Month: September 2024

  • Bakıda yeniyetmənin uşaq evində təhqirə və zorakılığa məruz qalması ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI – VİDEO

    “3 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi bu ilin əvvəlində Sosial Xidmətlər Agentliyinin (SXA) tabeliyinə verilib. Digər müəssisələrimizdə olduğu kimi, bu müəssisədə də müasir sosial xidmət prinsiplərinin tətbiqi üçün lazımi addımlar atılır. Neqativ halların qarşısının alınması, benefisiarların lazımi sosial xidmətlərlə təmini istiqamətində iş aparılıb və aparılır”.

    Bunu yeniyetmənin 3 saylı Uşaq evi ilə bağlı iddiaları ilə bağlı məsələyə münasibət bildirərkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov deyib.

    O bildirib ki, ARB televiziyasında efirdə açıqlamalarla çıxış edən müəssisəsinin sakini Ramal Rəsulov özünün istəyinə əsasən və mövcud psixoloji vəziyyəti nəzərə alınaraq, artıq agentliyinin digər müəssisəsinə yerləşdirilib:

    “Hazırda agentlik və aidiyyəti qurumlar tərəfindən azyaşlının iddiaları əsasında araşdırma aparılır”.

    * * * * *

    Xətai rayonunda yerləşən Sosial Xidmətlər Agentliyinin tabeliyindəki 3 saylı Uşaq evində təhqirə və zorakılığa məruz qalan 13 yaşlı yeniyetmə oradan qaçıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı oxu.az-a açıqlamasında bildirib ki, yeniyetmənin səsləndirdiyi iddialarla bağlı araşdırmalara başlanılıb:

    “Yetkinlik yaşına çatmayan şəxs polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən digər sığınacağa yerləşdirilib. Onun səsləndirdiyi iddialarla bağlı müvafiq araşdırma aparılır”.

    * * * * *

    13 yaşlı yeniyetmə Xətai rayonunda yerləşən Sosial Xidmətlər Agentliyinin tabeliyindəki 3 saylı Uşaq evindən qaçıb.

    Ramal adlı yeniyetmə ARB TV-də yayımlanan “Səni axtarıram” verilişində uşaq evi haqqında ittihamlar səsləndirib.

    O qeyd edib ki, 8 gündür küçələrdə yaşayır. Buna səbəb isə müəllimlərin onları söyməsi, tapşırıq verərək uşaq evindəki digər uşaqlar tərəfindən döydürməsidir.

    Bizə uşaq evində hər gün makaron, quru çörək verirlər. Ət verəndə içindən qurd çıxır. Yeyə bilmirik, qabağımıza atırlar. Uşaq evinə təzə müdir gəlib, adı Günay xanımdır. O da belə şeylər edir”, – deyə Ramal qeyd edib.

  • Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib

    Azərbaycan vətəndaşı Məmmədov Allahverdi Mirzə oğlu Almaniyadan Azərbaycana ekstradisiya olunub.

    Bu barədə report-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

    Bildirilib ki, Baş Prokurorluğun vəsatəti Almaniyanın səlahiyyətli orqanları tərəfindən təmin edilib:

    “Allahverdi Məmmədovun dələduzluq, rüşvət verməyə təhrik etmə, rəsmi sənədi saxtalaşdırma və qanunsuz miqrasiya təşkil etməyə cəhd cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib. Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə zəruri tədbirlər görülür.”

  • ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərib

    ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.

    Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib.

    “Bu gün Danusia və mən hava limanında dördayaqlı qəhrəmanlardan ibarət VIP nümayəndə heyətini qarşılamaq şərəfinə nail olduq. Berta və Dum adlı itlər ANAMA-nın minalar və partlamamış hərbi sursatları təmizləmək missiyasına qoşulmaq üçün Azərbaycana gəlmiş altı minatəmizləyici itdən ikisidir. Bu cəsur Marşall itləri və onların zəhmətkeş ABŞ və Azərbaycan təlimçiləri Azərbaycanda icmaların daha təhlükəsiz şəraitdə yaşayışı təmin etməkdə mühüm rol oynayırlar.” – M. Libbi qeyd edib.

  • Bakının mərkəzindəki tuneldə yük maşını AŞIB – Yolda hərəkət MƏHDUDLAŞDI

    Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.

    Bizim.media xəbər verir ki, hadisə Atatürk və Vaqif prospektlərinin kəsişməsindəki yeraltı avtomobil tunel kompleksində qeydə alınıb.

    Belə ki, yük maşınının aşması nəticəsində yolda hərəkət məhdudlaşıb.

  • Ağstafada yeniyetmə bıçaqlanıb

    Ağstafada bıçaqlanma hadisəsi baş verib.

    Hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. 2009-cü il təvəllüdlü A.Paşalı bıçaq xəsarət ilə xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

  • İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi

    Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə təbrik məktubu ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, təbrik mətnində deyilir:

    “Hörmətli neft sənayesi işçiləri!

    Sizi böyük iftixar hissi ilə “Əsrin müqaviləsi”nin 30 illiyi və peşə bayramınız − 20 Sentyabr Neftçilər Günü münasibətilə ürəkdən təbrik edirəm!

