olacaq?

    Ümumiyyətlə, ucuzlaşma nə ilə bağlı ola bilər? Taksi təsərrüfatında baş verənlər nələr vəd edir?

    Median.Az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib ki, nəqliyyat vasitələrinin parametrlərinin ölçülməsi, nəqliyyatın ona uyğun istismar edilməsi bir müddət ərzində ola bilər. Onun fikrincə, hər hansı istismar müddəti 10 ildən aşağı olan nəqliyyat vasitəsini köhnə adlandırmaq olmaz:

    “Həmin avtomobillərin texniki göstəriciləri xidmətə uyğundursa, kondisioneri varsa və şərtlərə uyğun gələrsə, niyə çalışmasınlar?! Qanunların müəyyən dərəcədə sərtləşdirilməsi, tələb və təklifi qarşılaya bilməmək kimi məsələlər var ki, onlar əsas meyarlardır. Yəni bu məsələlərin başlıca səbəbi qiymətlərin formalaşması, parametr və gələcəkdə buna uyğun olan işlərin görülməsi nəticə etibarilə dediyimiz məsələyə gəlib çıxır. Ona görə də, burada nədənsə narahat olmaq və ya nəyisə daha çox hallandırmaq, insanların narahatlığına səbəb olar kimi göstərmək düzgün olmaz”.
    Ekspert deyib ki, əslində, qərar qüvvəyə mindiyi ilk günlərdən bəri bu kimi məsələlər nəzərə alınmalı idi:

    “İndiyə qədər “taksi yoxdur, taksi tapa bilmirik” tipli fikirlər çox rast gəlinirdi. Düzdür, hazırkı prosesə uyğun olan 40 mindən artıq taksi çalışırdı. Bəs tələbat necədir? Bakının əhalisi rəsmi olaraq iki milyondan çoxdur. 40 min isə əhalinin az bir faizi deməkdir. Onlar heç qeydiyyatda olan insanların da taksi ehtiyaclarını ödəyə bilmir. Ona görə də, düşünürəm, insanların rifahı, rahat gediş-gəlişi üçün vətəndaşların əlçatanlığını təmin etmək, yeni qaydaların işlənməsinə rəvac vermək və müxtəlif güzəştlər tətbiq etmək olar”.

  • “Bir çaynik çayı 32 manata verirlər. Belə olmaz!” – Deputatdan ETİRAZ

    Yay mövsümü başlar-başlamaz məzuniyyətlər də başlayıb. İstirahət etmək üçün hər kəs planını qurur və gedəcəyi yerləri müəyyənləşdirir.

    Lakin istirahətə yollanan bir çox vətəndaş qiymətlərdən şikayət edir. Əsasən da regionlara üz tutanlar burada ictimai iaşə obyektlərinin əksəriyyətinin fantastik qiymətlərə xidmət təklif etməsindən gileylənir.

    Məsələ ilə bağlı buta.tv-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, tez-tez özü də ictimai iaşə obyektlərində süni qiymət artımı ilə qarşılaşır:

    “Bu məsələ ilə əlaqəli mətbuatda, sosial şəbəkələrdə kifayət qədər müzakirələr gedir. Lakin buna baxmayaraq, problem davam etməkdədir. Mən özüm də müəyyən yerlərdə oluram və görürəm ki, qiymət siyasətində çox ciddi problemlər var.

    Yay mövsümünün başlamasından istifadə edən ticarət şəbəkəsində olan insanlar süni qiymət artımına üstünlük verirlər. Bu barədə paylaşımlara da tez-tez rast gəlmək olur, bir çaynik çayı 32 manata verən yerlər var. Belə olmaz!

    Turizm obyektlərində Turizm Agentliyi tərəfindən müəyyən tədbirlər həyata keçirilməlidir. Tez-tez bu obyektlərdə monitorinqlər keçirmək lazımdır. İqtisadiyyat Nazirliyinin Antiinhisar Xidməti var, onlar da bu məsələ ilə bağlı müəyyən tədbirlər görə bilərlər”.

    Deputat qeyd edib ki, əlaqədar dövlət qurumları mütləq süni qiymət artımı ilə mübarizə aparmalı, bunun qarşısını almaq üçün müəyyəm addımlar atılmaldır:

    “Biz bir nüçə ay əvvəl Rəqabət Məcəlləsini də qəbul etmişik, artıq qüvvəyə minib. Süni qiymət artımının qarşısı mütləq alınmalıdır, ciddi monitorinqlər keçirilməlidir.

