Month: Sentyabr 2024

  • İqtisadiyyat naziri: “Yaşıl iqtisadiyyat”ın inkişafı zəruri olub”

    “Dünyadakı iqlim dəyişmələri, azalan təbii ehtiyatlar və artan tələbat yaşıl iqtisadiyyatın inkişafını zəruri edir”.

    “Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı İqlim Fəaliyyəti Həftəsində bildirib.

    “Bu, öz növbəsində hər bir ölkənin dayanıqlı inkişafı üçün vacib faktora çevrilib. Dünya Bankının hesablamalarına əsasən, iqlim dəyişikliyinin təsirləri nəticəsində 2050-ci ilə qədər qlobal ÜDM illik 1,5-5% azalacaq. İqlim dəyişikliyi ekoloji tarazlığı pozaraq, biomüxtəlifliyə də mənfi təsir edir. Bu faktorlar iqlim dəyişikliyinin geniş təsirlərini yumşaltmaq üçün təcili tədbirlərin görülməsinin vacibliyini bir daha vurğulayır”, – deyə o qeyd edib.

  • Əfsanəvi amerikalı müğənni vəfat etdi

    ABŞ-li kantri müğənnisi və aktyoru, “Qremmi” və “Qızıl qlobus” mükafatlarının sahibi Kris Kristofferson 88 yaşında vəfat edib.

    Bu barədə Median.Az BBC.com-a istinadən xəbər verir.

    22 iyun 1936-cı ildə Texasda anadan olan Kristofferson “Sunday Morning Coming Down”, “Me And Bobby McGee”, “Help Me Make It Through The Night” və başqa bu kimi hitləri ilə tanınır.

    O, onilliklər ərzində solo ifa edib, 1980-ci illərin ortalarında isə Conni Keş, Veylon Ceninq və Villi Nelson ilə birlikdə “The Highwaymen” superqrupunu yaradıb.

    Kristofferson, həmçinin, böyük ekranda da görünüb və 1976-cı ildə ekranlara çıxan və 1937-ci ildə çəkilmiş eyniadlı filmin remeyki olan “Ulduz doğuldu” filmində Barbra Streyzandla birlikdə rol alıb. Bu rola görə o, “Qızıl qlobus” mükafatına layiq görülüb.

    Musiqiçi, həmçinin, 1972-ci, 1974-cü və 1975-ci illərdə üç dəfə “Qremmi” mükafatı qazanıb, 2004-cü ildə isə “Country Music Hall of Fame”in (Kantri musiqisinin şöhrət zalı) üzvü olub.

  • Bakıda dava düşüb: Bıçaqlananlar var (YENİLƏNİB)

    Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı açıqlamasında bildirib ki, sentyabrın 29-da saat 23 radələrində paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakinləri 1997-ci il təvəllüdlü Nicat Hüseynovun və 1990-cı il təvəllüdlü Zaur Sultanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bir-birilərinə kəsici alətlə xəsarətlər yetirmələri barədə polisə məlumat daxil olub.

    “Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır”, – deyə xidmət rəsmisi bildirib.

    * * * * *

    Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

    APA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

    Binə Sovxoz ərazisində yaşayan 1997-ci il təvəllüdlü Nicat Hüseynov tanışı 1990-cı il təvəllüdlü Zaur Sultanovla əlbəyaxa dava edib.

    Dava zamanı hər iki şəxs bir-birinə bıçaq zərbələri vurub.

    Yaralanan N.Hüseynov və Z.Sultanov xəstəxanaya yerləşdirilib.

    Həkimlərin verdiyi məlumata görə, Z.Sultanovun vəziyyəti ağırdır.

    Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Azərbaycanın amfibiya təyyarəsinin Türkiyədəki meşə yanğınları ilə mübarizə görüntüləri – VİDEO

    Türkiyədəki meşə yanğınları ilə bağlı göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) “BE-200ÇS” amfibiya təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, əməliyyat çərçivəsində təyyarə ötən gün Manisa-Alaşehir istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

    Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir.

  • Azərbaycanda Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilir

    Azərbaycanda Bakı İqlim Fəaliyyəti Həftəsi (BİFH) keçirilir.

    “Report” xəbər verir ki, sentyabrın 30-dan oktyabrın 4-dək davam edəcək tədbir ictimaiyyətin noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) hazırlaşdığı vaxtda iqlim gündəliyinin əsasını təşkil edəcək.

    BİFH siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət kimi bir sıra sahələrdən vətəndaş cəmiyyətlərindən və mediadan əsas maraqlı tərəfləri bir araya gətirir.

    Tədbirin rəsmi açılış mərasimində ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, COP29-un Yüksəksəviyyəli Çempionu Nigar Arpadarai, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, digər rəsmilər və xarici qonaqlar iştirak edirlər.

