Month: Sentyabr 2024

  • Hər il milyonlarla insan bu xəstəlikdən ölür

    Ümumdünya Ürək Günü ilk dəfə 1999-cu ildə Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə təşkil edilib. Ümumdünya Səhiyyə Təşkilatı, UNESCO və digər mühüm təşkilatlar həmin təşəbbüsü dəstəkləyib. Əvvəlcə onu sentyabrın son bazar günü qeyd edirdilər, 2011-ci ildən isə sentyabrın 29-da keçirirlər.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Ümumdünya Ürək Federasiyası 100-dən çox ölkədə tədbirlər keçirir.

    Həmin günün proqramına kütləvi sağlamlıq yoxlamaları, ictimai mühazirələr, tamaşalar, elmi forumlar, sərgilər, konsertlər, gəzintilər və idman yarışları daxildir. Hər il keçirilən Ürək Günü ürəyin sağlamlığı ilə bağlı müəyyən mövzuya həsr edilir.

    Hazırda ürək-damar xəstəlikləri dünyada ölümün və əlilliyin əsas səbəblərindən biri sayılır və hər il 20,5 milyon nəfər həyatını itirir. Ürək-damar xəstəliklərinə ürəyin və qan damarlarının xəstəlikləri, ürəyin işemik xəstəliyi, beyinin damarlarının xəstəliyi, arteriyaların periferik xəstəliyi, revmokardit, anadangəlmə ürək qüsuru, vena damarların trombozu və sair xəstəliklər aid edilir. Ürək-damar xəstəlikləri və insultun yaranmasının risk amilləri qan təzyiqinin yüksəlməsi, qanda xolesterinin və qlükozanın miqdarının artması, siqaret çəkmək, artıq çəki, piylənmə və fiziki hərəkətsizlik, meyvə və tərəvəzlərlə qidalanmanın azlığıdır.

    Yeri gəlmişkən, ürək-damar xəstəliklərinin inkişafına gətirib çıxaran qeyri-sağlam həyat tərzi ən çox uşaqlıq və yeniyetməlik dövründə inkişaf edir və yaşlandıqca həmin xəstəliklərə tutulmaq riski getdikcə artır. Ona görə də xəstəliyin profilaktikasına uşaq yaşlarından başlamaq lazımdır.

    Ümumdünya Ürək Federasiyasının məlumatına görə, sağlam həyat tərzi keçirmək, tütün istifadəsini məhdudlaşdırmaq, qidalanmanı nəzarətdə saxlamaq və fiziki fəallığı artırmaq hesabına infarkt və insult nəticəsində baş verən erkən ölüm hallarının qarşısını 80 faiz almaq olar.

  • Mişustin sabah İrana səfər edəcək

    Rusiyanın Baş naziri Mixail Mişustin sentyabrın 30-da Tehrana səfər edəcək. O, İran Prezidenti Pezeşkian və ölkənin birinci vitse-prezidenti Məhəmməd Rza Ariflə danışıqlar aparacaq.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, görüşdə Rusiya-İran əməkdaşlığının bütün spektrinin ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə müzakirəsi planlaşdırılır:

    “Nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı və digər sahələrdə birgə iri layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək”.

  • Daha bir ölkə Rusiya sərhədinə hasar çəkir

    Norveç hakimiyyəti Rusiya ilə sərhəddə hasar çəkmə imkanını nəzərdən keçirir.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə və ictimai təhlükəsizlik naziri Emili Enger Mehl bildirib.

    O bildirib ki, sərhəd təhlükəsizliyinin gücləndirilməsi üçün hasarlama, sərhədçilərin sayının artırılması və nəzarətin gücləndirilməsi kimi bir neçə tədbir nəzərdən keçirilir.

    Qeyd edək ki, Rusiya Federasiyası ilə Norveç arasında quru sərhədinin uzunluğu təqribən 200 km-dir.

  • Sprey şəklində olan ilk qrip peyvəndi təsdiqləndi – Evdə etmək olacaq

    ABŞ Ərzaq və Dərman İdarəsi (FDA) tibb işçisinin tətbiqini tələb etməyən ilk qrip peyvəndini təsdiqləyib.

    Median.Az baku.ws-ə istinadən bildirir ki, burun spreyi şəklində olan peyvəndi evinizə çatdırmaq mümkün olacaq ki, bu da əhalinin illik qripə qarşı peyvəndlərə çıxışını genişləndirəcək.

    “AstraZeneca” firmasının FluMist burun spreyi 2003-cü ildə FDA tərəfindən təsdiqlənib, lakin yalnız indi hökumət tənzimləyicisi onun xəstələr və ya onların baxıcıları tərəfindən müstəqil istifadəsinə icazə verib. Ancaq dərmanı əldə etmək üçün həkim reseptinə ehtiyacınız olacaq.

  • Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır? – Maraqlı araşdırma

    Hər kəsin həyatında özəl günlər xüsusi yer tutur. Onlardan biri də nişandır. Nişan üzüyünün isə sol əlin adsız barmağına taxıldığı hamıya məlumdur. Amma çoxumuz bunun səbəbini bilmirik və üzüyümüzü hamı kimi sol əlimizin adsız barmağına taxırıq.

    Bəs nişan üzüyü niyə sol əlin soldan ikinci barmağına, yəni adsız barmağa taxılır?

    Milli.Az sfera.az-a istinadən xəbər verir ki, nişan üzüklərinin tarixi 13-cü əsrə, Roma imperiyasına gedib çıxır. O vaxt Roma papası III İnnokenti nişan və toy mərasimləri arasında müəyyən qədər fasilə verilməsinə göstəriş verib. Üzüklərin də istifadəsinə bundan sonra başlanılıb.

    Üzüyün sol əlin adsız barmağına taxılması da yunan və romalılardan qalan ənənədir. Onlar bu barmağı birbaşa ürəyə qədər uzanan “Vena amroris” və ya “sevgi venası”na görə seçiblər. İlk üzüklər dəmirdən, sonrakılar isə qızıldan hazırlanıb. Brilliantlar isə sonradan dizayna əlavə olunub. Tarixdə həyat yoldaşına ilk brilliant üzük hədiyyə edən kişi Avstriya Ershersoqu Maksimiliandır. O bu hədiyyəni 1477-ci ildə edib. 1930-cu ilə qədər isə brilliant qaşlı üzüklər ancaq zənginlərin hədiyyə edə biləcəyi əşya olub.

    Cənubi Afrikada böyük almaz mədənləri kəşf edildikdən sonra, 1930-cu ildə “Diamond Jewellery” adlı şirkət brilliantı geniş kütlələrə çatdıra bilib.

  • Yuxuda yeni işə girmək nəyə işarədir?

    Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Bir çoxları iddia edir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir. Amma təbii ki, bununla bağlı dəqiq söz demək çətindir.

    Yuxuda çox şey görürük. Bunlardan biri də yuxuda iş görməkdir. Bəs, yuxuda iş görmək hansı mənaya gəlir?

    Median.Az lent.az-a istinadən yuxuda iş görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir:

    Yuxuda işə girmək

    Yuxu sahibinin bəzi gizli istedadlarını üzə çıxarmasına və istifadə etməsinə imkan verəcək bir mühit tapacağını göstərir. Bəzi yozuculara görə, bu yuxu yuxu sahibinin işindən məmnun olmadığı və şərtləri sevmədiyi anlamına gəlir.

    Yuxuda iş tapmaq

    Yuxuda iş tapmaq həm ictimai, həm də iş həyatında yeni sıçrayışlara imza atmağa yozulur. Həmçinin yuxu sahibinin yeni işlərlə uğur qazanacağına və bu uğurla yüksək qazanc əldə edəcəyinə işarə edir. Xoşbəxt və dinc bir həyat sürəcəyinizə, maddi probleminiz olmayacağınıza işarə edir.

    Yuxuda iş təklifi almaq

    Yuxu sahibinin iş həyatında uzun müddət reallaşdırmaq istədiyi bəzi düşüncələr adına yaxşı bir fürsət tapacağına işarədir. Bu fürsətdən yaxşı istifadə edərsə, yüksək vəzifə qazanacaq, maaşı artacaq və istədiyi qazancı əldə edəcək.