    Hər hansı sahə ilə əlaqədar dövri mətbuatda, sosial şəbəkələrdə insanlar davamlı olaraq çağırış edirlərsə, deməli, bu sahədə problem var. Bunun üstünə getmək, monitorinqlər aparıb problemin qarşısını almaq lazımdır. Amma çox təəsssüflər olsun ki, son vaxtlar qiymət artımı dayanmadan davam edir. Mən özüm də demək olar ki, hər sahədə bununla qarşılaşıram. Marketlərdə, “Mall”larda və s obyektlərdə qiymət artımı var.

    Problemin aradan qaldırılmasının yegənə yolu monitorinqlər aparıb süni qiymət artımının qarşısının alınmasıdır.

    Dövlət başçısı cənab İlham Əliyev də həmişə süni qiymət artımı ilə əlaqədar mövqeyini bildirib. O, hər zaman qeyd edib tapşırıq verib ki, süni qiymət artımı olmamalıdır. Hökumət orqanları da bu sahədə işləməli, bunun qarşısını almalıdırlar”

  • Masazırda qanunsuz tikintinin qarşısı alındı – Video

    Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

    FHN-nin mətbuat xidmətindən bildirilib ki, Abşeron rayonunun Masazır kəndi ərazisində yüksək gərginlikli elektrik xəttinin altında qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

    FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

  • “Zirə” və “Sabah”ın hər iki oyununun hakimləri bəlli oldu

    Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçiləri “Zirə” və “Sabah”ın III təsnifat mərhələsində keçirəcəkləri hər iki oyunu idarə edəcək hakimlərin adları açıqlanıb.

    Median.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təmsilçilərimiz ilk matçlarını avqustun 8-də səfərdə, cavab görüşlərini isə ayın 15-də evdə keçirəcəklər.

    22:00. “Osiyek” (Xorvatiya) – “Zirə”

    Baş hakim: Aristotelis Diamantopoulos

    Baş hakimin köməkçiləri: Konstantinos Psarris, Konstantinos Triantafyllou

    Dördüncü hakim: Konstantinos Perrakis

    VAR hakimləri: Stefanos Koymparakis, Spyridon Zampalas

    (Hakimlər briqadası Yunanıstandandır)

    22:45. “Sent Patriks” (İrlandiya) – “Sabah”

    “Tallaght” stadionu, Dublin.

    Baş hakim: Vilhjalmur Thorarinsson

    Baş hakimin köməkçiləri: Gylfi Mar Sigurdsson, Birkir Sigurdarson

    Dördüncü hakim: Helgi Mikael Jónasson

    (Hakimlər briqadası İslandiyadandır)

    VAR hakimləri: Darren England, Neil Davies (hər ikisi İngiltərə)

    Cavab oyunları

    15 avqust
    20:00. “Sabah” – “Sent Patriks”

    “Əlincə” stadionu.

    Baş hakim: Marcel Birsan

    Baş hakimin köməkçiləri: Radu Qinguleak, Adrian Vorniku

    Dördüncü hakim: Andrei Antonie

    VAR hakimləri: Radu Petresku, Rares Vidikan

    (Hakimlər briqadası Rumıniyadandır)

    20:30. “Zirə” – “Osiyek”

    “Dalğa Arena”.

    Baş hakim: Julian Veinberger

    Baş hakimin köməkçiləri: Maximilian Kolbitsch, Andreas Vitsçnigg

    Dördüncü hakim: Stefan Ebner

    VAR hakimləri: Valter Altmann, Andreas Heiss

    (Hakimlər briqadası Avstriyadandır).

  • Talıbov türk biznesmenin nələrini əlindən alıb? – Şok siyahı

    Türkiyəli iş adamı Əli Sərdar Oba Naxçıvan Muxtar Respublikası Əli Məclisini məhkəməyə verib.

    Median.Az Qaynarinfo.az-a istinadən xəbər verir ki, onun iddiasına Naxçıvan MR İnzibati Məhkəməsində baxılacaq.