    Rəsmi açılış mərasimindən sonra Bakı İqlim Fəaliyyəti Həftəsi müxtəlif sahələrə həsr olunan panellərlə davam edəcək.

  • Bakı metrosunda PROBLEM YARANDI

    “Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə qatarın vaqonlarının qapısından siqnallar daxil olduğu üçün “28 May-Gənclik” tunel yolunda maşinist qapı sistemini yoxlamaq məcburiyyətində qalıb”.

    Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

    “Normativ tələblərə görə, təkrar yoxlama keçirilməli olduğundan sərnişinlər “Gənclik” stansiyasında düşürülüb. Heç bir problem olmadığından “Nərimanov” stansiyasından qatar sərnişinlərlə yoluna davam edib. Nəticədə, intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb. Xəttə ehtiyat qatar verilməklə yubanma qısa müddətdə aradan qaldırılacaq.

    Sərnişinlərdən rica edirik ki, vaqonların qapılarına müdaxilə etməsinlər. Bunun nəticəsində ümumi yubanmalar sərnişinlərin mənzil başına vaxtında çatmasına, stansiyalarda sərnişin sıxlığının daha da artmasına səbəb olur”, – deyə o qeyd edib.

  • Zukerberq “Metakainat”ı işə saldıqdan sonra altı dəfə zənginləşib

    “Meta” korporasiyasının rəhbəri Mark Zukerberqin sərvəti “Metakainat” interaktiv virtual məkanının işə salınmasından sonra 201 milyard dollara çatıb.

    Bu barədə “Bloomberg” məlumat yayıb.

    Sərvət artımının iki il çəkdiyi bildirilir. Halbuki, ilkin olaraq Zukerberq “Metakainat”ın işə salınması səbəbindən təxminən 100 milyard dollar itirib.

    Qeyd edək ki, “Meta” rəhbərinin sərvəti ilk dəfə olaraq 200 milyard dolları ötüb.

  • Məşhur filmin yeni bölümü nə vaxt ekranlara çıxacaq?

    Hollivudun “Universal Pictures” studiyası “Jurassic World: Rebirth” filminin çəkilişlərinin başa çatdığını elan edib.

    Median.Az championat.com-a istinadən xəbər verir ki, bütün proses iki ay yarım çəkib.

    Qarşıdan gələn film yenidən dinozavrların müasir dünyada görünməsindən bəhs edəcək və sonuncu trilogiya ilə bağlı olmayacaq.

    Süjetin digər təfərrüatı hələlik məlum deyil.

    Filmdə əsas rolları Manuel Rulfo, Skarlett Yohansson, Conatan Beyli, Luna Bleyz və başqaları ifa ediblər. Rejissor kreslosunu Qaret Edvards tutub.

    Yeni Yura dövrünün dünya premyerası 2 iyul 2025-ci ildə baş tutacaq.

  • “YouTube” Adel, Bob Dilan və digərlərinin videolarını blokladı

    “YouTube” Avropa Musiqi Bəstəkarlarının Müəllif Hüquqlarını Müdafiəsi Cəmiyyəti (SESAC) ilə hüquqi mübahisəyə görə ABŞ-də Adel, Bob Dilan, “Green Day”, REM, Burna Boy, Rush və digər sənətçilərin videolarını bloklayıb.

    Bu barədə Variety məlumat yayıb.

    “YouTube” nümayəndəsi bildirib ki, rəhbərlik SESAC ilə məhsuldar danışıqlar aparıb, lakin müqavilənin müddəti bitənə qədər ədalətli razılığa gəlmək mümkün olmayıb və bu səbəbdən videolar bloklanıb.

    Bununla belə, videoların müqavilə başa çatmamış yoxa çıxdığı və platformanın bunu məqsədli şəkildə edə biləcəyi qeyd olunur.

  • Onlayn dələduzluq əməlləri sürətlə yayılır – XƏBƏRDARLIQ (VİDEO)

    “Linkə daxil olaraq aşağı faizlə kredit götürə bilərsiniz. Mən özüm də bu krediti götürmüşəm”.

    Xezerxeber.az-ın məlumatına görə, son zamanlar sosial şəbəkələrdə bu cür təkliflər geniş yayılmaqdadır.

    Bəs bu təkliflər nə dərəcədə həqiqətə uyğundur?

    İnformasiya texnologiyaları üzrə mütəxəssis Araz Mustafa bildirib ki, vətəndaşlar belə vədlərə inanmasınlar, çünki bu cür yollarla dələduzluq əməlləri törədilir.

    Dələduzlar insanların profillərini ələ keçirmək üçün inandırıcı saxta profillər yaradırlar.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev qeyd edib ki, həmin şəxslər bankların loqolarından da istifadə edirlər.

    N. Əliyev onu da bildirib ki, linklərə keçid edərək şəxsi və bank kartı məlumatlarını heç kəslə bölüşmək olmaz.

    Ətraflı süjetdə: