Month: September 2024

  • Şöbə müdiri vəfat etdi

    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatının Mülki Müdafiə Şöbəsinin müdiri Oqtay Fərzəliyev vəfat edib.
     
    Median.Az xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.
     
    Bildirilib ki, o, 2011-ci ildən Geologiya və Geofizika İnstitutunda Mülki Müdafiə Qərargah rəisi vəzifəsində işləyib. 2017-2019-cu illərdə AMEA Rəyasət Heyəti Aparatının İkinci Xüsusi Şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb.
     
    2022-ci ildən AMEA Rəyasət Heyəti Aparatının Mülki Müdafiə Şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.

  • Sabah Masallının 4 kəndində qazın verilişi dayandırılacaq

    Sabah Masallı rayonunun 4 kəndində qazın verilişi dayandırılacaq.

    Median.Az-in məlumatına görə, rayon ərazisində yerləşən “Masallı” qaz paylayıcı stansiyadan qidalanan Qəriblər kəndində 2024-2025-ci illər payız-qış tədbirlər planına uyğun olaraq qaz xətlərini dayaq üzərinə qaldırılması üçün Qəriblər, İsilər, Məmmədrzaküçə və Əzizabad kəndlərinin ümumilikdə 600 abonentin qaz təchizatının 5 sentyabr tarixində saat 10:00 dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

    Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

  • DİN: “Kəlbəcər sakininin Gəncədə əsassız saxlanılaraq döyülməsi həqiqəti əks etdirmir”

    Bəzi sosial şəbəkələrdə Kəlbəcər rayon sakininin Gəncə şəhərində əsassız olaraq saxlanılaraq polis şöbəsinə aparılması, ona qarşı təzyiqlər göstərilməsi və bağlı əsassız xəbərlər dərc olunub.

    Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov TNS-ə bildirib ki, avqustun 28-də axşam saatlarında Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət apararkən “Niva” markalı avtomobil qayda pozuntusuna görə saxlanılıb.

    Sürücünün sərxoş olması barədə şübhələr olduğundan onun alkotester vasitəsi ilə sərxoşluq müayinəsindən keçirilməsi tələb olunub. Lakin sürücü Ruslan Nağıyev və sərnişin İntiqam Salahov polisin qanuni tələblərinə tabesizlik göstəriblər, hərəkətlərinə görə barələrində olan inzibati tənbeh tədbirindən yayınmağa çalışıblar. Hər iki şəxs saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilib və barələrində protokol tərtib olunaraq məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı sürücü 8 sutka müddətinə inzibati qaydada həbs edilib, İ.Salahov barəsində isə cərimə növündə inzibati tənbeh növü seçilib.

    “Həmin şəxslərin döyülməsi ilə bağlı iddialar isə həqiqəti əks etdirmir. Onu da qeyd edim ki, iddialarla bağlı İ.Salahov aidiyyəti üzrə digər qurumlara da müraciət edib, hazırda araşdırma aparılır”, – E.Qasımov deyib.

  • Nazirdən Qarabağdakı məktəblərlə bağlı açıqlama: “Şagird sayı minlərlə ölçüləcək”

    “İşğaldan azad olunmuş ərazilərdə bir neçə məktəbin açılışı planlaşdırılır”.
     
    Median.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Naziri Emin Əmrullayev deyib.
     
    Onun sözlərinə görə, Şuşada 1 nömrəli məktəb və Xankəndidə tarixən Azərbaycan dilli məktəb olan Nizami Gəncəvi adına 4 nömrəli məktəb, o cümlədən Xocalı şəhərində, Sus və digər kənlərimizdə də artıq tədrisə hazırlıq prosesi tam başa çatıb:
     
    “Bu məktəblərimizin hər birində bir neçə yüz şagirdin olmasını gözləyirik. Artıq Füzuli, Laçın, Cəbrayıl şəhərlərində məktəblərimizin açılması planlaşdırılır. Coğrafiyamız kifayət qədər genişlənir”, – nazir AzTv-yə müsahibəsində qeyd edib.
     
    Nazir bildirib ki, Qarabağda builki şagird sayı minlərlə ölçüləcək:
     
    “Kəlbəcər şəhərindəki məktəbimiz fərqli model üzərində qurulur. Burada uşaq bağçası, məktəbəqədər təhsil, və məktəb bölmələrini özündə birləşdirəcək kompleks dövlət başçımız tərəfindən Kəlbəcər sakinlərinə çox böyük hədiyyə olacaq. Qarabağ Universitetində də bütün hazırlıq prosesi bitib, 1200 nəfər tələbə və 150 nəfər müəllim və heyətlə builki tədrisə başlamağı planlaşdırırıq”.