    Yuxuda işə girmək

    Yuxu sahibinin yeni bir başlanğıc edəcəyi və yaxın gələcəkdə həyatının dəyişəcəyi kimi yozulur. Verdiyi qərarlarla evini və ya işini dəyişdirə bilər. Ancaq belə qərar verərkən diqqətli olmalıdır.

    Yuxuda işə başlamaq

    Yuxuda işə başlamaq yuxu sahibinin tamamilə yeni həyata hazır olduğuna işarə edir. Bu həm də işə başlayacaq insanların həyatında cəlbedici və müsbət imkanların olacağına işarə edir.

    Yuxuda iş görüşməsinə getmək

    Yuxu sahibi üçün gələcəkdə bəzi müsbət hadisələrin olacağını göstərir. İş həyatına mövqe sahibi olacağı, sevgi və hörmət qazanacağı, yaxşı gəlir əldə edəcəyi kimi yozulur. Ailəsi ilə problem yaşamayacağına və xoşbəxt və dinc həyat sürəcəyinə dəlalət edir.

    Yuxuda iş dəyişdirmək

    Yuxu sahibinin yeni mühitlərə girəcəyini və yeni dostluqlar qazanacağını göstərir. Ümumi olaraq həyatında bəzi dəyişikliklərin yaşanacağından xəbər verir. Bu dəyişikliklərə diqqət yetirməsi vacibdir.

    Yuxuda işdən qovulmaq

    Əksinə, yuxuda işdən qovulmaq, yuxu sahibinin real həyatda təqdir ediləcəyi deməkdir. Bu həm də iş həyatının davam edəcəyinə, yaxşı mövqe tutacağına, maaşının artacağına işarə edir.

  • Avtomobil piyadanı vuraraq öldürdü

    Sabirabadda yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.

    Median.Az-ın report.az-a istinadən məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini 1979-cu il təvəllüdlü Məmmədov Rauf Fəxrəddin oğlu yolda gedərkən avtomobil onu vurub.

    Qəza nəticəsində ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Kotletlərin quru çıxmasının səbəbi – Bu səhvləri etməyin

    Mükəmməl kotletlər hazırlamaq asan deyil, çünki çox şey səhv ola bilər. Məsələn, kotletlər qızartma qabda parçalana, ya bərk, ya da quru çıxa bilər.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, kotletlərin quru çıxmasının səbəbləri var.

    Çoxları üçün toyuq, hinduşka və mal əti kotletlər üçün əla seçim kimi görünür. Bu ət növləri daha sağlam hesab olunur. Ancaq ətlərdən kotlet hazırlayarkən mütləq başqa məhsullar əlavə edilməlidir. Çünki sözügedən ətlər bərk hesab olunur. Kotletlərin qurumasının qarşısını alan komponentlərə soğan, çörək və yağı missal göstərmək olar.

  • Əliyar Ağayev Çempionlar Liqası oyununu idarə edəcək

    FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasının Liqa mərhələsinin II turu çərçivəsində keçiriləcək “Şturm” (Avstriya) – “Brügge” (Belçika) oyununun baş hakimi olacaq.

    Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

    Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Devid Kut və Stüart Attuell olacaqlar.

    Qeyd edək ki, oktyabrın 2-də Klaqenfurt şəhərində yerləşən “Verterze” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

  • SOCAR azad edilmiş ərazilərdə qaz təchizatı ilə bağlı görülmüş işləri açıqlayıb

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2023-cü ildə işğaldan azad edilmiş ərazilərdə 24 yaşayış məntəqəsində qaz kəmərlərinin tikintisi işlərini aparıb.

    Bu barədə SOCAR-ın 2023-cü ildəki fəaliyyəti ilə bağlı illik hesabatında bildirilir.

    Sənədə əsasən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair l Dövlət Proqramı”nın icrası ilə bağlı ötən il “Azəriqaz” Ağdərə, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonları ərazisində 24 yaşayış məntəqəsinin hüdudlarına qədər daşıyıcı qaz kəmərlərinin tikintisini həyata keçirilib.

    Bundan 23 yaşayış məntəqəsinin daşıyıcı qaz kəmərlərinin tikintisi işləri tamamlanıb. Hazırda Füzuli və Laçın şəhərləri, Ağdərə rayonunun Talış kəndi, Laçın rayonunun Zabux kəndi təbii qazla təmin olunur.