    Ölkəmiz üçün əlamətdar tarixi hadisə olan “Əsrin müqaviləsi” və Neftçilər Günü məhz ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.

    Otuz il öncə ulu öndərin uzaqgörən siyasəti və dəmir iradəsi sayəsində imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın inkişafında dönüş nöqtəsi oldu, ölkəmiz beynəlxalq enerji layihələrinin fəal iştirakçısına çevrildi. Xarici tərəfdaşlarla birlikdə reallaşdırılan iri layihələr enerji xəritəsində ölkəyə strateji mövqe qazandırmaqla yanaşı, dünya enerji təchizatının sabitliyinə də töhfə verdi.

    Ümummilli lider bu böyük layihəni həyata keçirməklə Azərbaycanın gələcək nəsillərinə iqtisadi müstəqillik və davamlı inkişaf mirası qoydu. Ötən 30 ildə ölkə iqtisadiyyatı gücləndi, Azərbaycanın regional və qlobal səviyyədə mövqeyi möhkəmləndi. İri xarici sərmayələr cəlb olundu, infrastruktur müasirləşdi, yeni iş yerləri yaradıldı və əhalinin həyat şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdı.

    Azərbaycan neft-qaz sektorunun inkişafı, şaxələndirilmiş enerji siyasəti, müasir enerji infrastrukturu və beynəlxalq əməkdaşlıq sayəsində etibarlı tərəfdaşa və nümunəvi ölkəyə çevrilib. Artıq dünyanın on ölkəsini mavi yanacaqla təchiz etməsi və enerji layihələrinin əhatə dairəsini davamlı genişləndirməsi regionda ölkəmizin əhəmiyyətini artırır, həmçinin yeni iqtisadi sahələrin inkişafına imkanlar yaradır.

    Qlobal çağırışları nəzərə alaraq, Azərbaycan bərpaolunan enerji resurslarının artırılması üçün yeni təşəbbüslər həyata keçirir. “Yaşıl dünya naminə həmrəylik ili” və Azərbaycanın ev sahibliyi edəcəyi COP29 beynəlxalq tədbiri dayanıqlı enerji mənbələrindən geniş istifadə, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı baxımından fürsət olmaqla, qlobal ekoloji problemlərin həllinə mühüm töhfə verəcəkdir.

    Daim inkişaf edən neft-qaz sektoru hazırda yeni tarixi dövrünü yaşayır. Ötən illər ərzində qazanılan böyük uğurlar enerji sahəsinin inkişafı və onun təməli olan “Əsrin müqaviləsi” ilə bilavasitə bağlıdır.

    Sizin Azərbaycan neft sənayesindəki uğurlarınızın gələcək nəsillərə də örnək olacağına inanıram. Əminəm ki, fədakar əməyinizin bəhrələri hələ uzun illər xalqımıza xidmət edəcək. Bu yolda hər birinizə yeni nailiyyətlər və müvəffəqiyyətlər arzulayıram!”

  • Məhərrəmlik bitdi, toylar başladı – Qızıl BAHALAŞACAQ?

    Məhərrəmliyin bitməsi şadlıq saraylarında, restoranlarda, gözəllik salonlarında və s. sahələrdə canlanmaya səbəb olub. Xalqımızın toyunu, nişanını zinət əşyası olmadan təsəvvür etmək olmaz.

    Bəs bu il məhərrəmlikdən sonra toyların, nişanların artması qızıl satışına necə təsir edib? Bu sahədə canlanma müşahidə olunurmu?

    “Azərbaycan zərgərlər assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Toğrul Abbasquliyev Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, toy, nişan mərasimlərinin başlaması qızıl satışında canlanmaya səbəb olub.

    O, daha sonra qızılın qiymətinin artmasının satışlara təsiri barəsində danışıb:

    “Qızılın qiymətinin son vaxtlar kəskin dərəcədə artması mənfi haldır. Bu gün 1 qram, 999 əyar təmiz qızılın qiyməti 83-84 dollar arasında dəyişir. Alıcılıq qabiliyyətini nəzərə alsaq, təbii ki, bu qiymət satışlara təsir edir”.

    Müsahibimiz bildirib ki, cüzi satış artımı olsa da, qiymət artımına görə satış gözləntilərdən azdır.

  • Завтра на одной из улиц в Баку будет ограничено движение транспорта

    Движение автотранспортных средств на улице Алескера Гайыбова в Наримановском районе Баку с завтрашнего дня будет полностью ограничено в связи с ремонтными работами.

    Об этом сообщает Median.Az со ссылкой на Государственное агентство автомобильных дорог Азербайджана.

    Агентство просит водителей использовать альтернативные маршруты.

  • Bakının bir küçəsi bağlanacaq

    Sabahdan Bakının Nərimanov rayonunun Ələsgər Qayıbov küçəsində aparılacaq təmir işləri ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Median.Az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

    Qurum sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edib.

  • Bakı həbsxanasında daha bir məhkum öldü

    Azərbaycanda məhkum həbsdə ölüb.

    Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

    Orada cəza çəkən məhkum 58 yaşlı Ədalət Şəfi oğlu İsgəndərov dünyasını dəyişib.

    Onun xəstəlikdən öldüyü bildirilir.

    Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 24-cü ölüm hadisəsidir.