  • Paşinyanın Bakıya gələcəyinə inanmıram – MÜSAHİBƏ

    Onunla müsahibəni təqdim edirik:
     
    – Elmar müəllim, Nikol Paşinyan avqustun 31-də verdiyi açıqlamada COP29-a görə Bakıya gəlmək barədə açıq danışmadı. Ermənistan Baş naziri Bakıya gələ bilərmi?

    – Paşinyanın COP29 konfransı çərçivəsində Bakıya gələcəyinə inanmıram. Nazir və ya nazir müavini səviyyəsində heyət göndərə bilər. Lakin özünün gələcəyinə inanmıram. Çünki daxili problemlər var. O, məsələlərə bir az ehtiyatla yanaşır. Revanşistlər, daşnaklar, erməni kilsəsi, eləcə də xaricdəki diaspor onun Bakıya səfərini həzm etməyəcək. Amma COP29 olsun, görək nələr baş verəcək. Mənim təxminlərimə görə, Paşinyan ehtiyat edəcək və Bakıya gəlməyəcək.

    – Ermənistan Baş naziri kommunikasiyaların açılmasına şərait yaratmağa hazır olduğunu bildirib. Lakin kommunikasiyaların Ermənistanın suverenliyinə uyğunluğunun vacib olduğunu deyib. Çox güman ki, o, yollara nəzarətin Ermənistan tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Rəsmi Bakı bununla razılaşa bilərmi?

    – Sual olunur ki, Ermənistan bu yolu açmağı həqiqətən, istəyir ya yox. Bunu istəsəydi, heç olmasa hansısa  addımlar atardı. Allahın Avropa İttifaqı bəyanat verib ki, biz ora sərmayə qoymağa hazırıq. Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsi 42 kilometrdir. Heç olmasa bu məsələni büdcəyə salsınlar. Ya da ən azından məsələni müzakirəyə çıxarsınlar. Bunu da etmirlər. Burada ikinci məsələ ondan ibarətdir ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda 9-cu maddə təhlükəsizliklə bağlıdır. Mənim yadımdadır ki, atam işləyəndə tez-tez qatarla Naxçıvana gedirdim. Ermənistandan keçəndə iki nəfər sərhədçi qatara minir və bütün yolu bizimlə gedirdi. Gömrük məsələsi də unudulmamalıdır. Cürbəcür variantlar var. Məsələn, Rusiya Kalininqrada yükləri Litva vasitəsilələ göndərir. Vaxtilə gürcülər Abxaziyadan gələn dəmiryolunu bərpa etmək üçün özəl şirkətlə danışmışdılar. Yaxşı, yüklər daşındı, bəs sərnişinlərin də gediş-gəliş məsələsi var. O vaxt Naxçıvana gedən qatarlara ermənilər daş atır, pəncərələri sındırırdılar. Bu məsələ də ciddidir. Variantlar var. Amma xoş niyyət olmalıdır. Onların xoş niyyəti yoxdur axı, şəxsən mən hiss etmirəm. Halva-halva deməklə ağız şirin olmaz. Danışırlar, amma ortada hərəkət yoxdur.
     
    – Ermənistanın ədliyyə naziri Konstitusiyaya dəyişikliklə bağlı referendumun 2027-ci ildə keçiriləcəyini bildirib. Halbuki, bu məsələ Azərbaycanın Ermənistan qarşısında sülh üçün qoyduğu şərtlərdən biridir. Belə olan halda sülh müqaviləsinin imzalanması gecikəcəkmi?
    – Konstitusiya hüququnda iki yol var. Bu yollardan biri ABŞ yoludur. 200 ildən çoxdur amerikanlar Konstitusiyanı dəyişmirlər. Əlavə və düzəlişlər edirlər. Yəni mətnə toxunulmur. İkinci yol da var. Hər ölkə yeni mərhələyə çatanda fikirləşir ki, inkişafın yeni mərhələsi yarandığı üçün köhnəlmiş mətni təzələyək. Konstitusiya dəyişilmədən sülh müqaviləsinin imzalanmasının da yolu var. 17 məsələdən 13-ü razılaşdırılıb. Ən ciddi məsələlərin razılaşdırılması qalıb. Paraformaya gedilə bilər. Lakin nə vaxtsa, dəyişiklik olacaq.
     
    – Paşinyanın Minsk qrupunun ləğvi ilə bağlı çıxışını necə dəyərləndirirsiniz?
     
