Month: September 2024

  • Gələn il səhiyyə xərcləri 7 faiz çox olacaq

    Gələn il dövlət büdcəsində səhiyyə xərclərinə 1 milyard 997.2 milyon manat ayrılması proqnozlaşdırılır.

    Apa-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlamasında əksini tapıb.

    Səhiyyə xərclərinin büdcədə xüsusi çəkisi 5 faiz olacaq.

    Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsində səhiyyə xərcləri 1 milyard 866 milyon 395 min 5 manat nəzərdə tutulub. Beləliklə, 2024-cü illə müqayisədə 2025-ci ildə səhiyyə xərcləri 7 faiz artırılır.

  • Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat xərcləyəcək

    2025-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 4 milyard manatı və yaxud 10,1 %-i işğaldan azad olunuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin payına düşəcək.

    Median.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hesabatında deyilir.

    Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 17,6 % azdır.

  • Sabahdan yeni ekspres marşrut fəaliyyətə başlayır

    Hövsan qəsəbə sakinlərinin “28 May” metro stansiyası istiqamətində artan ictimai nəqliyyat tələbatını nəzərə alaraq, sentyabrın 18-dən 120E nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.
     
    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Bildirilib ki, müasir və komfortlu avtobuslar Hövsan Yaşayış Kompleksinə (MİDA) daxil olmaqla hərəkət edəcək.

  • Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

    2025-ci ilin sonuna Azərbaycanın ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcəyi proqnozlaşdırılıb.

    “Apa-Economics” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    İqtisadiyyat Nazirliyinin təqdim etdiyi proqnozlara əsasən, 2028-ci ildə isə ÜDM-in 150,8 milyard manata qədər, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 117,2 milyard manata qədər artacağı gözlənilir.

    Qeyd edilib ki, orta müddətdə ÜDM-in real artım tempinin orta illik 3,35 faiz, qeyri-neft/qaz ÜDM-in 5,0 faiz olacağı proqnozlaşdırılır. 2024-cü ildə neft-qaz sektoru üzrə isə ÜDM-in real ifadədə 0,3 faiz artacağı proqnozlaşdırılır.

    Hökumət 2025-ci il üzrə ölkədə 3,5%, 2026-cı il üzrə 2,8%, 2027-ci il üzrə 3,8% və 2028-ci il üzrə 3,3% iqtisadi artım proqnozlaşdırır.

  • Sergey Şoyqu İrana səfər edib

    Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana səfər edib.

    Apa-nın Moskva müxbiri xəbər verir ki, səfər zamanı Şoyqu İran prezidenti Məsud Pezeşkianla görüşüb.
    Şoyqu bundan başqa İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla da görüş keçirib.

    Onun Pezeşkiana Rusiya prezidenti Vladimir Putindən mesaj çatdırdığı bildirilib.

    Qeyd edək ki, Şoyqunun İrana səfəri əvvəlcədən elan olunmayıb.

  • İkiqat olimpiya çempionu vəfat edib

    ABŞ-dən olan ikiqat olimpiya çempionu Otis Devis vəfat edib.

    Bu barədə Dünya Atletikası (World Athletics) məlumat yayıb.

    Atlet 92 yaşında ölüb.

    Qeyd edək ki, Otis Devis 1960-cı ildə İtaliyanın paytaxtı Romada keçirilən olimpiadada 400 və 4×400 metr mesafəyə estafet qaçışında qızıl medal qazanıb.

  • Polad Bülbüloğluna Başqırdıstanın Xalq artisti adı verildi

    Azərbaycanın Rusiyadakı keçmiş səfiri, Xalq artisti Polad Bülbüloğluna Başqırdıstanın Xalq artisti adı verilib.

    Qaynarinfo xəbər verir ki, mükafatı ona Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin yaradıcı və elmi ziyalılarının Ufada keçirilən XVII Forumu çərçivəsində Başqırdıstan Respublikasının rəhbəri Radiy Xabirov təqdim edib.

    Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy “Xalqlar Dostluğu” ordeni, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoli İksanov isə diplomla təltif edilib.

  • Sabah bu rayonlarda qaz olmayacaq

    Sabah İmişlinin 19, Biləsuvarın 11 yaşayış məntəqəsində qaz kəsiləcək.

    Median.Az bildirir ki, “Report”un Muğan bürosunun məlumatına görə, diametri PE 315 mm-lik “Qəsəbə” və diametri PE 225 mm-lik “Aranlı” orta təzyiqli yeraltı daşıyıcı qaz kəmərlərində kipliyin sınağı məqsədilə əlaqədar olaraq, 18 sentyabr saat 09:00-dan etibarən sınaq işləri yekunlaşana qədər İmişli rayonunun 19 kəndində və Biləsuvar rayonunun izibati ərazisində yerləşən 11 qəsəbədə (ümumi 10 364 abonent) “Otuzikilər” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

    Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

  • Baş idarədən əməliyyat: saxlanılanlar var

    Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini fasiləsiz davam etdirirlər.
     
    Nazirliyin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Bakı şəhərində və Samux rayonunda keçirilən növbəti əməliyyatlar zamanı 1993-cü il təvəllüdlü Hüseyn Niyazov və əvvəllər məhkum olunmuş, 1994-cü il təvəllüdlü Sevməz Sarıbalayev saxlanılıblar.
     
    Onlardan ümumilikdə 24 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş heroin, marixuana, tiryək, psixotrop maddə olan metamfetamin və 1500 ədəd metadon həbi aşkarlanıb.
     
    Saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əvvəlcədən müəyyənləşdirilmiş yerlərdən narkotik vasitələri götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.
     
    Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
     
    H.Niyazovlə və S.Sarıbalayevlə əlbir olan digər şəxslərin də saxlanılması sahəsində tədbirlər davam etdirilir.

  • COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək

    Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransına müxtəlif ölkələrdən minlərlə ziyarətçinin səfər edəcəyi nəzərə alınaraq, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Bakı Şəhər Dövlət Yol Polisi idarəsi tərəfindən optimallaşdırılmış nəqliyyat sxeminin tətbiqi üzrə müvafiq işlər davam etdirilir.

    COP29 Azərbaycan Əməliyyat Şirkətindən Oxu.Az-a bildirilib ki, böyük ziyarətçi axının effektiv şəkildə idarə edilməsi, eləcə də konfrans tarixlərində paytaxtda qonaqların və şəhər sakinlərinin rahat hərəkətinin təmin edilməsi məqsədilə icrası planlaşdırılan tədbirlər çərçivəsində Bakı şəhərinin bir sıra mərkəzi küçələrində xüsusi COP29 nəqliyyat zolaqlarının salınmasına başlanılıb.

    COP29 loqosunu əks etdirməklə işarələnən bu zolaqlar sürətli və fasiləsiz hərəkətin təmin edilməsi məqsədilə tədbir nəqliyyatı üçün ayrılıb.

    Konfrans zamanı həmin zolaqlardan yalnız ictimai nəqliyyat vasitələri və tədbirlə əlaqədar xüsusi icazələrə sahib olan nəqliyyat vasitələri istifadə edəcək. Konfransa qədər müvafiq yol nişanları quraşdırılmayan zolaqlardan bütün nəqliyyat vasitələri istifadə edə bilər.

    Bundan əlavə, konfrans zamanı şəhərin müxtəlif əsas hissələrində ümumilikdə 14 nəqliyyat qovşağının təşkil edilməsi planlaşdırılıb. Tədbir məkanı olan Bakı Stadionunun yerləşməsi, şəhərin metrostansiya xəritəsi, otel və yaşayış komplekslərinin sıx yerləşdiyi ərazilər və digər amillər nəzərə alınaraq planlaşdırılan nəqliyyat qovşaqları şəbəkəsi müxtəlif marşrut və nəqliyyat sxemlərini özündə ehtiva edəcək. Sxemlər barədə hərəkət iştirakçıları davamlı olaraq məlumatlandırılacaq. Belə ki, bu qovşaqların strateji yerləşməsi istər qonaqların, istərsə də şəhər sakinlərinin müxtəlif növ nəqliyyat vasitələrinə rahat və maneəsiz çıxışını və təyinat nöqtəsinə rahat çatmaları üçün sərf edilən zamanı minimallaşdıracaq. Təyin olunacaq əhatəli nəqliyyat marşrutları üzrə tədbir əməliyyatlarının səmərəli təşkili üçün yüzlərlə taksi və 400-ə yaxın avtobus, o cümlədən ekspress ictimai avtobuslar, xüsusi “konfrans avtobusları” və “hava limanı avtobusları”nın hərəkəti təşkil edilərək müntəzəm sərnişindaşıma xidməti icra olunacaq. Nəqliyyat sxeminin tətbiqində əsas amillərdən biri də tədbirin keçiriləcəyi tarixlərdə vətəndaşların şəxsi avtomobillərindən istifadəni minimuma endirilməsi məqsədilə əlçatan və rahat alternativlərin təmin edilməsidir.