Month: September 2024

  • Naxçıvanda yol-nəqliyyat hadisəsi zamanı 17 yaşlı qız xəsarət alıb – FOTO

    Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, 17 yaşlı yeniyetmə qız xəsarət alıb.

    Apa-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin
    Əziz Əliyev küçəsində baş verib.

    Belə ki, qəza zamanı 72-BE-972 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillə 67-BE-491 dövlət nömrəli nişanlı “NAZ-Lifan” markalı avtomobil və 67-BC-655 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil toqquşub.

    Qəza nəticəsində Babək rayon Kültəpə kənd sakini, 2007-ci il təvəllüdlü Əliyeva Aysun Namiq qızı xəsarət alıb.

    O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Yaponiya yeni superkompüter hazırlayacaq

    Dünyanın ən sürətli kompüteri olan “Fuqaku”ya sahib olan Yaponiya daha bir yeniliyə imza atacaq.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yapon alimlər növbəti illərdə daha sürətli olan “Fuqaku Next” superkompüterini hazırlayacaqlar.

    Ölkənin Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi yeni kompüterin istehsalına 2025-ci ildə başlanacağını açıqlayıb.

    Bildirilir ki, “Fuqaku Next” 2030-cu ildə istifadəyə veriləcək və hökumət bu layihə üçün 110 milyard yapon yeni ayırıb.

  • Türkiyə Prezidenti: “Azərbaycanla Ermənistan arasında dialoqun müsbət nəticə verəcəyinə ümid edirik”

    “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyirik”.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

    O bildirib ki, Ankara tərəflər arasında dialoqun müsbət nəticə verəcəyinə ümid edir:

    “Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması bizimlə Ermənistan arasında əlaqələrə də təsir edəcək”.

  • Sumqayıtda məktəbi dərmanlayan zaman şagirdlərin zəhərlənməsi iddiasına RƏSMİ CAVAB

    “Sumqayıt şəhəri 14 saylı ümumi təhsil müəssisəsində 6-cı sinifdə oxuyan iki şagird sentyabrın 23-də dərs bitdikdən sonra (evdə olarkən) özlərini pis hiss etdikləri üçün təcili yardıma müraciət edilib”.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsinin dezinfeksiya tədbirlərindən sonra məktəblilərin zəhərləndikləri ilə bağlı yayılan iddialarla bağlı açıqlamasında bildirilir.

    Qeyd olunur, onlar ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı xəstəxanalardan birinə yönləndiriliblər. Sonradan şagirdlər müayinə edilərək evə buraxılıblar. Hazırda vəziyyətləri yaxşıdır.

    “Həmin gün ümumi təhsil müəssisəsinin 2-ci korpusunda 330-dan çox şagird dərslərdə iştirak edib və heç birində belə hal müşahidə edilməyib. Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbə baxış keçiriliblər. Şagirdlərin səhhəti diqqətdə saxlanılır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır”, – açıqlamada deyilir.

  • Baş nazir: “COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun bariz nümunəsidir”

    “Cari ildə dünyanın ən əhəmiyyətli və irimiqyaslı beynəlxalq tədbirlərindən biri olan COP29-un noyabr ayında Azərbaycanda keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun bariz nümunəsidir”.

    Median.Az Nazirlər Kabinetinə (NK) istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib.

    “Əminəm ki, tədbir Azərbaycana xas yüksək səviyyədə, mükəmməl şəkildə təşkil ediləcək. Hökumət üzvlərinin çoxu müvafiq Təşkilat Komitəsinin üzvləridir. Bütün hökumət üzvləri rəhbərlik etdikləri nazirlik və digər qurumların üzərilərinə düşən tapşırıqların icrasına şəxsən cavabdehdirlər. Bu istiqamətdə sıx və əlaqəli şəkildə işləməlidirlər”, – o bildirib.

  • Əli Əsədov valyuta ehtiyatlarından danışdı

    “Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard ABŞ dollarını keçib”.

    Median.Az Nazirlər Kabinetinə (NK) istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib.

    “Bu göstərici cari ilin sonuna gözlənilən ümumi daxili məhsulun (ÜDM) 100 %-i deməkdir və xarici dövlət borcunu 14 dəfəyə yaxın üstələyir.

    Birbaşa xarici dövlət borcumuzun səviyyəsi aşağıdır. Bu il sentyabrın 1-nə bu göstərici 5,3 milyard dollar olmaqla ÜDM-in 7,5%-ni təşkil edib”, – deyə o qeyd edib.

  • “Barselona”ya təklif olunan qapıçılar müəyyənləşdi

    İspaniyanın “Barselona” klubuna üç qapıçı təklif olunub.

    Bu barədə məşhur jurnalist Nikolo Skira məlumat yayıb.

    Onun sözlərinə görə, Kataloniya təmsilçisi Mark-Andre ter Ştegenin uzun müddət sıradan çıxmasından sonra yeni qolkiper axtarışlarını davam etdirir.

    Hazırda azad agent olan Keylor Navas, Loris Karius və Etrit Berişa “Barselona”ya təklif edilib.

    Qeyd edək ki, Mark-Andre ter Ştegen 8 ay yaşıl meydanlardan kənarda qalacaq.

  • BMT Baş katibi Livanla bağlı xəbərdarlıq edib

    BMT Baş katibi Antonio Qutterreş Livanla bağlı xəbərdarlıq edib.

    Bu barədə ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində çıxışında deyib.

    Baş katib bildirib ki, Livanın ikinci Qəzzaya çevrilməsinə imkan vermək olmaz.

    O, bunun ağır nəticələrlə yadda qala biləcəyini söyləyib.

    ///Report

  • Onurğa əyriliyi olan şəxslər hərbi xidmətə aparılır? – Rəsmi CAVAB

    Azərbaycanda onurğa əyriliyi olan şəxslərin hərbi xidmətə yararlı olub-olmaması müzakirə edilən mövzulardan biridir.

    Modern.az-ın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, skolioz və kifozların mərhələsi rentgenoqramlar üzrə V.D.Çaklinin müəyyən etdiyi kobb bucaqların hesablanması əsasında təyin edilir.

    “1-ci dərəcəli skoliozlar (kobb bucağı 10°-yə kimi), 1ci və 2ci dərəcəli kifoz (kobb bucağı 50°-yə kimi) müəyyən olunmuş vətəndaşlar hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü daxil olan zaman hərbi xidmətkeçməyə yararlı hesab olunurlar.

    Qeyd edək ki, başın yuxarı dartılması zamanı və ya uzanmış vəziyyətdə düzələn, önə əyilmə zamanı təsbit olunmuş rotasiya aşkar edilməyən onurğanın yana (əksər hallarda sola) sadə (qeyri-struktur) əyriliyi olan qamət skoliozu (uzanmış vəziyyətdə ön-arxa istiqamətdə çəkilmiş onurğanın rentgenoqramında əyriliyin düzəlməsi) həqiqi struktur skoliozu kimi qiymətləndirilmir və hərbi xidmətkeçməyə yararlı hesab olunur”, – deyə qurumdan bildirilib.

  • Azərbaycanda yollardan biri iki ay müddətində qismən bağlı olacaq

    M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 244,2-ci kilometrinin sol tərəfində (Ucar ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar 24 sentyabr tarixdən başlayaraq təqribən iki ay müddətində nəqliyyat vasitələrinin hərəkətinin qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.

    APA xəbər verir ki, sürücülər qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmalı, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etməlidilər.