    – Bu çıxışında Paşinyan şərt qoydu. O dedi ki, sülh sazişi imzalanandan sonra Minsk qrupu ləğv edilsin. Lakin Minsk qrupu onsuz da fəaliyyət göstərmir. Paşinyanın bu məsələdəki sözlərində məntiq yoxdur. Minsk qrupu heç kimə lazım olmayan qurumdur. Əgər belədirsə, niyə Paşinyan bunu sülh sazişi ilə əlaqələndirir?
     
    – Azərbaycan BRİKS-ə qoşulmaq ərəfəsindədir. BRİKS siyasi və iqtisadi baxımdan bizə nə verəcək?
     
    – BRİKS-də Rusiya və Çin kimi güclü ölkələr var. Türkiyə də artıq ora qoşulmaq istəyir. İqtisadi baxımdan bu təşkilat böyük bazardır. Ona qoşulmaq Azərbaycan iqtisadiyyatı üçün önəmli addımdır. İnanmıram ki, BRİKS-ə qoşulmaq Azərbaycanın Avropa partnyorları ilə münasibətlərinə mənfi təsir göstərəcək. Avropa istər-istəməz müəyyən narazılıqlar edir. Ya Avropa İttifaqına qoşularaq, onların dedikləri ilə oturub-durmalısan. Amma inanmıram ki, Avropa İttifaqında bizi kimsə gözləyir. Bu heç real da səslənmir. Amma Azərbaycan Avropa İttifaqının bazarından istifadə edir.
     
    – Ermənistan müəyyən dövlətlər tərəfindən silahlandırılır. Hər sentyabr ayında onlar müəyyən provakasiyalara gedirlər. Bu dəfə də yeni silahlı münaqişə ola bilərmi?
     
    – Ermənistan 44 günlük müharibə və 2023-cü ildəki antiterror əməliyyatından sonra xeyli silah itirib. İrəvanın silah arsenalında boşluq yaranıb. Ukrayna ilə müharibə apardıqlarından Rusiya silahlarını sata bilmir. Ona görə də Ermənistan silah almaq üçün ölkələr axtardı. Fransa və Hindistan kimi ölkələrdən silah təmin etdilər. Amma yenbi müharibənin başlamasına inanmıram.

  • Xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək

    Diasporla İş üzrə Dövlət Komitəsinin və Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə 9-11 sentyabr 2024-cü il tarixində “Gülüstan” sarayında xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək.
     

    Median.Az xəbər verir ki, 23 ölkədən 80-dən çox azərbaycanlı alimin gəlməsi gözlənilən tədbirdə ümumilikdə 200-ə yaxın elm xadiminin iştirakı nəzərdə tutulur.

    Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfələr verməkdir.
     
    İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq üçün onlar Forum çərçivəsində Şuşa və Xankəndi şəhərlərinə yola düşəcək, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar.

  • “Demişəm ki, insanlar şəhərə gələndə özlərini düzgün aparmırlar” – Bəhram Bağırzadə

    “Məni başa düşməyən insanlar gecələr yatan zaman mənim kimi düşünməlidirlər”.
     
    Median.Az
    xəbər verir ki, bunu “report”a müsahibəsində Əməkdar artist, aktyor Bəhram Bağırzadə deyib.
     
    “Onlar məni anlaya bilsələr, deyəcəklər ki, Bəhram həqiqətən də düz deyir. Şəhərdə tum çırtlayıb yerə tüpürmək olmaz axı, işıqforda söyüş söyüb qışqırmaq olmaz, hələ zibili doqquzuncu mərtəbədən aşağıya atanlar var. Söhbət tək rayondan getmir, heç mən rayon adını da çəkməmişəm. Demişəm ki, insanlar şəhərə gələndə özlərini düzgün aparmırlar”, – o qeyd edib.

  • Azərbaycan idmançılarının reytinq cədvəli AÇIQLANDI

    Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin sentyabr ayına olan reytinq cədvəlini açıqlayıb. 

    Qurumdan  verilən məlumata görə, Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov (590 xal) birinci pillədəki yerini qoruyub. 

    Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (500 xal) ikinci olub.

    Paris-2024-də qızıl medal qazanan cüdoçu Zelim Kotsoyev (470 xal) isə üçüncü pilləyə yüksəlib. 

  • Ələt-Astara magistralında qəza olub – FOTO

    Yeni Ələt-Astara magistralında yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, hərəkətdə olan “Kamaz” markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb.

    Hadisənin təfərrüatları dəqiqləşdirilir.

  • Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi ilə COP29-a hazırlıq tədbirləri MÜZAKİRƏ EDİLDİ

    Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi, senator xanım Sitarə Ayaz ilə görüşüb.

    Median.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Məlumata görə, görüşdə bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.