    Məhkəmə işi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlıdır. Məlum olub ki, Əli Obanın Əli Məclisin indiki rəhbərliyi ilə heç bir problemi yoxdur. Onun problemi Əli Məclisin keçmiş sədri Vasif Talıbovladır. İş adamının 2022-ci ildə Vasif Talıbovla bağlı Dövlət Təhlükəsizlik Xidmətinə şikayət etməsi bu məlumatın əsassız olmadığını ortaya qoyur. Ali Oba şikayətini Türkiyənin muxtar respublikadakı konsulluğu vasitəsilə edib. Bu barədə mediada da məlumat yayılıb.

    Türkiyəli iş adamının iddialarına görə, 2015-ci ildən Vasif Talıbov tərəfindən onun biznesinə əl qoyulub. Əli Obanın sözlərinə görə, 2 milyon pul yatırdığı Ordubad Parğaçay Mədən Ocağı, Şərur rayonunun Gümüşlü kəndində 400 min manatlıq balıq vətəgəsi və digər biznes obyektləri əlindən alıb. Bütün bunları şikayətində qeyd edən iş adamı hətta həyatına təhlükə olduğunu da bildirib.

    Hələ 2022-ci ilin dekabrında Əli Obanın mətbuatda şikayət mətni yayılmışdı. Ali Oba yazırdı ki, 2007-ci ildən “Oba Qrup” MMC adı ilə fəaliyyət göstərən şirkət yaradıb, istehsal, ticarət, turizm sahələrində xidmət edib: “Ancaq 2015-ci ildə bütün mal varlığımız və yatırımlarımız Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun təlimatı ilə əlimizdən alınıb.

    Əlimdən alınanlar:

    Ordubad, Parağaçay mədən ocağı. 5 ildə 2 min metr dərinlikdə çalışdıq. Xərcim 2 milyon 48 min dollar;

    Sərur, Gümüşlüdə Arpacay balıqçılıq. İldə 1000 ton civarında balıq ciftliyi qurdum. Əlimizdən aldılar. Xərcim: 413 min dollar

    Metro-turizm ilə 2015-20-ci illər üçün 5 illik sistem qurdum. Əlimizdən zorla aldılar. Məsrəf – 105 min dollar.

    Plastik tullantıların istehsalı müəssisəsi. Əlimizdən alındı. Məhkəmə yolu ilə avadanlıqlarımızı geri aldıq, ancaq fabrikdə istehsal olunmuş 91 min 600 dollar dəyərində malımızı qəsb edib, satdıqları üçün pulumuzu ala bilmədik. Sərmayəmizi almadığımız və deport olduğum səbəbindən 6 ildir avadanlığımızı işlədə bilmirik. Bu üzdən zərərim 300 min dollar.
    Haqqımı tələb etdiyim üçün müxtəlif bəhanələrlə 5 illik deport edildim, ailəmdən, uşaqlarımdan ayrılmağa məcbur oldum.

    Bunun nəticəsində ailəm dağıldı, 3 övladım atasız qaldı.

    Vasif Talıbovdan şikayətçi olduğum üçün məhkəmələrdə mənə düşmən münasibəti göstərdilər. Məhkəməyə məni dustaq maşınında aparıb-gətirdilər. Şəxsiyyətimi alçaltmaq üçün hər iş gördülər.

    Vasif Talibovun cinayətlərini məhkəmədə sübut etdiyim üçün 18.03.2020-ci il tarixində məni öldürmək istədilər. Naxçıvandakı dövlət qurumlarına güvənim yoxdur”.

    Əli Oba yazırdı ki, əgər mal-mülkü əlindən alınmasaydı, ən azı 10 milyon dollar qazanacaqdı. O qeyd edirdi ki, 15 ildə bütün qurduğum iş yerləri Vasif Talıbovun göstərişi ilə əlindən alınıb. Həmçinin iddialarını sübut edəcək bütün sənədlərinin olduğunu da diqqətə çatdırırdı.

    “Vasif Talıbovun mənə verdiyi zərərlərin araşdırılmasını və mənə verilən ziyanın ödənməsi üçün lazım olan işərin görülməsini rica edirəm”, – deyə Əli Oba müraciətini tamamlayırdı.

    Əli Oba şikayət ərizəsində başda Vasif Talıbov və onun haqqını yeyən bütün məmurların cəzalandırılmasını tələb edir. Naxçıvanda ona qarşı törədilən çeşidli cinayətlərin araşdırılmasını, Talıbovların cəzalandırılmasını, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini istəyir.